09.11.2011

Habil Yaşarın ictimai, siyasi və fəlsəfi şeirləri


                              Çəkirik.

Bu dünyada kim nə bilir,kim nə çəkir,
Bilinməzi kimsə bilməz,kimsə çəkir,
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,
Çəkiləsi sevinc deyil,dərd çəkirik.

Bu dünyada insanlığın üzü qara,
Beş sözünün ikisi ağ,üçü qara,
Öz rəngindən utanıbdı özü qara,
Bəyazı da qaralayıb,xətt çəkirik.

Bu dünyada kim deyir ki,azdı yanan,
Yüz illərdi Kərəm üçüm sazdı yanan,
Doğulandan ölənədək sızıldayan,
Könüllərin gülüşünə sədd çəkirik.

         DÜNYA.

Gəlməz özünə dünya,
Getməz düzünə dünya,
Gülüb üzümə dünya,
Ağladıb belə məni.

Yamanca kordu dünya,
Yaxşıya gordu dünya,
Məni də yordu dünya,
Çərlədib belə məni.

Gözümə baxa bilməz,
Yaş olub axa bilməz,
Sonuma çıxa bilməz,
Öldürüb belə məni.

Həya üzündən güdib,
Nuru gözündən güdib,
Vallah özündən gedib,
Çaşdırıb belə məni.

DÜNYA ÖZÜN BOYDA DƏRD VERDİN MƏNƏ.

Dünya özün boyda dərd verdin mənə,
Bu yükü çiynimdə daşıyıram mən.
Götürsən bu yükü çiyinlərinə ,
Görərsən ah necə yaşayıram mən.

Dünya özün boyda kədər payını,
Sən mənim ömrümə tuş eyləmisən.
Süzüb badələrə içib qanımı,
Mənim sağlığıma nuş eyləmisən.

Dünya özün boyda kədərin,qəmin,
Bir özün boydada göz yaşların var.
Necə qəribədir sənin aləmin,
Haqlı da,haqsız da savaşların var.

Dünya özün boyda dərd yuvasısan,
Bu evi uçurub,dağıtmaq olmur.
Sinəmi min yerdən yaralayıbsan,
Elə bir yara ki,sağaltmaq olmur.

Dünya özün boyda dərd okeanı,
Sonsuz fırtınalar ocağısanmış.
Yaxşı tanımazdım mən bu dünyanı,
Sən demə ilanlar qucağısanmış.

                  Xəzər.

Bu gün sahilində dayanacağam,
Səninlə söhbətə gəlirəm, Xəzər.
Sirrimi tək sənə mən açacağam,
Səndə pənahımı gəzirəm, Xəzər.

Sən də dalğalısan illər boyunca,
Mənim ürəyim tək dayanmayırsan.
İnsan rahat olur həmdərd olunca,
Nədəndi dərdimə inanmayırsan?

Nəhəng olmağınla öyünmə, Xəzər,
Mənim dərdlərimdən böyük deyilsən.
Alarsan qoynuna o səni əzər,
Götür dərdlərimi götürə bilsən.

Sevin ki, başına dolanır quşlar,
Mənimsə başıma dolanan hanı?
Sənin üzərinə yağan yağışlar,
Mənim göz yaşımdır gəzir dünyanı.

Ulduzlar bərq vurur suyunun üstə,
Ləpələr şirin bir nəğmə söyləyir.
Mənsə dayanmışam ürəyi xəstə,
Dərdlərin əlindən içim inləyir.

Demə paxıllığım tutacaq sənə,
Paxıllıq deyilən o mənə yaddır.
Baxsan ürəyimin dərinliyinə,
Bir deyil min Xəzər sıxışacaqdır.

                        ALLAH.

Bu bahar ömrümə bir sazaq düşüb,
Qışmı yaşayıram,baharmı Allah?
Ayrıldıq araya bir ocaq düşüb,
Mənmi alışıram,o yarmı Allah?

Özüm öz içimdə əriyən mənəm,
Ağlayıb,sızlayıb,göynəyən mənəm,
Min yükü çiynimə götürən mənəm,
Haqmı daşıyıram,nahaqmı Allah?

