01.11.2011

Ədəbiyyat idarə edilə bilməz, ədəbiyyat sadəcə tənzimlənə bilər…


“İnsan bir ətrafına baxar, özündən qat – qat gənc olan insanların yazdıqlarına baxar və utanar”.
“Kitabın təbliği istiqamətində yalnız bayram günlərində tədbirlər keçirilməməlidir”.
Müsahibimiz şair – publisist Elçin Mirzəbəylidir.
- Elçin bəy,  Sizin üçün vaxt nə olan şeydir?
-Vaxt ümumiyyətlə mənim nəzərimdə çox geniş bir anlayışdır. Sonuncu kitabımın adı da “itirilmiş vaxtın adamı”dır. Bir zamanlar bu adda gündəliklər də tuturdum: itirilmiş vaxtın gündəliyindən səhifələr deyə. Mənim üçün vaxt itrdiyim zaman kəsiyidir.
-Bu həm də ədəbiyyatdakı vaxtdır deyəsən…
-Hə, həm də ədəbiyyatdakı vaxtdır. Ədəbiyyatda vaxt sonsuzdur. Nə sərhəd var, nə çərçivə var. Əslində elə zaman anlayışının özü də bir qədər bizim uydurmamızdır. Biz zamanı öz saatımızın əqrəblərinə uyğunlaşdırmışıq. Təsəvvür eləyin ki, biz tamamı ilə fərqli bir konteksdən, fərqli bir məcradan zamana yanaşırıq və həmin zamanla biz bizim öyrəşdiyimiz şəkildə zamanı orta məxrəcə gətirə bilməyəcəyik. Mənim üçün Nəsimi bu gün də aktualdır, Hüseyn Cavid bu gün də aktualdır. Ədəbiyyat əgər özünün əbədilik hüququnu qazanırsa, onun üçün zaman anlayışı artıq itir. Yox, əgər ədəbiyyat konkret olaraq məqsədlərə, düşüncələrə, fikirlərə, fərdlərin maraqlarına xidmət edirsə, o zaman bir ayın, bir günün, bir saatın və hətta bir tədbirin də ədəbiyyatına çevrilə bilər. Və yaxud da doğulmamışdan ölə də bilər.
-Azərbaycanda ümumiyyətlə ədəbiyyatın siyasiləşməsi, ədəbiyyatın siyasi kuluarlara bölünməsi sizcə nə qədər normaldır? Ədəbiyyat sizcə hansı cəbhələrə bölünməlidirmi?
-Məncə, yox. Ədəbiyyat bölünməməlidir, nə sərhədləri olmalıdır, nə də ölçüləri və çərçivələri müəyyənləşməlidir. Siyasi düşərgələrə də bölünməməlidir, ədəbiyyat insan mənəviyyatına, insanın zövq almasına xidmət etməlidir. Təbii ki, fərqli üslublar da, fərqli yanaşmalar da, fərqli dünyagörüşləri də özünü ədəbiyyatda göstərməlidir. Əslində elə ədəbiyyatın üstün cəhətlərindən biri də bu sferada yaradıcı insanın özünün azadlığının qorunub saxlanılmasıdır. Siyasət istər – istəməz insanı məhdudlaşdırır, istər – istəməz düşüncələrə məhdudiyyətlər, əngəllər qoyur, sən istəsən də, istəməsən də, siyasətdə çərçivələrdən çıxa bilmirsən. Bu bütün cəmiyyətlərdə problem olaraq qalmaqdadır. Azərbaycan kimi xüsusən Sovetlər Birliyi adlı birməkandan çıxan, duyğularda, düşüncələrdə buxovlaşma gedən, hələ də bu buxovlardan, ətalətdən tam xilas ola bilməmiş, insan hüquq və azadlıqlarının sərhədlərinin tam olaraq müəyyənləşmədiyi, maarriflənməyə böyük ehtiyac duyulan cəmiyyətlərdə bu problem daha qabarıq şəkildə özünü göstərməkdədir. Təbii ki, bunun da subyektiv və obyektiv tərəfləri var. Bu bu və ya digər siyasi partiyanın, hakim elitanın ədəbiyyatdan, sənətdən öz məqsədləri üçün istifadə etməməsindən, onu azad və sərbəst buraxmasından nə qədər asılıdırsa, eləcə də ədəbiyyatçının istedadından şəxsi məqsədləri üçün istifadə etməməsindən də bir o qədər asılıdır. Bu normaları qarşılıqlı münasibətlər sistemi tənzimləməlidir. Mən bu gün bütün fərdi adların əleyhinəyəm, təbii ki, təqaüdlərin də əleyhinəyəm. Ancaq bununla yanaşı məsələnin başqa bir tərəfi də var.
