24.01.2011

Reklam mətnlərinə başqa cür ad vermək mümkün deyil

Anar Tağıyev                                                                            gundelik-baku.com

Bürokrat məmurların sözü olmasın - biz hələ keçid dövrünü başa vurmamışıq. Hansı sahəyə baxırsan vəziyyət gərgindir. Kim ki, vəzifə başına keçdi, öz adamını gətirir yanına. Ona görə də peşəkarlıq itib-batır, inkişaf dünya tərəqqisinin analoqu olmayan "azərbaycansayağı" formasında gedir. Xülasə, keçək mətləbə..…

Bu mövzuya bir dəfə də toxunmuşdum - Azərbaycanın reklam şirkətlərinin qeyri-peşəkarlığından və onun fəsadları olan qeyri-ənənəvi reklam mətnlərinin şablon, mənasız və maraqsız olduğunu qeyd etmişdim. Amma indi peşman olmuşam. Ona görə ki, belə reklam mətnlərinin sayı daha da artıb.

İqtisadçı olmasam da bilirəm ki, reklam mətnləri bu və ya digər məhsulun keyfiyyətini, digər mallarla fərqli xüsusiyyətlərini, üstünlüklərini və ən əsası isə yenilikləri özündə ehtiva etməli, əsas məqsəd alıcıların diqqətinin ona yönəlməsinə hesablanmalıdır. Lakin söylənilənlər analoqu və ataloqu olmayan bir sıra reklam şirkətlərinə aid deyil. Onsuz da Azərbaycanın efir məkanı tamaşaçıların əsəblərini kifayət qədər tarıma çəkir - əxlaqsızlığı, xəyanəti addımbaşı təbliğ edən əcnəbi seriallar, bir-birini təkrarlayan xəbərlər, ailələrin daxili intriqalarını üzə çıxaran verilişlər, müğənnilərin intim həyat tərzini, şəxsi həyatını əks etdirən maqazin proqramları telekanallarda kifayət qədərdir. Reklamlar da bir tərəfdən..

Görəsən, "Tide" yuyucu tozlarının əcnəbi reklam çarxının əsas qəhrəmanlarından biri "mənim anam superdir" deyəndə anasının hansı üstün keyfiyyətlərini nəzərdə tutur? Onun bu yuyucu tozla paltarı təmiz yumasını? Yəqin ki hə. Yaxşı, tutalım bu çarxın istehsalçıları "mənim anam superdir" ifadəsi əvəzinə tam başqa bir erotik fikir səsləndirsəydi, həmin sözlər dilimizə necə tərcümə olunacaqdı? Yəqin ki, tərcüməçilər onu elə-belə, necə gəldi efirdə səsləndirəcəkdilər. Təki pul olsun.

"Axe jet" - "göylə get" reklam çarxını seyr etdikdə adamın gözləri önünə ilk öncə bir neçə il öncə çəkilmiş "Lambada" filmi gəlir. Əyinlərinə qısa yubka geymiş qızların reklam qəhrəmanlarının qucağında oturmalarının, qucaqlaşıb əylənmələrinin "Axe"-nin keyfiyyəti ilə nə əlaqəsi var? Düzdür, deyə bilərsiniz ki, bu reklam çarxları xarici ölkələrdə çəkilib. Buna görə də onu olduğu kimi təqdim edirlər. Yaxşı, bəs hər vəchlə məhsullarının satış qabiliyyətini artırmağa çalışan şirkət başqa bir reklam roliki hazırlasaydı, onda necə olacaqdı?

"Snikers" şokoladlarının digər məhsullarla üstünlüyünü iddia edən reklamların çarxındakı "dayanma snikerslə" sözlərinin əsil mahiyyətini başa düşmək üçün Oksford Universitetində ən azı 10 il təhsil almaq lazımdır. Axı, ana dilimizə tərcümə olunmuş "snikerslə" sözü heç bir hərəkət, məna, mahiyyət bildirmir.

"Bounty" şokoladlarının reklam çarxındakı "Bounty - cənnət həzzi" ifadəsi heç yerinə düşmür. Dünyanın ən ətirli şokoladının belə insana cənnət həzzini necə bəxş etdiyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil.

Deyə bilərsiniz ki, günah əcnəbilərdədir. Bu çarxları onlar çəkib, bizimkilər isə onu tərcümə edirlər. Əcnəbi şirkətlər tərəfindən istehsal olunmuş və Azərbaycan dilinə elə olduğu kimi tərcümə edilən xarici reklamları qoyaq kənara. "Delloro" firmasına məxsus mebellərin yerli reklamında Moşu Göyəzənlinin (Valeh Kərimovun) satıcıya xitabən "Ayə Söylü xalanla bu divanın üstündə" sözü ilə gənc oğlanın qəşş etməsini yerinə düşməyən epizod kimi qiymətləndirmək lazımdır. Yaxşı, bəs "Bismak" makaronlarının reklam mətnlərindəki "Bismak - möcüzələr yaradır" fikirlərini kimin günahına yazaq? Təəccüblüdür, un məmulatları - makaron məhsulları süfrədə hansı möcüzəni yarada bilər? Bu sözləri "Bismak - ləzzətli təamlar yaradır" mətni ilə əvəz etmək olmazdımı? Əlbəttə olardı, əgər təcrübəli reklamçı olsaydı.

“Sapil” ətirlərinin reklam mətnlərində yer almış "Sapil - görünməyəni kəşf edir" utopiyası lap gülməlidir. Hələ mən digər reklam mətnindəki "Sapil - zövq, ətir qüvvəsi"ni demirəm.

Reklam mətnlərinin hazırlanması ilə məşğul olan yerli şirkətlər sadaladığım nöqsanların səbəblərini min cür bəhanələrlə əlaqələndirə bilərlər. Amma bütün bunlar sadəcə bəhanə olaraq qalacaq. Ən azı ona görə ki, bir sıra reklam mətnlərində elementar orfoqrafiya qaydalarına belə riayət edilmir. Hələ mən reklam mətnlərinin keyfiyyətsiz materiallardan hazırlandığını demirəm. Deməli, yeganə səbəb reklam şirkətlərində çalışan bir sıra şəxslərin peşəkarlığının aşağı olmasından, bu sahəyə aidiyyatı olmayan adamların reklam bazarında çalışmasından ibarətdir. Əlbəttə ki, tanışlığın, qohumbazlıq və yerlipərəstliyin at oynatdığı istənilən sahədə bundan yaxşı keyfiyyət gözləmək düzgün deyil.

Комментариев нет:

Отправить комментарий