30.01.2011

Yaradıcının missiyası

haqyolu.com


Yaradıcılıq daha ümumi bir anlayışdır. Yaradıcılıq dairəsinə şeiri də, rəssamlığı da hətta jurnal işini də daxil etmək olar.

Yaradıcı həm də ən azından kütlədən bir addım irəlidədir. Bu bir addım bütün hiss üzvlərinə belə aid olur. Yaradıcı daha yaxşı görür, eşidir, danışır, duyur, dadır.

Ən azından bir addım irəlidə olan yaradıcı insan bir addım geri atıb kütlə olarsa, artıq o yaradıcı deyil, sıradan biridir. Heç vaxt fərqli görə, duya, düşünə bilməz.

Fərqli olmayan, mövzuya başqa aspektdən yanaşa bilməyən yaradıcı deyil. Əgər istedadlıdırsa belə istedadı passivdir. Belə düşüncəli yaradıcı yeni bir əsər yaratmır, hamının görə bildiyi şeylərin kopyasını xəlq edir. Kopya yaradıcılıq isə orjinalından qat-qat zəifdir.

Yaradıcılıq həm dolayısı ilə bir maarifçilikdir. Kütləni kütləvilikdən fərdliyə, özəlliyə çəkməkdir.

Mən dəyərli müəllim Hacı Arzunun “Daha gözəli kim seçir?” yazısındakı bütün mülahizələrini qəbul edirəm. Amma mən “yaradıcılıqda şəxsi zövq yox, kütlənin zövqü əsas götürülməlidir” deyərkən yaradıcılığın bütün sahələrini nəzərdə tutmamışam. Bəzi yaradıcı əsərlər vardır ki, ən azından bir addım irəlidə olmaq onda mütləq duyulmalıdır. Məsələn, orta məktəbdən əzəbərlədiyimiz Nəsiminin “Sığmazam” qəzəlini kütlə baş düşə bilərmi? Bu qəzəli duymaq üçün Nəsimi estetikasını, ideologiyasını, dünyasını bilmək lazımdır.

Lakin Mirzə Ələkbər Sabirin şeirlərini, şeirlərdəki ironiyanı orta məktəb şagirdi də duya bilir.

Əgər belə isə iki yaradıcı şəxsin əsərlərində fərq nədən irəli gəlir? Mənə elə gəlir ki, bu fərqlər məqsədlərlə sıx əlaqəlidir. Əgər Nəsimi “Sığmazam” rədifli qəzəlini yalnız öz çevrəsi üçün yazıb ideologiyasını izah etməyə çalışırdısa, Sabir isə cəmiyyətdəki eybəcərliklərlə, xüsusən də savadsızlıqla mübarizə aparırdı. Amma bu o demək deyil ki, Sabirin şeirləri estetikadan, poetikadan boşdur.

Demək, yaradıcı şəxsin məqsədi əsasdır. O, nə üçün və kimin üçün yazır? Misal olaraq, əgər kütlə postmodernizmi bilmirsə və mən ona postmodernizmi başa salmaq üçün postmodernizm anlayışından daha anlaşılmaz terminlərdən istifadə edirəmsə, onları maarifləndirə bilərəmmi? Belə isə mən ilk öncə postmodernizmi kütləyə qavraya biləcəkləri həddə anladıb səviyyələrini yüksəltdikdən sonra onlarla istədiyim formada danışmalıyam.

Fərz edək ki, biz bir jurnal nəşr edirik və məqsədimiz bu jurnal vasitəsi ilə kütləni maarifləndirməkdir. Lakin jurnalın üz qabığında kubizm janrına mənsub bir rəsm əsəri dərc edirik. Kubizm janrından xəbərsiz olan kütlə bu əsəri gördükdə heç nə anlamır. Həm də bu rəsm əsəri həmişə gördüyü “gözəl” ənənəvi əsərlərlə uyuşmadığından jurnalın redaktorunu “zövqsüzlük”də, rəssamı isə “bacarıqsızlıq”da günahlandırır. Nəticədə jurnal missyasına nail ola bilmir.

Amma taktikanı əvəz etməli olsaq, məsələn, kütlə İmam Rza (ə) ziyarətgahını şəkillərdə həmişə öndən görüb. Amma jurnal üz qabığnda İmam Rza (ə) ziyarətgahının peykdən və ya bir qədər hündürdən alınmış şəkilini dərc edir. Jurnalı ələ alan oxucu fərqli bir mənzərə ilə qarşılaşır və bu mənzərə ona çox maraqlı gəlir. İmam Rzanın (ə) ziyarətgahını dəfələrlə görməsinə baxmayaraq heç vaxt bu prizmadan ziyarətgaha baxa bilməmişdi.

Belə olan halda bir qədər ağıllı oxucunun zehnində “Demək dəfələrlə müşahidə etdiyimiz, artıq bizim üçün adiləşmiş əşyalara bir qədər fərqli baxa bilsək, həyatımızı yeniliklər bürəyəcək” fikri yarana bilər.
Əsil yaradıcının missiyası da bu olmalıdır. O heç vaxt şəxsi zövqünü aşılamağa çalışmamalıdır. Onun səyi kütləyə istiqamət verməyə yönlənməlidir.

Комментариев нет:

Отправить комментарий