Səhərin dan yeri açılan deyil,
Yoluma bir işıq saçılan deyil,
Yazılan yazılıb pozulan deyil,
Ağmı yaşayıra,qaramı Allah?

Elə bir yerdəyəm gəl apar mən,
Tikansız bir güləm dər qopar məni,
Haraya getsəmdə dərd tapar məni,
Dərdmi xoşlayıram,vüqarmı Allah?

Həsrətin əlindən əldən düşmüşəm,
Ağızdan düşmüşəm,dildən düşmüşəm,
Deyəsən mən yerə göydən düşmüşəm,
Düzmü danışıram,yalanmı Allah?

                    YUXULAR.

Yuxular həqiqət olsaydı əgər,
Arzular,xəyallar gərəksizləşər,
Bir heçə dönərək məhv olacaqdı
Insan yuxularla yaşayacaqdı.

Kiminin yuxusu sevinc dolusu,
Bir deyil,min dəfə görmək arzusu,
Onun ürəyinə taxt salacaqdı
Insan yuxulara aldanacaqdı.

Kiminin yuxusu həsrət qoxulu,
Həyatın özütək oda qorxulu,
Bir daha yuxular görməsin deyə
O nifrət edərdi yuxu görməyə.

Yuxular qəribə xoş,dəhşət kimi,
Biz onu görürük həqiqət kimi.
Yuxunu həqiqət sandığımızdan,
Onu axtarırıq zamanbazaman,

Yuxular həyatın özündə həyat,
Bəzən həyacansız,bəzən narahat.
Bir günü özünə sevdirir bizi,
Bir günsə sındırır ürəyimizi.

               QARA BULUD.

Qara bulud,
Qara bulud,
Məni unut…


Qara bulud,
Dərdin-qəmin,
Simgəsi,
Məzarların,
Rəngisən…

Qara şərin rəngisən,
Qara illərin rəngi.
Bəşərin qənimisən.
Ayrılıq sən,
ölüm sən
iztirab sən
zülüm sən.
Qara düşərli olmur

Qara bulud
Qara buulud
Mən qaranı unut…

                   Qabırğalar...

Qabırğa bədənlərin
ayağı altında titrəyir

Qabırğa bədənlərin
Qabarlı əlləri
Göyə açılı

Qabırğa bədənlərin
Qırış-qırış olmuş alınlarından
Zəhmət suyu tökülür,
Qabarlı əllər,
Yumurlanıb bükülür.
Qabırğalar qabar-qabar əllərini
qaldıraraq
qışqırırdı qaba-qaba.

                                MƏMLƏKƏTİM.

Mən doğuldum şaxtalı,boranlı qış axşamı,
Mən doğuldum alovlar,odlar məmləkətində.
Mən doğuldum tanıyım vətənimi,anamı,
Mən doğuldum onlarla bağlı səadətimdə.

Yaşayıramsa demək borcluyam bu torpağa,
İliyimdi,qanımdı,canımdı məmləkətim.
Bu gün döyüş olarsa vətəni qorumağa,
Hazır bütün varlığım,hazır bütün xislətim.

Ölərəmsə vətənin uğrunda ölmək mənə,
Ölümlərin ucası şəhidlik gətirəcək.
Mənim doğma torpağım Azərbaycanım yenə,
Dastanlara sığmayan oğullar yetirəcək.

Mən doğuldum tər-təmiz ədalət ölkəsində,
Ürəyi sevgi dolu,məhəbbət ölkəsində,
Günəş kimi parlayan həqiqət ölkəsində,
Mən doğuldum əbədi səadət ölkəsində

                       Hələ.

Bir ah çəkməyimlə quruyar dünya,
Hələ çəkməyirəm,dözürəm hələ.
Bir kəs axtarıram qoruyar dünya,
Hələ axtarıram,gəzirəm hələ.

Mənim dərdlərimin yaşı az deyil,
Dünyayla bərabər doğulub dərdim.
Onun kefi kimi,kefim saz deyil,
Dərdləin əlindən yorulub dərdim.