-Bəs yaxşı yazarın sosial həyatı necə tənzimlənəcək?
- Yazarın sosial həyatının tənzimlənməsi üçün birinci növbədə ədəbiyyatın biznesə çevrilməsi vacibdir. Bu məsələ bir çox hallarda bir çox yaradıcı şəxslər tərəfindən birmənalı şəkildə qəbul olunmur. Iddia edirlər ki, yaradıcılıq biznesə çevrilə bilməz. Biznes heç də təhqiramiz bir ifadə deyil ki. Azərbaycan kitab biznesi formalaşdırılmalıdır. Kitab biznesinin inkişafına ciddi şəkildə sərmayə qoyulmasına şərait yaradılmalıdır. Orta məktəbdən başlayaraq uşaqlar kitab oxumğa alışdırmalıdır. Yəni, Azərbaycan kitaba qayıtmalıdır. ədəbiyyata qayıtmalıdır. Elmi əsərlərə qayıtmalıdır. Arxasında ciddi yük daşımayan informasiyadan qaçmalıdır. Ucuz şou maraqlarından çəkinməli və ciddi maraqlara qayıtmalıdır. Bu uzun prosesdir, amma ən azından buna başlamaq lazımdır. Biz zaman – zaman itirə – itirə gəlib çıxmışıq bu günə. Indi də başlamaq gec deyil. Hər hansı bir şəxs əgər hər hansı bir əsər yaradırsa, təbii ki, bu əsəri satmaq istəyir, onu əmtəəyə çevrilməsində maraqlıdır. Burda onun həm maddi, həm də mənəvi maraqları var. Bunun üçün isə təbii ki, biznes münasibətləri olmalıdır. O zaman əgər ədəbiyyat adamı müstəqil şəkildə özünün maddi təminatını təmin etməyi bacaracaqsa, onun nə fəxri adlara, nə də təqaüdlərə ehtiyacı olmayacaq. Bu baxımdan bu proses qarşılıqlı şəkildə həyata keçirilməlidir. Bunun da təbii ki, yolları var. Mən ədəbi birliklərin sayının artmasının tərəfdarıyam. Bunu fərdlər bir araya gələrək həyata keçirməlidirlər. Nəşriyyatların məqsədyönlü şəkildə maliyyələşdirilməsi, onlara uzunmüddətli, güzəştli kreditlərin ayrılması, kitab mağazalarının sayının artırılması bu qəbildən görülməsi vacib olan amillərdəndir. Kitabın təbliği istiqamətində yalnız bayram günlərində tədbirlər keçirilməməlidir. Bu proseslər gedərsə, Azərbaycanda bu sahələrdə nələrsə nail olmaq mümkün olacaq. Zamanı isə demək olmaz: bu beş il çəkər, on il çəkər?!…
-Siz nəşriyyatların inkişaf etdirilməsindən danışdınız. Bildiyiniz kimi bir müddət Rusiya naşirləri sarı və boz ədəbiyyatın nəşri ilə məşğul oldular. Kapital topladıqdan sonra isə onlar ciddiəsərlərin nəşrinə keçdilər. Məndə belə bir sual yarandı: ola bilməzmi ki, Rusiya kitab biznesinin keçdiyi yolu Azərbaycan nəşriyyatları da keçsin?! Bu mümkündürmü sizcə? Və bir də bu proses Rusiyada yaşandı, amma Azərbaycan yox?
- Birincisi, bu oxucu mədəniyyəti ilə bağlıdır. Mən Rusiya ilə azərbaycanı bu məsələdə eyniləşdirməyin tərəfdarı deyiləm. sovet dövründə də Azərbaycanda kitab oxuyanların sayı olduqca az idi. baxmayaraq ki, mütəmadi olaraq kitab bayramları keçirilirdi, hər rayonda, az qala hər kənddə kitab mağazaları mövcud idi, amma o zaman da oxucu kütləsi o qədər də çox deyildi. Rusiyada artıq iki yüz ildir ki, kitab insanların təbii tələbatına çevrilib. Kitab oxumaq artıq bir mədəniyyət kimi formalaşıb. Insanlar özlərini qəzetdən, kitabdan ayrı təsəvvür eləmirlər, edə bilmirlər.  Mən sizi əmin edirəm ki, əgər bu gün Azərbaycanda dediyiniz kimi sarı, yaxud dedektiv ədəbiyyat nəşr olunsun, onun da oxucusu çox olmayacaq. Çünki bizdə oxumağa meyl yoxdur. Baxın, Azərbaycanda ictimai nəqliyyatda repititor yanına gedən gənclərdən, məktəblilərdən başqa kimin əlində kitab görə bilərsiniz? Heç kimin. Repititorların əlində isə test kitabçaları var. onlar da məhdyd, sadəcə müəyyən suallara cavab tapmağa yönəldilmiş suallar və onların cavablrıdır.
