Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Azərbaycanın uşu-sanda yığmasının keçmiş baş məşqçisi Canpolad Budaqovun apasport.az saytına müsahibəsi
- Bildiyimizə görə, bu yaxınlarda həbsxanadan azadlığa buraxılmısınız. Hansı cinayətdə ittiham olunaraq, həbs olunmuşdunuz?
- İstəməzdim ki, bu məsələyə toxunam. Ancaq qısaca da olsa, bu haqda danışmağa məcburam. 2005-ci ildə Bakıda ciddi bir məsələ olmadığı halda, polislərlə mübahisə yarandı. Günahsız olduğum halda, mənə qarşı narkotik maddədən istifadə ittihamı irəli sürüldü. Nəticədə 4 il cəzaya məhkum edildim. Əslində, mən narkomaniyaya qarşı çox sərt mövqedəyəm və bu bəlanın kökünü kəsmək üçün mübarizə aparanlardanam. Mən idmançıların narkomaniyaya qarşı kampaniya aparmasının tərəfdarıyam. Uşaqların narkomaniyaya meylli olmaması və gənclərin idman zallarına cəlb edilməsi üçün mexanizm yaradılmalıdır. Bunun üçün kasıb ailədən olan uşaqları idmana cəlb etmək lazımdır. Onlar bahalı idman mərkəzlərində məşq edə bilmirlər. Çünki müəyyən qədər pul verib, məşq etmək imkanları yoxdur. İdman hər bir insanın özünütəsdiq vasitəsidir. İmkansız ailələrin uşaqları öz gücünə, mənliyinə arxalanaraq, idmanda nəticə göstərə bilirlər. Yüksək nəticə göstərən kasıb təbəqənin uşaqları bundan sonra idmandan iki əllə yapışırlar, idmana barmaqarası baxmır. Maddi imkanları yaxşı olan ailələrin uşaqları isə idmanı yarı yolda tərk edirlər. Veteran idmançılara da xüsusi diqqət yetirilməlidir. İdmanın gələcəyi veteranların gələcək aqibəti ilə bağlıdır. Çempion olan şəxsin nailiyyət qazanmasında onunla birgə məşq edən digər idmançıların da rolu danılmazdır. Məsələn, cüdoçu Elnur Məmmədlinin olimpiya çempionu titulunu qazanmasında onunla birgə məşq edən idmançıların da rolu var. Nə olsun ki, onlar olimpiya çempionu ola bilməyiblər. Olimpiya çempionu olmayanları atmaq olmaz. İdmana kömək etmək istəyiriksə, həmin idmançılara da diqqət ayrılmalıdır.
- Həbsxana həyatı sizə nə öyrətdi?
- Təbii ki, həbsxana həyatı heç kimə xeyr verməyib. Onu deyim ki, bu müddət ərazində özümə qarşı etdiyim səhvləri analiz edə bilmişəm. Ətrafımı yaxşı tanımamışam. Artıq bilirəm ki, idmançı kimi əlaqələrimdən istifadə ediblər. Sən demə, dost dediyim insanların çoxu əlaqələrimin dostu olub, mənim yox. Bəzən fikirləşəndə dəhşətə gəlirsən. Düzdür tam paklıq Allaha məxsusdur. İstənilən insanın səhvi olur. Mənim də səhvlərim çox olub. Həbsxana həyatı bir növ gözümü açdı, ətrafımdakıları və qohumlarımı tanıdım. Ailəmin mənə olan bağlılığını təkrar şahidinə çevrildim. Səhvlərimdən də uzaqlaşmağa çalışdım.
- Sirr deyil ki, ötən əsrin 90-cı illərin ən tanınmış idmançılarından biri olmusunuz. Məşhurluğunuzun cəzaçəkmə müəssisəsində sizə köməyi dəyib, yoxsa orada belə amilin fərqinə varmırlar?
- Çox kömək olub. Cəzaçəkmə müəssisənin rəhbərliyi də, məhkumlar da mənə hörmət ediblər. Uşaq vaxtlarımdan idman düşərgələrində böyümüşəm. Evdən kənarda yaşamağı öyrənmişəm. Amma müəyyən qədər tanınmağın həyatda bəzən adama baha-başa gəlir. Hətta öz adın düşməninə çevrilir. Belə demək mümkünsə, tanınmış olmağın həyatda yaşayış tərzini qurmağa maneçilik törədir.
- Cəzaçəkmə müəssisəsində idmanla məşğul olmağa imkan olurdu?
- Bu məsələdə cəzaçəkmə müəssisəsində heç vaxt problem olmayıb.
- Döyüş növlərində nailiyyət əldə edən idmançılardan bəzən kriminal işlərdə istifadə edirlər. Sizə nə vaxtsa belə təklif gəlib?
- Mənə belə təkliflər olmayıb. Ümumiyyətlə, belə işlərə qatılanlar idmanın aciz nümayəndələridir. Və ya onlar idmandan küskünlərdir. Bəlkə də həmin insanlar idmana biznes kimi yanaşırlar. Tam səmimiyyətlə deyirəm ki, idmançı olaraq kimlərinsə təklifi ilə quyruqqulu olmamışam.
- Dövlətin idmana nəzarət edən strukturları bu gün sizinlə maraqlanırlarmı?
