Mətbuatdan uzaq olmağa qərar verdiyi barədə bir neçə dəfə eşitmişdim. Səbəbi çoxlarına məlumdur. Zəng edib arayarkən müsahibə-filan söhbəti eləmədim. Sadəcə, görüşüb onu ziyarət etmək və onunla söhbətin də daxil edildiyi kitabımı özünə bağışlamaq istədiyimi söyləyəndə razılaşdı.
Ancaq Cavad Heyətlə görüşəsən, redaksiyaya əliboş dönəsən, bax, bu, günah olardı. Ona görə də ürək ağrıları bəhanəsindən tutmuş, cəmiyyətimizin problemlərinədək müxtəlif məsələlərdən bəhs etdim ki, bu da sonda bəhrəsini verdi. Dünya şöhrətli kardioloq, İranda ilk dəfə qapalı və açıq ürək əməliyyatını, həmçinin ürək və böyrək köçürmələrini həyata keçirən professor Cavad Heyətlə söhbətimiz nəhayət ki, baş tutdu.
- Doktor, Azərbaycanın hər problemi yəqin ki, Sizi narahat edir. Ölkə vətəndaşlarının ürək xəstəliklərindən, depressiyadan əziyyət çəkməsi faktdır. Əsəbi mühitin mövcudluğu ağır qətllər, ailə faciələrinin çoxalmasına gətirib çıxarır. Sizcə, bizlərə nə olub?
- Ürək xəstəlikləri son zamanlar hər yerdə çoxalıb, xüsusən Azərbaycanda. Bu da qida rejimi, həyat tərzi, siqaret, içki, stressdəndir. Camaat hər yerə maşınla gedib-gəlir, oturaq işlərdə çalışır, hərəkətsizlikdir, yağlı, duzlu yeməkləri qəbul edir. Bunlar çox zərərlidir. Xüsusilə də siqaretdən pis şey yoxdur ürək üçün. İçkini də çox içirlər. Bu gün bir çox ölkələrdə siqareti qadağan edirlər. Təklif edərdim ki, Azərbaycanda da qadağan eləsinlər. Heç olmasa ictimai yerlərdə.
- Ancaq qadağalar heç də həmişə fayda gətirmir.
- Yenə də müəyyən qədər azalar. Televiziyalarda siqaretin, içkinin zərəri barədə proqramlar olmalıdır. İçkinin reklam olunması düzgün deyil. Hələ bura müsəlman dövlətidir, içki belə su kimi içilir. Bir siqaret çəkilən otaqda oturmağın da zərəri var, o ki qaldı adam özü çəksin.
- Üç il əvvəlki görüşümüzdə demişdiniz ki, 82 ildə bir dəfə də olsun ürəyiniz ağrımayıb. İndi necə, ürəyiniz sözünüzə baxırmı?
- Yaxşıyam. Elə ciddi problem yoxdur, amma bir az zəiflik var.
- Siz ürəyinizi necə qoruyursunuz?
- Pəhrizlə, bəzi dərmanlarla. Ət çox az hallarda yeyirəm. Daha çox toyuq əti və balıqdan istifadə edirəm.
- 85 yaşınızı niyə səs-səmirsiz yola verdiniz?
- Belə daha yaxşıdır.
- Ancaq Sizin iki ölkəniz var: Azərbaycan və İran. Yəni iki ölkənin birindən yubiley keçirmək təklifi gəlmədi?
- Mən heç müraciət də eləmədim.
- Sonuncu dəfə İrana nə vaxt getmişdiniz?
- Üç ay əvvəl.
- İrandan Azərbaycana, Azərbaycandan da İrana baxanda necə görünür?
- Ordan baxanda bura daha yaxşıdır.
- Xəstələriniz orda daha çoxdur, yoxsa burda?
- Yorulmayım deyə, indi mən çox xəstəyə baxmıram. Tehrandakı işimi də bağlamışam. Amma tək-tük xəstələr gəlir.
