16.11.2010

Türkiyənin ölümcül Avropa xəstəliyi

Yusif Əsəd 
 
 Böyük Osmanlı imperiyası- bu ad çox qüdrətli və hegemon səslənir. Əslində Osmanlı imperiyası qüdrətli və hegemon dövlət kimi tarixdə qalıb. Heç bir dövlətdən asılı olmayan, heç bir imperiayaya baş əyməyən, böyük güc, yüksək mədəniyyətli bir imperiya olub. Bəs indi necə? Osmanlı imperiyasını əvəz edən Türk dövləti- o da hegemondurmu, qüdrətlidirmi, hansısa dövlətdən asılılığı varmı?
 Bu suallara müsbət və mənfi tərəfdən cavab vermək olar. Müsbət tərəfdən desək, Tükr dövləti güclüdür, beynəlxalq aləmdə sözünü deyəndir, inkişaf etmişdir. İnsanlarında vətənpərvərlik hissi güclü olan bu ölkənin qüdrətli ordusu vardır. Ölkə daxilində qayda-qanunlara böyük önəm verilir. Bir növ demokratik ölkədir. Belə bir ölkənin axı nədən ehtiyacı var?
 Mənfi tərəfdən isə yalnız bir şey demək olar: Türkiyə ölümcül Avropa xəstəliyinə tutulub! Avropa deyilən məkan çoxlarının əlçatmaz arzusuna çevrilib. Düzdür, Avropa Birliyində demokratiya, iqtisadiyyat, yaşayış tərzi hərtərəfli, çox yüksək səviyyədə inkişaf edib. Amma bu demokratiya, inkişaf, yaşayış tərzi, bu qayda-qanunlar yalnız Avropada yaşayan avropalılar üçündür. Bu şərait nə Şərqdə yaşayan monqollar, qazaxlar, nə də Afrikada yaşayan kasıb afrikalılar üçün deyil.
 Qeyd edim ki, Avropada yaşayan avropalılar hazırki səviyyəyəni nə kiminsə qoyduğu qaydalarla, nə də özlərini kiməsə oxşatmaqla əldə ediblər. Tarix boyu qazandıqlarını müharibələr, başqa xalqların istilası, məhvi və ya onları işğal edib, sonra isə var-dövlətini talamaq, soymaqla əldə ediblər. Çünki onlar üçün hansısa xalqın necə, harada yaşaması deyil, özlərinin bolluq və firavanlıq içərisində yaşaması önəmlidir.
 Türkiyə bu Birliyə qatılmağa çalışır. Nədən qatılmaq istədiyini mən də başa düşmürəm. Çünki Türkiyə şəraiti, imkanı varkən niyə birləşmək istəyir, maraqlıdır. Amma Türkiyə hər Avropa Birliyinə qatılmağına bir addım qalmış qarşısına şərtlər qoyulur. Onu et! Bunu qəbul elə! O mövqedən vaz keç!.. Daha nələr, nələr. Bunların dərinliyinə varmadan Türkiyə siyasətçiləri Avropa Birliyinə qatılmağa can atırlar. Lakin neçə illərdir ki, Birliyə daxil ola bilmirlər. Türkiyə hər dəfə Birliyə yaxınlaşdıqca, bir o qədər ölkə içində problemlər artır, bir o qədər geriyə düşür. Nə vaxt hansı türk kanalına açırsan- qarışıqlıqlar, aksiyalar, hansısa müəssisələrin bağlanması, hansısa sahənin işçilərinin aksiyası; bunlar da iqtisadiyyat üçün mənfi haldır. Protestolar, etirazlar heç nədən yaranmır. Kimlərinsə ölkəni qarışdırmaq məqsədilə müdaxiləsi nəticəsində yaranır. Bunlar Türkiyəni regionda güclü inkişafda olan ölkə kimi görmək istəməyənlərin oyunlarıdır. Türkiyəni daxildən qarışdırmaq və onu zəiflədib geri salmaqdır məqsədləri.
 Türkiyə yalnız bir şeyi fikirləşmir ki, Osmanlı imperiyası 1299-cu ildə yaranıb, 1923-cü ilə qədər uzun bir ömür sürüb. Bu müddət ərzində qüdrətli, hegemon, inkişaf etmiş bir imperiya olub. Bu şərəf və şanı hansısa birliyə qatılmaqla və ya hansısa dövlətin qoyduğu qaydalar ilə əldə etməyib. Osmanlı imperiyası yarananda nə indiki inkişaf etmiş dövlətlər, nə də hansısa birlik var idi.
 İnkişaf, güc, qüdrət, siyasət, təhsil, səhiyyə, istehsal, qayda-qanun, o cümlədən demokratiya elə Türkiyənin özündədir. Bunları davam etmək üçün hansısa birliyə daxil olmaq, hansısa qaydalarla hərəkət etmək lazım deyil. Türkiyə özü-özlüyündə Böyük Birlikdir.
 Bu yazını yazmadım ki, Türkiyənin başbilənlərinə onlardan ağıllı olduğumu çatdırım (Papadan çox katolik olmaq!- Gülümsəyin). Bu yazını yazdım ki, Türkiyəni uzaqdan durbinlə seyr edən bir gəncin şəxsi fikirlərini qeyd edim.

Комментариев нет:

Отправить комментарий