25.01.2011

“Kapitalizmə, sionizmə və qlobalizmə nifrət edirəm”

Yazıçı-publisist Hüsamə bin Sərxan ilə müsahibə
               
  Yazar ömrü absurd və abstrakt yanlışlıqlar imperiyasıdır  
  
-Siyasi baxışlarınız necədir?
-Böyük siyasətdə olmasam da, kəndəvoy siyasətdə varam və Yeni Azərbaycan Partiyasını təmsil edirəm.
-Məmləkətdəki həyat tərziniz, münasibətlər, yaşam sizi qane edirmi?
-Hal-hazırkı həyat tərzim yaşıma tam uygundur. Münasibətlərə gəlincə, indiki zamanda hər şey elə də sadə deyil. Mən nəinki vizual, daha çox virtual münasibətlərə üstünlük verirəm. Amma təəssüf ki, hələ də Tanrının əhatə dairəsindən kənardayam. Yaşamaqdan ötrüsə lap ölməyim gəlir.
-Heç əlinizi sıxan oxucularınız olubmu? Sizi oxuyurlarmı?
-Yazılarıma qarşı münasibət birmənalı olmayıb. Birbaşa olmasa da, dolayısı ilə həmişə aqressiv münasibət hiss etmişəm. Əlimi sıxan oxucular çox olub. Lakin onların səmimiyyətinə inanmamışam.
-Bir publisist kimi hansı mövzular sizi narahat edir?
-Kapitalizmə, sionizmə, qlobalizmə və onların bu dünyada doğurduğu hər türlü maddi-mənəvi fəsadlara nifrət edirəm. Kimsə sual edə bilər: “Dünyadan sənə nə?” Düzünə qalanda yəhudinin olan bir dünya batsa da vecimə deyil. Amma onun batmağına çox var və təəssüf ki indiki dünyada nə millətimin, nə övladlarımın yerini görmürəm. Onlar dünyanı bizdən oğurlayıblar.                                                                                              
-Həyatda necə olmağa çalışırsınız? Özünüzü yaxşı adam sanırsınız, yoxsa pis adam ?
-Necə olmaqdan ötrü xüsusi çalışma və metodlara ehtiyac duymuram. Təbiətən olduğu kimi görünənlər təbəqəsinə aid edilə bilərəm. Nə artıq, nə əskik. Ən pis cəhətim ifrat dərəcədə xeyirxahlığa meyilliliyimdir. Bu mənada özümü yaxşı adam hesab etmirəm.
-Halal və haram anlayışı sizin üçün hansı mənanı kəsb edir?    
-Qədim əxlaq nəzəriyyəçiləri “ İç  dünyan sırf sənə məxsusdur, çalış orada səliqə və təmizlik yarat ”- demişlər. Halal və haram anlayışları sırf  “iç” hadisəsidir və şəraitin məhsulu olmaqla  insanların yaşamasına xidmət edir. Haram yeyib halalı, halal yeyib haramı pisləyənlər eyni dərəcədə haqsızdırlar. Təbii ki irəli sürdüyüm bu tezis birmənalı olaraq məmləkətimizə və məmləkətimizin sakinlərinə aiddir. Azərbaycan cəmiyyətində uşaqdan böyüyə, ən imkansızdan ən imkanlıya qədər hər bir insan ətrafı üçün bəlli və bəlli olmayan haram “ kanalları“na malikdir. Lakin haramın insanların əməl və hərəkətlərində, həyat tərzlərində yaratdığı yanlışlıqlara görə cəmiyyət yox, daha çox dövlət və onun qurumları məsuldur. Mənim tanıdığım insanların hamısı haram yeyənlər və ruhən harama köklənənlərdir. İncimək fikrinə düşənlər “HALAL” sosislərindən yeyib halalın dadını hiss edə, ”HACI” pivəsindən vurub qızmış əsəblərini soyuda bilərlər.
-Dostlarınızın gözlənilməz və təəssüfedici jestləri ilə tez-tez rastlaşırsınız?           
-Dostluğa nə qul, nə ağa lazımdır. O bərabərlik sevir. Nə vaxtsa məni özlərinə dost hesab edənlər, şənimə badə qaldıranlar bu gün “ ağa“ olublar. Söz yox ki  onların “ağa“lığı nə yaxşı, nə pis mənada məni təsirləndirməyib. Çünki “ağa “ olmayanda da, “ağa“ olandan sonra da ilk görüntüdə heç nə dəyişməyib. Yəni eyni zibillik. Əlqərəz heç vaxt dostum olmayıb ki, “jesti“ də olsun.
