17.06.2011

“İnsanları bu cür vəziyyətə salan hakimiyyət getməlidir” - Müsahibə

Emil Bağırov: “Biz Avropa ölkələrindən o qədər çox inkişaf etmişik ki, artıq mitinqə anormal baxırıq?” 


Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədri Emil Bağırovun “Qafqazinfo”ya müsahibəsi

- Son vaxtlar paytaxtda bir neçə aksiya keçirildi və gənclər bu aksiyalara dəstək verdilər. Sizin bu mitinqlərə münasibətiniz necədir?

- Bütün normal, sivil ölkələrdə, məsələn Avropa ölkələrində hər gün mitinq olur. Tutaq ki, “Euronews”da xəbərlərə baxırsan, Almaniyada çevrəçilər bir mitnq edir və yaxud da ki, İngiltərədə solçular mitinq edir. Azərbaycan çox vaxt belə fikir formalaşdırırlar ki, mitinq etmək anormal bir şeydir. Biz Avropa ölkələrindən o qədər çox inkişaf etmişik ki, artıq mitinqə anormal baxırıq? Mən bütün mitinqlərə, solçular, dindarlar fərqi yoxdur, hamısının mitinq etməsinə normal baxıram. Kim isə öz haqqını tələb edirsə, bu normal bir şeydir.

- Sədri olduğunuz Gənclər Təşkilatı Azərbaycanda son vaxtlar baş verən mitinqlərdə nə dərəcədə fəaldır?

- Biz 11, 12 mart, 2, 17 aprel mitinqlərinin hamısında fəal iştirak etmişik.

- Partiya rəhbərliyi tərəfindən buna hər hansısa məhdudiyyət olurmu?

- Xeyr, partiya heç bir məhdudiyyət qoymur. Hər bir partiya üzvü könüllü olaraq işitrak edə bilir.

- İctimai Palatada VHP-dən təxminən neçə üzv var?

- Palatanın üzvü kimi 10-dan çox VHP-li var. Amma, İP-ya üzv olmayan VHP üzvləri də mitinqlərdə iştirak edir. Məsələn, mən özüm İP-nın üzvü deyiləm, amma mitinqlərdə iştirak edirəm və yaxud da bizim Gənclər Təşkilatının digər üzvləri də, İP-ya üzv olmadan mitinqlərdə fəallıq göstərirlər.

- Qeyd etdin ki, özün də İP-nın mitinqlərində iştirak edirsən. İndiyə qədər keçirilmiş mitinqlərin ümumi təşkilatçılığı nə dərəcədə qənaətbəxşdir?

- Mitinqlərdə ümumiyyətlə koordinasiya həmişə zəif olur. İnsanlar bir yerə toplaşa bilmir, qruplar şəkilində parçalanır. Mitinqlərin mərkəzləşdirilmiş idarəetməsi yoxdur. Şüarları da qeyd etmək lazımdır. Məsələn, “İstefa”, “Azadlıq” şüarları məncə hələki uyğun deyil. Mən özüm şahidi olmuşam ki, insanlar ironiya ilə yanaşırlr. Deyirlər ki, “Siz nəyə azadlıq istəyirsiz?” Birinci insanların sosial problemləri ilə bağlı şüarlar səsləndirilsə bu daha yaxşı olar, çünki bu mitinqlərin əslində keçirilməsinin səbəbi enerjini dağıtmaq deyil, cəmiyyətə mesaj verməkdir, insanları öz ətrafına toplamaqdır. Ona görə də gərək insaların problemlərini islahat kimi, mesaj kimi verəsən ki, onlar da sənə qoşulsunlar. Bir də ki, günhalandırmaq kimi demirəm, İP-nın kütləyə çıxış vasitəsi yoxdur. Məsələn, Türkiyədə müxalifət televiziya vasitəsilə kütləyə fikirlərini çatdıra bilir. Məsələn, son seçkilərdə də gördük, CHP çox gözəl videoçarx hazırlamışdı. Şəxsən mən onu çox bəyəndim. Amma Azərbaycan müxalifətinin geniş kütləyə, bütün xalqa televiziya vasitəsilə çıxşı yoxdur.

- İctimai Palata hər dəfə müraciət edəndə onların təklif etdikləri yerlərdə icazə verilmir. Bibiheybətdə, ya da Zığ şosesində yer ayrılır. İqtidar düşərgəsi isə bunu əsaslandırarkən deyir ki, əgər İP-nın sosial bazası varsa, insanlar oraya da toplaşar. Buna münasibətiniz necədir?

- Əslində, sərbəst toplaşma azadlığı odur ki, harada istəsən toplaşa bilərsən. Yəni, burada kimdənsə icazə almağa ehtiyac yoxdur, qanunda belə bir şey yoxdur. Deyirlər ki, asayişi pozduqları üçün məsələn Fəvvarələr Meydanında keçirilməsinə icazə vermirlər. Halbuki, Avroviziyadakı qələbəni qeyd etmək üçün Azadlıq meydanına yığışanlar ictimai asayişi pozmurdu, amma kimsə çıxıb özü fikrini söyləyirsə, bu ictimai asayişi pozmaq oldu? Yəni, burada ikili yanaşma var.

