05.06.2011

Payız

 Aslan Quliyev

Aslan Quliyev(hekayə)
Qapı cırıltı ilə açıldı, həncaməsinə yağ sürtməliydi, yoxsa zəhlətökən cırıltısı ilə əsəblərini cırmaqlayırdı. Yəqin meşəbəyi idi, bu cənabdan başqa onu yad eləyən yox idi, yazıçı öz daxmasında unudulmuş, yaddan çıxmışdı. Meşəbəyi isə baş çəkir, yada salırdı, sakit, payız kədəri içində çırpınan əyalətdə yazıçının vur-tut bircə oxucusu qalmışdı.
Meşə kötüyü çəkmələrini yenədəmi içəridə çıxarırdı? Neçə dəfə demişdi, xeyri yox idi, bildiyini eləyirdi. Çəkmə də nə çəkmə, düz dizlərinə qədər. Bataqlıq, çamır, çürüməyə başlayan xəzəllərin qoxusunu hiss edən kimi yanılmadığını başa düşdü.
Meşəbəyi içəri keçib arxa çantasını stolun üstünə qoydu, çantanın bağlarına ilişmiş armud yarpaqları stolun üstünə səpələndi. Yarpaqlar alov rəngindəydi.
- Araq gətirmişəm, - meşəbəyinin səsi uzaqdan gəlirdi.
- Nəylə içəcəyik? – yazıçı hirslə soruşdu, özü də içmək istəyirdi, ancaq çəkmələrə görə meşəbəyiyə acığı tutmuşdu.
- Meşə armudu da var.
-Meşə kötüyü! Sən armudla araq içən əbləhi harda görübsən? Lənətə gəlmiş çəkmələrinlə, armudlarınla ilhamımı söndürürsən! Sən ədəbiyyatın qatı düşmənisən! Yad ünsürsən! Yaxşı, gözlərini bərəltmə, hanı sənin o mətahların?
Meşəbəyi çantanı açıb litrlik şüşədə araq, bir torba da armud çıxartdı, bircə anda otağı meşə armudunun xoş qoxusu götürdü başına. Yazıçı şüşəni açıb qədəhinə araq süzdü:
- Otun, daşın, divarın sağlığına! – dedi və içdi.
- İnsanın sağlığına! – meşəbəyi qaşqabağını tökdü, daş-divar qədər də saya alınmaması ona toxunmuşdu.
- Olsun! - Yazıçı yenə də qədəhinə araq süzdü. – Əyər o insan çəkmələrini evin ortasında çıxarmırsa.
- Səncə bu evdi? – meşəbəyi sifətini turşutdu. – Bu olsa-olsa ayı mağarasıdı, həm də elə mağara ki, burda qış yuxusuna getməyə hər ayı razı olmaz.
Sapsarı armudlar balaca olsa da, dadlı idilər, ancaq armudla araq içmək ləzzət vermirdi, araq tünd, içirsən ağzından alov çıxır, armud isə şipşirin. Qədəhini stolun üstünə qoyub meşəbəyidən soruşdu:
- Xoruz kəsib bişirə bilərsənmi?
- Cöngənin də öhdəsindən gələrəm. Hanı sənin xoruzun?
Meşə adamından başqa nə gözləyəsən, bundan soruşublar, bu isə artıq xoruzu istəyir. Hanı? Çürük ağac, söz gəlişi deyirlər, sənə indi desələr ki, tank sürə bilərsənmi, cavab vermək əvəzinə, tankın harda olduğunu soruşacaqsan?
Dilxor halda həyətə çıxdı. Qonşunun böyürtikan, gicitkan içində itmiş çəpəri alçaq idi, çəpərin üstündən hoppandı, əlini, qıçlarını gicitkan daladı. Ufuldaya-ufuldaya qonşunu səslədi. Qonşu evin tinindən boylandı, yazıçını görməyindən şad olmadığı sirsifətindən aydın hiss olunurdu, ancaq onun xoruz alamq istədiyini eşidib canlandı, təkcə başını yox, bədənini də evin arxasından çıxartldı.
- İki şirikdən bir qəpik də aşağı vermərəm!
- Mən beş şirik verərəm! – etinasız halda dedi.
