13.06.2011

Lənətlənmiş toskaniyalı

Məmməd Süleymanov                                     
mameds@mail.ru


Avantürist, anarxist, faşist, kommunist… “Lənətlənmiş toskaniyalı”, “Yeni Makiavelli”… Filosof, yazıçı, jurnalist, rejissor… «İnqilab və çevrilişlərin analitiki»… «Gön», «Kaput» kimi əsərlərin müəllifi…

Bütün bunlar Kurtsio Malaparteyə aiddir. İyunun 9-u onun doğum günü idi. Ömrü boyu küləyə qarşı getmiş adamın. Səhnə ilə həyatı eyniləşdirən, ömrünü aktyor, rolunu real həyat kimi yaşayan şəxsiyyətin. Mənim nəzərimdə o, dəli və təlatümlü 20-ci əsrin simvollarından biridir. Ancaq həmişə yadlar arasında Yad olduğundan, dəyərini də əsrin ssenarist və rejissorları heç vaxt vermək istəməyiblər.
O, sağlığında narahat və əlverişsiz adamdı. Öləndən sonra da o cür qalmaqda davam edir. Əsl adı Kurt Zikert olan, alman ata ilə italyan ananın övladı Malaparte (1898 - 1957) ən maraqlı müəlliflərdən və şəxsiyyətlərdəndir. Erik Hoffer kimi, Erik Xobsbaum kimi. Və bir ömürdə bir neçə macəra dolu ömür yaşamış bu şəxsiyyəti oxumağa, yada salmağa, onun barəsində günlərlə düşünməyə dəyər.
Ona “Lənətlənmiş toskaniyalı” deyirlər. Alman-italyan qarışığı olan Kurt Zukkert isə özünə “Kurtsio Malaparte” ləqəbini götürüb. “Malaparte” sözünün açması “Uğursuz qismət” deməkdir. Nə vaxtsa Mussolini ondan bunun səbəbini soruşanda “Napoleon “uğurlu qismət” (Buonaparte) idi , ancaq pis qurtardı. Mənim sonum yaxşı olacaq” demişdi. Axırı isə hamı kimi qurtardı. “Hər ölən peşman ölər” (Attila İlhan).
Birinci Dünya müharibəsinə 16 yaşında könüllü yollanır, igidliyə görə İtaliya və Fransa ordenləri ilə təltif olunur, yaralanır. Ömrü boyu mövcud qayda-qanuna əks gedən Kurtsio tezliklə faşistlərə qoşulur, qaraköynəklilərin tarixi “Roma yürüşü”ndə (1922, oktyabr. Mussolinini hakimiyyətə gətirən yürüş) iştirak edir. Jurnlistikaya baş vurur, bir neçə jurnal dərc edir.
Onun ən məşhur əsəri 33 yaşında yazdığı “Dövlət çevrilişinin texnikası” kitabıdır. Bu kitab susuz adam suyu içdiyi kimi asan oxunur. Malaparte tarixin keçmişindən Katilinanı “dirildib” öz əsrinə qaytarır, öz dövrünün əsas inqilab və çevrilişlərini analiz edir. Burada Napoleon da var, Kapp qiyamı da, 1917-ci il də, Mussolini də, nasistlərin sürətlə yüksəlişi də (1933-ün yanvarına hələ 2 ilə yaxın vaxt var).
Və bu kitabı ilə də o, yada çevrilir. Faşistlərdən uzaqlaşır, SSRİ-yə yollanır, Lenindən kitab yazır və qayıdanda həbs edilib 5 illik cəza alır. Onu qraf Çiano (Mussolininin kürəkəni) məhbəsdən azad edir. Və Kapri adasına sürgünə yollanır.
Növbəti dünya savaşında hərbi jurnalist işləyir. 1947-ci ildə İtaliya kommunist partiyasına qoşulur. 59 yaşında xərçəngdən vəfat edir. Bu qiyamçı ruh son dəfə ölüm yatağında meydan oxuyur - ölümünə az qalmış protestantlıqdan katolikliyə keçir. Son illərini Çin inqilabı ilə çox maraqlanır və Kapri adasındakı qeyri-adi qəsrini vəsiyyətlə kommunist Çin hökumətinə bağışlayır. Həmin villada Qodar filmlərindən birini - «Murdar ol» (başqa adı: «Nifrət») filmini çəkir. Malapartenin «Gön»ünü isə Liliana Kavani ekranlaşdırır (Ən ağır filmlərdən biridir)
Malaparteni diqqətlə və təkrar-təkrar oxumaq məsləhətdir. Təkcə “Dövlət çevrilişinin taktikası”nı yox, bütün yazdıqlarını. Xüsusilə də “Gön”ü. Mütləq oxuyun…
Sonda isə «Gön» romanından bir sitat. Müharibəni uduzmuş İtaliyanın təsviri:
«İtaliya və onunla birlikdə Neapol da müharibəni uduzub. Ancaq tamamilə aydındır ki, müharibəni uduzmaq onu udmaqdan çətindir. Müharibəni hamı uda bilər, ancaq heç də hamı onu uduzmağa qadir deyil.
Özünü məğlub olmuş xalq saymaq hüququnu qazanmaq üçün müharibəni uduzmaq yetərli deyil. Və həm çoxəsrlik acı təcrübənin gətirdiyi qədim müdrikliyi, həm də əldəqayırmalıqdan uzaq təvazökarlığı ilə mənim bədbəxt neapollularım məğlub xalq adlanmaq hüququna iddia etmirdilər. Əlbəttə, onların tərəfindən bu, böyük nəzakətsizlik idi…»
Hansı nəticəyə gəlmək olar? Məğlub xalqın öz məğlubluğunu anlamaması eybəcər və dəhşətlidir. Ona görə də Malapartenin obrazlarından biri - «Azadlığa çıxan» neapollu ata onunla fəxr edir ki, onun yeniyetmə qızı şəhərdə sonuncu bakirədir. Və qızını amerikalı əsgərlərə təklif edib çoxlu pul qazana biləcək... 

Комментариев нет:

Отправить комментарий