Ülvi Məmmədli
Azərbaycan Müəllimlər İnstitutu
Demək olar ki, həyatımızın hər yeni mərhələsində yeni problemlərlə, əvvəllər rast gəlmədiyimiz çətinliklərlə üz-üzə qalırıq. Sovetlər birliyində dünyaya göz açan, pioner qalstukunu komsomol nişanına dəyişən bir vətəndaş ağlına belə gətirməzdi ki, nə vaxtsa başqa bir dövlətdə yaşayacaq, qardaş hesab etdiyi ermənilərlə fərqli səngərlərdə olacaq və Qarabağ boyda dərdlə yüklənəcək. Və elə həmin vətəndaş da, dinə münasibətindən asılı olmayaraq, nə vaxtsa Azərbaycanda məscidlərin söküləcəyini təxmin edə bilməzdi. Ağlına belə gətirməzdi ki, məscidlərə zəlzələlər, sellər, barbar dəstələri deyil, boynuna qalstuk taxaraq yüksək materiyalardan dəm vuran dəbdəbəli kostyumlu soydaşları qənim kəsiləcəklər. Həqiqət isə məhz belədir. Müstəqil Azərbaycanda 2 məscid dağıdılıb, birinə isə murdar əllər uzanıb. Amma söhbətimizi faktların təkrarlanmasına həsr etmək istəməzdik. Məqsədimiz fərqlidir. Azərbaycanda məscidlər niyə sökülür? Bu proseslərdə hansı qüvvələr maraqlıdır?
Bu suallara cavabları incələməzdən öncə, bir danılmaz həqiqəti qeyd edək: etiraf etsələr də, etməsələr də, məscidlərə düşmən mövqedə olanlar Allahın düşmənləridir. Onlar nə qədər and içsələr də, müxtəlif bəhanələr gətirsələr də, özlərini təmsizə çıxarmaq və xalqın gözündən pərdə asmaq üçün hansısa ziyarətlərə, pirlərə getsələr də, məhz Allaha qarşı üsyan etdikləri gün kimi aydındır. Artıq səsləndirdiyimiz sualların cavablarını da elə bu kontekstdə aramaq lazımdır.
Məscidlərin bu gün Azərbaycanda sökülməsi tendensiyası onların təyinatı, mahiyyəti ilə izah edilə bilər. Quranda buyrulduğu kimi, məscid Allahın evidir. Və əlbəttə ki, istənilən evdə qanunları evin sahibi müəyyən edir. Tanrımız bu qanunları tam çılpaqlığı ilə məhz Quranda bəyan edib. Məscidlər də bu qanunların icrasının vacibliyini bəşərə xatırladan bir nişanələrdir. Təbii ki, həyatının, ailəsinin, övladlarının təlabatını rüşvət hesabına ödəyən, hər gün vəzifəsini, var-dövlətini itirməmək naminə yüzlərlə yalanı dilinə gətirən, Allahın deyil, dünyadakı səlahiyyət və vəzifə sahibləri qarşısında qəddini əyən kimsə məscidə məhəbbət bəsləyə bilməz. Məscid, onun minarəsindən ucalan azan sədası, küçələrdəki hicablılar, camaat namazları belələrinə olmazın əziyyətini verir. Bəziləri bu əzabın hardan qaynaqlandığını bilir, lakin buna əhəmiyyət vermir, müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırır, digərləri üçünsə artıq geriyə yol bağlanıb, onlar nə səbəbdən məscidə düşmən kəsildiklərini heç bir məntiqlə anlaya bilmirlər. Onlar üçün məscid düşməndir. Düşməni isə məhv etmək lazımdır. Düşmən üzərində qələbə üçün belələri müxtəlif vasitələr seçirlər - təki nəticə hasil olsun. Gah məscidin inşası zamanı texniki qüsurlara yol verildiyi bəyan edilir, gah da ki, ortaya sənəd məsələsi atılır. Allahın evlərinə zərbə vurmaq istəyənlər rüşvət, korrupsiya içində boğulan hansısa məmurun imzasını Allah sözündən daha üstün sayırlar. Belə bir hal Xanım Fatimeyi Zəhra məscidinin məhkəmə çəkişməsində də müşahidə edilir. İnşası yarımçıq