20.11.2010

Yumurtlayan icra nümayəndəsi

Cavidan
ryabina06@list.ru

  (Bu köşəni bir vətəndaşın xahişi ilə yazıram)

Analoqu olmayan məmləkətimizin analoqu olmayan icra strukturlarında “qorxudan yumurtlamaq” kimi bir sindrom varmış, xəbəri olanlar bilirmiş, xəbəri olmayanları da biz ayıldaq, problemləri olduqda harda kimin qəbuluna getməyi qabaqcadan bilsinlər.
Deməli, belə!
Bir kənddə bir vətəndaşa adi, nənələr demiş, əl içi boyda bir arayış lazım olur. Vətəndaş durur gedir kəndin icra nümayəndəliyinə. Iş vaxtı olsa da, nümayəndəlikdə bircə nəfər belə gözə dəymir. Ümumi qapının üzərinə həftənin 1-ci, 3-cü və 5-ci günlərinin qəbul günləri olduğu qeyd olunsa da və qəhrəmanımız məhz həftənin 5-ci günü qəbula düşmək üçün getsə də, nümayəndəlik içşilərinin bircəciyi belə yerində olmur. Vətəndaş idarənin ümumi qapısını açıq görərək ikinci mərtəbəyədək qalxır və buradakı qapıların arxasından insan (ümid eləyək hər halda) hənirtiləri gəlsə də, qapıları kimsə açmır ki, açmır. Vətəndaş gözləyir, qapıları döyür, çağırır, deyinir, nəhayət, arxasından hənirti gələn qapıya bir təpik də ilişdirib qayıdır evinə.
Yolda icra nümayəndəsinin anasını görür və oğlunu soruşanda anası deyir ki, oğlu bu gün ertədən ta axşamadək icra hakiminin yanında olmalıdır, sən sabah gəl, mütləq burada olacaq.
Ertəsi gün vətəndaş yenə də gün başını deşə-deşə durub gəlir kəndin icra nümayəndəliyinə.
Həyətdə ən son dəbli bələdiyyə seçkilərinə uyğun olaraq seçilmiş xanım əfəndi kölgəlikdəki skamyada oturub hansısa bir sənədlə üzünü-başını yelpikləyir. Vətəndaşı görüb həmən tosqun gövdəsindən gözlənilməyən bir cəldliklə özünü ikiəlli qaldırıb qoyur yaxınlıqdakı qotur bir dağın başına, səsinin tonu ilə də bir “bax, bu alçaq dağları mən yaratdım, mən yaratdım” şikəstəsi oxuyub verilən salamı dodaqucu alır və vətəndaşın “dünən niyə burada kimsə yox idi - saat 11-12 arası - iş vaxtı?” sualına, “sən 9-10 arası gələydin, camaat gözləməlidir ki, sən 10-dan sonra yuxudan oyanasan hələ?” deyə zarafata da salır və sonra da “oy, qardaşım gəldi, gözlədə bilmərəm onu, get, həftənin 1-ci günü gəl, burda olacaqlar” deyib hop-hop yeriyərək qapıya yaxınlaşan “Jiquli”yə soxulur və gözdən itir.
Nümayəndəlikdə yenə də bütün qapılar kilidli olur və həyətdə tərli köynəyi üstünə yapışmış bir polis nəfəri fırlanır özü üçün.
Həftənin 1-ci günü vətəndaş yenə də gedir nümayəndəliyə.
Və yenə də kimsə olmur oralarda. Üstəlik, indi hələ ümumi qapı da qıfıllanmış olur.
Vətəndaşın başına gün bir yandan, cin bir yandan vurur və o, yarım saatadək fırlanıb-hərlənib dönür evinə. Qonum-qonşudan icra nümayəndəsinin ev telefonunu öyrənərək ona zəng eləyir:
“Mənə təcili arayış lazımdır, amma sizin idarədə heç kim iş başında olmur, bu necə işləməkdir?” - deyir.
- Necə yəni kimsə olmur? Biz hamımız bir nəfər kimi hər gün işə vaxtında gedib, vaxtında çıxırıq, vətəndaş, şər atma ha, heç Allah bilir, getməyibsən də idarəyə.
- Ay adam, indicə gəlmişəm idarənizdən evimə və indi bu dəqiqə də hələ iş saatıdır, sənsə evindəsən, işində yox, hələ belə çıxır ki, mən sənə şər atıram?
- Məni “zakona qoyursan” kəndin içində, hə? Iş vaxtı, nə bilim məsuliyyət! Xox, qorxdum, get bu sözləri o adama de ki, belə sözləri eşidəndə qorxusundan yumurtlamağa başlasın!
Belə...
Indi həmin vətəndaş məndən xahiş eləyib ki, bu köşəmi yazım və ölkədə “qorxusundan yumurtlayan” kateqoriyasından olan dövlət qulluqçularının rəsmi siyahısını tərtib eləyib ictimaiyyətə çatdıra biləcək qurum varsa və ya olacaqsa, o quruma bu vətəndaşın adından bəri başdan təşəkkür eləyim, qoy bu vətəndaşın çəkdiklərini o biri vətəndaşlar da çəkməsinlər, elə birbaşa haqlarını tələb eləmək üçün kimlərin yanına getməli olduqlarını həmin siyahıya baxaraq ayarlasınlar...

Комментариев нет:

Отправить комментарий