Dünyanın gözündən düşməyib hələ,
Qalıb boğazımda ilişən dərdim.
Dünya dərdim kimi bişməyib hələ,
Kömür tək alışıb,közləşən dərdim.

                        AĞAC.

 Nə gec yetişir bu ağac,
 Niyə belə gec böyüyür budaqları,
 Sərin mehdən töküləcək yarpaqları.
 Səbəb birmi, ya ikimi
 Bu ağacın kökü bəlkə su görməyib.
 Bircə damla suya möhtac sanki ağac,
 Birdən-birə böyüyəydi kaş ki, ağac.
Daha gecmi yetişəcək,
Düşünürəm dərin-dərin.
Bu ağacda gözü qalıb,
Ola bilsin
neçə-neçə
bədgözlərin.
 Dərdin nədir, desən, ağac,
 Dərmanım yox verəm, ağac.
 Bəlkə bizdən incimisən-
 saxlayırsan ürəyində.!?
 Etinasız yanaşmışıq. -
 Budağından,
                 yarpağından
 qıra-qıra
 böyüməyə qoymamışıq.
 Ya özündən incimisən.
Qabığında qırış-qırış
                           cadar-cadar
öz içindən yeyir bəlkə səni qurdlar.
Mən nə bilim, nə söyləyim,
Ola bilər tamam şair sözü.
Amma onu bilirəm ki,
Ağac kimi göz önündə
yavaş-yavaş məhvə gedir
dünya özü...

                         Hər kəsin üzündən tökülür ölüm.
               
Hər kəsin üzündən tökülür ölüm,
Heç kəsin üzünə baxa bilmirəm.
Hər kəslə sevgimi razıyam bölüm,
Heç kəslə dərdimi bölə bilmirəm.

Hər kəsin heç kimə çatmayır gücü,
Heç kəsin hər kəsə məhəbbəti yox.
Hər kəsə sirrimi söylərəm düzü,
Heç kəsin sözünə sədaqəti yox.

Hər kəslər,heç kəslər dünyası nağıl,
Heç kəs bu kitabı oxumayacaq.
Yaşama ey dünya yaşama dağıl,
Yaşasan ədavət yox olmayacaq.

            Ölümümə ağı.

Üzüm üşüyəcək torpak yerinə,
Bu soyuq üzümə vuracaq mənim.
Hopub sümüyümə,iliklərimə,
Soyuqdan donacaq düşüncələrim.

Soyuqdan donacaq düşüncələrim,
Duyğular hissindən uzaqlaşacam.
Belə başlayacaq qara günlərim,
Hər gün zərrə-zərrə yazıqlaşacam.

Hər gün zərrə-zərrə yazıqlaşacam,
Görkəmim,bədənim yazıqlaşacaq.
Özümdə bilmədən torpaqlaşacam,
Torpağın üzü də soyuqlaşacaq.
                    
                         Körpə dilənir.

Görürəm mən nələr,görmürəm Allah,
Ağlıma gəlməyən,başıma gəlir.
Niyə yaşayıram,ölmürəm Allah,
Böyüklər bir yana,körpə dilənir.

Əl açıb yalvarır,körpə dil tökür,
Bir tikə çörəyə ehtiyacı var.
Mənimsə qəlbimə qaranlıq çökür,
Necə yaşayacaq həyatı onlar.

İstehza baxışlar,acı gülüşlər,
Hədəf qızcığazın üzərindədir.
Adamın başına göydən daş düşər,
Bu körpə balanın günahı nədir?

Dilənir bir mələk,günahsız bəndə,
Heç kəsə bu tale qismət olmasın.
Ağlayım eybi yox,mən öz içimdə,
Amandır körpələr qoy ağlamasın.

Körpənin gününə yanır ürəyim,
Xəcalət çəkirəm utandığımdan.
Yaşamağa haqqım varmıdır mənim,
Bir insan taleyi məhv olur aman.

                 Dözürəm hələ.

Dözürəm yana-yana
bu dəcəl dünyanın ərköyünlüyünə.
ərköyün olduğu qədərdə
tərsliyinə,
               inadına.
Bir-birinin əksi olan
mənfisinə, 
                müsbətinə.
düzlüyünə,
                 əyrisinə.
Dözürəm hələ ki,
Etibarsız dünyamızın cahilliyinə.