dayandırılmış məscidin qeyri-qanuni olduğu bildirilir. Və onu dağıtmaq, artıq yerlə yeksan edilmiş Həzrəti Məhəmməd məscidinin aqibətini yaşatmaq qərarı verilir. Bu arada isə Azərbaycanda qarşı tərəfi, dindarları dinləmək istəyən heç bir instansiya yoxdur. Hərçənd, çox məntiqli suallar, dəlillər irəli sürülür. Sənədlərin tam qaydasında olmasını bir kənara qoyaraq, belə bir suala cavab arayaq: necə olur ki, ölkənin paytaxtında aylarla inşaat işləri aparılır, əraziyə ağır texnika cəlb edilir, hakim daiərəlrin isə bundan xəbəri olmur? Əgər kimsə iddia edirsə ki, Azərbaycan hüquqi bir dövlətdir və həmən hüquqa da söykənərək qeyri-qanuni tikili sökülməlidir, biz elə həmən hüququ əsas götürərək, «qeyri-qanuni tkili» termininin izah edilməsini tələb edirik. Azərbaycanda elə bir şəhər, qəsəbə, kənd yoxdur ki, oranın müvafiq dövlət strukturları, bu əraziyə cavabdeh olan, yeri gələndə isə əhalinin başının üstünü kəsdirərək rüşvət tələb etməyən məmurları olmasın. Necə ola bilər ki, Yasamal rayonunda böyük bir məscid qeyri-qanuni inşa edilsin? Necə olur ki, Günəşli qəsəbəsində nəhəng bir ərazidə məscid tikilsin, Şəhər və Rayon İcra hakimiyyətlərinin, bələdiyyələrin xəbəri olmasın? Axı gözə kül üfürmək nəyə lazımdır? Onsuzda bu millət televiziya ekranlarından, qəzet səhifələrindən axıb gələn yalanlardan zara gəlib. Azərbaycanda nəinki qeyri-qanuni məscid, heç adi ticarət köşkünü belə inşa etmək mümkün deyil. Bir daşı digərinin üzərinə qoymaq kifayətdir ki, sahə müvəkkili, İcra hakimiyyətinin inşaat və memarlıq departamentinin əməkdaşları və daha kimlər, kimlər «hadisə» yerinə gəlsinlər. Sonra nələr baş verdiyi isə hamıya bəllidir. Görəsən məmurlara xalqı talayaraq ölkənin və dünyanın müxtəlif guşələrində ucaltdıqları ticarət obyektiləri, villalar, müəssisələr, əyləncə mərkəzləri yetmirmi, gözləri doymurmu ki, indi də məscidləri hədəfə alıblar? Bu sualın cavabı isə müəmmalıdır. Ola bilər ki, həqiqətən də göz doymasın. Azərbaycan dilində gözəl və yerinə düşən bir söz var - «görməmiş». Ola bilsin ki, bu da görməmişlikdən irəli gəlir. Amma başqa səbəb da ola bilər. Artıq deyildiyi kimi, məscid Allahın yer üzündəki bir nişanəsidir. Məhz məsciddə zalımlar, rüşvətxorlar, xalqı talayanlar lənətlənir. Bu da Allah evlərinin sökülməsinə səbəb ola bilər. Yolunu azmış, milyonlar gözünü tutmuş, insanlıq xislətini və Allaha bağlılığını itirmiş məmur artıq özünü islah etmək haqqında deyil, onu haqq yoluna dəvət edənləri, onu qınayanları susdurmaq haqqında düşünür. Ən optimal və primitiv yol isə yaxşılığa dəvət edənlərin cəm olduğu evləri yıxmaqdır. Odur ki, yıxırlar. Sonumuz necə olacaq?
Amma ümidsizliyə qapılmaq böyük günahdır. Əminliklə söyləmək olar ki, gec ya tez, amma ədalət və haqq öz yerini tutacaq, məscid düşmənləri indikindən də artıq lənətlənəcək və cəzalarına çatacaqlar. Eyni zamanda Azərbaycanda normal düşüncəli vəzifəli şəxslərin artıq yox səviyyəsinə düşmədiyinə də ümid edirik. Ümid edirik ki, ölkəmizdə barbarlıqla dağıdılan məscidlərin sayı daha artmayacaq.
Комментариев нет:
Отправить комментарий