11.10.2011

Хочу перемен !!!

Cavidan


Facebookdakı hesabımın dost siyahısına dünən gəlmiş istifadəçinin profilinə baxdığım zaman Viktor Tsoyun "Хочу перемен" mahnısının klipini təkrar-təkrar paylaşdığını gördüm. İstifadəçimiz bu paylaşmanı aksiya adlandırır və   bu yolla da cəmiyyətimizdə özünün arzulayıb görmək istədiyi köklü-əsaslı dəyişikliklərin baş verməsi prosesinə məşhur rəvayətdəki sərçənin öz doğma meşəsini yanğından qurtarmaq üçün dimdiyində damla-damla su daşıması inadı və inamı ilə hər gün hamı ilə paylaşır mahnını.

Bu mahnını mən də sevirəm və mahnının öz içində daşıdığı enerji həqiqətən də dinləyicini öz içindəmi, ətrafındamı, bütöv yer üzündəmi nəyisə, nələrisə, bəlkə hətta hər şeyi dəyişməyə çağırır.
Amma...
Amma bu, Viktorun enerjisi idi və bu enerji onun ruhundan qopub da hər kəsə sirayət edəndən sonra bumeranq effektiylə qayıdıb dağıtdı Viktoru. 
Missiyası başa çatan, missiyasını bitirən bütün əsərlər kimi bu mahnı da son anında müəllifini öldürdü.
Belə qatil əsərlər çoxdur tarixdə.
Müəllifin ruhunun bütün gücünü özünə yığıb da onun özünə çevrilən əsərlərin hər birisi son məqamda yaradıcısını məhv etməyə məhkumluğunu yaşayır.
Çünki, iki eyni bərabərdə enerjidən yalnız birini seçir auditoriya.
Auditoriya qədər ac, vampir, cani bir başqa qüvvə yoxdur, ola da bilməz.
Baxın dünya ulduzlarının konsertlərindəki ifaçı və auditoriya arasındakı enerji mübadiləsinə!
İstədiyini almasa, ala bilməsə, almağa gümanı olmasa, öldürsən, gəlməz kimsə həmin konsertlərə. Və enerji donoru olan müğənni ürəyinin bütün gücünü verməlidir, zira, verməsə, itirəcək auditoriyanı.
Və vay o gündən ki, müğənni özünü, öz ruhunun tam surətini yarada bir mahnısında və onu da təqdim edə.
Həmən qidalanacaqlar, qidalanıb doyacaqlar və insafsızcasına ruhlarına hopduracaqlar o mahnını - müəllifini boş və gərəksiz biri kimi tərk edərək...
Onlara şüuraltı bir qəddarlıq diqtə edəcək ki, baxın, istədiyiniz, ruhunuzu tam doyura biləcək mahnı artıq yazıldı, daha o enerjidən bircə damla belə qalmadı o müəllifdə, o artıq gərəksizdir, heç bir mənası olmayan sıradan bir artistdir, artıq bir də onun sizin ehtiraslarınıza, istəklərinizə, içinizdəki yaradıcı və dağıdıcı ruha təkan olacaq heç bir mahnısı olmayacaq, olmayacaq, olmayacaq...........................
Və məhz həmin məqamda verir əsər öz müəllifinin ölüm hökmünü!
Və bu, yalnız yaradıcı eqosu özündən daha güclü olan müəlliflərlə baş verir.
Və daha zəiflərsə, sadəcə yaradıcılıqdan kənara çəkilir, bundan sonra nə yazsalar, nə oxusalar, nə yaratsalar belə, hamısı mənasız, dəyərsiz, enerjisiz alınır, hərdən-hərdən isə yalnız nə vaxtsa tam gücləri ilə ruhlarını verib yaratdıqları mahnıylamı, şeirləmi, rəsmləmi yada düşürlər, vəssalam. Çünki, bir yaradıcı kimi onlar yaşamırlar artıq, ruhları isə hələ də yaddaşlarda dolaşan həmin o tək və bircə əsərin içində dustaqdır...
Bir vaxtlar Zahir Əzəmətin belə bir misrası vardı: "Məni öldürəcək ən yaxşı şeirim..." 
Yazdımı həmin şeiri, yazmadımı, bilmirəm, amma Zahirin indi demək olar ki, heç nə yazmadığını və imzası yada düşərkən istər-istəməz hər kəsin yadına düşən "Sən yoxsan pişiklərin arasında...darıxıram! " misrası nəsə də deyir mənə... Təki yanılmış olum!
Şeirləri hələ də İranda qadağan edilmiş şairə Fourug Fərruxzadın həyatını onun "Yenidən doğulma"sı bitirmədimi???
Oxucu istədiyini aldı, auditoriya ruhunun gücünü sümürüb doydu və..."Quş ölümlüdü"...təbii olaraq...
Bir vaxtlar Allanı yenidən gündəmə gətirib hətta ona gözlənilməz bir cavanlıq görkəmi bəxş edən mahnını kim xatırlamır ki? Snejinanın "Pozovi menya s soboy" mahnısı aparmadımı müəllifinin gənc həyatını - bütün enerjisini Allaya və onun auditoriyasına bağışlayaraq?!
Vısotskiy, İqor Talkov, Co Dassin, Dalida, indi yadıma düşən və düşməyən neçə belə müğənni...
Elə "Ana Kür", "Kərkük mahnısı" ölüm daşımırmı içində?
Alim Qasımovu Fərqanə xilas etdi, onun şagirdi Şəfa isə yandı kül oldu səsinin içində...
Amma Nəsimi yandı "Məndə sığar iki cahan..."ın beytlərində, Hüseyn Cavid kül oldu "İblis"inin monoloqlarında, Mikayıl Müşfiq bitdi "Yenə o bağ"ın içində...
Cəfər Cabbarlı ilə isə ayrıca olacaq haqq-hesabım, ən azından, mənim adımın müəllifi kimi ruhunu məhşərə çəkəcəyəm günün birində...
***
Nədən yazacaqdım, nələrə gəldim çıxdım!
***
Demək istərdim ki, Viktorun həmin mahnısı indi gün ərzində min dəfə, milyon dəfə də səslənsə, tv-də göstərilsə, hətta tədris proqramına salınsa belə, gözlənilən effekti verməyəcək, hörmətli facebook dostum!
Həmin mahnı öz vaxtında öz dövrünün insanlarını və o insanların yaşadıqları həyatı dəyişdi, missiyası bitdi, necə ki, bizim də Xəlil Rza şeirlərinə yumruq qaldırmağımız keçib...
İndi öz mahnımız yaranmalıdır, öz şeirlərimiz yazılmalıdır və...və yəni ki...ÖZ QURBANIMIZ OLMALIDIR!!!
Ayrı yolu yoxdur, ola da bilməz, mümkün deyil çünki! 


http://ca-vi-dan.blogspot.com/

Комментариев нет:

Отправить комментарий