-Tərcümeyi-halınızdan razısınızmı? Kifayət qədər görüb-götürdünüzmü dünyadan?
-Mən tərcümeyi-halını özü yazanlardanam. “Özü yıxılan ağlamaz“ deyiblər. Bu mənada indiki halımdan və “ tərcümeyi-halımdan“ narazılığım yoxdur. Gələcəyimin “təyinatında“ qeyri-müəyyənlik ştrixləri sezilsə də nikbinəm. Hər halda təvəkkül pendir-çörəyə. Dəbdəbəli həyata meyilli deyiləm. İsti bir daxma, bir tikə çörək, bir atımlıq quru çay, bir qutu siqaret mənimçün yetərlidir. Dostlarla görüşəndə də 150 araq, bir şiş kabab və bir baş Çüncəli soğanı olarsa, demək hələ yaşamağa dəyər. İkrası, nefti yəhudiyə qismət olan bu dünyadan mənə başqa heç nə lazım deyil.
-Köşələrinizi sürətlə yazırsınız, ya ləng? Ümumiyyətlə aya  neçə səhifə yaza bilirsiniz?
-Məncə köşə yazmaq daxili təlabatdan doğan “təb“ hadisəsidir. Əgər “təb“ varsa, çox sürətliyəm. Yazdıqlarımın statistikasını aparmamışam. Ola bilər həftələrlə yazmayım, ola da bilər bir neçə saat ərzində normal bir hekayə düzüb-qoşum. Amma oxumağa həmişə oxuyuram.
-Özünüzə nə arzulardınız?
-Mənə elə gəlir ki, arzular daxili istəklərimizi dəfn etdiyimiz “naməlum əsgər“  məzarları kimi bir şeydir. Dünyada özü-özünə arzudan dəhşətli eqoistlik və axmaqlıq təsəvvür etmirəm.
Mən realistəm.
-Tutaq ki Azərbaycanın hansısa küncündə sizin köşələri sevə-sevə oxuyan və arxivləşdirən bir oxucunuz var. Onu necə təsəvvür edirsiniz?
-Məndə elə bir təsəvvür var ki, yazılarımı sevə -sevə yox, söyə - söyə oxuyanlar arxivləşdirir. Və deyəsən mən onları artıq tanıyıram. Sevə-sevə oxuyan olarsa, buna ancaq kədərlənərəm. Çünki mənim yazılarım sevilmək üçün deyil, hisslərin ən səmimisi hesab edilən nifrət üçün yazılıb.
-Azərbaycan telekanallarına baxırsınızmı? Televiziyamızda nə sizi qane edir, nə qane etmir?
-Təbii ki baxıram. ANS-in “Kökaltı“ və “Qulp“ proqramları ürəyimcədir. ATV-nin “El içində” sinə həmişə baxmağa çalışıram. Rəhmətliklər yadıma düşəndə “ Elgizin cümə axşamları” na baxardım. İndi isə “ət tökmək“ lazım gələndə, onun “Toy olsun” una baxıram. “Onun yarısı” verilişinin “tük axtaran” aparıcısı Zaur Baxşəliyevə isə yalnız bir sözüm var: “Zaur, bala, sən Qarabağda tank sürməliydin, televiziyada pozğunluğu yaymaq yox! Səndən şoumen çıxmaz, gizir olmalıydın, qarabağlı balası! Yerini bil!”
 Televiziyalarımızın ümumi səviyyəsi millətimizin səviyyəsi, dövlətimizin siyasi kursu ilə həmahəngdir. Bir sıra istisnaları çıxmaq şərti ilə ümumən məni qane edir .
-Azərbaycanda uğur qazanmağın yolunu nədə görürsünüz?
 -Bu məmləkətdə uğur qazanmağın yolu “yolsuzluq” dur və adı yol olan bu “yolsuzluq“ dayanacaqlardan keçir. Hamı həmin dayanacaqlarda dayanır, amma hamını dayanacaqlar arası xidmət göstərən “marşrutka“lara buraxmırlar. Minənlər yubkalı kişilər, əl çantasında prezervativ gəzdirən qadınlar, qoltuğu pafkalı lopabığ, ləvərəqarın manipulyasiyaçılardır.
-Azərbaycan ədəbiyyatının və publisistikasının bu günkü mənzərəsi sizi qane edirmi? Məqbul saydığınız imzalar və hadisələr varmı?
