29.11.2010

Bir daha ərzaq təhlükəsizliyi barədə

İbrahim Fərhadoğlu 
"Filfak" Müstəqil Araşdırmalar Mərkəzi

 
    İndi Azərbaycanda muzeyə qoymaq üçün saf bir şey varmı? 
   Genetik savaşda bitərəflər olmur.
                                                             Tim Liri.


 Əslində mövzu məni çoxdan narahat etsə də, bu barədə yazı yazmaq fikrim yox idi. Amma yazmağıma səbəb çox qısaca bir şeir parçası oldu. Həmin şer indiyədək oxuduğum rekviemlərin bəlkə də ən qısası idi. Əslində heç şeir də deyildi bu bəlkə, «üçüncü dünya» ölkələrinə aid edilən bizlərin bir iniltisinə də bənzəyirdi, varlı ölkələr tərəfindən rifahımızın pozulmasına, sağalmaz xəstəliklərə yoluxdurulmağımıza və sərvətlərimizin talanmasına qarşı bir hayqırtıya da…
 Son zamanlar ölkənin ərzaq təhlükəsizliyi barədə çox söhbətlər gedir. Müntəzəm olaraq eşidirik ki, filan yerdə saxta dərman, saxta ərzaq tutulub və məhv edilib. Ölkə statistikası deyir ki, saxta malların faizi 43-dür, qeyri-rəsmi mənbələr təsdiq edir ki, bu rəqəm 90 faizdən çoxdur. 40-50, nə fərqi? Fakt odur ki, belə hallar az qala bütün respublikanı bürüyüb.
 Bizə illərlə 5-ci növ taxıl yedizdirən, radiasiyalı göllərin duzunu yodlaşdırılmış adıyla satan, insan üçün təhlükəli sayılan melanin maddəsinin yumurtlayan toyuqlara verilməsini təşkil edən, adı olmayan və marqarinə belə oxşamayan yağı kərə adı ilə yedizdirən, hansısa ağacın (doğranmış halda eni 5-6 sm-ə çatan) yarpağını çay kimi içizdirən, tütün əvəzinə yoncanı, siqaret adı ilə samanı çəkdirən qrupların gələcəkdə bir özlərinə məlum olan gizli məqsədləri var…
 İndi Azərbaycanda muzeyə qoymaq üçün saf bir şey tapmaq mümkündürmü?..
 Məsələn, mən hələ də başa düşə bilmirəm ki, Bakıda xəstəlik yayan bu qədər dönərlərin, qutabxanaların axırı nə olacaq. Bu barədə o qədər yazılıb, qəzetlərdən o qədər fikirlər oxumuşuq ki, mənim deməyim bəlkə də artıqdır. Amma nə olsun, konkret bir nəticə yoxdur və bu obyektlər necə fəaliyyət göstərirdisə, eləcə də fəaliyyətlərini davam etdirirlər. Guya nəzarətçi orqanlar dönərxanalardakı, qutabxanalardakı ətin hansı mənşədən olmasından xəbərsizdirlər. Amma həmin nəzarət etməli şəxslər özləri belə bunun rayonlardan gətirilmiş eşşək ətindən, Hindistanın 50 dərəcə istisində ovlanan, soyuducusuz-filansız (briketin donu açılanda leş iyi verir) qablaşdırılan vəhşi camış ətindən hazırlanmasını çox yaxşı bilirlər. Görün nə günə qalmışıq ki, hindistanlı iş adamı televiziya kanallarının birində deyir ki, biz bu «ərzağı» dilənçi ölkələr üçün nəzərdə tutmuşuq və kimin xoşu gəlmir, almasın. Hindistanın bizə olan bu cür münasibətinin, bizim fırıldaqçıların bu ölkədən leş almasının nəticəsidir ki, bu yaxınlarda BMT-də Hindistan bizə dirsək göstərdi və bizə qarşı səs verdi. Hindistandan leş ətini gətirən «işbaz»ların təxribata şərait yaratmasını kim inkar edə bilər? İş o yerə çatıb ki, nəzarət orqanlarının rəhbəri televizorda açıq-aydın deyir ki, mən o dönərlərdən yemirəm və ev yeməyini üstün tuturam...
 Həmin dönərləri əsasən bizim gənclər yeyir. Hər dəfə ali məktəblərin yanından keçərkən tələbələrimizin yazıq-yazıq leş ətindən hazırlanmış dönər yediyini görəndə ürəyim ağrıyır. Hörmətli başbilənlər, bu gənclərə yazığınız gəlsin. Axı onlar bizim gələcəyimizdirlər. Belə getsə, onlar bizim gələcəyimiz yox, potensial xəstəlik mənbələrimiz olacaq.
 İndi isə mənə təsir edən həmin şeir parçasını sizə də təqdim edirəm. Müəllifi türk jurnalisti, pedaqoq və şairə Gülsüm Cengizdir:


  Yat, körpə balam, yat
 Gözündən qorxunu at.
 Nağıllarda qaldı artıq
 Kiçik qızı zəhərləyən
 Qəddar, zalım kraliçalar.
 -İndi başqa şeydən qorx-
 Uşaqların sütlerini oğurlayıb
 Çörəyinə zəhər qatan insanlardan… 

Комментариев нет:

Отправить комментарий