- Mitinqlərdə həbs olunan gənclərlə bağlı nə düşünürsünüz?

- Əlbəttə ki, öz fikrini ifadə edən bir insanın həbsinə yaxşı baxmıram. Bunu pisləyirəm. Bizim Gənclər Təşkilatı da Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin üzvüdür. Mən həm də onun İdarə Heyətinin üzvüyəm. Biz həmin həbs olunan gənclərin hüquqlarının müdafiəsinə çalışırıq. Bu istiqamətdə görüşlər, tədbirlər keçiririk.

- İndiyə qədər hansı işlər görülüb?

- Hər şey komitənin daxilindədir. Bir dəfə tədbir təşkil etmişik. Burada tək bizim təşkilat yox, Azərbaycanın bir neçə Gənclər Təşkilatları birləşib. Biz hamımız bir yerdə bu komitənin tərkibində fəaliyyət göstəririk.

- Artıq 20 ilə yaxındır ki, müxalifət iqtidara gələ bilmir. Bir gənc siyasətçi kimi bunun səbəbini nədə görürsən?

- Məncə, birincisi müxalifətin istifadə etdiyi metodda yanlışlıq ola bilər, yaxud da qüsurlar ola bilər. Ümumilikdə müxalifətin hakimiyyətə gəlməsi üçün normal seçkilər olmalıdır, normal cəmiyyət olmalıdır ki, hər kəs öz fikrini ifadə edə bilsin. Avtoritar bir cəmiyyətdir, burada da xalqın seçkilərə münasibəti necədir? Xalqın müxalifətə münasibəti necədir? Məsələn, bizdə müxalifət deyəndə nə isə dağıdıcı bir şey kimi başa düşülür. Müxalifət sözü ilə radikal sözü yanaşı çəkilir. Halbuki, güclü müxalifətin olması həmin dövlətin güclü dövlət olması deməkdir.

- Deyirsiniz ki, müxalifətin metodunda səhvlər ola bilər. Yaxud xalqın özünün seçkilərə münasibəti normal deyil. Çıxış yolu nədədir? 

- Çıxış yolu insanların, əsasən də gənclərin maariflənməsindədir. Əlbəttə ki, ilk olaraq insanları bu cür vəziyyətə salan hakimiyyət getməlidir.

- Müxalifətin uğur qazana bilməməsini onların liderləri ilə bağlamaq olar? Bəlkə onlar getməlidir, dəyişməlidir?

- Bu da bir variantdır. Çox vaxt deyirlər ki, hansısa partiyanın lideri o partiyaya liderlikdən getsə onun əvəzində heç kim tapılmayacaq. Bu fikirlə razı deyiləm. O gedəndən sorna yerinə gələn insan ondan daha yaxşı ola bilər, yeni nəfəs gətirə bilər. Müxalifət liderlərilə bağlı konkret onu deyə bilərəm ki, gənclər mübarizə aparırlarsa bunu hakimiyyətə lider gətirmək üçün etmirlər. Gənclər hakimiyyətə xalqı gətirməyə çalışır.

- Hicab qadağasına da etiraz olaraq aksiya keçirildi. Bunu necə qiymətləndirirsən?

- Qeyd etdiyim kimi, onların öz hüquqlarını tələb etmələri normaldır.

- Orta ümumtəhsil müəssisələrində hicab qadağan olunmuşdu.

- Mən konkret bilmirəm bu hansı əsasla qadağan olunub...

- Vahid məktəbli forması ilə əlaqədar olaraq...

- Əgər onlar buna etiraz edirsə, bununla razılaşmırsa normal bir haldır. Onların etirazının nə dərəcədə qəbul olunub olunmamasını deyə bilmərəm.

- Bəs qərarın özünə münasibətiniz necədir?

- Qərarın özünə münasibətimi birmənalı olaraq deyə bilmərəm. Konkret fikrim yoxdur.

- Partiyanın qurultayı ilə bağlı nə deyə bilərsiniz. Qurultay nə vaxta planlaşdırılır? 

- Partiyanın qurultayı sonuncu dəfə 2007-ci ildə olub. Hər beş ildən bir olur. Hazırda texniki imkanlarımız qurultayın keçirilməsinə imkan vermir. Ona görə də hazırlıqlara gələn ildən başalamğı planlaşdırırıq.

- Partiyada gəncləşmə prosesi necə gedir?

- Partiyada gəncləşmə prosesi var. Yeni gənclər qoşulur. Məsələn mən Gənclər Təşkilatının sədriyəm, 20 yaşım var. Təşkilati işlər üzrə müavinin 28 yaşı var. Yəni, partiyada kifayət qədər gənc var, yeniləri də qatılır.

Fatimə Kərimli 

Комментариев нет:

Отправить комментарий