Zaur Ağalaroğlu
Professional Oxucu Liqası
Məlum olduğu kimi, Nardaran qəsəbəsində İsrail əleyhinə aksiya keçirildi. Aksiya zamanı bir nəfər Nardaran sakininin millət vəkili, xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlını təhqir etməsi, ölümlə hədələməsi bir çoxlarımızı sarsıtdı. Düzdür, Sabir Rüstəmxanlının bizim köməyimizə ehtiyacı yoxdur, amma bəzi məqamlara aydınlıq gətirməyi özümüzə borc bilirik…
Müasir siyasi tariximiz 1988-ci ildən başlayır… Sabir Rüstəmxanlı isə müstəqil, azad Azərbaycan uğrunda mübarizəyə 1963-cü ildən- hələ tələbəlik illərindən başlayıb. Mənim arxivimdə onun hələ o vaxt yazdığı türkçülük şeirləri var. İlk şeirlərindən «Azərbaycan» deyib bu adam! İndi də o taylı, bu taylı Bütöv Azərbaycan deyən odur!
Kim nə deyir desin, Milli Azadlıq Hərəkatını iki nəfər yaradıb: biri Cənubi Azərbaycandan- inqilablar yurdundan gələn Məhəmməd Hatəmi Tantəkin, biri isə Sabir Rüstəmxanlı. Sonradan ortaya çıxanlar müəyyən regional qüvvələrin gizli əli ilə irəli veriliblər. Həmin adamlar xalq adı ilə danışaraq yalnız öz bölgələrinin mənafeyinə xidmət edən adamlar idi.
Sabir Rüstəmxanlı heç vaxt rejim məddahı olmayıb, heç vaxt öz şəxsi mənafeyini düşünməyib. İndiki qismən də olsa, azad qəzet və televiziyanın təməlini Sabir Rüstəmxanlı qoyub (Xatırladaq ki, Sovet dövründə ilk müstəqil, azad qəzetin- «Azərbaycan»ın qurucusu və baş redaktoru Sabir Rüstəmxanlı olub). Mətbuat və informasiya naziri işləyən vaxt jurnalistikanın inkişafına dəyərli köməklər edib. Bu yüksək vəzifədən istefa verməklə vəzifədən dördəlli yapışanlara istefa mədəniyyəti nümunəsi göstərib? Bunu kim edib?!
İndikilər kimi öz yerlilərini irəli çəkməyib. Onun hesabına çoxları irəli gedib, öz yerlilərindən başqa. (İndi fitva məsələsi ortaya çıxanda, təəssüf ki, həmin adamlar görünmədilər!). O vaxt yaratdığı Qarabağ Fondu da qarabağlıların maddi rifahının yaxşılaşdırılmasına xidmət edirdi. Bütün azərbaycanlıardan pul yığıb Qarabağ kəndlərinə göndərirdi.
Sabir Rüstəmxanlı «Ədəbiyyat və incəsənət» qəzetində çalışanda da, «Yazıçı» nəşriyyatının baş redaktoru olanda da, milli ruhun oyanışı üçün bütün gücünü, enerjisini sərf etdi. İndi hər əlinə qələm götürən qocalığı yıxıb sürüyür, köhnənin mirasını daşıyan qocaları söyür. Ancaq Sabir Rüstəmxanlı hələ o vaxt istedadsız qocaları tənqid edən yazılarla çıxış edir, onların ortaya qoyduqlarının heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayır, cavanlara yer verilməsinə çalışırdı. Hətta buna görə işdən də qovuldu. İndiki postmodern epoxada bunu etməyə nə var ki! Sovet dövründə isə Sabirin yıxıb sürüdüyü qocalara hamı kahinlər kimi baş əyirdi…
Sabir Rüstəmxanlının «Ömür kitabı» 90-ci illərdə Azərbaycan ziyalılarının stolüstü kitabına çevrilmişdi. Azərbaycan tarixində hələ belə populyar kitab olmayıb. Bu əsəri milyonlar oxuyurdu, yüz min tirajlarla buraxılmış, əldən-ələ gəzirdi. «Ömür kitabı» hər evin mənəvi xəzinəsinə olmuşdu, yadımdadır ki, gəlinlərin qiymətli cehizinə çevrilmişdi. Bəli, indiki postmodern zamanda bu kitab bayağı və gülünc görünə də bilər, ancaq hər dövrün öz kitabı var. O vaxt millətçilik ideyası öndə idi və türkçülüyümüzdən başqa çıxış yolu görünmürdü, odur ki, belə bir kitab hava və su kimi vacib idi. Xatırladaq ki, ermənilərdə bu kitabın analoqu çoxdan vardı- Zori Balayanın «Ocaq» kitabı...
1988-92-ci illər onun üçün həm təhlükəli, həm də taleyüklü olub. Azadlıq meydanında təmiz qəlblə can qoyan adamlardan idi. 1991-ci ilin 18 oktyabrı hər bir azəri türkü üçün əzizdir. Axı həmin gün Müstəqillik Aktı qəbul edilib. Onu imzalayanların ön sırasında Sabir Rüstəmxanlı olub. Bəlkə də o, həmin günü ömrü boyu arzulamışdı. Xatırladaq ki, həmin Müstəqillik Aktı böyük çətiniklərlə qəbul olunub və ona qarşı çıxanların çoxusu indi yüksək vəzifədədirlər…
Hamımız gözəl bilirik ki, əgər o məlum seçkilərdə öz namizədliyini versəydi, indiki namizədlərin içində ən böyük reytinqi məhz o qazanacaqdı. Bu faktdır!.. Ancaq bu gün Milli Azadlıq Hərəkatı tarixi haqda dövlət tərəfindən kitab buraxılır, Sabir Rüstəmxanlının adı ora salınmır (Necə ki, Məmməd Əmin Rəsulzadənin adı ortadan çıxarılır!). Halbuki bu adamlar yedikləri çörəyə görə Sabir Rüstəmxanlıya borcudurlar…
Müstəqilliyimizin, müqəddəs azadlığımızın canlı, yeriyən heykəlidir Sabir Rüstəmxanlı! Onu təkcə Azərbaycan deyil, bütün türk dünyası öz oğlu sayır. Bu yaxınlarda qocaman jurnalist Qasid Nağıoğlunun qeyd etdiyi kimi, «qeyri-millətlərin Sabir kimi oğlu olsaydı, onun başına tac qoyardılar».
Mən bu yazını yazmazdım, məni düzgün başa düşün, Sabir Rüstəmxanlı ilə məni heç bir tellər də bağlamır. Lakin təəssüf hissi ilə müşahidə etdik ki, bu gün Azərbaycanın bu böyük oğluna qarşı ölüm fitvası çıxarıldı və ictimaiyyət lazımi reaksiya vermədi. Asif Atanı, Ziya Bünyadovu da beləcə məhv etdilər…
Mən nardaranlıları başa düşürəm, emosiyalara qapılırlar, indi hər cür təbliğat aparılır. Ancaq niyə onlar sərvətlərimizi çapıb talayanlara, balarımıza gen kodlarını dəyişən yeməklər yedizdirənlərə, ölkəni xarici investorlara satanlara səslərini ucaltmırlar?!..
O böyuk insandır! Bütöv Azərbaycanı bizə sevdirən məhz o olub! Bu gün o Dünya Azərbaycanlılarının rəhbəridir.
Onun adı 101 Böyük Azərbaycanlı sırasında ön yerdədir!
Möhkəm dur, abi! Biz səninləyik!
Комментариев нет:
Отправить комментарий