24.01.2011

“Dilçiliyə səyahət” və yaxud SÖZ haqqında söz

“Dilçiliyə səyahət” və yaxud SÖZ haqqında söz

İnsanın əzəli və əbədi ömür-gün yoldaşı olan SÖZ fəaliyyətimizin bütün sahələrində hər zaman ən müxtəlif səviyyələrdə sıx münasibətdə olduğumuz möcüzəvi yaradılışdır. Dillə bağlı sıx-sıx eşitdiyimiz bir ifadə var: «Dil canlı varlıqdır». Bu, bir qayda olaraq dilin zəngin təbiətini, əsrarəngiz dil dünyasınının həyatımızdakı önəmli rolunu göstərmək naminə işlədilən yalnız metaforik bir deyim kimi qəbul edilir. Bu günlərdə çapdan çıxmış, elmi və ədəbi dairələrdə böyük maraq doğurmuş «Dilçiliyə səyahət» kitabını oxuduqdan sonra isə, dilin bizimlə iç-içə yaşayan gerçək canlı olduğuna şübhə yeri qalmır… Söhbət son illərdə qələmə aldığı əsərlərilə Azərbaycanda və xarici media səhifələrində ciddi müzakirələr doğurmuş görkəmli yazıçı Kamal Abdullanın «Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik» kitabından gedir. İstər bədii, istərsə də elmi yaradıcılığı etibarilə və öz yazı üslubu, məsələlərə yanaşma tərzi və özəl təhkiyəsilə hər zaman oxucuların diqqət mərkəzində olan Kamal Abdullanın bu son əsəri haqqında artıq mətbuatda bir çox məqalələr çap olunub. Bunların sırasında Vaqif İbrahimoğlu, Aydın Ələkbər, Rüstəm Kamal, Salam Sarvan, Etimad Başkeçid, Yaşar Quluzadə, Əbülfət Mədətoğlu və digər qələm adamlarının yazıları da yer alır.
Sözügedən əsərin ictimaiyyət arasında doğurdu marağı nəzərə alıb, Kamal Abdullanın «Dilçiliyə səyahət» kitabı ətrafında ölkəmizin bir çox fikir adamlarının iştirakı ilə keçirdiyimiz müzakirənin materiallarını diqqətinizə təqdim edirik.



Yaşar, yazıçı -  Söhbətə başlamazdan öncə, bu kitabın məndə yaratdığı bir xatırlatmanı burda qeyd etmək istərdim. Doğrudu, bu xatırlatma birbaşa sözlə, – yəni, nə dilçiliklə, nə də ədəbiyyatla bağlı deyil, amma məncə, bu məqamda kifayət qədər yerinə düşür. Lap çoxdan məşhur sehrbaz Devid Kopperfildin bir müsahibəsini oxumuşdum. O, deyirdi ki, mən sehrbaz –zad deyiləm, göstərdiklərim hamısı düşünülmüş, hesablanmış nömrələrdi. Sadəcə, məni digər həmkarlarımdan fərqləndirən onlarda iki-üç gizlinin olduğu halda, məndə o qatların sayının çox olmasıdı. Sonra o, bir neçə məşhur nömrəsinin izahını verirdi.
Əgər dünya nəsrində sehrbaz adını birmənalı olaraq Markes daşıyırsa, bu adı Azərbaycan nəsrində daha çox Kamal Abdullaya şamil etmək olar. Özü də bu qənaəti müəllif məndə «Sehrbazlar dərəsi»nə görə yaratmayıb.  Qətiyyən. Əksinə, nə qədər paradoksal görünsə də, məncə, «Sehrbazlar dərəsi» Kamal Abdullanın digər əsərlərindən, məsələn, elə «Yarımçıq əlyazma»dan daha realist əsərdi. Ümumiyyətlə, Kamal Abdullanın nəinki nəsrində həmçinin dramaturgiyasında da bir qəribə  aura var. Və oxucu bu əsərləri mütaliə etdikcə sanki sözlərin tilsiminə düşür. Mən Kamal müəllimin hələlik son kitabı olan «Dilçiliyə səyahət»i Kopperfild nümunəsində olduğu kimi məhz həmin tilsimin, qırxıncı qapının açarı kimi qəbul etdim.