-Hər bir millətin dəyəri ilk nöbbədə onun ədəbiyyatı ilə ölçülür.
Eyni zamanda yaranan hər bir normal ədəbiyyat nümunəsi ciddi mədəniyyət hadisəsidir. Yəni ədəbiyyat mədəniyyət yaradır. Amma mədəniyyətin də borcu ədəbiyyatın yaranmasına, inkişafına xidmət göstərməkdir. Təəssüf ki azərbaycanlı mədəniyyəti bu ənənəyə sahib deyildir. Bu səbəbdən bizim cəmiyyət yazara bambılı, başdan xarab kimi baxır. Baxmayaraq ki mədəniyyətlə ədəbiyyatın toqquşduğu, didişdiyi məmləkətimizdə ədəbiyyatımız da, ədəbi publisistikamız da Həmid Herisçinin, Rasim Qaracanın, Aqşinin, Nərmin Kamalın, Rafiq Tağının, Sabutayın, Elnur Astanbəylinin, Səlim Babullaoğlunun sayəsində duruş gətirə, inkişaf edə bilir. Mədəniyyətin  tərəfində dayanıb ədəbiyyat üçün çalışan Salam Sarvan, Tofiq Abdin, Kənan Hacı, Sima Ənnağı, Faiq Balabəyli, Qəşəm Nəcəfzadə, İlqar Fəhmi kimi çox istedadlı yazarlarımiz da var ki, dünya səviyyəli Azərbaycan ədəbiyyatının yaranmasında müstəsna rol oynayırlar. Əgər AYO və AYB-dəki sağlam və istedadlı qüvvələr yersiz dedi-qoduları, mənasız çəkişmələri buraxıb yaxınlaşarsa, ədəbiyyatımız və mədəniyyətimiz daha çox qazanar. Məncə ədəbiyyata ən azı din qədər önəm verilməlidir .
 -Yaranmaqda olan alternativ ədəbiyyat haqqında nə deyə bilərsiniz? Postmodernistlərin əsərlərini oxuyursunuzmu?
 -Alternativ ədəbiyyat deyimini qəbul etmirəm. Bu çox qarmaqarışıq məsələdir. Çünki cismən ayoçu olub ruhən ayebeçi, yaxud da əksinə cismən ayebeçi olub ruhən ayoçu təfəkkürü ilə yaşayan yazarlarımız var. Yaxşı olardı belələri ilk əvvəl öz yerlərini müəyyənləşdirsinlər.
 Postmodernistlərin yaradıcılığı ilə nəinki maraqlanıram, hətta özümü bu cərəyanın nümayəndələrindən hesab edirəm. Onların içərisində isə ən çox önəm verdiyim Rasim Qaraca və Nərmin Kamaldır.
-Bildiyimə görə “Dahi sarsağın düşüncələri“ adlı povest üzərində işləyirsiniz. Sizcə dahi sarsaq yaxşıdır, yoxsa sarsaq dahi? Hüsamə bin Sərxan həmin o məşhur suala cavab tapdımı?
-Həm sarsaq, həm dahi olmaq sarsaq dahinin üstünlüyüdür.
-İçki məclislərində tez-tez olursunuz?
-İçki məclisləri mənimçün dünyanın ən maraqsız əyləncə vasitələrindəndir. Çünki nə yalan tərifdən xoşlanmaq, nə də kimisə söyüb ayılandan sonra xəcalət çəkmək istəmirəm. Amma özüm-özümlə içki məclisi düzəltməyi cox sevirəm.
-Hobbiniz nədir?
-İstifadəyə yararsız və gözümdən düşmüş ayaqqabılarımı saxlayıram.
-Sərxan Əhmədov özündən sonra Hüsamə bin Sərxanı yetişdirdi. Bəs Hüsamə? Davamçınız varmı?
-Hüsama bin Laden olmaq Hüsamə bin Sərxan olmaqdan min pay yaxşıdır. Bu mənada atama minnətdarlıq etmək fikrim yoxdur. Davamçıya qalanda, istəməzdim doğmalarımdan kimsə bu taleyi yaşasın. Çünki yazar ömrü absurd və abstrakt yanlışlıqlar imperiyasıdır. Fəqət yazar nə qədər çalışırsa heç vaxt o imperiyanın sahibi ola bilmir.
-Dünyanın ən yaxşı ölkəsi hansıdır? Hansı şəhərdə yaşamaq istərdiniz?
-Məncə dünyanın ən yaxşı ölkəsi o biri dünyadadır. Yaşamaqçünsə dünyanın ən əzəmətli və mistik şəhərini- Tehranı seçərdim.

    Söhbətləşdi: İbrahim Sel, Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий