11.11.2011

AZƏRBAYCANDA FƏHLƏ ÜSYANI BAŞLADI


Əcnəbilərin maaş irqçiliyinə etiraz edən 500 işçi ayağa qalxdı
Ələt-Astara yolunu çəkən İtaliyanın “Todini” şirkətinin azərbaycanlı əməkçiləri xaricilərlə azərbaycanlılara qoyulan ayrı-seçkiliyə görə tətil etdi; hadisə Dünya Bankında müzakirəyə çıxacaq

Dünən Salyan rayonunda hüquqları pozulan yüzlərlə işçi etiraz aksiyası keçirib. İtaliyanın Azərbaycanda fəaliyyət göstərən “Todini” şirkətinin Salyan şöbəsində çalışan və Ələt-Astara yolunun tikintisində işləyən işçilər izdihamlı mitinq keçirib. Aksiya iştirakçıları aylardır davam edən ayrı-seçkiliyə, xarici işçilərlə azərbaycanlılar arasında qoyulan maaş və digər fərqlərə etiraz olaraq işləməkdən imtina ediblər. İşçilər texnikanı saxlayıb, yolun çəkilişi dayanıb.
Fəhlələr bəyan edib ki, şirkət azərbaycanlı işçilərə də əcnəbilərə verilən əməkhaqqı qədər maaş verməsə, tətillər davam edəcək.

Aksiyanın keçirilməsi barədə “Yeni Müsavat”a hadisə yerində olan “Demokratiyaya yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Salyana ezam olunmuş əməkdaşlarımız dərhal aksiya yerinə gedib. Reportyorlarımızın verdiyi xəbərə görə, aksiya rayonun Çuxanlı kəndində, “Todini” şirkətinin ofisinin qarşısında baş verib. İşçilər tələb edib ki, şirkət rəhbərliyi azərbaycanlılara qarşı hörmətsizliyə son qoysun, yerli işçilərə verilən əmək haqları artırılsın. “Azəryolservis” dövlət şirkətinin sifarişi ilə həyata keçirilən layihənin əsas podratçısı olan “Todini” əcnəbi işçilərə yüksək maaş verir.
Aksiya iştirakçılarından Pənah Kamalov dedi ki, 7 ildir bu şirkətdə işləyir: “Buldozerdə işləyirəm, dəfələrlə əməkhaqqı ilə bağlı müraciət etmişik. Heç bir tədbir görülməyib. Bizə 270 manat maaş verirlər, əcnəbilər arasında isə ayda 1500, hətta 5 min manat alanlar var. Bu maaş bizi qane etmir, buna görə toplaşıb haqqımızı tələb edirik. Şirkətin rəhbəri Kapoçi adlı italyandır. Burda azərbaycanlı işçiləri təhqir edirlər, bizə qara adam kimi münasibət var. Şirkətdə 700 adamdan 500 nəfəri yerlidir. Hazırda Ələt-Masallı yolunun çəkilişində işləyirik”.
Şikayətçilər bildirdi ki, podratçı şirkət “Todini” işçilərə az maaş verdiyi halda subpodratçı şirkət “Akkord” əməkdaşlarına stabil pul verir: “Subpodratçı bizimlə eyni işi görən fəhləsinə 500-600, hətta 700 manat maaş verirsə, deməli, podratçı şirkətin də bu imkanı var. Bizimlə işləyən taciklərə 750, eyni işi görən azərbaycanlılara isə 90 manat maaş verilir. Danışanda bizi təhqir edib deyirlər ki, azərbaycanlılar oğrudur. Şirkət rəhbərliyi isə hər dəfə yalan vəd verərək əmək haqlarında artım etmir”.

