22.01.2011

VƏZİR NƏVƏSİNİN TƏRS DÖVRANI

                     Əldülrəhman Vəzirov ölduğu və görünmədiyi kimi...
 

O, ölkəni qarışdırmaq istəyənlərin adlarını çəkməli olduğu yerdə “potom skaju” dedi və sonra heç nə demədi 

Əbdülrəhman Xəlil oğlu Vəzirov: 1930-cu ildə Şuşada doğulub. Bakıda böyüyüb. 1960-cı illərdə Ümumittifaq Lenin Komsomolçu Gənclər İttifaqının katibi vəzifəsində çalışıb. Sonradan partiya işinə keçib. Azərbaycan SSR Kommunist Partiyası Kirovabad şəhər komitəsinin birinci katibi olub. 1976-cı ildən 1979-cu ilədək SSRİ-nin Hindistandakı Kəlküttə şəhərində baş konsul vəzifəsində işləyib. 1979-cu ildən Nepalda səfir olub. Daha sonra Pakistanda diplomatik missiyaya rəhbərlik edib. 1988-ci ilin 21 mayından 1990-cı ilin 18 yanvarına qədər Azərbaycan SSR KP MK-nın birinci katibi olub. Daha sonra SSRİ Xarici İşlər Nazirliyində işləyib. Hazırda Moskvada yaşayır. 

Əbdülrəhman Vəzirov barədə yazıya keçməzdən öncə bu silsilədən olan və Kamran Bağırova həsr olunan birinci yazıyla bağlı bir neçə qeyd etmək gərəkdir. Oxuculardan gələn düzəliş xarakterli zənglərdə bildirilirdi ki, K.Bağırov heç də şuşalı deyil, o, Ermənistanın Sisyan rayonundandır (amma nəyə görəsə rəsmi sənədlərdə Şuşada doğulduğu göstərilib). Qeyd olunur ki, K.Bağırov Sumqayıtda birinci katib işlədikdən sonra MK-ya aparılıb, daha sonra MK-nın birinci katibi təyin edilib.
Daha bir qeyd isə ondan ibarətdir ki, K.Bağırovun dəfni təmtəraqsız olub, dövlət adamlarından heç kəs iştirak etməyib. Mərhumun məzarı üstündə müxalifət liderləri çıxış edib.