Cavanşir Yusifli, filologiya elmləri doktoru- Professor Kamal Abdullanın “Dilçiliyə səyahət” əsərində maraqlı bir üsuldan istifadə edilir. Ən sadə, ən primitiv oyun da mürəkkəb və qəliz məsələlərin çözülməsinə gedən yoldur və burada dil haqqında bildiyin məlumatları, içinə hopdurduğun həqiqətləri onların can atdığı sistemlə qovuşdurursan. Bu nə deməkdir? Dilçilik həm də elə bir elmdir ki, sistemli yanaşma tələb edir, hər an, hər dəqiqə “oyunun funksiyası” (Höyzinqa) kimi çıxış edir, səni məlum bir çevrənin içində fırladın “yaşamaqla aldadır”. Ən böyük sənətkarların yaratdığı bədii nümunələrdə ən ilahi sehr də dil aləmində “adi məişət hadisəsidir”. Çünki kitabda da deyildiyi kimi, dilin mənşəyi ilə bağlı nəzəriyyələrdən birində “insan səslənən gildən yaranıb”, məşhur monadaların müəllifi Leybnitsin “səs təqlidinə” əsaslanan fərziyyəni nəzərdən keçirsək, dil, nitq…. sadəcə qarşılıqlı təsirin, qarşılıqlı nüfuzetmənin əsəridir.
Niyazi Mehdi, Fəlsəfə elmləri doktoru, professor – Mən istədim Kamal tekstinin «bicliyindən» başlayım. Ancaq bu tekstdə iki sevgi və bir ləzzət çarpazlaşıb elə bir ürək söhbəti yaradıb ki, onun necə yığılıb-qurulmasını «biclik» anlayışından itələnərək anlatmağı yaraşdırmadım. Sevginin biri Kamalın gənc və bəlkə də Ali məktəbə təzəcə girmiş oxucusunadır. Çox ilginc olardı tekstin hansı ritminin, hansı leksikonunun və hansı sintaksisinin bu sevgini oxucu bilincinə, qavrayışına axıtdığını tapmaq.
Mənim bu sözlərim «Dilçiliyə səyahət» kitabının müəllifini öyməkdə məharət göstərmək üçün deyil, hərçənd biz yazarların hamısının ağıllı və ürəkdən gələn xoş sözlərə ehtiyacı var, yoxsa nəyə yazardıq. Mənim bu dediyim humanitar və bəlkə də dəqiq elmlərin populyar ədəbiyyatı ilə bağlı bir çatışmazlığı göstərmək üçündür: bizdə türklərə və ruslara baxanda onsuz da bu janrın az məhsulu var, olanlarda isə gəncə sevgi yoxdur. Halbuki mənə elə gəlir ki, adam kitabı oxuyanda o kitabdan axan sevgi enerjisini, istisini duyanda bu, kitabın anlatmaq istədiklərinə mənəvi infrastrukturlar, yəni yardımçı, köməkçi vasitələr yaradır.
O biri sevgi Kamalın öz elminə dilçiliyə olan vurğunluğundan gəlir. Mən öz elmini çox sevən adam görmüşəm, ancaq istəyəndə ki, tapasan bu sevgi həmin elmdən gələn hansı soraqlar, bilgilərlə motivlənib, çətinliyə düşürsən. Kamalın kitabı isə necə bir söyləmçi, nağılçı həvəsi ilə bircə-bircə (bitdə-bitdə), sonalaya-sonalaya dilçilik problemləri ilə gedir, bunu burdan açır, sonra ordan açır, bunu burda qoyur, sonra qayıdıb bir də götürür.
Məsud Mahmudov, filologiya elmlər doktoru, professor – professor Kamal Abdullanın «Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik» kitabını böyük maraqla oxudum və heyrətə gəldim. Hörmətli həmkarım, görkəmli tənqidçi-alim, şair, dramaturq, hər şeydən əvvəl isə dilçi kimi tanıdığım Kamal Abdulla həmişə qeyri-adiliyi, yeniliyə can atması, novatorluğu ilə diqqət mərkəzində olub. Bu kitab da təkrarsız, orijinal təhkiyə üslubuna, maraqlı kompozisiyaya malik, gözlənilməz haşiyələri olan qeyri-adi elmi-bədii-fəlsəfi-məntiqi bir möcüzədir desəm, yanılmaram. Qeyri-adi ona görə ki, belə orijinal kompozisiyalı, poetik təhkiyə üslublu elmi izaha hər gün rast gəlmək mümkün olmur.
