29.11.2010

Azərbaycanlı ilə ingilisin 5 qızıl fərqi

Nihat Tur

Bu avropalılar adam kimi yaşamağı bacarmırlar, amma gəlib bizə ağıl öyrədirlər... 
Bir müddət əvvəl rayonumuza iki Britaniya vətəndaşı gəlməliydi. Biri kişi, digəri qadın olan bu ingilislər xüsusi təyinat əsasında bir neçə ay ərzində bəzi məktəblərdə təlim keçəcəkdilər. Gəliş xəbəri rayona çatan kimi beyinlərdə intizar və aramsız suallar başladı: “Görəsən necə paltar geyəcəklər”, “Pulları nə qədərdir?” “Qadın hansı kosmetikadan vuracaq”, “Neçə növ dikdaban ayaqqabısı var?”, “Saçlarını hansı dəbə uyğun ukladka edib?”, “Hansı son model telefon işlədirlər?”, “Avtomobillərinin qiyməti nə qədərdir?” və sair. Hamı ingilislərin gəlişini gözləyirdi.
Günlərin bir günü xəbər yayıldı ki, ledilər gəlib şəhər parkında dolaşırlar. Camaat axışdı, nə axışdı. Dəstə-dəstə əcnəbilərin görüşünə tələsən rayon əhli nəhayət beyinləri parçalayan suallara cavab tapmaq ümidindəydi. Amma ilk qarşılaşmada ümidlər şüşə kimi sınıb töküldü, təsəvvürlər alt-üst oldu, xəyallar puça çıxdı, daha nə bilim nələr yaşandı. Bu ingilislərin heç Allahı-Billahı yoxuymuş ki! Dünyaya hökm etdiklərini iddia edirlər, amma dünyanın zövq-səfasını dadmağı bacarmırlar. Rayon camaatını dərd götürmüşdü ki, əgər varlı yaşamaq belədirsə, biz varlı yaşamaq istəmirik.
Təsəvvür edirsiniz, bu iki ingilisin el basa-basa geyib gəldiyi paltarı bizim rayon camaatı həyətdə geyməyi özünə ayıb sayır. Onların göründüyü kosmetikasız, ukladkasız, traşsız formada bizimkilər yatağa belə girmirlər. Ciblərindəki milçəkqıran “Motorolla”nı Azərbaycanda dilənçiyə versən, qaldırıb başına çırpar. Hələ də o boyda Böyük Britaniyanın vətəndaşı olasan, ayda 5-10 min dollar əməkhaqqı alasan, amma marşurutla gəzəsən. Belə də insan olar? Bunlar həyatın ləzzətini tuta bilmirlərmiş ki. Amma öyrənəcəklər. Bir az bizimlə ünsiyyətdə olandan sonra “əsl insan” kimi yaşamağın nəbzini tutacaqlar. Amma əvvəlcə, bu “qaragünlü” ingilislərə həyatın 5 qızıl qaydasını başa salmaq lazımdır:
Qayda 1.
Damında 2-3 inəyin, 8-10 qoyunun, 45-50 toyuq-cücən var. O heyvanların arxasında bir neçə il it zülümü çəkirsən, səhərdən axşamadək ömrünü çürüdürsən, gündüz naxırda, gecə axurda əlləşirsən və nəhayət mal-qara kökəlib özünü tutur. Sonra mal-qaralı, toyuq-cücəli bütün var-yoxunu çıxarırsan bazara və 4-5 min manat pul qazanırsan. Dərhal həmin pulun üstünə 2-3 min də borc tapıb qoyursan və özünə yağlı bir avtomobil alırsan. Bir həftə maşının anasını ağlatdıqdan sonra pulun da qurtarır, yanacağın da. Sonra da fikrini dağıtmaq üçün nisyə bir araq alıb çəkirsən başına və avtomobili aparıb dəyər-dəyməzinə satırsan. Bax bu yerdə ləzzət gəlir.
Qayda 2.
Ev-eşiyindən baş götürüb gəlirsən Londona. Şəhərin yaxşı binalarından qəşəng qiymətə kirayə ev tutursan və tikinti sahələrindən birində fəhlə işləməyə başlayırsan. İlk maaşını almamışdan qabaq kreditlə iki ədəd sputnik antena alıb hərəsinə bir istiqamətə quraşdırırsan kirayə evin təpəsinə. Dalınca 72 ekran LCD televizor, video və audio maqnitofon, habelə DVD və CD aparatı alıb qoyursan qaldığın evə. Beləcə bir il kölə kimi beton töküb, dəmir əyib, divar hörürsən və qazandığın pulu verirsən kreditə. Axşam da evə gələndə dizlərinin göynərtisindən, qarnının qurultusan televizora baxmağa taqətin olmur ha, bax o zaman həyatın ləzzətini tutursan.
Qayda 3.