-Bir neçə il bundan öncə azərbaycan ziyalıları arasında bir polemika başlamışdı. Bir qrup ziyalılarımız, konkret olaraq desək, Rüstəm İbrahimbəyov iddia edirdi ki, Bakıdan rusdilli elita gedəndən sonra Bakıda kitaboxuyanların sayı azaldı. Bir qrup ziyalılarımız isə israrla buna qarşı çıxırdı. Siz necə düşünürsünüz?  Həqiqətənmi hər şey Bakıdan rusdiıllilərin getməsi ilə başladı?
-Yanlış təsəvvürdür. Ümumiyyətlə, mən rusdilli anlayışını qəbul etmirəm. İstənilən şəxs, istənilən Azərbaycan Respublikasının vətəndaşı Azərbycan dilini bilməli və bu dildə sərbəst bir şəkildə danışmalıdır. Əgər bacarmırsa, bu onun milli təəssübeşlik hissindən uzaq olmasından irəli gəlir. Və özünü bu millətə aid etmir. Bu baxımdan mən buna anormal bir fakt kimi yanaşıram. Bir insan yeddi dil bilə bilər. Və Azərbaycanda kifayət qədər müxtəlif dillərdə danışa, yaza və oxuya bilən insanlar var. Onda gərək ingilisdilli anlayışı da olsun, almandilli anlayışı da olsun. Bu ümumiyyətlə məsələyə haqq qazandırmır. Məsələnin digər tərəfi var ki, rus dilində hər zaman geniş ədəbiyyat olub. Bu da təbiidir. Əvvəla, rus dilinin əhatə dairəsi çox böyükdür. Sovet dövründə çox böyük bir əraziyə şamil olunurdu. Təkcə SSRİ – ə daxil olan dövlətlərdə deyil, həm də digər sosialist dövlətlərdə də bu dil hakim idi. təbii ki, bu dildə ədəbiyyatın da dərc olunması çox asan idi. elə indi də çox asandır. Azərbaycan kimi kiçik bir respublikada kitab tapmaq, informasiya əldə etmək çətin idi. bildiyiniz kimi o zaman indiki kimi Türkdilli məkana da inteqrasiya da yox idi. rus dili hakim dil olduğu üçün özünün şərtlərini diktə edirdi. Bu gün də ruslar o tendensiyanı saxlayıblar. Təbii ki, təkcə rus dilini deyil, istənilən bir dili bilməyin mənfi bir tərəfi yoxdur. Mən rus dilində təhsil almışam, bir çox hallarda bu dili bilmək mənim çox karıma gəlir. Bu normal haldır. ancaq hesab etmirəm ki, rus dilində daim danışan azərbaycanlılar azərbaycan dilində daim danışan azərbaycanlılaran daha intellektualdırlar. Mən rus dilində də ədəbiyyat oxuyuram, müəyyən hallarda ingilis dilində də oxuyuram. Təbii ki, bizdə də bu gün ortaq dil barəsində müəyyən addımlar atılarsa və Türkdilli məkana inteqrasiya mümkün olarsa, bu sahədə ciddi addımlar atılarsa gələcəkdə Azərbaycanın da, Azərbaycan dilinin də, ümumilikdə isə türkcənin də əhatə dairəsinin genişlənəcəyinə şübhə etmirəm.
- Ortaq dil haqqında danışdınız. Ortaq dil nədir sizcə? Çünki indi hər kəsin özünəməxsus ortaq Türkcə anlayışı var…
- Mən ortaq Türkcənin zorakı yolla yaranmasının əleyhinəyəm. bunu belə görmürəm və görmək də istəmirəm. bu prosesi zamanın öhdəsinə buraxmaq, amma eyni zamanda bu istiqamətdə ciddi addımlar atmaq lazımdır. Bu gün deyək ki, bizim Azərbaycan türkləri ilə Anadolu türkləri arasında ciddi bir barier yoxdur. Və artıq Azərbaycanda demək olar ki, hər kəs, Türkiyədə isə müəyyən kəsim insanlar bir – birini gözəl başa düşür. Bunun üçün əsasən cəmiyyətin bir – birinə inteqrasiya etməsi lazımdır və vacibdir. Bunun üçün vacibdir ki, televiziya məknaında birgə verilişlər həyata keçirilsin. Bu baxımdan İctimai Televiziyanın yaratdığı “Yeni gün” proqramı var və bu hal olduqca təqdirəlayiqdir. Sadəcə olaraq bu prosesi genişləndirmək lazımdır.