Kamal Abdulla kitabını «Dilçi olmayanlar üçün dilçilik» adlandırır. Amma mən onu tam ciddiyyətlə, həm də dilçilər üçün stolüstü kitab adlandırardım.
Tam səmimiyyətlə deyirəm, oxuculara təqdim olunan bu kitab ali məktəblərin bakalavr və magistr pillələrində 6 il müddətində tədris olunan dilçilik kursunu tam əhatə edir – anlaşıqlı, sadə, aydın və cəlbedici bir üslubda, orijinal maneralarda, yerində olan haşiyələrlə.
Mənim hörmətli dilçi həmkarımın istedadının daha bir cəhəti bu kitabda üzə çıxdı – çətin mətləbləri sadə və aydın şəkildə izah etmək istedadı. Çox təəssüf ki, bizim alimlər daha çox Şeyx Nəsrullah kimi «ərəbcə danışır», qəliz yazır və bununla cəmiyyətdən bir növ təcrid olunurlar. Guya onları hər adam başa düşə bilməz, bunun üçün müəyyən səviyyə, elit düşüncə tərzi olmalıdır.
Aqşin Yenisey, şair – Bu kitabda Kamal müəllim öz oxucusunun əlinə özünün də qeyd etdiyi kimi bir Ariadna yumağı verir ki, oxucu bu yumağı aça-aça DİL ehramının qaranlıq dərinliklərinə enə və yığa-yığa geri qayıda bilsin. Kitabın cox sadə cümlələrlə başlaması əvvəl adamda belə bir fikir yaradır ki, bu kitab, – üz qabığında göstərildiyi kimi – danışdığı, yazdığı, oxuduğu dildən tamamilə xəbərsiz olanlar üçün yazılıb, ancaq səhifələr çevrildikcə hiss eləmədən elə bir naməlumluqla qarşılaşırsan ki, burada heç vaxt olmamısan.
Mənə bu kitabda çox maraqlı görünən məqamlardan biri Kamal Abdullanın DİL və NİTQ “ayrıseçkiliyi” salmasıdır. Doğru fikirdir ki, NİTQin mövcud olub-olmamasının DİLin mövcudluguna hec bir dəxli yoxdur. Bütün bəşəriyyət lal olsaydı belə, DİL mövcud olacaqdı. Obrazlı desək, NİTQ DİLİN bəndəsidir. DİL gözəgörünməzdi, yaratdığı bəndəsinə – NİTQə yeni-yeni sözlər göndərir, onun əbədi olan müvəqqətiliyini qoruyur. NİTQ eynən insan nəsli kimi daim yenilənir; köhnələr ölür, onların yerini yeniləri tutur. Yəqin ki, orta əsr türkü ilə bugünkü türk qarşılaşsaydı bir-birilərini başa düşmək üçün dillərindən daha çox əllərindən yararlanardılar. Dil isə əbədidir, o yaranmır və ölmür. Necə ki, fiziklər elektromaqnit hadisəsini kəşf edənə qədər heç kim belə bir məfhumun mövcudluğu haqqında heç nə bilmirdi.
Niyazi Mehdi -  Bayaq dediklərim hərəkət ritmini və yöndəmini, tərzini cızdı. Dilçilik landşaftında bu gəzintidə, bu yerişdə müəllifin səyyah ləzzəti görünür. Mən indi hazır deyiləm söyləyəm, soruşam ki, Kamalın özünə və oxucusuna verdiyi bu səyyah ləzzətində adrenalini artıran riskli, qorxulu necə, ya neçə epizodlar var? Hərçənd bəlkə də müəlliflə və ya düşüncəli oxucu ilə söhbət edib bu sualın cavabını tapmaq maraqlı olardı. Ancaq hətta birinci variantda da gənclər üçün yazılmış kitabın bu gəzinti, bu yeriş tərzində olması gələcəkdə necə yazmaq məsələsinə örnək, hətta yerinə düşər demək paradiqma olmalıdır.