***
1988-ci ilin may ayının üçüncü ongünlüyü idi. Qarabağ münaqişəsinin oyandırdığı və hələ tam mütəşəkkil olmasa da, ziyalılar və tələbələr səviyyəsində ayağa qaldırdığı xalq Lenin (indiki Azadlıq) meydanına toplaşmışdı. Bu gün xalq öz yeni rəhbəri ilə görüşəcəkdi. Əbdülrəhman Vəzirovu may ayının 21-də Kamran Bağırovun yerinə - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin eləmişdilər. Kreml onu - o vaxta qədər Pakistanda səfir vəzifəsində işləyən köhnə kompartiya xadimini bu posta məsləhət bilmişdi.  
Xalqın qarşısın(d)a sadə çıxış. Əbdülrəhman Vəzirov Lenin meydanının tribunasına Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Süleyman Tatlıyevin, Nazirlər Sovetinin sədri Həsən Seyidovun, MK katiblərinin, büro üzvlərinin müşayiəti ilə gəldi. Bu bəstəboy və gülərüz adam ətrafındakılardan həm də onunla fərqlənirdi ki, qalstuk taxmamışdı. Adi kostyumda, boyunluğu açıq köynəkdə xalqın qarşısına çıxan Vəzirov bununla xalqa onlardan biri olduğu barədə mesaj vermək istəyirdi, yəqin ki. Ertəsi gün ölkədə hamı bu barədə danışırdı.
Həmin gün meydanda minlərlə adamın qarşısında ana dilində o qədər də səlis danışa bilmədiyi (uzun illər azərbaycanlı görməyən Vəzirov ana dilində danışmağı yadırğamışdı) açıq-aşkar sezilən yeni birinci katib sadə bir dillə “illərlə yığılıb qalmış problemlərdən”, “ekoloji vəziyyətin ağırlığı”ndan, “göstəricilərin süni şəkildə şişirdilməsindən”, “ölkədə tüğyan edən haqsızlıq”dan, “xalqlar dostluğu”ndan danışdı. O, arada Süleyman Tatlıyevə tərəf dönərək onu “ölkəmizin prezidenti” adlandırdı və işarə etdi ki, əslində, qanuna qalsa, ölkənin başçısı odur, özü isə partiya xətti ilə rəhbərdir. Bu, həm də ona işarə idi ki, yeni birinci katib heç də bütün hakimiyyəti öz əlinə cəmləməyəcək, qanunverici orqan öz işi ilə, icraedici orqan isə öz fəaliyyəti ilə məşğul olacaq.
Xalq bir qədər rahat nəfəs aldı. Respublikanın qanunlar əsasında idarə olunacağına inam artdı. Buna qədər ermənilər Qarabağda, Stepanakertdə (indiki Xankəndi) at oynadır, ipə-sapa yatmırdılar, Azərbaycan rəhbərliyi isə məlul-müşkül şəkildə onlara və Moskvaya baxırdı. Camaat Vəzirovun respublikanın başına keçməsi ilə bütün bunlara son qoyulacağını, ən əsası ölkədə ədalətin, sülhün bərqərar olunacağını gözləyirdi.
Köhnə kişilər Vəzirovu çoxdan, onun SSRİ komsomolunda yüksək vəzifədə çalışdığı, Kirovabad (indiki Gəncə) şəhər partiya komitəsinin birinci katibi olduğu vaxtlardan tanıyırdılar. 1988-ci ilin mayında yaşlı adamlar onun enerjili, müasir, işgüzar olmasından danışırdılar. Şəhər başçısı olduğu vaxt onun Kirovabadda it gəzdirməsi və rus zabitlərin iştirak etdiyi ziyafətdə bal rəqsi oynaması da sözarası vurğulanırdı.
(Lap sonradan məlum oldu ki, Vəzirov bu sayaq həyat tərzini SSRİ komsomolunda yüksək vəzifə tutarkən əxz edib. O zaman o, bütün ittifaqın sevimlisi olan, ilk kosmonavt Yuri Qaqarinin ən yaxın dostu olub, onlar tez-tez birlikdə istirahət edirmişlər).  

Kremldə müşavirə: Vəzirovun triumfu. Azərbaycan xalqının Vəzirova simpatiyası 1988-ci ilin iyununda Moskvada keçirilən azərbaycanlı-erməni görüşündən sonra yarandı. O zaman SSRİ rəhbəri Mixail Qorbaçovun təşəbbüsü ilə iki müttəfiq respublikanın yeni rəhbərlərinin, məşhur elm və ictimai xadimlərinin iştirakı ilə Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr olunmuş müşavirə təşkil olunmuşdu. Ermənistanın nümayəndə heyətinə, bir-iki ay öncə istefaya göndərilən Karen Dəmirçiyanın yerinə təyin olunmuş Suren Arutyunyan, Azərbaycanın nümayəndə heyətinə isə Ə.Vəzirov rəhbərlik edirdi.
Həmin müşavirədə bariz şəkildə üzə çıxdı ki, erməni nümayəndəliyinin üzvləri çox fəaldırlar, azərbaycanlılar isə zəifdir. Erməni akademiklər, xüsusilə də Ambarsumyan qardaşları, rəssam İgityan Qorbaçovla söz güləşdirirdilər, bizim elm və ictimai xadimlər onların qarşısında gücsüz, dişsiz təsir bağışlayırdılar. Əvəzində Vəzirovla Arutyunyanın arasındakı fərq bariz şəkildə idi. Rus dilini əla bilən köhnə diplomat Vəzirov Arutyunyandan bir baş üstün görünürdü.
Həmin debat - duel Azərbaycan tərəfinin xeyrinə yekunlaşdı. Qorbaçov ermənilərə acıqlandı, 1945-ci ildə Ermənistanda, xüsusilə Yerevanda yaşayan azərbaycanlıların sayı ilə 1988-ci ilin statistikasını müqayisə etdi və dolayısı ilə ermənilərin etnik təmizləmə siyasəti apardıqlarına vurğu saldı, sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini qeyd etdi. Erməni nümayəndələri artıq müşavirənin sonunda çox pərt idilər, Azərbaycan tərəfi isə “birdən Qorbaçov Qarabağı ermənilərə verər” qorxusu ilə qatıldıqları müşavirədən məmnun çıxmışdılar.
Ondan sonra Vəzirov ta noyabra qədər ölkədə çox populyar, sevimli rəhbər oldu. Ermənilər Vəzirovu öz qara siyahılarının ilk sətrinə yazdılar, torpaq iddialarından vaz keçmədilər, yeni-yeni fitnələr fikirləşib həyata keçirdilər. 

