13.01.2011

İqtidar AİP sədrini şərləmək istəyir

Prokurorluqda faktla əlaqədar CM-in 228-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə istintaq aparılır.

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbs olunması ilə bağlı Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. DİN-dən verilən məlumata görə, respublikada ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və terror törədiləcəyi hədəsi ilə əlaqədar şübhəli qismində saxlanılmış Mövsüm Səmədovun əmisi oğlu, Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunub.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Prokurorluğunda istintaq aparılır.

Cinayətlərin xüsusilə ağır növlərindən olan terrorçuluq kimi ictimai təhlükəli əməlin qarşısının vaxtında alınması məqsədilə intensiv şəkildə davam etdirilən tədbirlərlə yanaşı yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib.

Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd «Kalaşnikov» avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd «F-1» əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silahı üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd «F-1» əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilib götürülüb.

Hazırda istintaq araşdırmaları və əməliyyat-axtarış tədbirləri davam etdirilir./faktxeber.com/

Комментариев нет:

Отправить комментарий