Ayaz Salayevlə müsahibə
“Çəkdiyim film haqqında o adamlar danışırdılar ki, onların olduğu vəziyyətdən heç bir xəbərləri yox idi”
Müsahibimiz rejissor, ssenarist, kinoşünas, pedaqoq və böyük sənətkar Ayaz Salayevdir. Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1982-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) kinoşünaslıq fakültəsini bitirib. 1983-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "Müasir film" fənnindən dərs deyib. Əməkdar incəsənət xadimi son 10 ildə müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyir. "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.
Onun azərbaycanlı tamaşaçının kino zövqünün formalaşmasında müstəsna xidmətləri var. Vaxtilə apardığı "Retro" verilişi ilə kinosevərlərin düşüncəsində əməlli-başlı inqilab edib.
Tanınmış kinorejissor Ayaz Salayevlə çoxdandır ki, hazırladığımız və gözləməyə dəyən bu müsahibəni olduğu kimi sizlərə təqdim edirik:
- Ayaz Salayev Azərbaycan kinosunun bu günkü durumunu necə qiymətləndirir və kinonun inkişafına gənc rejissorların işlərinin hər hansı bir təsiri varmı?
- Azərbaycan kinosunun bugünkü durumunu belə xarakterizə edərdim ki, son dövr kinoya yeni bir nəslin gəlməsinin ab-havası qoyulur. Bu, sadəcə yeni nəsilin ilk addımlarıdır. Bu gün ümumiyyətlə, çətinlik ondan ibarətdir ki, dünya kinosu çox sürətlə inkişaf etməyə başlayıb və bizim kinodan xeyli qabaqdadır. Artıq dünya kinosunu qabaqlamaq hər kəs üçün çətindir. O cümlədən, özüm üçün də çətindir.
Dünya kinosunda tamaşaçı uğrunda deyərdim ki, qızğın bir mübarizə gedir. Haqqında dediyim yeni nəsil öz sözünü deməyə çalışır. Sadəcə, danışdığım məsələləri və tamaşaçını nəzərə almaq lazımdır. Onlara dünyadakı reallıq və gerçəkliklərə, inkişafa, inqilabi çevriliş və dəyişikliklərə daha diqqətli yanaşmağı arzulayıram.
- Azərbaycan kinosunu inkişaf etdirmək üçün nə etmək lazımdır? Maddi vəziyyətin aşağı olması buna təsir edirmi?
- Gənc nəsil baş verən dəyişikliklərə diqqət yetirməlidir. Bilirsiniz, necə deyim, “Alma” qəzetinin istiqaməti elədir ki, çox tərifləri qəbul etmir. Amma deyim ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər şey edilir. İstəməzdim ki, bu yaltaqlıq kimi çıxsın.
- Fikirlərinizə hörmətlə yanaşırıq və hamısı müsahibədə yer alacaq.
- Mən səmimi deyirəm ki, Mədəniyyət və Turizm Nazirliyində kinonun inkişafında canlarını qoymağa hazır olan insanlar var. Kinonun inkişafına yeni tiplərin gəlməsi, yeni hisslərin yaranması da təsir edir. Buna dünya kinosunun inkişafı da demək olmaz. Amma kino dəyişir və dəyişikliklər gedir. Maddi vəziyyətin olmaması böyük problem deyil. İndi kinoya pul ayrılır. Rejissordan iki şey tələb olunur. Birinci, rejissor dəqiq bilməlidir ki, nə istəyir, ikinci, öz işində tələbkar olmalıdır. Yəni istədiyi şeyi prodüserdən tələb etməlidir.
- Rejissor film çəkərkən hansı normativlərə uyğun aktyor seçimi etməlidir? Və ya Ayaz Salayev film çəkərkən aktyorları necə seçir?
- Bu, yaxşı sualdır. Mən deyərdim ki, aktyor daxilən məzmunlu bir adam olmalıdır. Təbii ki, peşəkarlıq da olmalıdır. Mənim aləmimdə aktyorun səviyyəsi, mahiyyəti onda olan daxili məzmunla bağlıdır. Aktyor elə bir şəxsiyyət olmalıdır ki, diqqətimi çəksin. O dəqiqə onun gözlərindən, davranışından onun aktyor olduğu bilinir. Belə aktyorlar hər yerdə çox deyil, bizdə də azdır.
- Sizin qadınlara baxışınız tam fərqlidir. Qadın obrazını filmlərinizdə necə yaratmaq ürəyinizdən keçir? Və yaxud qadını filmə necə çəkmək həm maraqlı, həm də gözəl olar?
