13.06.2011

Amerika eybəcərlikləri

Ülvi Məmmədli                                      Azad Yazarlar Ocağı

 Amerikalı 61 yaşlı xanım Sindi Noql Philip Morris şirkətindən nə az, nə çox düz 300 milyon dollar təzminat alacaq. Kompaniya bu məbləği xanımın səhətinə siqaretlə vurduğu ziyana görə ödəyəcək. Brouard dairə məhkəməsi təsdiqləyib ki, Sindi Noqlın ağ ciyərlərində enfizemanın yaranmasına onun siqaret çəkməsi səbəb olub.
 Noql siqaret çəkməyə 1968-ci ildən başlayıb. Deyir ki, əgər bilsəydim ki, nikotinin belə ziyanı var, heç vaxt siqaret çəkməzdim. Amma həmin illər tütün kompaniyası bunu canfəşanlıqla gizlədirdi ki, gəlirlərinə xələl dəyməsin. Bu informasiya yayılanda isə Noql gündə 1 qutudan çox siqaret çəkirdi. Bir çox cəhdlərdən, nikotin yapışqanlarından sonra nəhayət, 1993-cü ildə Sindi siqareti atır.
 Amma bu vaxt artıq onun səhhətinə ağır zərbə dəymişdi. İndi Sindi günün 24 saatını oksigen maskası ilə keçirməyə məcburdur. Məhkəmə onun iddiasını haqlı sayaraq kompaniyanı xanımın müalicəsi üçün 56,6 milyon, bundan başqa vurulmuş fiziki və mənəvi zərərə görə 244 milyon dollar təzminat ödəməyə məcbur edir.
 Amerikada 1 azyaşlı qız və 6 qadını zorlayan şəxsə 430 il iş veriblər. Hakim hökmü oxuyanda müttəhim Boker Tomasa "iblis, ictimaiyyətin düşməni, uşaqlara hücum edən vəhşi, xəstə cani" də deyib. Ya özlərini ələ salıblar, ya da bizi... Öldürün getsin, 430 il də iş olar? Hansınız görəcəksiniz ki, o qədər yatdı, yoxsa yox?...
 ABŞ-ın kəşfiyyatı dünyada ən qüvvətli kəşfiyyat olacaq. Ona görə yox ki, çox pul buraxırlar, texnoldogiyaları mürəkkəbdi, işçiləri vicdanlıdı. Əsas odu ki, bundan sonra oranın kəşfiyyatına qadın rəhbərlik eləyəcək. Bu yerdə kişi olanda hər yer amerikan kəşfiyyatçısı ilə doluydu, indi arvad olanda gör nələr olacaq...
 Amerika guya ben Ladeni tutmaq üçün nələr eləmədi? Əfqanıstanı bu gün də bombalayır, Pakistanı bomba ilə bir-iki dəfə şumlayıb, İraqın adını bir az dəyişsə də elə bu adla tarixdən sildi, İrana bir üzü də Ladenə görə hücum etmək istəyir və daha nələr. Amma bu vurçatlasından ben Ladenin doğmaca oğlu BMT-də özünə iş axtarır və deyəsən tapdı da. 2000-ci ildən atası ilə əlaqələri kəsən Ömər ben Laden dünyaya sülh ideyaları yaymaq arzusundadır. Dünyada ən qalmaqallı soyadın sahibi olan Ömər öz babası Məhəmməd ben Ladenin Səudiyyə Ərəbistanında ürəklə işlədiyini, orada inşaat imperiyası yaratdığını, sonra isə kralın sağ əli olduğunu fəxrlə xatırladır və deyir ki, əgər babasının şərəfli adından imtina edərsə çox vecsiz, gərəksiz bir adam olardı.   
 Özünü dünyaya demokrat, sülh carçısı kimi tanıdan ABŞ terrorçuları məhv etmək adı ilə Pakistanda adam qoymadı, məktəbləri dağıtdı, məscidləri yerlə yeksan elədi, doğum evlərinə raket atdı. Ya denən ki, bütün müsəlmanlar terrorçudu, hamısını qır, ya da get terrorçunu tap. Bu yaxınlarda yenə ABŞ Pakistanın Şimali Vəziristan əyalətində bir mədrəsəyə pilotsuz təyyarələrlə hücumuyla 10 nəfəri həyatdan məhrum elədi. Rəsmi məlumatda deyilir ki, ABŞ-ın 2008-ci ildən bəri Pakistan torpaqlarında təşkil etdiyi 77 hücum nəticəsində 750-dən çox adam ölüb. Demokratiya belə olur bəyəm?   
 Mən deyəndə ki, bu amerikalıların ağıla daha çox ehtiyacı var, mənə gülürdünüz. Buyurun, bu yaxınlarda ABŞ-ın Nyu-Cersi ştatında elə bir hadisə olub ki, bizimkilərin ağılı hələ o yerə qədər işləməyib. Deyir nyu-cersili xanımların Cenifer Lopezin sığorta elətdirdiyi yeri o qədər xoşlarına gəlib ki, onlar da yambızlarının belə olmasını istəyiblər. İndi yambız düzəltməyə nə var ki? Altı qadın üz tutublar silikon iynəsi vurulan yerə. Vurdurub yekəldiblər, sonra da başlayıblar uzun müddətli müalicəyə.
 İynələrdən az sonra məlum olub ki, Esseks (adıyla yaşasın!) vilayətinin bir neçə xanımı ciddi mürəkkəbləşmə ilə qarşılaşıblar. Aparılan tədqiqatlardan sonra məlum olub ki, onların yambızlarını düzəldəndə santexnikanı təmir edərkən işlədilən silikondan istifadə edilib. Belə ciddi pozuntunun necə yarana biləcəyi hələ aydınlaşdırılmayıb. Ştatın səhiyyə orqanlarının nümayəndələri bu fikirdədilər ki, silikon iynələrini bu sahə üzrə xüsusi lisenziyası olmayan tibb təşkilatları vurub.
 Deyir hələ onu da dəqiqləşdirə bilməyiblər ki, bu altı xanımın dalına eyni silikondan vurulub, yoxsa ayrı-ayrı olub. Amma gözəlliyin qurban tələb elədiyi bu dünyada axmaq gözəlliyin sarsaq da qurbanları olur.  

Комментариев нет:

Отправить комментарий