- Amma Azərbaycandakı xəstələr çox zaman İrana üz tutur.
- Çünki İranda səhiyyə çox tərəqqi edib. Xüsusən də ürək-damar xəstəlikləri ilə bağlı.
- Yəqin burda Sizin də rolunuz böyükdür.
- Bəli. İlk dəfə İranda mən ürək əməliyyatlarına başlamışam. Amma daha əməliyyat eləmirəm.
- Doktor, son vaxtlar Azərbaycandakı hicab müzakirələrini yəqin izləyirsiniz. Sizin münasibətinizi bilmək istərdik.
- Bu işi sərbəst buraxmaq lazımdır. Bu, bir şəxsi işdir. Ona görə də məncə, adamları azad buraxmaq lazımdır. Məsələ burasındadır ki, bəziləri hicabı da ideoloji məsələyə çevirib. Bu, yaxşı hal deyil.
- Özünüz necə, ailə üzvlərinizi hicab örtməyə vadar edirdiniz, yoxsa özləri...
- Mən ailədə hicab məsələsinə heç vaxt qarışmamışam.
- (Söhbətimizin öz axarına düşməsindən cəsarətlənib aktual olan bəzi məsələlərə də adlayırıq) Təbrizli ayətullah Cəfər Sultani hicab problemi ilə bağlı Azərbaycan prezidentinə məktub yazdı. Ardınca Azərbaycanda İrana qarşı təpkilər oldu ki, heç kəs bizim işimizə qarışa bilməz. Belə vəziyyət münasibətləri korlaya bilərmi?
- Yox. Özü də indiki zamanda hər kəs fikrini deməkdə azaddır. Elə o ayətullah da azaddır, burdakı camaat da. Sadəcə, kimlərsə aranı qarışdırmaq istəyirlər. Amma belələrinə imkan vermək olmaz. Qarşılıqlı səfərləri həyata keçirmək, inciklik varsa da, onu aradan götürmək lazımdır.
- Münasibətlərin gərginləşdiyi bu məqamda Siz hər iki ölkəyə bağlı ziyalı olaraq məsələyə müdaxilə edə bilərsinizmi?
- Belə bir müdaxiləyə ehtiyac var. Amma dövlətlərin siyasəti bir şəxsə bağlı deyil. Özü də mənim kimi kənarda duran bir şəxsə. Onlar öz siyasətlərini yeridirlər. Bizim də təklifimiz budur ki, yalnız dostluğa yönəlik addımlar atılsın.
- İrana gedəndə birinci hara baş çəkirsiniz?
- Tehrana.
- Azərbaycan vilayətləri ilə gedərkən adətən hansı şəhərdə ayaq saxlayırsınız?
- Mən təyyarə ilə gedirəm. Amma qədimlərdə getmişəm. Burdan ora Azərbaycandır. Həm o tərəf, həm bu tərəf mənim üçün sevimlidir, gözəldir, doğmadır.
- Sizin üçün Təbriz daha doğmadır, yoxsa Tehran?
- Əlbəttə, Təbriz. Amma uzaq düşmüşük də. Həyat belədir.
- Övladlarınız necə, uzaqdadır?
- Övladlarım dünyanın hər yerinə səpələnib. Tehranda da var, İstanbulda da, Amerikada da. Mənim 5 qızım var. Burda, yanımda da biri var.
- Nəvə-nəticədən nəyiniz var?
- Beş nəvəm var, iki nəticəm. Nəticələrimin böyüyü 6 yaşındadır.
- Mahmud Əhmədinejad İranda ailələrin az uşağa üstünlük verməsinə qarşı çıxdı.
- Yox, elə deyil. Camaat gərək ailə-uşağını təmin eləsin axı.
- İranla müqayisədə Azərbaycanda dolanışıq necədir?
- Orda daha yaxşıdır, daha ucuzluqdur. Mən pensiya alıram. İranda 50 il işləmişəm axı.