- Qadın mövzusu mən deyərdim ki, incəsənətin, nəinki kinonun, ümumiyyətlə, bütün insan mədəniyyətinin ən başlıca mövzularından biridir. Qobustandakı qayanın üstündəki qadın rəsimlərindən tutmuş, qadın bütlər, hər şey qadın üzərində gözəldir. Qədim küplər olub ki, qadın formasında qurulub. Bu günkü gündə də qadın kinonun ən başlıca və maraqlı olan bir mövzusudur. Qadın mövzusu uzun bir söhbətin müzakirəsi ola bilər. Qadın mözusuna da yanaşmalar minlərlə ola bilər. Mən özüm isə qadını naməlum, əldə olunmayan bir aləm kimi qəbul edirəm.
Qadın torpağa daha bağlıdır. Kişi göylə bağlıdır. Göydən düşən yağış torpağı mayalandırır. Torpaqla bağlı olan qadın kişiyə nisbətən nadir hallarda səhv edir. Qadın çox zaman məntiqə yox, daxili intuisiyaya əsaslanır. Ona görə də çox zaman qadının dedikləri düz çıxır.
- Sənət baxımından filmdə erotik səhnələrin olması vacibdirmi? Bəzi rejissorlar belə səhnələrin olmasına qarşı çıxır. Bəs siz buna necə baxırsız? Ümumiyyətlə, belə səhnələrin hansı üslubda çəkilməsinin tərəfdarısız?
- Necə çəkilməsi deyəndə gərək burada mühazirə oxuyam. Sənət əsəri erotika tələb edəndə təbii ki, çəkilməlidir. Sənətdə bununla bağlı məhdudiyyətlər görmürəm. Qadın obrazı kimi erotika da mədəniyyətin ən başlıca mövzularından biridir. Erotika həmişə cəlbedici olub, cəlbedici də olacaq. Erotika mövzusu dünya mədəniyyətini və insan həyatını hər dəqiqə, hər an müşayiət edir. Deyərdim ki, bu mövzu mədəniyyətin və sənətin ayrılmaz bir mövzusudur.
Erotikaya əbədi maraq insanların dünyaya gəlməsi və sevincləri ilə bağlıdır. Mən hardan dünyaya gəlmişəm? Qadının içindən. Mən nəyin nəticəsində yaranmışam? Sevgi, erotika nəticəsində. Ona görə də erotika mövzusuna maraq və məhəbbət həyata olan sevgidən irəli gəlir.
- Bir neçə ay bundan qabaq film çəkirdiniz. Adının “Ehram TV” olduğu bildirilirdi. Bu film haqqında mətbuatda müxtəlif fikirlər səsləndi. Filmin bağlandığı və qayçılanacağı barədə məlumatlar yayılmışdı. Filmin aqibəti necə oldu?
- Birinci deyim ki, filmi çəkib qurtarmamışam. Film üzərində işlər gedir. Film haqqında o adamlar danışırdılar ki, onların mövcud vəziyyətdən heç bir xəbərləri yox idi. Ordan-burdan hansısa şayiələrdən bəhrələnib söhbət açırdılar. Filmin üzərində iş gedir.
- Filmə hər hansı bir dəyişiklik ediləcəkmi?
- Dəyişikliklər yox, filmə əlavələr olacaq. Artıq mən bu əlavələrimi etməyə başlamışam. Hesab edirəm ki, bu dəyişikliklər yalnız və yalnız filmin xeyrinə olacaq. Çox nadir hallarda rejissorun əlinə belə bir fürsət düşür. Müəyyən bir vaxt keçəndən sonra materiala kənardan baxıb maraqlı əlavələr etmək olar. Bir qayda olaraq kino istehsalı buna heç vaxt imkan vermir. Nadir hallarda belə imkan rejissorun əlinə düşür ki, sənətinə məsuliyyətlə yanaşanlar ondan tam istifadə etməlidirlər. Edəcəyim dəyişikliklər də filmin xeyrinə olacaq.
- Film çəkilən kimi xarici festivallara göndərilməsi ilə bağlı məlumatlar da yayılmışdı. Bu xəbər düzdür?
- Yox. Film hələ tamamlanmayıb.
- Beş-altı ay bundan əvvəl “Alma” qəzetində Günel Mövlud sizə sizdən giley dolu bir məktub ünvanlamışdı. Kim haqlıydı, siz ya Günel?
- (gülümsünür...) Bilirsiz, mən belə deyərdim ki, bu məktuba münasibətim ikilidir. Əfsuslar olsun ki, bir tərəfdən bizdə bir çox sahələrdə adət olub ki, nədənsə, heç xəbəri olmadan söz deyirlər. Bu baxımdan məktub müəllifinin vəziyyətdən heç bir xəbəri yox idi. Elə bil ki, hər şeydən xəbəri var, bu hər şeyi bilir.