Tikintidən qovulduqdan sonra ev əşyalarını 5 qat ucuzuna satıb gedirsən Şotlandiyanın, Uelsin ucqar kəndlərinə. Bir yük maşını meyvə-tərəvəzi vurub qayıdırsan paytaxta və şəhərin gözəl küçələrindən birində başlayırsan “ticarətə”. Yağışda-çovğunda titrəyə-titrəyə göy-göyərtinin bir hissəsini satıb qurtaran kimi qaçırsan “Fashion Biznes Center”ə. Harda bahalı, ayaqqabı, kostyum, kəmər varsa, onları alırsan. Ardınca ağırlığından biləyin qopan qızıl suyuna salınmış yekə dəmir saat və üzük götürürsən. Bu stildə göyərti satmağın yeri var ha. Elə ki, qabağından keçən qızlar bir satdığına, bir geyiminə baxıb gülüşdülər, bircə həftədən sonra 250 dollarlıq ayaqqabın qaloşa döndü, meyvə yeşiklərini qucağında daşımaqdan 500 dollarlıq kostyumun cırıq-cırıq oldu və elə ki, saatla üzüyü hansısa küçə davasında salıb itirdin, bax onda sözlə ifadə edilməyən mənəvi zövq duyursan.
Qayda 4.
Bu işini də “uğurla” başa vurduqdan sonra bir litr işlənmiş motor yağı, bir ədəd də “maçalka” alıb çıxırsan maşın bazarına. Rastına çıxan bütün maşınların qabağına qaçıb yalvar-yaxar təkərlərini qaraldırsan. Yemirsən-içmirsən və gün ərzində qazandığın 3-5 manat pulu başlayırsan üst-üstə yığmağa. Bir də baxırsan ki, artıq 500-600 dolların var. Tez cumursan bərkgedən telekomlardan birinə. Öncə bir “zerkalni” nömrə, arxasınca ağına-bozuna baxmadan ən son model və ən bahalı telefonu alırsan. Üstəlik ekranı zədələnməsin deyə bir ədəd polietilin örtük, bir ədəd də cırt-cırtlı kabra alıb taxırsan kəmərinin görünən tərəfinə. Yaddaş kartına İngiltərənin toy müğənnilərinin 20-30 mahnısı da yüklədinmi, kim tutar səni? Yüksək səs verib düşürsən küçələrin canına. Bir müddətdən sonra balansın boşluğundan nömrən bağlanmadısa, telefon 3-4 dəfə əlindən suya-palçığa düşüb sistemi yanmadısa, betona dəyib klaviaturası çatlamadısa, axırda aparıb aldığın qiymətdən 5 qat ucuzuna dükana satmadınsa, elə bil heç yaşamamısan.
Qayda 5.
Axırda məmləkətində almadığın ləzzət qalmır. Cib də boş. Rayondakı torpağını satırsan, 1 ədəd “xarici pasport”, və təyyarə bileti alandan sonra üz tutursan İslandiya Respublikasına. Bir müddət veyil-veyil iş axtardıqdan sonra bir qoca xalaya rast gəlirsən. Qadının başını bişirib, onu “Miss İsland”a bənzətdikdən sonra onunla nigah bağlayırsan. Aha, bundan sonra xalanın evi də, maşını da, pulu da sənin ixtiyarındadır. Evinizə verdiyin telefon nömrəsini də dəyişirsən ki, bundan sonra səni itirib-axtaran olmasın. Başlayırsan yeyib-içib şellənməyə. Yurduna qayıtmağı da düşünmə. Günlərin birində barda qəşəng keflənirsən və oradakı həmvətənlərindən birinin “sevgilisinə” sataşırsan. Nəticədə həmin həmvətənin səni yad əlində ölməyə qoymur və bütün əziyyətini özü çəkir. Pəh-pəh. Yad məmləkətdə öz həmyerlin tərəfindən güllələnib, yuyulub, kəfənlənib tabutla evinə göndərilməkdən gözəl ləzzətmi olar?
Bax, belə əziz avropalılar. Bu qızıl qaydaları yaxşı qavrayın ki, ağ günə çıxasınız. Qavramağın da ən asan yolu lətifədir. Bir gün Molla Nəsrəddin bazarda gəzərkən qarşısına yağ, bal, doşab, qaymaq, qoz-fındıq ləpəsi və kişmiş qoyub satan bir nəfərlə rastlaşır. Mollanı fikir götürür. Kənardan dayanıb satıcını müşahidə etməyə başlayır. Xeyli vaxt keçəndən sonra bir tanışı oradan keçirkən Mollanı dərin fikirlər içində görür. Narahat olub yaxınlaşır.
- Ay Molla, nə olub, niyə fikirlisən?
- Bu adamın hərəkətini anlamıram.
- Hansı hərəkətini?
- Qabağına qoyub satdıqlarına bax. Mənə maraqlıdır ki, bu adam o gözəl nemətləri satıb, əvəzində nə alıb yeyəcək?

Комментариев нет:

Отправить комментарий