Qəlbimin yağını yeyə-yeyə dözürəm,
Saxta insanların,
saxta məhəbbətlərinə.
Sevgini ehtirasa çevirən,
“leyli”,”məcnunların” əyləncəsinə.
Ana adına ləkə gətirəcək,
bəzi qadınların fahişəliyinə.
Onları bu yola düçar edən,
bəzi kişilərin vəhşiliyinə.
Dözürəm hələ ki,
əxlaqsız dünyamızın ədəbsizliyinə.

Qanım qarala-qarala dözürəm,
Körpə uşaqların
işıqsız sabahlarına.
Oxumaq əvəzinə,
veyil-veyil gəzən yeniyetmələrin
səfilliyinə.
Tinlərdə siqaret çəkib,
intihar edənlərin mənəviyyatsızlığına.
Dözürəm hələ ki,
Savadsız dünyamızın rəhmsizliyinə.

Əllərimi sinəmə sıxa-sıxa dözürəm,
Mənliyini,
              keçmişini
unudanların iradəsinə.
Müasirlik adı altında,
manqurtlaşan,    
                      heyvanlaşan
beyinlərin düşüncəsinə.
Dözürəm hələ ki,
Unutqan dünyamızın huşsuzluğuna.

Dözürəm min bir əzab çəkə-çəkə,
göz yaşımı tökə-tökə,
Qarabağın yoxluğuna.
Varlığımın varlığından utanıram.
Gündə min yol
bu dünyada yaşamağa haqqım yoxdur
deyə-deyə
bu dünyadan qovuluram.
Dözürəm hələ ki,
bu haqsız dünyamızın tərəfkeşliyinə.

Dözürəm,
dözümün də,
                    səbirin də,
sonu vardır bu dünyada.
Güman sabah dözməyəcəm,
Dözə-dözə ölməyəcəm,
Mən dözürəm deməyəcəm,
Ola bilər,
Düşünürəm özümdə
Gün gələcək
tükənəcək  
                dözümümdə.

                      Ağartmayıb.

Mənə dərd verən Allah,
Dərmanın unutmayıb.
Qəlbimi görən Allah,
Rəhmətin azaltmayıb.

O, rəhmandır,rəhimdir.
Hər bir işdə kərimdir,
Yaratdığı elmdir,
Boşuna yaratmayıb.

O bilər niyyətləri,
Eşidər söhbətləri.
Sirlidir hikmətləri,
Tam açıb ağartmayıb.

                 Soyuyub.

Soyuyub bu dünya,
Yumruq boyda ürəkləri
isidə bilməyəcək qədər soyuyub.
Havası soyuyub,
            rəngi soyuyub.
Mənası,ahəngi,
nəyi varsa soyuyub.
Bu soyuq deyəsən həddini aşıb,

Dünya soyuyaraq həddini aşıb.

                  Türkün səsi.

Türkün səsi...haqdan gələn bir səda,
Bu sədanı eşitməli,duymalı.
Haqq bağıran bir xalq varsa dünyada,
O da türkdür,türkə dəstək olmalı.

Türkün səsi...öz səsindən tanınar,
Özgə səslər bu sədaya bənzəməz.
Ədaləti yer üzünə yayanlar,
Haqsızlığa göz yumaraq gəzəmməz.

Türkün səsi...peyğəmbərin duası,
Amin deyən milyon dillər var olsun.
“Əzəl-axır dünya türkün dünyası”,
Yer üzünə haqq səsimiz car olsun.

Türkün səsi...xoş məramlı bir səda,
Bu səs ilə dünya üzün güləcək.
İnsanlıqdan uzaqlaşan dünyada,
“Mutlu günlər” türk oğluyla gələcək.

          Mən də dilənçiyəm.