Beləcə, danışa-danışa mənə aydın oldu ki, kitabın, tekstinin necə qurulmasını «biclik» anlayışından itələnmədən də danışmaq olar.
Bütün bu sözlərdən sonra içimdə bir sual doğur: yaxşı, bəs, bir oxucu kimi mənə niyə ilginc oldu bu kitab. Axı, dediyim sevgini mənim kimilərinə yox, gənclərə gördüm? Axı, kitabda normal elm adamlarının bildiyi problemlərdən danışılır. Bu isə, oxumuşlar, bilmişlər üçün triviallıq təəssüratı yaratmalıydı, Bə niyə yaratmadı?!
Düşünürəm ki, əla yapılmış, düzəldilmiş hər nəsnə psixolojisi korlanmamış adamı tutur – zərif naxışlı mücrüyə necə baxırsansa, özünə elə baxdırır. Ancaq bu yapılmışlığı, səyahətin ritmində, hərəkətin trayektoriyalarında verilmiş narrativliyi, söyləmçiliyi bir yana qoyub məzmunun daha dərin bilgilər qatına keçsək, görərik ki, orada da gənclər kateqoriyasına girməyən, şüuru bilməkdən təzəliyini, həssaslığını itirmiş biz oxucular üçün təsirli nəsnələr səpələnib. Efemerlikdən danışanda Kamal yazır ki, belə kəpənək əgər Afrikada qanad çalırsa, Karibdə fırtına başlaya bilərdi. Sinerqetika nəzəriyyələri üçün təsirli olan «kəpənək effekti» beləcə yüngülcə, qanad toxunuşu effekti ilə tekstdən bizə toxunub geçir. Kəpənək effekti termin-metaforası ilə meteoroloq E. Lorens xaotik sistemdə xırda bir tərpənişdən uzaqlarda böyük dəyişmələrin törənməsini bildirmişdi. Məsələn, göstərmişdi ki, Ayovada qanadlarını titrədən kəpənəyin təsiri artan effektlər dalğalarını yaradaraq İndoneziyada yağışlar fəslində ən yüksək şiddətə çata bilər. İdeyalar tarixi baxımından ilgincdir ki, «Kəpənək effektini» R. Bredberinin «İldırım şaxıdı» hekayəsi ilə də bağlayırlar. Orada kəpənəyin ölümü başqa dünya tipinə aparıb çıxaran tarixi dəyişmələrə səbəb olur. Kamal bütün bunları yazmır, ancaq mənim bu oxucu bilgimlə «baxışmalar» yaradaraq mənim kimilərdə də informativ həzz yaradır. Eləcə də başqa bir yerdə Konfutsinin «qaranlıq otaqda olmayan qara pişik» məsələsinə yüngülcə eyham vuran səhnəni canlandırır.
Yaşar- Sizin dedikləriniz mənim qənaətimi bir daha təsdiqləyir: bu, elmi və bədii düşüncənin sərhəddində, daha doğrusu vəhdətində yazılmış bir kitabdı. Bu kitabı Kamal Abdullanın elmi yaradıcılığının da davamı kimi qəbul etmək olar, bədii yaradıcılığının da. Şəxsən mən bu əsəri həm elmi, həm də  bədii əsər kimi oxudum.
Yazıçının da, filoloqun da iş aləti sözdü. Amma filoloq sözlə işlədiyi halda, yazıçı sadəcə, sözə aşiqdi. Filoloq sözə baxır, yazıçı sözü görür. Filoloq sözü kənardan müşahidə edir, yazıçı sözü içəridən duyur. Kamal Abdulla həm filoloq, həm də yazıçıdı. Bu hesabla analoqu olmayan bu kitab da – şəxsən mən bu səpkili əsəri ilk dəfə oxuyurdum – məhz yazıçının filologiya kitabıdı.
«Ardımca mənim oxucum» Bulqakovun məşhur «Sənətkar və Marqarita» sından gətirdiyi bu iqtibasla Kamal Abdulla da öz oxucusunu əsl eşq səhyaətinə dəvət edir. Sadəcə, sözlərdən hörülən bu eşq səltənətinin sakinləri bu dəfə Ustad və Marqartia yox, Əhməd və Zalxadı.
