14.01.2011

Azərbaycan xatirələri - II Yazı

Əfşar Süleymani 

 Mən 1371-ci ilin ordibeheşt ayının 12-də (1992-ci ilin may ayının 2-də) Xarici İşlər Nazirliyində işə başladım. Elə həmin ayda Tehranda 3 ölkənin başçıları (Haşimi Rəfsəncani-Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov) birgə iclas keçirdilər və Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanat imzaladılar. Amma Moskva və bəzi qüvvələr Şuşanı ermənilərə verməklə Azərbaycana mane oldular və atəşkəsin yaranmasına imkan vermədilər. Tehran Rusiyadan bu iclasa nümayəndə göndərməsini istəsə də Kreml heç kəsi göndərməmişdi.

 Bakıda da İrana müxalif olanlar qəzetlərində yazdılar ki, Şuşanın ermənilər tərəfindən işğal olunmasına İran səbəb oldu. Ermənistanın o vaxtkı prezidenti Ter-Petrosyan isə dedi ki, Azərbaycan qızıl sinidə Şuşanı ermənilərə verdi.

1371 hicri şəmsi xurdad ayının 7-də XİN rəsmi heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasına 3 günlük səfər etdik. Heyətə Əlirza Şeyxəttar MDB ölkələrilə əlaqələrin təşkilat sədri başçılıq edirdi (Hazırda İranın Almaniyadakı səfiridir).

Onda mərhum Heydər Əliyev Naxçıvanın Ali Məclisinin sədri idi. Onunla görüş oldu və dərin müzakirələr aparıldı. Naxçıvan o dövrdə ağır vəziyyətdə idi, əhali yanacaq və ərzaq problemləri ilə üzləşmişdi. Heydər Əliyev Naxçıvanı bu vəziyyətdən çıxarmağa çalışırdı

Həmin vaxt mərhum Əbülfəz Elçibəy Azərbaycanda prezident idi və Xalq Cəbhəsi Heydər Əliyevin əleyhinə idi. Ona görə də Tehranın Naxçıvanla əlaqə yaratmasından narahat idi. Buna rəğmən Heydər Əliyev İranla əlaqələrin yaradılmasının tərəfdarı idi.

Naxçıvanda müzakirələr nəticəsində tərəflər qərara gəldilər ki, əhalinin yanacaq və ərzaq problemlərin İran dövlətinin əməkdaşlığı ilə həll edilsin. Və beləliklə İranla Naxçıvanın əlaqələri başlandı.

Bu səfərdə İran tərəfindən müharibədə erməni və rus ordusunun əsgərlərinin silahları ilə yaralananlara kömək olundu və biz xəstəxanada Azərbaycanın yaralı əsgərləri ilə görüşdük.

Sədərəkdə həmçinin dağlar ətrafında ermənilərin Azərbaycan əsgərlərinə “esmirnov” tüfəngləri ilə atəş açmağının şahidi olduq. Biz Naxçıvan zabitlərini dağın ətəyindən ehtiyatla keçirdik, çünki erməni gellərinə məruz qalmaq ehtimalı az deyildi.

İranın Naxçıvandakı müsbət hərəkətləri və Heydər Əliyevin İran haqqında söhbətləri Azərbaycan xalqında müsbət təəssürat yaratdı. Bu atmosfer Bakıda İran müxalifləri, o cümlədən Xalq Cəbhəsinin rəsmi Tehran haqqında mənfi imic formalaşdırmağa çalışdığı vaxtda yarandı. Baxışların İrana qarşı yaxşılaşması daha çox Naxçıvan əhalisində görünürdü.

Şuşanın işğal olması Azərbaycanda böyük reaksiya yaratdı və demək olar ki, Yaqub Məmmədovun rəhbərliyinə az bir vaxtda son qoydu. Xalq Cəbhəsi demək olar ki, Şuşanın işğalı nəticəsində prezident seçkilərini uddu. Baxmayaraq ki, Nizami Süleymanov iddia edirdi ki, seçkini o udub və ölkənin prezidentidir. Səs sayına da baxanda görünürdü ki, Nizami müəllim də yaxşı səs toplaya bilib. Xatırlayıram ki, Nizami Süleymanov seçkidən az sonra ailəsi ilə birlikdə İranda səfərdə idi, seçki xatirələrindən mənə də şirin söhbətlər etdi. Mən həyat yoldaşımla onlarla Məşhəd şəhərinə getdik və İmam Rzanı (ələyhessəlamı) da ziyarət etdik. İndi o zamanın şəkillərinə baxanda 18 il bundan öncəni daha çox xatırlayıram. Sonra Bakıda biz Nizami müəllimin evində ailəvi qonaq olduq, amma nədənsə Nizami bəy sonralar bizi unutdu...

Mərhum Elçibəy bir ziyalı və insan kimi düzgün şəxsiyyət idi, amma prezident olan zaman bir sıra sözləri və qərarları ekspert baxımından iradlıdır. “Onun İran və Rusiya Azərbaycanın düşmənləridir”-fikri Azərbaycana xeyir gətirmədi. Moskva Elçibəyin siyasəti qarşısında Ermənistanın yanında durdu və Azərbaycanın torpaqlarını işğal etdi.

Rus ordusunun Azərbaycandan çıxarılması və MDB təşkilatına Azərbaycanın üzv olmaması Elçibəy zamanında baş verdi. Həmin vaxt Kremldə oturanlar artıq ermənilərə pərəstiş edirdilər. Əlbəttə ki, ruslar öz mənafelərini təmin etmək istəyirdilər. Əslində Yerevan da Moskvadan bu qədər asılı olmaq istəmir, amma məcburiyyət qarşısında bu yola gedir. Əgər Ermənistan Azərbaycanın ərazilərini tez qaytarsa, həm inkişaf edər həm də müstəqilliyini daha artıq əldə edər.

                         qafqazinfo.az                                                                       (Ardı var)

Комментариев нет:

Отправить комментарий