13.11.2010

ASQIRIB AYILAN DEPUTAT, KAMERYAMAYAN NAMİZƏD VƏ RÖYANIN OĞLUNUN SÜNNƏTLİYİ

Anar Gəraylı
anargerayli@gmail.com 
 
Ölkəm maraqlı ölkədi. Gündə ən azı 5-10 dəli-dolu, gülməşəkər xəbər eşitməsəm, gecə narahat yatıram. Yuxuma Xoren girir. Mənə sarsaq şeylər danışır. Nəysə, yuxu danışası halda deyiləm, onsuz da yuxuluyam hələ.
 
Sənə kimdən deyim, kimdən söyləyim, cahan-şümul YAP-dan. Deməli, keçmiş Kommunist Partiyasının ata bir, ana ayrı qardaşı olan doğma YAP-ımızın təpəsi qapazlı bir deputatı var. Daha doğrusu, əvvələr zor oğlan olub, sonradan başladılar təpəsini qapazlamağa. Açığı deyim ki, əlimdə imkan olsa, mən də… Nəysə, deməyim ardını…
 
Bu həmin deputat indilərdə hakimiyyətin gözündən düşüb və tapşırıblar ki, buna bir də heç bir yerdə xoş üz göstərməsinlər. Hətta mandatını da əlindən aldılar fağırın. Adın çəkməyəcəm, amma deyim ki, zəhmətkeş oğlandı, bütün ili Haramı düzündə arpa-buğda əkib, xalqımızın çörək problemini həll eləməklə məşğul olur. İntəhası, bu deputatın bir dənə fırıq işi olmuşdu ötən illərdə. Milli-mentalitetimizə xilaf çıxaraq, arvad-uşaq söhbətini ictimailəşdirmişdi. Yəni, ağır söhbət idi, bilənlər bilməyənlərə bildirsin, mən bu mövzudan yaza bilmərəm.
 
Dünən oxuyuram ki, illərdir hakimiyyətin qanadının altında yaşayıb-yaradan həmin deputat ölkədəki demokratiyadan şikayət edir. Deyir: “Bu nə demokratiyadı?”
 
Adamın namizədliyini qeydə almayıblar deyə, ağlına demokratiya gəlib. Ta yadına düşmür ki, biz neçə ildir demokratiyanı ağlayıb, basdırmışıq. Allah bilir, sümüyü də çürüyüb.
 
Adam da YAPist ola-ola, ağzına demokratiya alar, türkün sözü?! Almaz, tövbə almaz. Bu cür vəziyyətlərdə demokratiyadan danışan adam görəndə ağlıma bir söz gəlir: Asqırıb, indi ayılıb. (başqa cür oxumayın, xahiş edirəm)
 
Bunu qoyum ona keçim, sənə danışım ölkəmizdə demokratik seçki ab-havasının asqıraq iyli vəziyyətindən. Dünən əzizlərdən birinə deyirəm ki, filan deputatın dairəsində çox demokratik və şəffaf seçki keçiriləcək, dişə batırmağa bir dənə gözlü-başlı namizəd yoxdur. Müəllim qayıdıb mənə nə desə yaxşıdır? 
 
Deyir, Ay Anar, mən səni bu qədər nankor və şərxata bilməzdim. Dedim, ay müəllim niyə, nə baş verib? Deyir, ayə, həmin deputatın o cür gözəl, zəhmətkeş, zillətkeş, millətkeş və keşməkeş rəqibi var. O de ha, rayonun ən xod gedən kameryamayanı deputatlığa namizəd olub və xalqın böyük dəstəyini arxasına alaraq, imza yığıb, namizədliyini qeydə aldıtdırıb.
 
Müəllim deyir ki, həmin kameryamayanı udmaq deputat namizədə çətin olacaq. İki rayonun bütün sürücüləri kameryamayana səs verəcəklər. Namizəd söz verib ki, deputat seçilsə, hamının kamerasını pulsuz yamayacaq. Müqəddəsləriniz haqqı, mən de gedib həmin kameryamayana səs verəcəyəm, onsuz da o biri namizəd deputat seçilsə də, mənə bir xeyri dəyən deyil. Yenə ara yerdə kameryaman dədəmin maşınının kamerini yamayar. Bir kamer irəli düşərik. Narahat olma əşi, gedib saxtakarlıq edib başqa dairədə səs verməyəcəm, həmin kameryamayan elə mənim doğmaca və halalca dairəmdədiir.
 
Yazının başlığındakı mövzulardan bir dənə qaldı Röyanın oğlunun sünnətliyi. İndi sən də gözləyirsən ki, sünnətlikdən danışacam. Ay hay! Danışdım ha!
 
Pis çıxmasın, mənim xalxın uşağının sünnətliyində nə işim var? Röya bilər, əri bilər. İstəyir heç, zad eləməsin, yəni el dili ilə desək, kəsdirməsin. Nəyi? Ta orasını da özün tap. 
 
Başlıqda Röyanın oğlunun sünnətliyindən ona görə yazdım ki, yazı maraqlı olsun. Artıq ətdi, onsuzda. Heç kimə xeyri yoxdu, barı yazını 5-10 nəfər Röyasevər də oxusun.

                                                                                                                   pia.az

Комментариев нет:

Отправить комментарий