- Sirr deyilsə, pensiyanız nə qədərdir?
- Buranın pulu ilə 1000 manatdır. Hələ Tehranda xəstəxanamız var, onlar da kömək edir.
- Nə Amerika, nə də İran öz mövqeyindən geri çəkilmir. Necə bilirsiniz, İranla Amerika arasında müharibə gözləniləndirmi?
- Vallah Allah bilir. Amma belə qalmayacaq. Mənim zənnimcə, müharibə olmayacaq.
- Yəqin Qarabağın taleyi haqqında da düşünürsünüz.
- Əlbəttə. Bu məsələ məni çox düşündürür. Gərək Azərbaycan güclənsin, yaxşı ordu sahibi olsun. Yalnız o halda torpaqları azad edə bilər. İnsana ürəyi yanan elə birinci özüdür.
- Ermənistanda etiraf edirlər ki, İran olmasaydı, onlar çoxdan məhv olardılar. Heç ürəyinizdən keçirmi ki, İran vətəndaşı olaraq bu ölkənin hakimiyyətinə müraciət edəsiniz ki, düşmən dövlətlə əlaqələr kəsilsin?
- Eləmişik. Təqribən 7-8 il əvvəl 64 imza ilə hakimiyyətə müraciət göndərmişdik.
- Azərbaycan rəhbərliyi ilə görüşləriniz olurmu?
- Bəli. Elə bu evi mənə İlham bəy (İlham Əliyev - E.P.) verib. Mən İlham bəyi çox mədəniyyətli, kültürlü, məlumatlı, sözünün sahibi kimi görmüşəm.
- Azərbaycan ziyalılarından kimlərlə oturub-durursunuz? Gələn, kefinizi soruşanlar varmı?
- (Bir az düşünür) Vallah çox gəlirlər. İndi adlarını xatırlamıram.
- Azərbaycanın güneyindəki məktəblərdə Azərbaycan türkcəsinin tədrisi məsələsi hələ ki, həllini tapmayıb.
- Artıq başlayıblar. Azərbaycan dilinin tədris olunması prosesi başlayıb. Düzələcək, inşallah.
Söhbətin bu məqamında müəllifin kitabını vərəqləyib ayrı-ayrı məşhur simalarla bağlı fikirlərini bölüşür. Xalq artisti Zeynəb Xanlarovanın “Rəsulzadənin adı çəkiləndə ayağa durmamaq olmaz” sözləri diqqətini xüsusi cəlb edir. “Yaxşı deyib” söyləyir və ardınca böyük hörmət bəslədiyi Məhəmməd Əminin İrandakı fəaliyyətindən bəhs edir:
- Axı Rəsulzadə İranda da fəaliyyət göstərib. Seyid Həsən Tağızadə xüsusən Məşrutə inqilabında İranın bir nömrəli şəxsiyyətlərindən olub. Sonra da İranda parlament başqanı oldu. Məşhur alim, diplomat idi. O, iki il yarım Tehranda rəhmətlik Məhəmməd Əmin Rəsulzadə ilə bərabər fəaliyyət göstərib. Onlar bir yerdə Demokrat Partiyasını qurublar. O partiyanın əsasnaməsini Məhəmməd Əmin yazıb. Həmçinin “İrani-nou” adlı qəzet çıxarıblar. Həmin qəzetin baş redaktoru Məhəmməd Əmin bəy olub. Rəsulzadə gənc yaşında farsca baş məqalələr yazarmış. 1908-ci ildə rus çarı İran hökumətindən Məhəmməd Əmin bəyin sürgün edilməsini istəyib. İran hökuməti də ona deyir ki, ya Rusiyanın əleyhinə fəaliyyət göstərmə, ya da get. O da ölkəni tərk edib İstanbula gedir. Yenə də il yarım İstanbulda Seyid Həsən Tağızadə ilə bir otaqda yaşayırlar, özü də yoxsul vəziyyətdə. Bundan sonra Məhəmməd Əmin Bakıya gəlir, Seyid Həsən də İrana qayıdır. Seyid Həsən Tağızadə İranda senator başqanı olur. Ancaq bunlar həyatının sonuna qədər bir-biri ilə yazışır, görüşürlər. 