01.11.2011

BU DÜNYANIN CƏNNƏTİ VƏ CƏHƏNNƏMİ


Kənan Hacı


“Bakı-Qazax-Kəbirli” trilogiyası

Puç olmuş ümidlərin, arzuların sahilində qərar tutan  “Vahid bağı”nda bir küncə çəkilib Həmid Herisçinin  “Nekroloq”unu oxuyuram. Bu dəm Mikayıl gəlib çıxır, kitabı əlimdən alıb vərəqləyir, laqeydcəsinə üstümə tullayır:
-Ə, Həmid nə bilir roman nədi? Roman yaza bilir o?
Sonra da əlini yelləyir:- Boş şeydir.
Rafaeli çağırıb çay sifariş edir. Deyirəm, hə, düz deyirsən, boş şeydir. Mübahisə etmək istəmədiyimdən söhbəti başqa səmtə yönəldirəm.

Mikayıl çay pulunu verib gözdən itir. Yenə kitabı açır, romanın ardını oxumağa başlayıram:
“Məmmədəlinin kababxanasını da sökürdülər...”
Yadıma həmin kababçı Məmmədəlinin Buzovnada tikdirdiyi mülkündə yaşadığım narahat, üzüntülü günlər düşdü. İlk hekayəmi o evdə yazmışam. Anamı o boyda mülkdə yapa-yalnız,gözü yaşlı qoyub əsgərliyə yollanmışam. 75 yaşlı qadın 1 il, 6 ay bu malikanədə tənhalığın canüzən cəngində vurnuxub. Mən əsgərlikdən qayıdıb doğma kəndimizə ayaq basanda o mülk artıq yox idi, iki mərtəbəli binanı son daşına qədər söküb yerə qoymuşdular. Yerində hansısa bağ sahibi özünə villa tikdirirdi.
Axtarıb anamı kəndin kənarında yerləşən ikimərtəbəli binanın xəfə, rütubətli, taxta qapısını həyasız siçovullar gəmirən zirzəmisində tapdım...
Bu qəmli əhvalat da tərcümeyi-halımın silinməz faktıdır. “Cənnət anaların ayağı altındadır” deməyə bizim mənəvi haqqımız çatmır. Cənnəti satın alanlar indi bu pafoslu deyimi öz əzəmətli taxtından endirib ona başqa bir don biçibdir:
“Cənnət rəqqasələrin ayağı altındadır!”
Məmmədəlinin kababxanası da, mülkü də fələyin güdazına getdi. İndi başqa xanaların əyyamıdır.
Hərdən fikirləşirəm ki, Azərbaycanın ürəyi çat verib. Bir dəfə Qazaxda olarkən Yaralı Bəxtiyarla rastlaşdım, görüşüb hal-əhval tutduq. Ona baxıb düşündüm ki, Bəxtiyar Azərbaycanın Qazax tərəfdən çat vermiş ürəyidir. O ürəyi elə onun özündən yaxşı  ovudan kimsə tapılmaz. Yaralı Azərbaycanın Yaralı Bəxtiyarı öz yaralarına duz basmaqla məşğuldur. Uzaqda yox, gözümüzün önündə- Qazaxda.
“Ağ qaranlıqlar” içrə bir yalquzaq şair əlindəki qələmi fənər əvəzi yoluna tutub “müqəddəs öküzlər”i bu yoldan dəbərtməklə məşğuldu. Qoluna qüvvət!
Mən Qazaxda olanda Yaralı Bəxtiyarın özünə yenicə tikdirdiyi evində oldum və gördüm ki, o, büsbütün Bakı havasıyla yaşayır. Həməncə balaca dostum Mövludun sözləri yadıma düşdü: “Bu Bəxtiyar görəsən Qazaxda bir udum Bakı havasını haradan tapır?!”
Bütün gecəni ara vermədən yağan yağış işıqlaşanda toxtayıb ətəyini yerdən yığdısa da, sel heç cür dayanmaq bilmirdi. Qıjıltı ilə axan suyun axarı iti olduğundan evlərin arasından keçib asfalt yola çıxmaq mümkün deyildi. Yafəs postmodernist bir jest elədi- ayaqqabılarını və corablarını çıxarıb özünü suya vurdu. Az keçməmiş qurudan bizə əl yelləyib bığaltı güləndə Bəxtiyarın iki daş arasında haradansa tapdığı rezin sapoqlar artıq ayağındaydı və mən boyda adamı  çəlimsiz vücudu ilə kürəyinə alıb sudan çıxarırdı.