“Köhnə qvardiya”dan revanş almaq istəyənlər.
Ölkədə nisbi sabitliyin yarandığı dövrdə Vəzirovun tərəfdarları, vaxtilə Heydər Əliyev dövründə incidilmiş, təqib edilmiş kadrlar fəallaşdılar və revanş zamanının yetişdiyini düşündülər. Vəzirov yavaş-yavaş öz komandasını formalaşdırır, köhnə qvardiyanın adamlarını istefaya göndərirdi. Bu, o qədər kütləvi xarakter daşımasa da, hər halda bir sıra önəmli idarəetmə rıçağı əliyevçilərin əlindən alınmışdı.
Əslində yeni iqtidar komandası Vəzirova əliyevçilərlə H.Əliyevin metodu ilə davranmağı, onların hamısını tam zərərsizləşdirməyi məsləhət görüb; amma o, buna heç vəchlə razı olmayıb və belə bir söz deyib: “Bilirəm, Azərbaycanı düzəltmək üçün türmələri doldurmaq lazımdır, amma mən bunu edə bilmərəm”.
Vəzirov bu sözü əvvəlcə ona lap uşaqlıqdan “Rəhman” deyən yaxınlarının evində, daha sonra yaxın dostlarının yanında deyib.
Bununla belə, hakimiyyətdən gedən kommunistlərlə hakimiyyətə, daha doğrusu, yüksək vəzifələrə gələn kommunistlərin arasında gizli toqquşmalar qaçılmaz idi və müxtəlif müstəvilərdə müntəzəm baş verirdi. 

Anti-Vəzirov dalğasının başlanması. O zamanlar ölkədə çox məşhur olan “Literaturnaya qazeta”da publisist Arkadi Vaksberqin imzası ilə “Əliyevçilik: gurultulu, sürəkli alqışlar” başlıqlı irihəcmli və sensasion bir məqalə dərc olunmuşdu. Qısa müddət sonra bu məqalənin tərcüməsi “Kommunist” qəzetində də dərc edildi və Azərbaycanda böyük rezonans yaratdı. Bu, əliyevçilərə qarşı müharibə başlanması demək idi.
1988-ci ilin payızı ölkə daxilində və Qarabağda təlatümlərlə başladı. Vəzirovun köhnə qvardiyaya qarşı repressiyaya əl atmadığını, bu fikirdə olmadığını görən revanşist qüvvələr fəallaşdılar və xalqı həyəcanlandıran Qarabağ münaqişəsindən öz məqsədləri naminə sui-istifadə etməyə çalışdılar.
Ermənilərin Şuşada Topxana meşəsində ağac kəsmələrinə xalqın vətənpərvər kəsiminin verdiyi reaksiya Vəzirovu devirmək istəyənlərin canfəşanlığı ilə ölkə boyunca böyük ajiotaja səbəb oldu.
Bu faktorun nə qədər ciddi olduğu sonradan aydın oldu. Bir təhlükəsizlik zabiti şahidlik edir ki, 1988-ci ilin noyabrında o, Daşkənddə ezamiyyətdə olarkən oteldə bir tanınmış əliyevçi ilə eyni otaqda qalırmış və görüb ki, o, hər gün Bakıyla əlaqə saxlayır, mitinqə nə qədər adam çıxarıldığıyla maraqlanır. Zabit əvvəlcə güman edib ki, bu adam vətənpərvərdir, Qarabağ dərdi çəkir, sonra məlum olub ki, xeyr, bu şəxsi maraqlandıran yalnız odur ki, nə baş verir-versin, təki Vəzirov respublikadan qaçaq düşsün.
O dövrdə meydanda simvolik dar ağaclarının gətirilməsi və Vəzirovun edamla hədələnməsi boşuna deyildi.

