20 ildir ki, müstəqilik. Azərbaycan özünün dövlət
müstəqilliyinin iyirminci ildönümünü qeyd edir. Kimisi sözdə
müstəqildir, kimisi də əməldə. Mən isə bu 20 il ərzində hələ də
özümü hansı kateqoriyaya aid olduğumu aydınlaşdıra bilməmişəm.
Ancaq, fakt budur ki, bu müstəqilliyin ildönümünü hamımızla birgə
müstəqil dövlət olaraq təntənə
ilə qeyd etməyə başlamışıq. Deyirlər,
bu dəfə də atəş-fəşanlıq olacaq. Siftəsini
sərgi ilə başladıq. 20 ildə əldə
etdiklərimizi elə özümüzə göstərməklə...
Bütün bunlar bir yana, amma məni bu gün daha çox bir sual düşündürür:
görəsən, bu müstəqilliyi Azərbaycanımız
üçün əldə edənlər və Müstəqillik Aktına səs
verən insanlar haradadırlar? Niyə onlar dövlət tərəfindən
yad olunmurlar, onlar haqqında heç danışan belə yoxdur?
Bu günlərdə dövlət başçısı Yaşar Əliyevi
“Şöhrət” ordeni ilə təltif edib. Həmin o Yaşar Əliyevi
ki, bu gün Azərbaycanın ABŞ-dakı səfiri
işləyir və 1991-ci ildə Azərbaycanın
Müstəqillik Aktının əleyhinə, yəni
Azərbaycanın müstəqil olmasının əleyhinə səs
vermişdi. Bu gün həmin cənab Əliyev Azərbaycanın
ictimai-siyasi həyatında fəal iştirakına görə
ölkənin ali ordeni olan “Şöhrət” ordeni ilə mükafatlandırılır...
Əvəzində Azərbaycanın ilk istiqlalçı deputatlarından
biri olan, İstiqlal üçün çalışan və ona səs verən,
tarixə İstiqlalçı deputat kimi düşən Arif Hacılıya isə
Azərbayan hakimiyyəti qondarma ittihamla 3 il iş kəsir.
Onu 3 il müddətinə həbs edir, azadlıqdan məhrum
edir...
Paradoks deyilmi? Nə qədər paradoks olsa da, amma bu həqiqətdir,
acı həqiqət. Mən hələ ölkəmizin müstəqil olması üçün Müstəqillik
Aktının lehinə səs verən fədakarları demirəm.
SSRİ-nin süqutuna səbəb olan Azərbaycan Xalq Cəbhəsinin
yönətilməsində fədakarlıq etmiş insanlar bu gün diqqətən
də kənarda qalıb? Yoxsa,
onlara qarşı arzuolunmaz münasibət var? Bunun cavabını yalnız Allah bilər,
bir də aidiyyatlı qurumlar..
Bu gün müstəqilliyinin 20-ci ildönümünü böyük təntənə və
vüqarla qeyd edən hakimiyyət bir yana, ölkə vətəndaşı
özünə heç sual verirmi ki, görəsən İsa Qəmbər,
Pənah Hüseyn, Hacıbaba Əzimov, Tofiq Qasımov, Mirmahmud Mirəlioğlu,
Sabir Rüstəmxanlı, Tahir Kərimli,
İsgəndər Həmidov və adlarını qeyd edə
bilmədiyim digər şəxslər hanı bu gün?..
Mən hələ layiqli dəyərini
almayaraq dünyadan köçmüş böyük şəxsiyyətlər olan Əbülfəz
Elçibəyi, Mürşüd Məmmədlini, Ədalət
Rəhimlini demirəm...
Niyə bu gün bu insanlar hakimiyyət
tərəfindən yad edilmir? Niyə
bu gün onlar heç olmasa ən azından Azərbaycanın dövlət
müstəqilliyinin 20-ci ildönümü ilə bağlı keçirilən
dövlət səviyyəli tədbirlərə dəvət olunmurlar?. Bu barədə
danışmağa onlara imkan yaradılmır?..
Deyəsən, suallarımla oxucumu çox yoruram. Məni
qınamasınlar, amma bir zamanlar Azərbaycanın Müstəqillik
Aktının əleyhinə səs vermiş insanların adları olan
siyahıya baxdıqda, içimdə başqa suallar yaranır: Siz buna görə
mi müstəqil olurdunuz? Yaxud da ki, budur mu dövlətimiz
üçün əldə etdiyiniz müstəqilliyin
mükafatı?
Amma Azərbaycanımızın müstəqilliyinin
əleyhinə səs vermiş və ölkəmizin
müstəqil olmamasını istəyən və buna çalışan Arif Rəhimzadə
uzun illər deputat, Milli Məclisdə komitə sədr
olub. Eldar İbrahimov hal-hazırda da Milli Məclisin Aqrar Siyasət
komitəsinin sədridir, hələ də
Azərbaycan dilini bilməyən və bilmək istəməyən Mixail Zabelin YAP-ın Siyasi
Şurasının üzvü, deputatdır, iş adamı Madər Musayev isə Binəqədi
rayonunun “əbədi” deputatı seçilib. Mən
hələ xalq artisti, deputat Zeynəb
Xanlarovanı demirəm...
Bu siyahını davam etdirmək olar. Keçmiş baş nazir, hazırda Azərbaycanın
Macarıstandakı səfiri Həsən
Həsənov, Baş nazirin
müavini,"Qaçkınkom"un sədri və qaşqınların düşməni
olan Əli Həsənov, Su və Meliorasiya Komitəsinin
sədri Əhməd Əhmədzadə və digərləri...
Sadəcə qəzetin mənə
ayırdığı bir köşəlik yer bu insanların hamısının adlarını və
onlar haqqında bildiklərimi yazmağa imkan vermir. Bir də
onsuz da dəyərli oxucum bu adların kim olduğunu məndən
qat-qat yaxşı tanıyır və bilir.
Və sonda! Bütün bunalara baxmayaraq, bu gün
biz sevinməliyik ki, müstəqilik.
Bu müstəqilliyi bizə kimin tərəfindən,
nə cür və hansı yollarla əldə
olunmasına baxmayaraq, sevinməliyik. Hətta kimlərinsə
Müstəqillik Aktına səs verib-verməməsindən
asılı olmayaraq. Çünki başlıcası olaraq biz müstəqilik. Çünki bu gün hələ də
bu müstəqillik uğrunda döyüşən və müstəqilliyi əldə
etmək istəyən çox dövlətlər
və çox insanlar var. Olacaq da. Buna görə də
onlara təşəkkür etməyə dəyər. Ən əsası isə odur ki, gərək müstəqilliyimizi
heç vaxt itirməyək...
Комментариев нет:
Отправить комментарий