01.11.2011

Meqapolis obrazları


Dilqəm Əhməd

Qapılar açılınca,
divarlar çıxır qarşıma
Meqapolis yalnızlığı içində
Pəncərədən dərvişlər boylanır.
Daha hücrələr yalnızlığı bölüşə bilmir
Şəhər minlərlə yalnızlarla doludur
Saxta üzlər gülümsəyir bir-birinə
Sevgilər imitasiya olunur
Dostluqlar teatr səhnəsindən boylanır
Gecələr pərdə qapandığında
24 saatlıq maskalar enir
Obrazlar dağılır

***
Hər səhər paltarlar ilə birgə
Obrazlar ütülənir
Obrazlar seçilir
Bu gün vəfalı sevgili obrazındayam
İstədiyin qədər səni sevdiyimi deyəcəm
Əllərini tutacam, ürəyimin titrədiyini söyləyəcəm
Sənin gözlərin parıldayacaq, mənsə parıltılı baxmağa çalışacam
Gülümsəməni sevdiyimi söyləyəcəm
Bu günün unudulmaz olduğunu söyləyəcəm
Sən aldanmağı sevəcəksən, mən yalanlara öyrəşəcəm
Axşam olacaq yenə, obrazlar asılqanına taxacam
Özümə dönəcəyəm
***
Bu gün sədaqətli dostam
Pulsuz mesajlarımdan göndərəcəm
Darıxdığımı söyləyəcəm
Yaşanılan xatirələrdən danışacağıq
Bir çaynik limonlu çayla
Ən uzun çay qədər xatirə danışacağıq
Metroya birgə minəcəyik,
ayrı stansiyalarda düşəcəyik
Hər kəs öz maskasının gərəyini ödəyəcək
***
Bəzən insan olmağı xoşlayırıq
Kənardan baxılanda hətta insana oxşayırıq
Vicdanlı oluruq,
bahalı kafelərdə insan haqlarından danışırıq
Savaşlara lənət oxuyub, savaşla yaşayırıq.
***
Boğuluram obrazlar içində
Meqapolis yalnızlığında
Qapılar açılınca,
divarlar çıxır qarşıma

22.10.2011

İnsan olacağam bu gün…

Bu gecə çox pessimistəm,  toxunma mənə
Götür saçlarının qırıntısını üzərimdən
Sakitcə yuxulamaq istəyirəm
Uzunmüddətli özünəqapanmaya ehtiyacım var
Yorğunam, düşüncələrim korşalıb,
Ən sevdiyim baxışlarını izləməyə də
Taqətim yoxdur.
Bu gün baxışların yorur məni
Sevgi deyil, süstlük duyuram gözlərindən
Kipriklərin yerin asılqanı kimidir
Azacıq toxunsam qırılacaq kimidir
Baxma daha üzümə, gözləmə
Bu gün söyləməyəcəm səni sevdiyimi
Bu gün ancaq özümə qapanacam
Bu gün sevgimi yarı böləcəyəm
Bu gün insan kimi olacam, Tanrı olmayacağam
Ədaləti sonunadək müdafiə edəcəm
Yorğun olmaq hüququmdan istifadə edəcəm
Susmaq azadlığımdan istifadə edəcəm
Bəsdir, yığışdır saç qırıntılarını
Bu gün səni sevməyəcəyəm

15.10.2011

Aysel üçün

Zamana ötürdüm
Zamanla yolçu olduğumu
anlamadım
Unutduğumu sandım
Unudulanların mövcud olduğunu
anlamadım
Yadlıq  içində çırpınıram.
Kənarda dayanan hər şeyi itələyib
Arxası olmayan divarlara qapanıram.
Künclərin vahiməsi çökür  üstümə.
Üzü  xəstəlikdən yara tökmüş uşaqlar girir yuxuma.
Gözəlliklərin aldadıcı olduğunu anlayıram.
Həyat- bu  ki anlamsızdır
İnsanlar- hamısı çarəsizdir
Toxunduğum  hər  bir şey ümidsizdir.
Yoxluqla ovunacağımı sandım
Yoxluğun olmadığını anlamadım.
Sən yox olmamışdın
Nə də zamanda buraxılmışdın.
Qaranlıq düşəndə bütün parıltılar yox olduğunda
Gerçəkliklər parıldayır qarşımda
Sən  gerçəksən,
İçimdə yaşatdığım yeganə gerçək.

18.09.2011

Divarlar arxasında

Yaşamı pəncərədən izləyirəm
Qarşıya düşən ləkələr çox olur
Yağışın yağmasını gözləyirəm
Ömür ləkələrlə birgə yox olur
Budur, bir ləkə yenə düşdü
Bir baxışını itirdim.
Hər düşən ləkə bir baxışını aparır
Çarəsizcə izləyirəm
Əlim çatmır pəncərənin qarşısına
Budur, sən yarpaqlar arasında gülümsəyirsən.
Sevinc dolu bir gün
Uzadıram əllərimi
Əllər ləkəli
Pəncərə ləkəli
Göy üzü bulanıq
Yer üzü vulkana hamilə
Atlantın ürəkbulantısıdır yer üzü
Bütün sevgilər ləkələrə bürünür.
Üzüm pəncərə şüşələri arasında
Yox olan baxışlarının arxasınca sürünür.
Artıq baxdığım pəncərə deyil
Ləkələrlə dolu bir divar
Sən artıq divarlar arxasındasan…

06.10.2011

Yanusa öygü

Yaşamaq çətindir
Azadlığa təşnə olan
ömürlük məhbus kimi
başını aşağı salan
hər dəfəsində məyus kimi
yaşamı lənətləyərək
bütün ömrü ələyərək
sənsiz bir şey qalmadığını görmək…
Zamanı qamçılayaraq
Kentavr üstündə yenilən sərkərdənin
Yerlə sürüklənən bədəninin acısını hiss edərkən
Yanus allahı bütün çirkinliyi ilə qarşında durarkən
Ona öygü söylərkən
Anlayırsan yaşamın çoxüzlü olduğunu
Ulu Yanus,
Bu dünyanın
Bu anlamsız yaşamın, çirkin insanların
Yaradıcısı bir tək sən ola bilərsən.
Sevgiləri iki üzlü edən
Xəyanəti yaradan
Ən gözəl hissləri yox edən
Yalnız sən ola bilərsən…
Sən çirkinliyin tanrısısan
Yəni bizim yaşamımızın
Hara baxırsan, intihar
12 yaşa doğru uşaqlaşır intihar
Hər kəs sonucda intihar edəcəksə…
İntihar kəndiri boğazına keçirmək deyil
Bu həyatı yetmiş il arxanca sürükləməkdir
Yəni yaşamağın özü intihardır
Sonunda anlayırsan, Yanusu.
Hər kəs doğulduğunda intihar edirmiş.

02.09.2011

Комментариев нет:

Отправить комментарий