14.06.2011

"Biz qəzetləri pulla satmırıq"


Hüseyni Məzari: "Mətbuatın inkişafı müharibə alovunu söndürməkdə böyük rol oynamağa qadirdir"
Əfqanıstan qəzetlərindən birinin rəhbəri Hüseyni Məzari ilə müsahibə
İranın paytaxtı Tehranda keçirilən "Beynəlxalq mətbuat və informasiya agentliklərinin 17-ci konfrans-sərgisi"ndə Azərbaycan üçün ayrılmış guşənin qonşuluğunda bir nəfərlə rastlaşdıq. Çiynində əba, başında əmmamə - əsl ruhani geyimindəydi. Daha dəqiqliyi ilə müşahidə etdikdə onun Əfqanıstan guşəsində oturduğunu gördük. Tərcüməçilərdən soruşduqda onun Əfqanıstan qəzetlərindən birinin rəhbəri Hüseyni Məzari, geyiminə gəldikdə islam alimi - höccətülislam rütbəsində olduğunu bildirdilər. Biz də höccətülislamın müasir dövrümüzdə mətbuatla necə ayaqlaşdığını öyrənmək məqsədilə onunla elə əfqan jurnalistlərin əhatəsində həmsöhbət olduq. 

   - Çoxlarından fərqli olaraq mətbuata sıravi jurnalist kimi gəlməmişəm. Əfqanıstanda ictimai-siyasi, hərbi vəziyyət çox acınacaqlı idi. Fikirləşdim ki, problemlərin həllinə kömək göstərmək lazımdır və şəxsən mən də bu işdə iştirak etməliyəm. Ona görə də 1990-cı ildə qəzet açmaq qərarına gəldim.
   Dediyim kimi, sülhə-əminamanlığa tərəfdar olduğum üçün qəzetimizin adını da "Ensaf" qoydum. Üstündən çox keçmədən "Sədaye əfqan" ("Əfqanın səsi") adlı informasiya agentliyi də təsis etdim. Yeri gəlmişkən, onu da deyim ki, mətbuatın inkişafı ölkəni cənginə almış müharibə alovunu söndürməkdə böyük rol oynamağa qadirdir.
   - Redaksiyanızda neçə nəfər çalışır?
   
- Çox deyil, 100 nəfər olar. Onun da cəmi 50 nəfəri müxbirdir.
   - Məncə, bu o qədər də kiçik heyət deyil, yəqin tirajınız da çoxdur...
   
- Yox, çoxtirajlı qəzetlərlə müqayisə oluna bilmərik. Müxbirlərimizin çox olmasına baxmayın, cəmi 5 min tirajla çıxırıq. Özü də qəzetimiz həftədə 1 dəfə işıq üzü görür. Buna baxmayaraq bütün qüvvəmizi agentliyimizin inkişafına yönəltmişik. Qəzetdən fərqli olaraq agentliyin vasitəsilə oxucularımızı hər gün yeni, özü də operativ xəbərlərlə tanış edirik.
   - Sirr deyilsə, müxbirlərinizə nə qədər maaş verirsiniz?
   
- Əfqanıstanın bazar qiymətləri ilə müqayisədə pis deyil - ən az alan 350, yuxarısı isə 1400 - 1500 dollar alır. Hər halda, redaksiya heyətimizdən kiminsə nə vaxtsa maaş məsələsində narazılıq etdiyinin şahidi olmamışam. Yazdıqlarını hesablayıb qiymətləndiririk və yeri gəlmişkən, maaşı yazdıqlarına görə alırlar.
   - Yəqin, bizimlə razılaşarsınız ki, uzun müddətdir müharibə şəraitində yaşayan, hər an "Taliban"ın terror hücumlarına məruz qalan Əfqanıstanda qəzet çıxarmaq, ümumiyyətlə, jurnalist kimi fəaliyyət göstərmək risklidir. Maraqlıdır, bütün bu risklərə necə dözürsünüz, necə işləyirsiniz?
   
- İstənilən əcnəbi həmkarımız Əfqanıstan mətbuatı barədə məhz sizin kimi düşünür. Bu da təbiidir: hər gün ölkəmizin müxtəlif yerlərində partlayışlar törədilir ki, nəticədə də günahsız insanlar həlak olur və bu xəbərləri əlüstü dünya mətbuatı, o cümlədən siz də qəzetinizdə işıqlandırırsınız. Əlbəttə, bu cür təhlükələr ölkənin vətəndaşı olan bizim müxbirləri də haqlaya bilər, amma şükr olsun Allaha ki, hələlik, zərərçəkənimiz olmayıb. İnanıram ki, gələcəkdə Əfqanıstanda da həyat normal axarına dönəcək, müharibəyə, terrora son qoyulacaq. Amma bir faktı da qeyd edim ki, söz açdığımız bu ağır və riskli şəraitdə fəaliyyət göstərmək bizim jurnalistlər üçün əsl həyati təcrübə toplamaq deməkdir. Dəqiq xatırlamıram, amma bilirəm ki, indiyədək təxminən 250 nəfər məhz bizim redaksiyada jurnalist kimi püxtələşərək ölkənin digər mətbu orqanlarına transfer olunub.
   - Özünüz necə, yeri gələndə yazırsınız?
   
- Hə, əlbəttə, baxın, "Esnaf"ın səhifələrindən birində yazılmış kiçik məqaləni göstərdi - bunu özüm yazmışam.
   - Hansı sahədə yazırsınız?
   