Bir azdan xoruz qoltuğunda geri qayıdırdı, döyüşdən qələbə ilə qayıdan əskər görkəmi var idi, ancaq gicitkan qalib əskərin gözünü qorxutmuşdu, çəpərin üstündən tullanmağa cürət eləmədi, bəletdən adlayıb keçdi. Meşəbəyini çağırıb xoruzu ona verdi və içəri keçib çarpayıya uzandı. Pəncərədən qonşunun bostanında alaq eləyən yeniyetmə qıza baxırdı, qız alaq edir, mahnı oxuyurdu. Cingiltili, saf səslə oxunan mahnıda güclü həsrət, ürək sıxan qüssə var idi. Uzaqda, payız çölünün axırında təzəcə göyərməyə başlayan qonur təpələrə sısqa düman çökürdü. Yaydan qalma, külək əsdikcə xəfifcə yırğalanan boymadərən, çobanyastığı gülləri rütubətdən qaralmışdı.
Meşəbəyinin xoruzu bişirməyi uzun çəkmədi. Yenidən stol arxasına keçdilər, bu başqa məsələ, araq ləzzət verirdi. Keflənmiş meşəbəyi bir qədər də oturub ayağa qalxdı, getməyə hazırlaşarkən onun son kitabı haqda fikrini deməyi də unutmadı.
- Meşəbəyini nahaq öldürübsən!
- Mən heç kimi öldürməmişəm! – etiraz elədi. – Sən tənqidçisən, ya meşəbəyi? Çıx get meşənə, hardan gəlibsənsə, ora.
- Hər halda öldürməməliydin! – meşəbəyi onu eşitmirmiş kimi dedi.
- Öldürməmişəm, ancaq belə görünür öldürməli olacağam!
Meşəbəyi səntirləyə-səntirləyə çıxıb getdi. Meşəbəyinin arxasınca qışqırırdı. Gör sənə nə deyirəm! Sən meşə adamısan, biz səninlə olsa-olsa ağaclardan, otlardan, yağışdan danışa bilərik! Başı kəsilən ağaclardan, kötüklərdən! Vəssəlam!
Üfüqə əyilən payız günəşinin qızılı şüaları pəncərədən içəri süzülür, tozlu döşəmənin üzərində oynaşırdı. Stolun üstündəki qızılı armud yarpaqları qızaran üfüqləri xatırladırdı. Qız mahnısına da, işləməyinə də ara vermiş, bostanın kənarındakı iri daşın üstündə oturmuşdu. Baxışlarında payız xəyalları dalğalanır, saçlarında günəşin qızılı şüaları oynaşırdı.
Qonşu həyətdən onu səsləyirdi, adamın yapışıqsız səsi var idi, sanki paslı borunu döyəcləyirdilər. Onun cavab vermədiyini görüb içəri keçdi, xoruzun pulunu almağa gəlmişdi. Qonşunu arxayın eləyirdi, narahat olma, verəcəyəm. Jurnallar yazılarımı çap eləyiblər, qonararımı aldığım gün, sən də pulunu alacaqsan. Bəlkə heç almayacaqsan, qonşu əl çəkmirdi, işin düyünə düşdüyünü hiss eləmişdi, xoruzu havayı verdiyinə əmin olmağa başlamışdı, sadəcə olaraq yəqinlik hasil eləmək istəyirdi.
Araq da qalırdı, ət də, qonşunu stol arxasına dəvət elədi. İçdilər. Qonşunun çiyinlərini qucaqlayıb onu başa salmağa cəhd eləyirdi. «Sən niyə adi həqiqətləri başa düşmürsən? Mən yazıçıyam. Danimarkalı nağılçı Andersen kimi mənim də qəlbimdə nə varsa, hamısını tapdalayırlar. Qəlbimə girirlər! Biri elə o dılğır meşəbəyi! Çəkmələriylə soxulur qəlbimə! Çəkmə də nə çəkmə, hardan tapıb, Allah bilər. Ölkə daha elə çəkmələr istehsal eləmir. Qaloş istehsal eləyirik, hər növ, hər fason, təptəzə qaloşlar. Aydındı?»
- Yox, - qonşu gözlərini döydü.
- Rədd ol!