-Qayıdaq ədəbiyyata… Bu günkü çağdaş Azərbaycan ədəbiyyatında gedən prosesləri izləyə bilirsinizmi?
- İzləyirəm. Deyim ki, xüsusi olaraq bütün günümü ədəbiyata həsr edirəm, yox, çünki buna nə imkanım, nə də vaxtım var. vaxt olduqca tədbirlərdə iştirak edirəm, yeni yazarların kitablarını oxuyuram, içərisində xoşladıqlarım da var, xoşlamadıqlarım da. Üslublarını qəbul etməyib xoşladıqlarım da kifayət qədərdir. Söhbət potensialdan, istedaddan və enerjidən gedir. O baxımdan mən istər Azərbaycan dilindən mükəmməl istifadə etmə baxımından, istərsə də söz vasitəsi ilə bir rəsm əsəri yaratmaq baxımından müasir Azərnbaycan gəncliyini daha öncəki nəsillərdən daha üstün hesab edirəm. Müasir Azərbaycan gəncliyi daha istedadlıdır, daha gözəl yazır və daha çox bu dildə yazır.
- Bu gün Azərbaycan ədəbiyyatı Biləcəridən o yana keçə bilməməkdən şikayətçidir. Sizcə, onun qarşısını kəsən ən böyük amil nədir?
- Azərbaycan ədəbiyyatının Azərbaycan cəmiyyətinə inteqrasiyası lazımdır ilk öncə. Ədəbiyyat ən azı bu gün cəmiyyətin müxtəlif təbəqələrini əhatə etməlidir. qidaya çevrilməlidir. Biz bu gün əgər ölkəmizin sərhədləri çərçivəsində biznes qura bilmiriksə, öz kitabımızı sata bilmiriksə, bu kitabların xaricdə təbliğinə və satışına necə nail ola bilərik? Zənnimcə, heç cür.
- Titulları bir səhifəyə sığmayan insanlar niyə sizcə adlarının yanına yazar, ya da şair yazdırmaq kompleksinə yuvarlanırlar?
-İnsan doğulanda şair doğulur, sonradan şair olmaq isə mümkün deyil. Ancaq qəribə bir tendensiya var ki, Azərbaycanda bəzi şəxslər millətvəkili seçiləndən ya da hansısa vəzifəyə keçəndən sonra şeir yazmağa, yaxud da ümumilikdə ədəbi əsərlər qələmə almağa başlayırlar. Sözün doğrusu məsələnin mahiyyətini anlaya bilmirəm. Əgər sən ədəbiyyat sahəində şöhrət qazanmaq arzusunda idinsə, öncədən bu prosesi davam etdirəydin, indi orta məktəb şagirdinin səviyyəsində yazmağının nə mənası var? Onu müxtəlif vasitələrlə bəzəyib, xalqa sırımağın mənası nədir? Niyə baş verir bütün bunlar? Sözün doğrusu, bu mənim üçün tamamı ilə anlaşılmaz bir haldır. Mən insanların rəsm çəkməsinə, şeir yazmasına pis baxmıram. Normaldır, yazsın, çəksin. Amma primitiv, bəsit bir əsərin müxtəlif vasitələrlə şişirdilib, şedevr kimi cəmiyyətə təqdim olunması sadəcə absurddur. Bu bütün dəyərlərə meydan oxumaqdır. Insan bir ətrafına baxar, özündən qat – qat gənc olan insanların yazdıqlarına baxar və utanar.
-Fikir verirsinizsə, bu gün ədəbiyyatda anarxiya var…
- Ədəbiyyatda hər zaman anarxiya olub. Məgər ədəbiyyatı idarə etmək mümkündür ki?
- Amma onu idarə etmək eşqinə düşənlər var…
- Azərbaycan ədəbiyyatını idarə etməyə çalışanlar Sovet dövrü ədəbiyatından başqa bir şey formalaşdıra bilməyəcəklər. Ideoloji yaranacaq. Ədəbiyyat idarə edilə bilməz, ədəbiyyat sadəcə tənzimlənə bilər…
Söhbətləşdi: Oktay Hacımusalı                       http://yazarklub.org/

Комментариев нет:

Отправить комментарий