Amma digər tərəfdən, məktubu yazan xanımda müəyyən bir romantika var, idealizm var. Bunu çox müsbət qarşılayıram. O, xanım bu cür romantikanın içində idealizmi ömür boyu saxlasa yaxşı olar. Hesab edirəm ki, onun yaxşı gələcəyi var. Cavan qızdır?
- Bəli...
- Romantik bir xanımdır. Bu baxımdan haqqında yazdığı vəziyyətdən, mənim həyatımdan xəbəri olmasa da dünyaya baxışı mənim çox xoşuma gəldi.
- Allah sizin üçün nədir, nə olan şeydir? Bədii həqiqətin kolliziyalarının həllində ona söykənməyi mümkün hesab edirsinizmi?
- Yeganə sualdır ki, mən bu barədə danışmaq istəməzdim. Bilirsiz necədir, intim həyatımdan da danışa bilərəm. Mənim aləmimdə bu intim sualdır. Bu mənim üçün müqəddəs və intim bir şeydir ki, istəməzdim bu barədə danışam. Hər halda həmişə çalışıram ki, Allaha arxalanım. Amma ətraflı danışmaq istəməzdim. Hər bir çətinliyi Allahın göndərdiyi bir sınaq kimi qəbul etməyə özümdə iradə axtarıram.
- Ədəbi-bəşəri dəyərlər və cəmiyyətləri irəli aparan güclü şəxsiyyətlər. Onların əksəriyyəti xaraktercə siniklərdir və bu dəyərlərə məhəl qoymurlar. Böyük sənətdə bunun həllini necə görürsüz?
- Maraqlı sualdır. Belə deyərdim, bu sual ayrıca bir müsahibənin səbəbi ola bilər. Bu sualı özüm üçün başqa formada ifadə edərdim. Mənəviyyat və sənət həmişə üst-üstə düşür, ya yox? Yəni sənətkarlar özləri çox zaman sinik olurlar. Həyatda bunun saysız nümunələri var. Fransua Yon böyük fransız şairidir. Dünya poeziyasının dahilərindən biri olan bu şair eyni zamanda qatil olub. Pula görə adam öldürürmüş. Artur Rembo da böyük fransız şairidir. Bu şair də həyatının birinci yarısında dünya poeziyasının inkişafı ilə məşğul olub, həyatının ikinci yarısını isə qul alveri etməklə keçirib. Puşkin deyib ki, şər və dahilik bir-biri ilə birləşə bilər, ya yox? Bunlar böyük problemdir, mədəniyyətin ən başlıca məsələlərindən biridir. Bulqakov da belə bir fikir irəli sürüb ki, cənnətlə cəhənnəm adi adamlar üçündür, sənətkarlar üçünsə nəysə ayrı bir şey var. Hesab edirdi ki, onlar nə cənnətə düşə bilərlər, nə də cəhənnəmə. Mədəniyyət din və elmlə bağlıdır, amma tam uyğunlaşa bilmir. Elə bilin ki, tam ayrı bir dünyanı təşkil edir. Məsələn, dində hər şey birmənalıdır. Şər şərdir, xeyir də xeyir. Başqa yolu yoxdur. Mədəniyyətdə isə məsələ çox mürəkkəbdir. Həyatın içindəki sirrə elə ən yaxınlaşan da elmdən və dindən çox, incəsənətdir. Sinizm ondan yaranır ki, insanın içində yaxşı nə varsa, hamısını sənət əsərinə verir, özləri isə belə vəziyyətə düşürlər. Məsələn, Azərbaycanda da belə şəxslər var. Yazanda gözəl əsərlər yazırlar, amma həyatda özlərini həmin qəhrəmanların mənfi personajları kimi aparırlar. Əsərlərində nəyə qarşı çıxırlarsa, həyatda onları özləri yaradırlar.
- Gələcək işləriniz barədə nə deyə bilərsiz?
- Çəkdiyim film məndən çox enerji aparır. Ona görə bu haqda hələ fikirləşmirəm. Müəyyən bir sifariş ola bilər. Çünki işsiz qalmamalıyam. Həqiqi yaradıcılıq planlarım isə hələ naməlumdur. Çünki o mənimlə bağlı deyil. Həyat özü dəyişir. Ümidim axırıncı filmimədir.
Söhbətləşdi: Elmin Bədəlov "Alma" qəzeti
Комментариев нет:
Отправить комментарий