Bəxtiyarın üst-başı istahadan çıxmışdı...
...Uzaqlarda görünən dağların başı duman içində idi. Biz Yaralı Bəxtiyarı Qazaxda qoyub gəldik. O bir topa çən köçünü çəkib yalquzaq kimi təpəlikləri aşdı. Maşınımız Bakıya çataçatda geriyə boylandım. Aman Allah! Bəxtiyar hələ də yolun ağzında durub arxamızca əl yelləyirdi!..
                                        ********
 Deyirlər, onsuz bu dünyanın lotuları elə behiştdə də huri-mələklərlə kef çəkəcəklər. Bəlkə belə deyil, bəlkə də belədir. Bəzi hallarda özüm də bu sarsaq fikrə haqq qazandırıram. Sonra gedib özümü qəsdən fəlsəfə meşəsində azdırıram ki, bəlkə bu səfeh düşüncədən yaxa qurtarım. Ay qurtardım ha!..
İnsanlar özləri üçün yeni dairələr açır, amma irəli getmirlər. Hardan başlamışdılarsa, yenə ora qayıdırlar. Makiavellinin insanlığın gəldiyi yola verdiyi qiymət budur. Onun zamanından altı əsr keçib. Yazdıqları isə zaman-zaman təsdiqini tapır.
“Hökmdar” kitabını cəmi bircə dəfə əlimdə samballayıb rəfə atmışam. Makiavellini fəlsəfə meşəsində öz mücərrəd fikirlərilə baş-başa buraxıb geriyə qayıdıram.
                                    *********
  “Tanrı yaradan cənnətin Adəm adlı günahı var”.
  Bu misralar İslam Kəbirlinindir. Qəfildən yaddaşımın qaranlıq küncündən bir dilim işıq kimi çırtlayan bu duyğu şüası 50 yaşlı İslamın gözlərində hələ də dipdiri qalan uşaq heyrətini bütün aydınlığı ilə gözlərim önündə canlandırdı. Son vaxtlar İslamı tez-tez xatırlayıram.
Yaxın günlərdə Beyləqana yolumuz düşəndə uzun bir məsafəni qət edib onun yaşadığı Kəbirli kəndinə yollandıq və təəssüf ki, həmin vaxt o da bizdən xəbərsiz Bakıya üz tutubmuş. Maşınımız Kəbirliyə doğru şütüyəndə qürub çağıydı və göy üzü əsrarəngiz bir sehr haləsinə bürünmüşdü. O sehr haləsi hüznlüydü. Gecə biz İslamı təbii ki, evdə tapa bilmədik, amma qardaşı Həsən çox böyük mehmannəvazlıq göstərdi  və bizi İslam Kəbirlinin adına layiq qarşıladı.
Kəbirlidə, İslamın  doğma ocağında keçirdiyimiz o gecə  “lampa kimi işıqlı, isti” idi.
Səhər isə Bakıya qayıtmalıydıq. Dedilər ki, rayon mərkəzinə avtobus işləmir, rastınıza çıxan maşını saxlatdırıb gedin.
Pay-piyada gəlirik. Yosma evlər, çovustanlar neft sobalarıyla qızdırılır. Yol boyu rastımıza çıxan cavanlar günlərini bir-birinə sata-sata dolanırlar. Ora-bura qaçmaqdan yorulanda daşın üstündə  büzüşüb yatan uşaqlar, çirkli  küçələr, mal təzəyilə  “bəzənən” yollar...
Artıq bir neçə ildir ki, toplum olaraq gecələr qaranlıq tərəflərimizin, gündüzlər işığa çıxarılası nəyimiz varsa, hamısının güzgüsüdü bu yollar...
Həyatdan qaçıb həyat haqqında danışmaq mənasız şeydi. Necə ki, toz-tozanaq dolu küçələrdən yan keçmək və Bakıya aparan hamar yollarda “bu vətənin daşında da çiçək bitər”- deyə düşük xəyallarla yaşamaq əbləhlikdən özgə bir şey deyil.
Yola çıxmaq üçün  insana nə gərəkdi ? İradədən özgə heç nə. 

Комментариев нет:

Отправить комментарий