 Gözümü açandan axtarışdayam,
 Yaş töküb mərhəmət umuram bəzən.
 Gah ərişdi yolum,
 gah
 arğacdayam,
 Bir soyuq baxışdan donuram bəzən.
Çıraq axtarıram qaranlıqlara,
İşıqlı,
nurlu
bir yer axtarıram.
O yerdə yenidən qurulan dünya
Bir könül sultanı, pir axtarıram.
 Mənim axtardığım nədir, soruşsan –
 Özümçün heç bir şey,
 dünya
 deyirəm...
 Eşq, Ürək, Həyəcan, Sevda deyirəm,
 Mənim axtardığım Odur sonunda...
Axtara-axtara gəzirəm hələ,
Yolları-yollara qatıb gedirəm.
Hələ tapmayıram axtardığımı,
Axtara-axtara itib gedirəm.

                       Nigaran tabut.

Kədər-gözlərdən süzülüb gələn
Yanğıların sübutu.
Ölüm-çəkilən əzabların
Bir andaca sükutu.
İnsafdan deyil axı
Bu qədər yormaq olmaz
Gözləri yolda qalan
Nigaran tabutu.
          
                          Ölən torpaq.

Cadar-cadar
Quruyurdu torpaq
Havanın dözülməz hərarətindən
Və canında hiss edirdi
Susuzluğun yanğısını.
Göyə zillənirdi baxışları,
Həzin-həzin,
su dilənirdi
buludların topasından,
partdaq-partdaq dodaqları.
Buludlar simic kimi
Diriltmirdi
ölü torpağı olan
quraqlıqları.

                        Xocalı.

Boranlı qış gecəsi,soyuq fevral axşamı,
O gecə yaşananlar,titrədirdi adamı.
Xocalı faciəsi günlər içrə ən acı,
Qana susayanların qan idi ehtiyacı.
Qəfildən basqın edib gecəni dan etdilər,
Yurdumu,torpağımı qana qəltan etdilər.
Bir tərəfdən tank səsi,bir yandan ah-nalələr,
Buluddan yağış kimi,yağdırıldı güllələr.
O gecə qarışmışdı,necə insan-insana,
Şəhid övladı üstə bağırırdı bir ana.
“öləydim bu gününü görməyəydim mən sənin,
Səni vuran əlləri,quruyaydı düşmənin”.
Bir tərəfdə qızcığaz,ağlayırdı durmadan,
Göz yaşları içində,boğulurdu ay aman.
Düşmən məhəl qoymayıb məzlumların halına,
Elə hey şığıyırdı-şığıyırdı dörd yana.
Baxmayaraq körpəyə,nə qocaya,qarıya,
Hər kəsi məhv edirdi o hayqıra-hayqıra.
Nələr-nələr olmadı nələri yazım axı,
Düşmənlər uutmuşdu,insanlığı,Allahı.
Bu səhnəni yaradan nə iblisdi,nə şeytan,
Ürək ağrıdan budu,zalım insandı,insan.
O insan ki,məhəbbət mayasında,qanında,
Demək bunlar da varmış insanlığın canında.
Onlara insan demək...onlar hara,bu hara,
Insanın siması ağ,onların üzü qara.
Unutdurma,unutma millətim Xocalını,
Gün gələcək alarıq onun intiqamını.
Nə qədər ki,qız,gəlin əsirdədir düşmənə,
Yaşamaq haram olsun hamıya,sənə,mənə.
Xalqımın sinəsinə çəkilibsə bu dağlar,
Bu qanlı faciəyə göy kişnər,bulud ağlar.
Ruhdan düşmə yenədə şükürlər ana yurdum,
Keşiyində durubdur,dağ kimi milli ordum.
Yeriyəndə titrəyir addımından dağ-dərə,
Qələbə bizimlədir,alqış xoş qədəmlərə.
Üç rəngli bayrağımız,asılacaq ucadan,
Laçından,Kəlbəcərdən,Şuşadan,Xocalıdan.
Qarabağda səs salsa azəri oğulları,
Onda bizi bağışlar babaların ruhları.
Hər kəs bir dildən desin,hər kəs söyləsin Amin!
Bütün xoş arzuları Allah qəbul eyləsin.

Habil Yaşar

Комментариев нет:

Отправить комментарий