24.01.2011

Dini etirazlardan yararlananlar

Seçki saxtakarlığından yenicə çıxan bir dövlətdə dini zəmində münasibətləri bu qədər gərginləşdirmək kimə və nəyə lazımdır?
 
Azadlıq yazır ki, siyasi şərhçilərin (?) fikrincə, hakimiyyətin hicab məsələsini seçkidən dərhal sonra ortaya atması təsadüfi deyil. Bu istiqamətdə səslənən əsas versiyaya görə, iqtidar bunu Qərbin xoşuna gəlmək üçün edib. Belə ki, seçki kampaniyası dövründə belə sərbəst toplaşmaq hüqüqunu bərpa etməyən hakimiyyət bu istiqamətdə yaxın gələcəkdə təzyiqlər alacağını proqnozlaşdırdığından belə bir addım atıb. Yəni bir növ Qərb şantaj edilib ki, sərbəst toplaşmaq hüququ tam formada bərpa olunarsa, bundan dini qüvvələr də istifadə edə bilər... Əlbəttə ki, bu versiyanı irəli sürən siyasi şərhçilərin mövzuya İslam prizmasından yanaşmaq marağı və bacarığı yoxdur. Əslində hakimiyyət nə müxalifəti, nə qərbdən dəstək almış hər hansı qüvvəni özünə rəqib görmür. Rəqib yalnız təzyiqlərdən güclənən dindr kəsimdir.
Rəsmiyyətdə sabiq MTN-çi Sülhəddin Əkbər bildirir ki, hakimiyyət hicab problemini yaratmaqla seçkidən sonra siyasi gündəmi dəyişməyə çalışır. Bununla hakimiyyətin Qərbə eyni zamanda Azərbaycanda siyasi “müxalifətin” olmadığı, əvəzində “radikal islamçıların” baş qaldırdığı mesajını verməyə çalışdığını düşünən S.Əkbər hesab ki, hakimiyyətin yürütdüyü bu siyasətin ağır fəsadları ola bilər: “Hakimiyyətin təşəbbüsü ilə başlayan hicab problemi hələ ki, iqtidar tərəfindən nəzarətdədir. Ona görə də hakimiyyət baş verənlərdən bir o qədər narahat deyil. Amma bu olduqca təhlükəli oyundur. Çünki bir tərəfdən regiondakı gərginlik, digər tərəfdən ölkədaxilindəki ağır sosial-iqtisadi durum ciddi fəsadlara səbəb ola bilər”. Sülhəddin Əkbərin də hansısa dini təəsübündən danışmaq absurddur.

Siyasi şərhçi Zəfər Quliyev vurğulayır ki, hakimiyyəti son on ildə din sahəsində bir o qədər də uğurlu saymaq olmaz. Bundan başqa məscidlərin bağlanması qərarlarını da xatırladan Z.Quliyev qeyd etdi ki, hakimiyyət bu addımlarını dünyəvi dövlət qurmaq siyasəti ilə izah edir: “Azərbaycanda məmurlar dünyəvi dövlət anlamını düzgün başa düşmürlər. Onların məntiqincə dünyəvi dövlət köhnə sovet quruluşu kimi olmalıdır. Amma o da istisna deyil ki, hakimiyyət daxilindəki bəzi qüvvələr bu tip məsələlərdən öz maraqları üçün istifadə etməyə çalışırlar. Hakimiyyət sanki şüurlu şəkildə cəmiyyətdə olan narazılıqları bir istiqamətə yönəldir”. Cəmiyyətdə hazırkı vəziyyətin yaranmasına görə birbaşa iqtidarın məsuliyyət daşıdığını deyən Z.Quliyev vurğuladı ki, parlamentdə real müxalifətin təmsil olunmasına qadağa qoyulması, liberal müxalifətin sıxışdırılması tədricən cəmiyyətdə digər meylli qüvvələrin siyasi səhnəyə çıxmasına gətirib çıxara bilər. “Əgər demokratik müxalifət siyasi səhnədən uzaqlaşdırılsa, bu boşluğu başqa qüvvələr dolduracaq. Bu zaman cəmiyyətdəki narazılıqdan başqa qüvvələr istifadə edə bilər ki, bu da təhlükəli tendensiyadır”, deyə Z.Quliyev vurğuladı.
Belə görünür ki, müxalifət də dini aksiyalardan öz xeyrinə yararlanmaq istəyir. Yəni hökumətə mesaj verilir ki, əl-ələ verib islamçıları səhnədən çıxaraq və müştərək “dünyəvi konsepsiyamızı” (50-50-yə) həyata keçirək. Əslində isə bu həna o hənadan deyil. Azərbaycandakı dini intibah dünyadakı intibahın tərkib hissəsidir və onun qarşısını almaq cəhdi özünü yandırmaqdan başqa bir şey deyil.

                                                                                    haqyolu.net

Комментариев нет:

Отправить комментарий