Aksiyaçıların sözlərinə görə, şirkətin rəhbəri Kapoçi onlarla görüşdə söz verib ki, əmək haqları problemi bazar ertəsi həll olunacaq. Narazı işçilər əks halda bazar ertəsindən etibarən fasiləsiz aksiyalara başlayacaqlarını bəyan etdi.
Emil Məmmədov “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu şirkətdə işləyən fəhlələrin üzləşdiyi haqsızlıqlarla bağlı ölkə rəhbərliyinə müraciət edəcək: “Haqsızlığa etiraz edən 500 işçi işləməkdən imtina edib. Səbəb maaşın çox aşağı olmasıdır. Onlara verilən ”paket-man" pulları da dayandırılıb. Xarici işçilərin yeməkxanası restorana oxşayır. Bizim fəhlələrin yeməkxanası isə bərbad vəziyyətdədir. Yataq yerlərində də fərqlər var. Fəhlələrə televizor, iş paltarı vermirlər. Təhlükəsizlik problemləri var. İnsanlar böyük təhlükə altında işləyir. Şirkət rəhbəri etirazçı fəhlələrlə görüşə gəldi. 6 işçini və məni qəbul etdi. O dedi ki, Azərbaycan qanunları fəhlələrin maaşını qaldırmağımıza imkan vermir".
Birlik sədrinin sözlərinə görə, fəhlələr şirkət rəhbərinin istefasını tələb edir: “Şirkət rəhbəri Kapoçi Baxatelli fəhlələrlə çox kobud davranır, hətta onları ”qara eşşək" adlandırır. Fəhlələr arasında ayrı-seçkilik qoyulur. Eyni işi görən italiyalı işçi 3-4 min avro maaş alır, yerli işçi isə 300-400 manat. Fəhlələr haqsız yerə işdən çıxarılanların da işə qaytarılmasını tələb edir".
E.Məmmədov fəhlələrin şirkətlə aralarında bağlanan müqavilədən narazı olduqlarını da dedi: “Fəhlələr 1-2 aylığa bağlanan əmək müqavilələrinin qısamüddətli olmasından narazıdır. Bu, şirkətə hüquqlarına riayət olunmasını tələb edən şəxslərdən xilas olmağa imkan verir. Yerli fəhlələr əcnəbilərdən ibarət mühəndis heyətinin qovulmasını və daha ədalətli əmək şərtlərinin təmin edilməsi üçün işlərin Azərbaycan şirkətlərinə verilməsini tələb edir”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında fəhlələrə belə münasibəti qanunsuz saydı: “Bu layihəni Dünya Bankı maliyyələşdirir. Yol çəkilişi zamanı işçilərin hüquqları pozulur. Bununla bağlı bizə dəfələrlə şikayətlər olunub. Dünya Bankına məktub göndərmişik. Bankın nümayəndələri ilə görüşərkən bu məsələləri onların diqqətinə çatdırmışdım. Söz vermişdilər ki, araşdırma aparılacaq. Ancaq şikayətlər daxil olur və işçilər hüquqlarının tapdanıldığını deyir. Bu gün (dünən-red.) çəkilən yolun Salyan istiqamətində işçilər etiraz əlaməti olaraq tətilə çıxdı. Buna da səbəb əmək haqlarının aşağı olmasıdır. Emil Məmmədov danışıqların aparıldığını deyirdi. Şikayətləri ”Azəryolservis"ə də göndərmişik. Bu konfliktlə bağlı araşdırma aparırıq. Mənə bir məlumat da gəldi ki, “konvert-mani” deyilən pul var imiş, fəhlələrə əvvəllər verirmişlər. Bu nə sözdür? “Konvert-mani” italyanların dediyi sözdür. Bu pulu fəhlələrə verməyiblər deyə onlar daha da hirslənib. Bunlarla bağlı araşdırmamız davam edir".
Qeyd edək ki, Ələt-Astara yolunun tikintisi bu ilin fevralında başlanıb və 2013-cü ildə başa çatacaq.

“Yeni Müsavat”ın reportyor qrupu Salyan-Bakı

Комментариев нет:

Отправить комментарий