- Xeyr. Bu gün həmin qurumlardan mənimlə bağlı maraqlanan yoxdur. Amma dövlətin mənə etdiyini də inkar edə bilmərəm. Dövlət mənim bütün əməyimi qiymətləndirib. Bu gün isə prezident İlham Əliyevdən xahişim budur ki, normal məşq keçmək və idman fəaliyyətimi davam etdirməyim üçün mənə şərait yaratsınlar. Heç kimdən əlavə umacağım və istəyim yoxdur. İstəyirəm ki, Azərbaycan üçün yenə də yüksək səviyyəli idmançılar yetişdirim.
- Bildiyimizə görə, məşqçi kimi artıq fəaliyyətə başlamısınız?
- Bəli, 3 ay əvvəl həbsdən çıxmışam. Bir müddət idmançı kimi fəaliyyətimi davam etdirmək üçün axtarışlar aparırdım. İndiki tələbəm Şirxan İsmayılovla tanış olduqdan sonra və onların təkidi ilə “Bakı fəhləsi” zavodunun idman zalında məşqlərə başladıq. Bu məsələdə mən həm də zavodun direktoru İslam Feyziyevə və “Bakı fəhləsi” İdman Klubunun sədri Ağa Nəsirova təşəkkür edirəm. Çünki onlar bizə zavodun idman zalından təmənnasız istifadə etməyə imkan yaradıblar. Şirxan İsmayılovla isə qısa müddət ərzində respublika çempionatına hazırlaşdıq. Bir ay on günlük gərgin məşq nəticəsində 90 kq-da Şirxan Azərbaycan çempionu oldu. Bu gün də məşqini davam etdirir. O artıq dünya çempionatına lisenziya qazanıb. Ümidvaram ki, Şirxan bu ilin noyabrında Kanadada keçiriləcək dünya çempionatında uğurlu çıxış edəcək və qızıl medala sahib çıxacaq.
- Yığmanın baş məşqçisi kimi fəaliyyətinizi davam etdirmək niyyətiniz varmı?
- Federasiya prezidenti Azər Həsənsoyla bu məsələni konkret müzakirə etməmişik. Amma yəqin ki, yığmamızın təlim-məşq toplanışlarında yaxından iştirak edəcəyəm. Nəzərə almaq lazımdır ki, Canpolad Budaqov Azərbaycanda uşu-sandadan dərs keçən məşqçilərin 80 faizinin müəllimi olub. Bu gün mənim tam olaraq, pedaqoq kimi yetişən vaxtımdır. İstəyirəm ki, 30 il ərzində əldə etdiyim təcrübəmi gənc nəslə öyrədim.
- Bəzən idmançılar “ulduz xəstəliyi”nə tutulurlar və hərəkətlərində xoşagəlməz hallar əmələ gəlir. Siz bu “xəstəlik”dən nə vaxtsa əziyyət çəkmisinizmi?
- Mən belə xəstəliyə heç vaxt tutulmamışam. Ancaq idmanda belələri çoxdur. Onların gözləri ayaqlarının altını görmür. Belə xəstəliyə tutulanlar, bizim kimi peşəkar idmançıların əhatəsində 5 dəqiqə otursalar sağalırlar.
- Necə sağaldırsınız onları?
- O, elə atmosferə düşür ki, orada yalnız idmanda göstərdiyi nəticədən danışa bilər. Onun qazandığı medallardan isə bizdə yalan çıxmasın, kisələrlədir.
- İndi bizdə “ulduz xəstəliyi”nə tutulan kimlərin adını çəkə bilərsiniz?
- Vallah, indi bağça uşağı da deyir dünya çempionuyam, veteran da, təqaüdçü də... Artıq biz utandığımızdan idmandan danışmırıq, demirik ki, mən də dünya çempionuyam. Dünya çempionu olduğunu etiraf etmək ucuz çıxır. İdmandan başı çıxmayanın yanında “mən dünya çempionuyam” deyəndə, o da cavab verir ki, “nə olsun ki dünya çempionusan”. Yəni, ona adi gəlir. SSRİ dövründə Azərbaycanda dünya çempionu tək-tük idi. İdman ustası normativini doldurmaq üçün SSRİ çempionatının finalına çıxmaq lazım idi. İndi isə Azərbaycan çempionu olan kimi, idman ustası adını qazanırlar. Bir dəfə xaricə gedib-gəlir, Biləcərini o tərəfə keçir, olur beynəlxalq dərəcəli idman ustası. Bunlar çox asan başa gəldiyindən, qazandıqları medalın fərqinə varmırlar. Bizdə həqiqətən də “ulduz xəstəliyi”nə tutulanlar çoxdur. Onlar sürdükləri maşınlarla qürrələnə-qürrələnə gəzirlər, əvvəllər toza-torpağa batıb məşq elədikləri zalın qapısını açmaq istəmirlər. Mən uğur qazandıqca, həyat pilləkənini qalxdıqca, istər-istəməz dünyagörüşüm də artıb, ətrafda baş verənləri yaxşı analiz etmişəm. Aşağı pillədə olanda çox danışmışamsa, pillələri yuxarı qalxdıqca danışığım azalıb. Sonra vəziyyət elə yaranıb ki, danışmaq istəməmişəm. Çünki o vaxt itiriləsi heç nəyim yox idi. Deyirdim ki, məndən güclüsü yoxdur, kiminlə lazımdısa dalaşaram. Piramidanın lap yuxarı nöqtəsinə çatdıqdan, bütün istədiklərimə nail olduqdan sonra karyeramı sakit bitirmək istəmişəm. Adətən bir şeydən başı çıxmayan adam çox hay-küy salır. Bilin ki, həmişə “boş qazan danqıldayır”.
Комментариев нет:
Отправить комментарий