04.06.2011

Günay Ümid. Şeirlər

Pıçıltı
Səni düşünərək oyanmaq,
Səni düşünərək yatmaq…
Və bu əzabı sevmək,
Bu əzabla sevilmək,
Nə qədər acizəm…
Acizlik!
Bu sevginin göbək adı.
Qəlb yarası,
Bu sevginin şirin dadı
Və bu dadı sevmək,
Bu dadla sevilmək
Nə qədər acizəm…
Getdikcə böyüyür,
Getdikcə dərinləşir
Adını belə qoya bilmədiyim sevgi…
Sən heç
Səssizliyin necə qulaq batırdığını bilirsənmi?
Sən heç
Sənsizliyin sevincini
Həsrətdə yatırdığımı bilirsənmi?
Saatların əqrəbləri
Qucaqlayır zamanı.
İçim düşüncələrin
Pıçıltılarında boğulur.
Və yeni pıçıltılar doğulur…
Doğulur!
Və bu pıçıltılar
Qəlbimə qədər daşıyır səni
Öldürür məni…
2011 Sevgi Resimleri
Divarların sinəsi
Acı danışıram,
İstəmədən qırıram insanları.
Gecələrin qaranlığını
Üstümə çəkib yatıram.
“Mənə kömək eləyin”
Deməyə utanıram.
Utanıram, acizliyim içimə qəm əkəndə,
Utanıram, qızarmış gözlərimə
İşıqlar qəh-qəh çəkəndə
Gözlərimin ovucları
Saxlamır göz yaşımı,
Əllərimin dili
Yumruqlarla danışır.
Divarların sinəsi
Əllərimin göyərmiş yerlərində
Ağrayır…
Həzin bir musiqi
Düyünlənir boğazımda
Boğur məni…
Qələmimin qapısını döyürəm,
Qara geyinmiş sətirlərim açır qapını,
Dərdimin qaranlığı düşür gözümə,
Ümidim
Çılpaq paltarıyla
Həyamda gizlənir.
Acılarımın iniltiləri
Lay-lay çalır qaranlığıma.
Acıladığım insanların günahlarını
Örtüb üstümə
Yatıram
Biz balaca insanlarıq
Biz balaca insanlarıq!
Ovcumuzun içi boyda dünyamız,
Nəfəsimiz qədər həyatımız var..
Göz yaşımızda qüsullanır hisslərimiz,
Pak olur qorxular da,
Yaxşılanır pislərimiz…
Biz balaca insanlarıq
Həyatı qazanacaq qədər,
Gerçəyi danacaq qədər,
Sevgidə udacaq qədər
Böyüməmişik…
Biz arzularımıza
ac qalmağı ,
kiçik ümidlərimizin işığına
kor olmağı öyrənmişik.
Biz, səfil xəyallarımızın
Küləyinə isinməyi,
Həyatın qəmli akkordlarında
Dinməyi öyrənmişik.
Biz balaca insanlarıq,
Səssizliyi dəlirdəcək qədər susqun,
Düşüncələrimizi düşünməyəcək qədər azğın,
Böyük dünyalara sığmayacaq boyda yük,
Kiçik dünyamızı çirkləndirməyəcək  qədər böyük…
Hə, biz balaca  insanlarıq…
Doymadılar!
Böyüməkdən doymadılar
Bizi böyüməyə qoymadılar
Biz balaca insanlarıq….

Комментариев нет:

Отправить комментарий