06.06.2011

Rəhman Bədəlov. Çalışacacam qısa yazım


Professor Rəhman Bədəlov Kamal Abdullanın “Unutmağa kimsə yox” romanıyla bağlı Kultaz.Com-da gedən müzakirələrə qoşulur
Çalışacacam qısa yazım. Şəhv etmirəmsə, Araqon demişdi ki, şözlər çox olanda suya dönür (əlavə edim, tutmaq olmur). Bu vəziyyət isə güldürür sağlam insanı.
Romanı bir nəfəsə- əlyazmada oxudum. Adi, sadəlövh oxucu kimi. Məncə bu, romanın ən böyük məziyyətidi.
Mənalara gəldikdə; Kamal bir tərəfdən dağıdır doqmatizmimizi, ciddiliyimizi, dərinliyimizi, iddialarımızı, böyüklüyümüzü,- siyahını istənilən qədər uzatmaq olar, – o biri tərəfdən gülür dağıntı obyektinə də, dağıtmaq cəhdlərinə də, bizlərə də, özü-özünə də.
“Hətərən-pətərən” uğurlu ifadə deyil. Sənətdə sığallı, ütülü fikirlərə və duyğulara qarşı olanda belə, ahəng, hətta Böyük Ahəng olmalıdır. Qədim yapon sənətkarları kimi, yaratdığını dağıtsan belə. Unutmağa heş kəs olmayanda belə. Sənət “hətərən-pətərənə” qadağadır. Amma özü-özlüyündə boşdu, mənaları özündə əridir. Uşaqların oyunu kimi.
Yaşlılırın uşaq oyunu – sənət.
Bədii ahəngə gəldikdə Kamal ciddidir, tələbkardır. Məzmuna gəldikdə, mürəkkəbin arxasında sadəliyi görür, tapır. Məlum olur ki, adi sevgi kəlməsi millətin gurultulu şüarlarından üstündür.
Parallel dünyalar, kosmoqoniya, ulu mənalar – ola bilsin. Amma bütün hallarda mövcud dünyamızda ən böyük möcüzə sudu. SU. Tərkibi gizli, forması əlçatmaz, son illər məlum olub ki, yaddası da var.
Məncə Kamal Abdullanın təkamülü bu sadəliyə tərəfdi. Bunun son pilləsi isə sükütdur. Ölüm sükutu yox. Deyilənlərin sükut qarşısında ən sadə forması.
Qısa deyə bilmədim. Qalır özumə də gülüm. Özümə də ciddi yanaşmayım.

Комментариев нет:

Отправить комментарий