21.11.2010

AXIRIQ, GÜLÜM

Ədalət Eşqin

Mən sənə kədərdən özgə nə verdim,
O ötən günlərə tutma yas, gülüm.
Ürəyim sənindir, bunu bacardım,
Ürəyin səsinə qulaq as, gülüm.

Dünya gedişinə biz tab etmədik,
Həyat çox güclüydü, biz yazıq, gülüm.
İtirdik nəyimiz varsa dünyada,
Təkcə o ilqarı yaşatdıq, gülüm,

Sanki bir nağıldı, yox oldu, uçdu,
Anıb o günləri ağlama, gülüm.
Ömürdən nə qalıb bir az sevin, gül,
Üzmə ürəyini, çağlama, gülüm.

Onda sadəlövhdün indi də belə,
İllər dəyişmədi heç səni, gülüm.
Sənin o ürəyin pak bir sədaqət,
Unuda bilmədin sən məni, gülüm.

Mən sənin qədrini bilmədin onda,
Bəlkə də var idi bir nicat, gülüm.
Özüm də bilmədim susan oğlana,
Bir qəbir qazacaq bu həyat, gülüm.

Bu qalan ömrümüz baş alıb gedir,
Sakitcə kənardan baxırıq, gülüm.
Sular axır hara özü də bilmir,
Biz də bax beləcə axırıq, gülüm.

                                     SƏN KEÇƏN YOLLARDAN

Sən keçən yollardan keçirəm yenə,
Necə uzun, necə ağır yol imiş.
Tale sınağından çıxmayıb solan,
Boynumdan asılan şikəst qol imiş.

Sən keçən yollardan keçirəm yenə,
Gözüm o dağların yamacındadır.
Çox sıxır qəlbimi, əzir ürəyi,
Xatirələr acı, həm də duz dadır.

Sən keçən yollardan keçirəm yenə,
Yollarda izini axtarıram mən.
Baxışların donub hardasa, gülüm,
O solğun gözünü axtarıram mən.

Sən keçən yollardan keçirəm yenə,
O daxmana, ocağına baxmağa.
Uzun illik ayrılıqdan boylanıb,
O soyuq əlini bir də sıxmağa.

                                                          ZƏNG VUR

Yuxum qaçıb, sübhdən düşdüm çətinə,
Ürək o eşqinlə istər isinə.
Axı darıxmışam sənin səsinə,
Sən belə чох yatma, yuxudan tez dur,
Mənə mesaj göndər, ya da ki, zəng vur.

Təsəlli verirəm özüm özümə,
Könül nədən yatmır, baxmır sözümə?
Yuxu qaçaq düşüb mənim gözümə,
Sən belə çox yatma, yuxudan tez dur,
Mənə mesaj göndər, ya da ki, zəng vur.

İstərəm mən girəm sənin yuxuna,
Deyəm: rəhmin gəlsin bu sevən cana.
Gözlərəm zəngini mən handan-hana,
Sən belə çox yatma, yuxudan tez dur,
Mənə mesaj göndər, ya da ki, zəng vur.

Комментариев нет:

Отправить комментарий