Qonşu ayağa qalxdı, qapıya doğru döyükə-döyükə getdi, ehtiyat edirdi ki, yazıçı stolun üstündən bir şey götürüb arxasınca ata.
Axşam düşürdü, tutqun, buludlu səmanın ənginliyindən qazların qaqqıltısı eşidilirdi, qazlar cənuba uçurdu. Görəsən meşəbəyi gedib komasına çata bilmişdimi? Bu adam payızı sevmirdi, meşədə dolaşdıqca bütün günü donquldayır, payızı, çürümüş kötükləri, xəzəl içində itmiş cığırları, ara verməyən payız yağışlarını lənətləyirdi.
……………
Qapı cırıltı ilə açıldı, məlum məsələdi, çəkmələr içəridə çıxarılacaqdı. Bir anlığa xəzəl, çürüntü qoxusu vurdu onu. Meşəbəyi içəri keçib arxa çantasını stolun üstünə qoydu.
- Meşədə ildırım ağacı vurub, - görünür deəməyə bundan münasib söz tapa bilmədi, - bir həftədi tüstülənir.
- Mən də tüstülənirəm, - qaşqabağını töküb dedi.
- Hanı?
- Nə?
-Tüstü! Mən görmürəm.
Beləsinə nə deyəsən? Qovasan? Əşşi, cəhənnəm olsun, yenə arada araq gətirir, yad eləyir, yazılarını oxuyur, qovacaqsan, kim oxuyacaq? Meşəbəyi isə öz işindəydi, çantadan araq və cır alma çıxarıb stolun üstünə düzürdü. Almalar qızılı rəngdəydi, sanki rəngini günəşin qızılı şüalarından almışdı.
- Araq gətirmişəm, cır alma da var.
- Allah sənin bəlanı versin! Sən cır alma ilə araq içən əbdəhi harda…
Meşəbəyi çantadan göbələk çıxarırdı, göbələyi qəsdən axıra saxlayıbmış. Yağda qızardılmış gömbə də gətirmişdi. Köməkləşib göbələklərin torpağını təmizləyir, soyur, duzlayıb sobanın üstünə düzürdülər. Bir azdan bişən göbələklərin qoxusu evi başına götürmüşdü, başqa bütün qoxular yoxa çıxmışdı, rütubətli divarlara da, hisli tavana da göbələk qoxusu hopmuşdu.
Yazıçı bişib sulanmış göbələkdən yeyib qədəhinə araq süzdü.
- İnsanın sağlığına! – dedi.
- Əyər mağarada yaşamırsa! – meşəbəyi qədəhi başına çəkdi.
Yazıçı çeçədi, arağı axıra qədər içə bilməyib qədəhi yerə qoydu.
- Meşə kötüyü! Mən mağarada yaşasam da, böyük işlər görürəm!
- Allah sən özün saxla! Bir toyuq hini tikə bilmirsən, hansı böyük işlərdən dəm vurursan?
Söhbətləri alınmırdı, meşəbəyi içən kimi yenə də onun kitabını müzakirə eləməyə başladı.
- Sən onu öldürməməliydin!
- Kimi?- duruxdu.
- Meşəbəyini.
- Sənə deyildi axı, biz yalnız ağaclardan danışa bilərik. Meşədən, göbələkdən. Ədəbiyyatdan yox, sən bu sahəyə uzaq, yad adamsan.
- Hər halda öldürməməliydin.
- Öldürməliydim! Görürsən də, öldürməkdə düz eləmişəm! Sən də ölsəydin indi cəfəng suallarla zəhləmi tökməzdin!
Meşəbəyi incik halda ayağa qalxdı. Səntirlədi, üstündən döşəməyə payız xəzəlləri səpələndi, xəzəllərin üstüylə payız günəşinin alov rənginə boyadığı çölə doğru gedirdi. Adam payızı, - meşəsi, xəzəli, yağışı, günəşi ilə birlikdə onun otağına gətirirdi, özü gedirdi, amma payız qalırdı.