Kamal Abdullanın dilçiliyə bu dəniz səyahəti əslində dənizlə kifayətlənməyərək, okeanlar aşır. Müəllif Azərbaycan dili yüklənmiş gəmiylə müxtəlif məkanlara səyahətinə çıxaraq müqayisəli təhlillər aparır. Kamal Abdulla məkanla kifayətlənməyərək, zamanı da bu səyahəti qoşur. Yəni, bu kitabda dilin yaranmasından, mənşəyindən, qədim yunan filosoflarının fikirlərindən tutmuş bu günəcən bu sahəylə bağlı deyilən ən dəyərli fikirlər yer alıb. Yeri gəlmişkən, müllif bəzən filosoflardan və əsərlərdən iqtibaslar gətirərkən, «gərək ki, Heraklitin söylədiyi», yaxud «Bulqakovun «Yüz ilin tənhalığı»… yox, üzr istəyirəm, «Sənətkar və Marqarita» əsərindən» yazmaqla, qəribə bir priyomla bu kitaba təbillik verir. Sanki, oxucusuna demək istəyir ki, bu kitabı mən yazmıram, danışıram, sən bu kitabı eləcə oxumaqla kifayətlənmə, həm də eşit.
Aydın ƏLƏKBƏR- Bu janrın fərdi üslubu müəllifin öz işidir. Əsərin ideyası alqışlanmalıdır: necə etmək ki, dilçiliyin ümumbəşəri problemləri geniş oxucu kütləsinə yaxınlaşsın, hətta onunla doğmalaşsın…
Şəxsən mən «Əhməd – Zalxa» (müq. Et: Leonard Blumffld, Dil – «Sill-Sek») əvəzinə «Azər-Zəhra» seçərdim – bir sıra assosiativ-allüziv mülahizələrə görə; bir də ona görə ki, hazırki əlifbamızın «alfa» və «omeqa»sı məhz «A» və «Z»-dir
Şəxsən mən yazıçı olsaydım, Kamal Abdullanın bu janra tətbiq etdiyi ideyanı Avqust Şleyxer ruhunda reallaşdırardım: dil də (insan kimi) yaranır, dil (nitq) də (insan kimi) gözəl də ola bilər, eybəcər də; dil də daim inkişafda, işlənməkdə, kontaktlarda olur, daxili imkanlanndan faydalanırsa da, xarici təsirlərdən də heç vaxt azad olmur, nəhayət, dil də uzaq başı 5-6 min il (bərabərdir insan ömrünün 80-90 ilinə) yaşadıqdan sonra «ölür» (dillərin «ölümü» insanlanın ölümünə o cəhətdən bənzəyir ki,tək-tük seçmə dillər «öləndən» sonra da əsrlər boyu yaddaşlarda qalır, xalqlan birləşdirir, mədəniyyətləri zənginləşdirir və i.a.)
Burada işlədilən bir çox dilçilik terminlərini məhz «Azər – Zəhra» həyatı, münasibətləri, əlaqələri, ailəsi, mühiti və s. paralelliyində şərh etmə bir növ əyləncəli linqvistika nümunəsi ola bilərdi. Məsələn: dil ailələri, ana dili, «analıq» dili, qohum dillər, şəcərə (geneoloji ağac), uşaq dili, canlı nitq, ölü dil, xalq etimologiyası, qoşa sözlər, yad sözlər, məhsuldar şəkilçilər, antropoloji dilçilik, bio-, sosio-, etno-psixolinqvistika, dil ittifaqı, dil mədəniyyəti, normaları, etiketi, tabeli, tabesiz mürəkkəb cümlələr, uzlaşma, yanaşma, idarə əlaqələri, yiyəlik, təsirlik halları, qoşulma, vasitəli-vasitəsiz nitq və i.a.
Digər tərəfdən, nümayiş etdirmək olardı ki, dilçilik əbəs yerə bir sıra riyaziyyat terminlərini əxz edərək özününküləşdirməyib: dilçilik elə humanitar elmlərin həm də riyaziyyatıdır! Mən hələ Kamal Abdullanın Sössürdə olmayan «dil- şahmat» paralellərini demirəm…
Başlanğıcdasa, əlbəttə, fəlsəfi-məntiqi semiotika və informatika təlimləri durur ki, dil və nitq və s. problemləri ilə çarpazlaşmışdır.