Vəzirovla görüşməyin asanlığı. Meydan hərəkatı nə qədər çoxşaxəli, möhtəşəm, mürəkkəb olsa da, Vəzirov pəs etmirdi. Bunun bir neçə ciddi səbəbi vardı. Biri o idi ki, Moskva bütün hərbi-siyasi gücü ilə Vəzirovun arxasında idi. İkincisi, Vəzirov özünü xalqın sevimlisi sayır və düz yolda olduğunu düşünürdü. O, bütün qüvvələrlə dialoqa açıq idi. Vəzirov tez-tez xalqın qarşısına çıxır, çıxışlar edir, hətta ona qarşı kəskin müxalifətdə olan liderləri tərifləməkdən çəkinmirdi. Dövlət televiziyası xalq hərəkatının liderlərini təbliğ edirdi. Vəzirovun özü isə bir dəfə mitinqdə hərəkat liderlərinin soyadlarını milliləşdirərək bu cür səsləndirdi: “Siz Rəhim Qazini, Etibar Məmmədlini, Nemət Pənahlını tanıyırsınızmı?”
Meydan hərəkatından sonra ölkədə komendant saatı tətbiq olunduğu bir dövrdə dövlət televiziyasında canlı olaraq yayımlanan və aparıcısının bəstəkar Rasim Müzəffərli olduğu “Çay dəstgahı” adlı verilişə xalq hərəkatının liderlərindən İsa Qəmbər, Etibar Məmmədov və Pənah Hüseyn dəvət olunmuşdular. Onlar komendant saatı başlanana qədər xalq hərəkatının məqsəd və məramlarından, tələblərindən danışdılar.
Hazırda hərəkat liderlərinin xatirələrində tez-tez belə cümlələrə rast gəlmək olar. “Durdum, getdim MK-ya, Vəzirovla görüşdüm, ona dedim ki”; “Vəzirovun sözünü kəsdim, bildirdim ki”; “Vəzirov bizə dedi ki, narahat olmayın”; “Gecə saat 12-də zəng vurdum, dedim, Vəzirovla görüşmək istəyirik, dedilər, gəlin”, “MK-dan zəng vurdular, dedilər, Vəzirov sizinlə görüşmək istəyir” və sair və ilaxır.
Etibar Məmmədovun, Rəhim Qazıyevin, Nemət Pənahlının, Zərdüşt Əlizadənin, Tofiq Qasımovun və başqalarının mətbuatda gedən söhbətlərindən belə məlum olur ki, o zaman xalq hərəkatının liderləri istədikləri vaxt respublikanın faktiki rəhbəri Vəzirovla dialoq apara, məsləhətləşə, hətta mübahisə edə bilirmişlər.

                                                                                                   
  (Davamı olacaq)

 Xalid KAZIMLI                                                                musavat.com

Комментариев нет:

Отправить комментарий