31.01.2011

Nigar Köçərlini tənqid etmə – kitabın satılmaz!

Nigar Köçərli biabırçılığına daha bir nəzər


                               Və ya …Tozda basdırılan ümidlər
 
 Düz bir il əvvəl… 23 yanvar 2010-cu il. Səkkiz aylıq zəhmətimi təqdim edirdim. Sevincimin həddi-hüdudu yox idi. “Yol” təqdim olunurdu. Təqdimatdan əvvəl yer axtarırdım. Dostlarım hərəsi bir yer təklif edirdi. Amma mən hamıya qulaq assam da, öz istəyimi reallaşdırıb, “kitab, kitab mağazasında təqdim olunar” – dedim. Birinci dəfə “Əli və Nino” book kafesi ilə maraqlananda nə qədər yer tutması ilə maraqlandım. Mağazanın əməkdaşı 30 nəfəri rahat qəbul etmək imkanlarından danışdı. Əlavə etdi ki, indiyədək yerlərin dolduğunu da görməyib. Z.Tağıyev küçəsindəki mağazada satıcı ilə (səhv etmirəmsə adı Faiq idi) bu barədə danışanda təklif etdi ki, rəhbərliklə – Nigar Köçərli ilə dəqiqləşdirim. Nigar xanım da ordaydı. Özümü təqdim etdim. Bir-birimizi tanımasaq da, ilk tanışlıqda dərhal məni maraqlandıran sualları verdim. Nigar xanım da book kafeni kitab təqdimatı üçün uğurlu yer adlandırıb, onların mağazasında təqdimat edən bir neçə yazıçı adı çəkdi. Gün təyin etdik.

Həftənin şənbə günü; 23 yanvar. Həmin gün book kafedə məndən əvvəl yazıçı Çingiz Abdullayevin də görüşü vardı. Böyük həvəslə təqdimatda görmək istədiyim insanları dəvət etdim. 30 nəfərə hesablanan yerdə 45 nəfər yerləşdi. Ayaq üstə qalanlar da oldu, hələ gəlməyənlər də vardı. Əvvəlcədən planlaşdırılan kimi, “Yol”un audio versiyasından bəzi hissələri seçib, təxminən 15 dəqiqəlik bir diskə yazdım. Saat 6-ya işləmiş tədbir başladı. Qonaqlar əvvəlcə audio versiyadan hissələri dinlədilər. Sonra könüllü şəkildə çıxış etmək istəyənlərin hamısı danışdı. Hərə bir fikir bildirdi. Amma nə təriflər, nə də tənqidlər heç biri qane etmədi. Kimsə dedi ki, azərbaycanlı kişisi bu qədər acizanə dözümlü ola bilməz (deyilikmi?), bir başqası müəllifi qəhrəmanın davranışlarına müdaxilə etməməkdə qınadı, digər biri əsərin həcminə qəmiş qoydu. Bunlara da təbii baxırdım, çünki təqdimata qədər əsərlə tam tanışlıq yox idi (Romandan bəzi söhbətləri Azərbaycanın ən böyük auditoriyası olan “disput” forumunda ixtisarla yerləşdirirdim).

Bu yerdə media nümayəndələrinə həvəslə iştirak etdiklərinə və kifayət qədər geniş təbliğata görə təşəkkür etməmək haqsızlıq olar. Hətta yer azlığına görə dəvət etmədiklərim incidiklərini (“Xural” da inciyənlər sırasındaydı) bildirsələr də, milli ədəbiyyatda baş verən bu yeniliyi normal işıqlandırdılar.

Təqdimatın növbəti günü – istirahət günü Nigar Köçərli mənə zəng etdi. Nigar xanım təqdimat haqqında olduqca yüksək fikirlər bildirdi. Dedi ki, mağazanın ənənəsini pozub, təqdimatdan sonra divarda öz fikirlərini yazmamısan. Sevincimin həddi-hüdudu yox idi. Özümü ölkənin ən güclü yazarı hiss edirdim. Fikirləşirdim ki, mən ilk kitabla dağı-dağ üstünə qoyacam. Artıq “Esselər toplusu”nu çapa hazırlamaq haqqında fikirləşirdim. “Zəncir” romanını başa çatdırmağı düşünürdüm. Bəs, sonra? Pişik asqırdı? İşlər niyə ləngidi?

Hamımızın zəhləsi getsə də, dilimizdən düşməyən “Bura Azərbaycandır!” ifadəsini yazacam. Buranın Azərbaycan olduğunu Nigar Köçərli və “onun MKM”-i yadıma saldı. “Peşəkar ekspert” adı ilə cəmiyyətə neçə ay ərzində sırınan (onların kimliyini aprel 2010-da ilk dəfə mən “Xural”da yazmışam) ekspertlərin fəaliyyəti yanvarın sonunda özünü göstərdi. Nigar xanımın “uğurlu müsabiqəsini” tənqid edənlərə isə PAXIL (!) damğası vuruldu. Guya gözləri götürmür deyə paxıllıq edirlər. Kimə? Nəyə? Hansı əmələ? Olanlar da bundan sonra oldu.

Bir dəfə şəhərdə mağazanın yanından keçəndə maraq məni bürüdü. Görəsən, müxtəlif efirlərdə, qəzet-jurnallarda, internet saytlarında haqqında danışılan kitab+disk nə qədər satılıb? Z.Tağıyev küçəsindəki mağazaya baxdım. Əvvəl elə bildim ki, yəqin hamısı satılıb deyə rəflərdə yoxdur. Satıcıdan soruşdum. Məni tanımayan satıcı sıravi alıcı olduğumu düşünüb, kiməsə zəng etdi. Sonra “var” deyib, onsuz da darısqal olan mağazanın küncündəki divar boyu düzülən rəfin yanına stul qoyub, yuxarı çıxdı. Bir xeyli eşələnib, nəhayət tapdı. Kitabı da, ona yapışdırılan diski də toz basmışdı. Kitabımı səhifələdim. Hər səhifəsini çevirdikcə toz qalxırdı. Bu bir həftənin, bir ayın tozu deyildi. Ayların tozu kitaba hopmuşdu. Neçəsinin satılmağını soruşdum. Cəmi 2 ədəd (Halbuki ilk vaxtlarda, MKM tənqid olunanadək 10 kitab+CD satılmışdı). Ötən ilin may ayından bu günə qədər cəmi 2 kitab satıb “Əli və Nino” mağazalar şəbəkəsi…

Yox, heç kim deməsin ki, kitab alınmırsa, ona mağaza neyləsin! Bəs, onda niyə digər mağazalar yaxşı satırlar? Onsuz da Bakıda kitab mağazası azdır. Bu azlığın içərisində kitabla belə davranmaq olarmı? Mükafat tənqid olunursa, bunun kitab satmağa nə dəxli var? Qisas almaq üçün hədəfi dəyişmək lazımdır! Kitabdan qisas almazlar! Ədəbiyyatda canlanma yaratmaqdan ağızdolusu danışımaq hara, müəllifinə görə kitabı gizlətmək hara? Sizin ədəbiyyata olan sevginizi toz basıb. Tozunuzu silin! Gənclərin ümüdlərini tozda basdırmayın!

Elxan Xanəlizadə                                                     “Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий