18.01.2011

GƏNCƏDƏKİ SİLAH MƏSƏLƏSİ "AZADLIQ"ın GÖZÜYLƏ

İslam Partiyasının Gəncə şəhər Şöbəsinin rəhbəri Yusif Ələkbərovun evindən külli miqdarda silah-sursat tapıldığına dair rəsmi məlumat yayılıb

Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, 2011-ci il yanvarın 14-də Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsi və Gəncə Şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin D. Bünyadzadə küçəsi ev 2 ünvanında, 1967-ci il təvəllüdlü Yusif Ələkbərovun evinə baxış keçirilib.

Baxış zamanı oradan 1 ədəd "AKSU", 2 ədəd qundağı kəsilmiş "AK-74", 2 ədəd "AKM", 1 ədəd əldədüzəltmə "UZİ" silahları, 2 ədəd mərmi, 2 ədəd qumbara, 2 trotil şaşka, 1 ədəd fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 ədəd güllə darağı, 1 ədəd qılınc, 3 ədəd bıçaq, 1 ədəd portativ səsgücləndirici və ona aid 4 ədəd mikrofon, 38 ədəd dini məzmunlu plakat, dini ekstremizmi təbliğ edən 17 ədəd kitab və 20 ədəd disk aşkar edilərək götürülüb.

Hazırda Y. Ələkbərovun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gəncədən isə "Azadlıq"a bildiriblər ki, rəsmi məlumatlarda deyilənlər həqiqəti əks etdirmir. Sakinlər birldiriblər ki, Hacı Yusif Ələkbərov xeyli müddət imiş ki, hüquq-mühafizə orqanlarının nəzarətində olub. Bundan əvvəl isə o və daha 33 dindar hicabla bağlı aksiyaya görə saxlanılaraq 3 sutkalıq cəza alıblar. İslam Partiyasının sədri həbs olunandan sonra Hacı Yusif və müavini kərbəlayi Füzuli İranın "Səhər-2" kanalına çıxaraq baş verənləri sərt tənqid ediblər. Bundan sonra onlara aqresiya daha da artıb.

Hacı Yusif ortada görünməsə də, müavini həbs edilərək işgəncəyə məruz qalıb. Hacı Yusifin evi isə günlərlə polis mühasirəsində qalıb. Ailəsi bundan ehtiyatlanaraq evi tərk edib. Bundan sonra Hacı Yusifin evinə qardaşı İlham Ələkbərov nəzarət edib. Çox keçməyib ki, onu da həbs edərək 10 sutkalıq cəza veriblər. Bundan sonra ev nəzarətsiz qalıb.

Həhayət, yanvarın 14 ev sahiblərinin iştirakı olmadan Hacı Yusifin evində axtarış aparılıb. Axtarışdan sonra onun evinin yaxınlığında yaşayan qardaşı və qardaşının ailə üzvlərindən axtarış aktına qol çəkmək tələb olunub.

Onlar isə silahların oraya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bildirərək, aktı imzalamaqdan imtina ediblər. \"Azadlıq" qəzeti\

Комментариев нет:

Отправить комментарий