Qonşu gəldi, qapı ağzında dayanıb içəri boylandı, stolun üstündə göbələkləri və yarımçıq araq şüşəsini görəndə udqundu. Yazıçının qəlbində igrah hissi baş qaldırdı, onu stol arxasına dəvət elədi. Qonşu keçib oturandan sonra yazıçı qədəhlərə araq süzüb:
- İtin, pişiyin sağlığına! – dedi və içdi.
- Bunu necə başa düşək? – qonşu boğazını arıtladı, səsi cürətsiz çıxırdı, göbələk və araq hisslərinin qabağına çəpər çəkmişdi.
- Necə istəyirsən, elə! – dedi.
Qonşu isə artıq göbələyə girşişmişdi, acgözlüklə yeyir, təklif gözləmədən araq süzüb içirdi. Yazıçı yenidən düşmüşdü onun üstünə. «Mən Vətənimi dünyaya tanıtmaq istəyirəm, amma qədrimi bilən yoxdu, mən dilənmək hüququ belə olmayan dilənçiyəm! Məni başa düşmürlər, mənsə hər şeyi görür və duyuram. Deyək ki, sən pəncərədən baxıb payız çölünü, bostanda işləyən qızı görürsən, vəssəlam. Mən bədbəxtsə o qızın toy gecəsi necə geyindiyini, əllərini necə xınaladığını, qızın arxasınca baxıb köks ötürən cavanları, gizli-gizli ağlayan kəkilli oğlanı da görürəm».
- Dayan görüm, hansı kəkilli oğlanı?
- Mən qəlbimin, ruhumun diliylə danışıram, - yazıçı qüssəylə dedi. – Di gəl, heç kim məni başa düşmür. Belə olan halda yazıçı alçaq neyləməlidi?
- Yazıçı alçaq pulumu verməlidi.
- Pulunu?
- Hə də, xoruzun pulunu.
- Dur, cəhənnəm ol!
Qonşu gedəndən sonra ayağa qalxıb pəncərənin qabağına gəldi, bir az bundan əvvəl günəş dünyanı qızılı rəngə boyayırdı, indisə çöllərə duman çökür, yağış çiləyirdi. Qonur təpələr, qaralmış güllər, ağaclar, evlər yağış dumanı arxasından xəyal kimi görünürdü.
……………….
Qapı açılan kimi də meşə qoxusu vurdu onu. Aman Allah, meşə varlığı yenədəmi çəkmələrini içəridə çıxardırdı?
- Araq gətirmişəm, - dedi. – İnanmazsan, ildırım vuran ağac hələ də tüstülənir. Yağış ağacı söndürə bilmir.
Meşəbəyi hiss elədi ki, ildırım vuran ağac yazıçını maraqlandırmır, sözü dəyişdi.
- Əzgil də var…
- Sən əzgillə araq içən əbləhi… - gözü küncdəki uzun çəkmələrə sataşanda sözünü axıra kimi deyə bilmədi. Ayağa qalxıb:
- Çıx get, - dedi. – Get və bir də qayıtma.
- Ağlını itiribsən?
- Get! Mən bəlkə də dünyanın ən böyük yazıçısı olacaqdım, ancaq çəkmələr imkan vermədi.
Meşəbəyi onu təəccüblə süzdü, başını yırğalayaraq çıxıb getdi, getdikcə də üst-başından xəzəllər səpələnir, xəzəllər havada ləngər vuraraq tutqun döşəməyə düşürdü.
Həyətdə də qonşu deyinirdi, adama sözü neçə dəfə deyərlər, xoruzun pulunu vermir. Guya bu böyük adam olacaqmış, ancaq qaloşlar imkan verməyib. Əşşi, mənim nəyimə lazım…
Yazıçı zar-zar ağladı.
- Çəkmələr! – yana- yana dedi.
Çarpayının altından sicimi çıxarıb, ucunu şalbana bənd elədi.
- Amma mən yaşamaq istəyirdim! Aman Allah, necə də istəyirdim!!! – dedi və özünü asdı.
Qonşu qız bostanın kənarındakı yağışlardan və çöllərə çöküb çəkilməyən dumandan sonra göyərib mamır bağlamış daşın üstündə oturmuşdu. Şeh qonmuş saçları üstə xəfif bir həsrət ilğımlanırdı.
Müqəddəs Azərbaycanda payız idi.

Комментариев нет:

Отправить комментарий