O ki qaldı «Allahdandır? – təbiətdəndir? – bəndələrindəndir?..» məsələsinə, əgər hər şey Allahdandırsa, demək, insan da, onun dili də Ondandır. Başqa sözlə, müasir dilçilik elmində artıq dilin mənşəyi problemi müzakirə olunmur, müzakirə olunanda da (tələbələr üçün dərsliklərdə) müxtəlif sabiq nəzəriyyələrin sadalanması ilə kifayətlənirlər…
Aqşin Yenisey – İnsan yalnız yazı prosesində DİLlə məşğul olur, qalan vaxtlarda onun işinin adı NİTQdir və yazı adamları yaxşı bilirlər ki, yazı prosesi nəticəsində yazar gec-tez bir gün gəlib DİLin sınırına – yerlə göyün birləşdiyi üfüq xəttinı çıxır. Burdan o yana sözlər öz ilkin mənalarını itirir, bir növ, mənanın əsarətindən azadlığa çıxırlar. Bura real DİLin fəzasıdır; sözlərin sərbəst, bəlkə də, sərməst olduğu çəkisizlikdir. Səhv etmirəmsə, Rollan Bart deyib ki, iyirminci əsr ədəbiyyatı “olmaz”ın ədəbiyyatıdır, Bu DİL də “olmaz”ın dildir. Əgər mənanin əsarətində olan sözlər “Əhməd Zalxanı sevir” deyirsə, “olmaz”ın DİLi bunu məsələn, belə deyir: “Əhməd Zalxanı köksünə ütüləyir və s”.
Bu yerə gəlib çıxmış əsəbi filosof, qaxud ərköyün şair dərhal bu fəzanı özününküləşdirir və uca səslə elan edir: “bu, mənim DİLmdir! Bu dili mən yaratmışam, siz bu dili başa düşməzsiniz”. İndi bu əsəbi filosofa, qaxud ərköyün şairə necə başa salaq ki, bura, sadəcə, sənin gəlib çıxdığın yerdir; Bu, DİLin öz DİLdir, DİLin ətrafındakı kosmosdur. Gəmidəki kosmonavt uçdugu göyun nə qədər sahibidirsə, sən də bu DİLin o qədər yiyəsisən, inanmırsansa, yüyür Kamal Abdullanın “Dilçiliyə səyahət” kitabini oxu.
Niyazi Mehdi – Bir şeyi də deyim ki, «Dilçiliyə səyahət» kimi kitabların dəyəri interpretasiya torunu toxumaqdadır. İnterpretasiya, sadəcə, yozmaq deyil, abstrakt olanı konkret olanlara proyeksiya etməkdir. Məsələn, 2+2=4 düsturunu «2 alma üstə gəl iki alma, neçə olur» sorusuna çevirməkdir. Hər halda fizikada terminin açımı belədir, bizim «yozum» sözümüzdə isə hələlik bu aspekt sezilmir. Ancaq elə 2-ni iki almaya çevirməyin  bıkdırıcılığı var. Akademiyanın Dilçilik institutunda bütün mübtədaların «Əhməd» adı ilə, məntiq elmində isə subyektin «Sokrat» adı ilə verilməsi kimi. Dərsliklər, elmi gənclərə anlaqlı, oxunaqlı edən kitablar bu mənada elə interpretasiya əməliyyatları yapmalıdırlar ki, ideya çox təsirli, çox ilginc «almalara» proyeksiya olunsun. Fonemlərin mənafərqləndiricilik funksiyasından mən çox oxumuşdum, əkiz qardaşlardan birinin xalı olanda onları ayırmağın asanlaşması faktı mənim üçün fonologiyanın o struktur ideyasına effektli interpretasiya oldu.  «Dilçiliyə səyahət» belənçi interpretasiyalarla gənclər kateqoriyasına girməyən, şüuru bilməkdən təzəliyini, həssaslığını itirmiş biz oxucular üçün «atraksiyon» rolunu oynayır (Eyzenşteynin filmdə cəlbedici effektləri anlatmaq üçün işlətdiyi termin).