- Əsasən siyasi proseslərdən bəhs etməyə üstünlük verirəm.
   - Baş yazar olaraq indiyədək yazdıqlarınız arasında ən yaddaqalanını xatırlayırsınız?
   
- Tərif çıxmasın, "Ensaf" qəzetində, ümumiyyətlə, pis yazı yoxdur. Bizim bir şüarımız var: nə yazırsan yaz, günün nəbzini tutsun və yeni olsun. Bu qayda mənə də aiddir. Məhz qaydalara riayət etdiyim üçün deyə bilərəm ki, yazdıqlarımın hamısı təzə və yaddaqalandır. Onu da deyim ki, şəxsən mən xarici ölkələrdə, o cümlədən İran mətbuatında da tez-tez məqalələrlə çıxış edirəm.
   - Azərbaycanda Əfqanıstanı tanımayan yoxdur. Eyni zamanda mətbuatımızda da, demək olar ki, hər gün ölkənizlə bağlı məqalələr dərc edilir. Bəs sizdə necə, Azərbaycan barədə nələr məlumdur, nələr yazılır?
   
- Müsəlman ölkəsi, eyni zamanda EKO-nun üzvü kimi Azərbaycanla əməkdaşlıq edirik. Bizdə də yeri gələndə Azərbaycanla bağlı müxtəlif səpkilərdə məqalələr yazılır. Amma razılaşaq ki, müasir dövrümüzdə Azərbaycan və Əfqanıstanın timsalında kiçik dövlətlər köməksizdirlər, onların böyük ölkələr və orada fəaliyyət göstərən mətbu orqanlar tərəfindən dəstəklənməsi vacibdir.
   - Bu gün bütövlükdə Əfqanıstanda mətbuatın inkişafını necə qiymətləndirmək mümkündür?
   
- Hər şey qaydasındadır. Başqa ölkələrdə qəzet və jurnallar normal axarına necə düşübsə, bizdə də eyni proses gedir. Əsas odur ki jurnalistlərimiz tam sərbəst işləyirlər, heç vaxt kiminsə tərəfindən təqib olunmurlar.
   - Maraqlıdır, Əfqanıstan kimi hərbi-siyasi bataqlıqda qalmış bir ölkədə mətbuat orqanlarının hökumət qurumları ilə əlaqələri necə tənzimlənir? Yəni onlar rəsmi orqanlardan xəbəri vaxtında və operativ almaq istəyərəkən çətinlik çəkirlərmi?
   
- Əgər o məlumat dəqiq özülə malikdirsə, həqiqidirsə, qəzetlərdə işıqlandırılır. Əlbəttə, istənilən xəbəri təsdiqləmək və dolğunlaşdırmaq üçün əlaqədar qurumların fikirlərini almağa ehtiyac yaranır. Öz təcrübəmizə əsasən deyə bilərəm ki, indiyədək hansısa müxbirimiz rəsmi qurumlardan məlumat almaqda çətinlik çəkdiyini, onlar tərəfindən get-gələ salındığını deməyib. Ümumiyyətlə, bizdə məlumat toplamaq problemi yoxdur.
   - Baxıram, qəzetinizdə yarım səhifə həcmində reklam yerləşdirmisiniz. Təxminən bu həcmdə reklam üçün sizdə nə qədər pul verilməsi tələb olunur?
   
- Bu məsələlərdə o qədər də bilgili deyiləm, çünki bu işlə xüsusi şöbə məşğul olur. Ümumiyyətlə götürsək, "Ensaf"da çıxan reklamlara həcmindən asılı olarq qiymət qoyulur. Bu rəqəm 50 dollar da ola bilər, 500 dollar da. Yeri gəlmişkən, bu prosesdə obyektin özünü də nəzərə alırıq.
   - Qəzetiniz hələ də ağ-qara çap olunur, rəngli çapa keçmək istəmirsiniz?
   
- Əfqanıstanda əksər qəzet rəngli çap olunur. Biz də bu haqda düşünürük, Allah imkan verərsə, yaxınlarda "Ensaf" da rəngli çıxacaq.
   - Bəs harada çap olunursunuz, şəxsi mətbəəniz var, yoxsa...
   
- Hələlik maddi baxımdan o qədər güclü deyilik ki, şəxsi mətbəəmiz də olsun. Bizdə xüsusi nəşriyyat mövcuddur ki, mətbəəsi olmayan qəzetlərin hamısı məhz orada işıq üzü görür, o cümldən biz də. Amma təbii ki, bir çox qəzetin öz mətbəələri mövcuddur.
   - Sizdə qəzetlərin çap olunması neçəyə başa gəlir? Yeri gəlmişkən, bu sahədə çətinlik əksər ölkənin mətbuatında problem yaradır...
   
- Hər dəfə 5 min tiraj çap olunmaq üçün 500 dollar ödəyirik. Bu da o deməkdir ki, qəzetin 1-i təxminən 5 əfqaniyə başa gəlir. Amma onu da deyim ki, biz qəzetləri pulla satmırıq. Əksinə, insanlar arasında havayı paylayırıq. Təki xalq maariflənsin, gündəlik həyatda baş verən olaylardan xəbərdar olsun.
   
Vüsal Tağıbəyli                        hafta-ichi.com

Комментариев нет:

Отправить комментарий