27.01.2011

Səlim Babullaoğlu ilə müsahibə

            "Bundan sonra heç vaxt və heç bir milli müsabiqəyə qoşulmayacam"

-Ədəbiyyatın içində olan bir adam kimi müasir ədəbiyyatımızın vəziyyətini necə qiymətləndirirsiniz? Hansısa irəliləyişlər varmı yoxsa bəzilərinin dedikləri kimi geriyəmi gedirik ?

-Suallarınıza bacardığım qədər qısa cavab verməyə çalışacam. Fikrimcə, ədəbiyyatda irəli və geri addım olmur. Ədəbiyyat ya olur,ya da olmur. Bəli, yazılan ədəbiyyatla bağlı, konkret mətn üzərində fikir yürütmək olar...bu artıq başqa məsələdi, başqa bir elmin predmetidi. Ümumiyyətlə isə, nəzərə alsaq ki, təkrar biliyin xalasıoğludu, dəfələrlə dediyim fikri bir daha təkrar edəcəm. Son 20 ildə elə şairlərimiz yetişib ki, elə şeirlər yazılıb ki, onlar bütün XX əsr milli şeirimizdə olmayıb. Əlahiddədir.Məhz bu dövrdə ən realist poeziya yarandı, məhz bu dövrdə dünya ədəbi mühiti ilə həqiqi dialoq başladı,məhz bu dövrdə ötən əsrin 20-ci illərində itən, basdırılan metafizik kodumuz bərpa olundu.Prozamız haqqında eyni şeyi də demək olar, amma xeyli ürəksiz...

- Son dövrlər “şair”lərin və “yazıçı”ların artması tendensiyası müşahidə olunur. Ümumiyyətlə siz buna necə münasibət bəsləyirsiniz? Bunu ədəbiyyatımız üçün təhlükə hesab etmirsinizmi və ya hansı müsbət tərəflərini görürsünüz?

- O şey ki, təbii ehtiyacdan doğur, onun azı, çoxu olmur, əlbəttə. Mən roman və şeir yazmaq xətrinə roman və şeir yazanları nəzərdə tutmuram. Belələrinin gedişi gəlişlərindən daha məntiqli olur. Amma ciddi ədəbiyyat ciddi ədəbiyyatçının bütün ömrü boyu baş verən (!) hadisəsidir. Yenə özümü təkrar edim: bu marafon qaçışıdı...Metaforanı inkişaf elətdirsək,belə demək olar ki, yazılan ədəbiyyatın mütləq mənada ardıcıl ciddiliyini, gərəkliyini yalnız sonda biləcəyik, marafon qaçan adam mənzil başına çatacaq, onun “qələbə və ya məğlubluq” xəbəri gətirdiyi də onda bilinəcək. Bütün səhnəsiylə. Deyirsiz, ədəbiyyat çox yazılır. Ola bilsin. Amma bu dünyada havadan sonra ən çox istifadə etdiyimiz şey də elə sözdü. Müəyyən şərtiliklə deyirəm, “pis” ədəbiyyat “yaxşı” ədəbiyyat üçün fon yaradır.

-Səlim bəy , siz həm də “Dünya ədəbiyyatı” dərgisində hansı yeniliklər gözlənilir? Sizcə dərgi işinin öhdəsindən gələ bilirmi?

- Qısa desəm, indiyə qədərki işimizdən narazı deyiləm. Bu məsələ ilə bağlı gələcək üçün gözləntilərim var. Əlbəttə düşüncələr və planlar var...Hələlik bir şey demək istəmirəm.

- Bu yaxınlarda “Nəsimi” mükafatında sizin kitabınız 2010-cu ilin ən yaxşı şeir kitabları sırasında yer aldı , bundan başqa bir kitab da son 10 ilin ən yaxşı şer kitablarından biri oldu. Amma siz qalib olmadınız. Müsabiqədən nə dərəcədə razı qaldınız?

- Ondan başlayım ki, Zahir Əzəmətə ədəbi mühitdə xüsusi stimullaşdırıcı rola malik fəaliyyəti üçün təşəkkür edirəm, eyni zamanda həmkarlarımı təbrik edirəm.
2006-cı ildə İstanbul Kitab Yarmarkasında, qonaq otağında oturub söhbətləşirdik: Yaşar Kamal və Ənvər Ərcanla. Əbəbi müsabiqələrlə bağlı həmsöhbətlərimdən fikirlərini öyrənmək istədim. Biri çox mənalı tərzdə gülümsündü, o biri isə dedi ki, mən müsabiqələrin nə demək olduğunu jüri üzvü olandan sonra bildim.
Ümumiyyətlə isə nəticələrdən həmişə azlıq razı qalır, çoxluq narazı. Bunu biruzə vermək və verməmək artıq əsəb və takt məsələsidi. Bizim çevrədə belə bir fikir var: Ədəbiyyat zövq məsələsidi, qətiyyən belə deyil. Hamı çətinə düşəndə bu düsturun arxasında gizlənir. Ədəbiyyat yalnız həvəskar səviyyədə zövq məsələsidi...
Müsabiqənin son həftəsində mən Ankarada idim. İlk günü saytlara girdim və yazılara, şərhlərə baxdım. Təəssüfləndim. Adamlarımızın bir-birinə münasibətinə. Sonra isə çalışdım özümü orda təcrid edim internetdən. Çox rahat idim. Qərara gəldim ki, bundan sonra daha heç vaxt və heç bir milli müsabiqəyə nə iştirakçı kimi, nə də jüri üzvü kimi, yaxud ekspert kimi qoşulmayacam...Əgər doğurdanda bizim yazılarımızı kimsə qiymətləndirməlidisə, bunun gərəkliyinə əmin deyiləm, qoy, bunu bizi şəxsən tanımayan adamlar eləsin...

-Yaradıcılığınızda hansı yeniliklər var? Gələcək planlarınız nələrdir ?

-Ötən il rus dilində bir silsilə şeir yazdım. Bir xeyli də ana dilimizdə. Xeyli tərcümələr elədim.Hələlik onu deyə bilərəm ki, bu günlərdə Boris Pasternakın şeirlər kitabı mənim tərcüməmdə işıq üzü görəcək. Zbiqnev Herbert, Vislava Şimborska, Yanis Ritsosun şeirləri bir kitabda inşallah nəşr olunmalıdır. Bir ayrı kitabı polyak səfriliyi çap edir. “Ədəbi söhbətlər” , rusca şeirlər kitabı var niyyətdə. Ədəbi məqalələr və esselər var. Bir neçə beynəlxalq şeir festivalına və ədəbiyyat tədbirinə dəvətlər var. Nə bilim, o qədər görülmüş və görülməkdə olan işlər var ki...amma necə deyərlər, insan ehtimal edir, Allah edir. Baxarıq...

Комментариев нет:

Отправить комментарий