1920-ci ildə ruslar Bakını aldılar və Müsavat hökumətinin başçılarını tutdular, öldürdülər. Məhəmməd Əmin bəy bir müddət Lahıcda gizləndi. Sonra onu həbs edib gətirdilər. Onu edam edəcəkdilər. Amma Stalinin köhnə dostu olduğu, onu iki dəfə ölümdən qurtardığı üçün Stalin də onu həbsxanadan çıxardıb Moskvaya apardı. Moskvada da iki il şərqşünaslıq fakültəsində dərs deyir. Ondan sonra təhqiqat adı ilə Leninqrada gedir, ordan da Rəsulzadəni Avropaya qaçırırlar. Tağızadə 1920-ci ildə İranın maliyyə naziri kimi Leninlə müqavilə bağlamaq üçün Moskvaya səfər edib. O zaman Moskva qəzetləri bundan yazır. Rəsulzadə də Tağızadəyə xəbər göndərir ki, “mən burdayam”. Tağızadə o zaman da Məhəmməd Əmin bəylə görüşür. Rəsulzadə vəfat edəndən sonra Tağızadə bir məqalə yazdı. Tağızadə elə bir şəxsiyyət idi ki, hər kəsi bəyənməzdi. O yazırdı: “Mən Şərqdə Məhəmməd Əmin Rəsulzadə kimi rəhbər görməmişəm. Tarixdə də onun kimisi barmaqla sayılası qədər ola bilər. Mən çox xoşbəxtəm ki, onun kimi adamla tanış olmuşam. O, fövqəladə bir insan idi, doğru-dürüst idi, yalan danışmazdı, dünyadan çox məlumatlı idi. Həmçinin onun danışığı çox təsirli idi”. Tağızadə onu da yazmışdı ki, 100 il sonra Rəsulzadə Şimali Azərbaycanın Peyğəmbəri və ya Qandisi olacaq.
- Amma etiraf edək ki, Məhəmməd Əminə münasibət hələ ki, Seyid Həsənin dediyi kimi deyil. Bu, sizi narahat edirmi?
- Əlbəttə ki, düzələcək. Bu, keçicidir. İndi vəziyyət bir az mürəkkəbdir. Amma mən danışmışam, yuxarıda da Məhəmməd Əminə münasibət yaxşıdır. İnanıram ki, vəziyyət düzələcək.
- “Varlıq” jurnalının yaradıcısı və naşiri kimi, Rəsulzadə haqqında araşdırma materiallarını dərc etdiribsiniz. Necə hesab edirsiniz, Məhəmməd Əminin həyat və yaradıcılığının İran mərhələsi tam tədqiq olunubmu, yoxsa İran arxivlərində materiallar var?
- Əlbəttə ki, materiallar var. O materiallar gərək ki, İranın Nazirlər Kabinetinin arxivində olsun. Rəsmi müraciət edib onlarla bağlı araşdırma aparmaq lazımdır.
Söhbətimizin yekununda deyir ki, hazırda kitab üzərində işləyir: “Müasir türkologiya ilə bağlı yazılarım həm burda, həm də İranda çap olunur”. Ayrılarkən gənclərə məsləhətini də verir: “Arzum budur ki, gənclər həm özlərini yetişdirsinlər, həm də millətini, vətənini unutmasınlar”.
Sağollaşırıq. Hər halda Azərbaycanın canlı əfsanəsi ilə söhbətimiz alınmışdı.
Elşad PAŞASOY / "Yeni Müsavat"

Комментариев нет:
Отправить комментарий