Bir də deyirəm! Ortaya «gələcəkdə dilimizdə elmi-populyar kitablar və hətta tələbələrə leksiyalar necə olmalıdır» sorusu ilə bağlı güclü örnək qoyulub. Bu örnəkdən faydalanmadan yeni elmi-populyar kitablar yazmaq insafsızlıq olardı.
Cavanşir Yusifli- Sizin dediklərinizin işığında, bayaq söylədiklərimə əlavə etmək istərdim.  Fonemlər, səs… Dil nəzəriyyəçilərinin mühakimələrinə baxmayaraq, səs təkcə dil materialının içinə hopub həll olmaqla qalmır, həm də yenidən peyda olur. O mənada ki, səsdən yaranan nəsnə elə səsə çevrilir. Artur Rembonun və rus simvolistlərinin “səs oyunlarının” mənası nə deməkdir? Göylər saitdir, yerlər samit… Kamal Abdulla bu barədə yazır: “…Onların ən parlaq nümayəndələrindən biri olan Konstantin Bal mont bütün həmfikirləri adından səslərlə musiqi arasında üz vi əlaqə tapmaq istəyir, səslər və onların vasitəsilə in san da oyanan hislər arasındakı əlaqədən danışırdı. Özünün«Po e ziyanın sehrbazlığı» adlı araşdırmasında o belə ya zır dı: « Hər bir hərf (əslində,  hərf  yox,  səs deyilməli idi, çün ki hərf səslənmir, yazılır – K.A.) istəyir ki, ayrıca danışsın. M – qışın ölü hənirtisi, A – amiranə bahar, M – daş…» və s. və i.a. bu səpkidə”.  Dostoyevskiyə həsr edilən araşdırmaların müəyyən qismində onun qəhrəmanlarının jestləri, mimikası və… səsləri öyrənilir, bu poetik sistemdə polifoniyanı, daxili hərəkətin dinamikasını hər şeydən öncə Dostoyevskinin səsə marağı şərtləndirirdi. Bu kimi “səs oyunlarının” tədqiqinə fransız medievisti Pol Zümtorun əsərlərində də rast gəlmək mümkündür (“Orta əsrlər mədəniyyətinin poetika təcrübəsindən”). Müəllifə görə, əsər mətnində bir dəfədən artıq təkrarlanan fakt fiqura çevrilir və fiqurativ planda funksionallıq qazanır.
Kamal Abdullanın “Dilçiliyə səyahət” kitabı məlum nəsnələri xatırladıb yeni ideyalar yaratmaq niyyətinə xidmət edir. Əsərin doğurduğu rezonans göstərir ki, bu niyyət özünü doğruldur və alqışa layiqdir.
Məsud Mahmudov – Kamal Abdulla bu əsəri ilə sübut etdi ki, başa düşülməyən, anlaşılmayan anlayış, problem yoxdur. İlk nəzərdən qəliz, anlaşılmaz, mürəkkəb görünən hər hansı məsələni sadə, anlaşıqlı dildə izah etmək olar. Bunun üçün bir mühüm, zəruri şərt var: gərək izah etdiyin məsələ, problem sənin özün üçün anlaşıqlı olsun. Yəni, demək istədiyini, izah etdiyini hər şeydən əvvəl özün dərk edəsən, mənimsəyəsən. Kamal Abdullanm «Dilçiliyə səyahət» kitabının hikməti, məntiqi, fəlsəfəsi, mahiyyəti bundadır. Mən hörmətli dilçi həmkarımı ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Oxuculara təqdim olunan bu kitab Kamal Abdulla istedadının, zəhmətinin, orijinal təfəkkürünün, təxəyyülünün uğurlu nəticəsi kimi səciyyələndirilə bilər.
Bu əsər dilçi olmayanlara, həm də dilçi olanlara, müəllif demişkən, «ömür boyu həm də dil quruculuğu ilə məşğul olan» bütün insanlara, bütün danışanlara və qulaq asanlara, qeyri-adi istedad və təfəkkür sahibi Kamal Abdullanın qiymətli hədiyyəsidir.

Комментариев нет:

Отправить комментарий