09.11.2011

Əsəd Qaraqaplan. Nobel nitqi


Qara Qaplanın tənhalığı
Hörmətli Akademiya üzvləri!
Heç bilmirəm sizə necə təşəkkür edim. Allah sizin canınızı sağ, ömrünüzü uzun, ölənlərinizə rəhmət eləsin. Heç neyləyim, necə eləyim deməyəsiz. Allah sizi qada-bəladan uzaq eləsin. Subaylarınızdan görəsiz, oğullu-qızlı olasız.
Siz ki bu gül cəmallı Nobeli mənə verdiz, Bakıdan dəyər-dəyməzinə aparıb varlandığınız neft halal xoşunuz olsun.
Allah sizi əzizlərinizə bağışlasın. Allah cəmi Əli şiəsinə rəhm eləsin, siz də onun içində.
İşığımızı, qazımızı, suyumuzu kəsmişdilər. (Əslində hər şeyimizi kəsmişdilər.) Arvadım 8 uşağımızı da götürüb dədəsinin xarabasına (özü belə deyir) getmişdi. Qohum-əqaraba, dost-tanış hamısı məndən üz döndərmişdi. Hətta son vaxtlar dükançı da nisyə mal vermirdi. Evdə heç kondissanerimiz də yox idi.
Allah sizi işığından, qazından, suyundan, nisyə malından, kondissanerindən uzaq eləməsin.
Allah sizə arvadınızın 8 uşağı da götürüb dədəsinin xarabasına getməsini göstərməsin. Allah sizə qohum-əqaraba, dost-tanış dağı çəkməsin. Amin Allah.
Sizə qurban olum, ayağınız altda ölüm. 8 balam sizə qurban olsun. Siz olmasaydız, mən neyləyərdim…
Utandığımdan kənddəki evimizə də gedə bilmirdim. Qardaşlarım, bacılarım üzümə tüpürür, dədəm-nənəm, qohum-əqraba – hamısı birlikdə üstümə düşür, məni söyüb yamanlayır, səfeh adlandırırdılar. Hətta çox vaxt iki əlini başıma çırpıb deyirdilər: “Kül kişi başına. Tay-tuşlarına da bax, özünə də. Boyuvu yerə soxum sənin. Heç utanıb ölürsən…”
Mən də bütün bunlara dinməz-söyləməz baxır, heç nə deyə bilmirdim. Guya nəsə deyə bilərdim… Neyləsinlər, 8 uşaqdan bir dənə mən ali təhsilliydim, mən də belə.
Allah sizi Avropanın göbəyindən, oturduğunuz rahat qoltuqlardan, yığdığınız pullardan əksik etməsin. Allah sizə can sağlığı, uzun ömür versin.
Mən bilirəm pulsuzluq nədi. Evdəkilər, qohum-əqraba, dost-tanış həmişə məni pulsuz görəndə – başqa cür də görə bilmirdilər – üzümə tüpürüb soruşurdular: “Hələ də şeir yazırsan?” Mən “hə” deyəndə yenə üzümə tüpürür, uzaqlaşıb gedirdilər.
Hətta evdə arvadım başıma tavadan, qazandan çırpıb, deyirdi: “Uşaqların qarnını şeirlə dolduracam? Allah sənə lənət eləsin. Sənə gəldiyim, səninçün uşaq doğduğum günə qara daş düşəydi. Kaş Allah sənin o qələmini sındırıb gözünə soxaydı, olaydın kor, mən də canım dincələydi”.
Sonra əsəbi-əsəbi oranı-buranı dağıdır, uşaqları çırpır, deyinə-deyinə bütün günü baş-beynimi aparır, arada yenə gəlib qarşımda dikilir, deyirdi: “Camaatın kişilərinə bax, öl, yerə gir. Arvadlarına day nələr alımırlar! Qızıl, gümüş, briliyant, şuba, bahalı paltarlar, ətirlər, kosmetkalar… hətta öz maşınları olur, arvadlarına da maşın alırlar, həm də son model. Utanmırsan, sənin heç atın da yoxdu…”
Allah sizdən razı olsun. İndi, şükür Allaha, hər şey yaxşıdı, hər kəs mənlə mehribandı. Sağ olsunlar. Allah onların da canın sağ eləsin, ömürlərin uzun.
İndi qonaq əlindən evdə tərpənmək olmur. Hələ kənddən gələn yeyib-içməyi demirəm. Anam hardasnsa motal pendiri də tapıb gətirib bizə. Bizim kənddə motal pendiri olmur. Yəqin nobelçi balasının xətrinə düzü-dünyanı gəzib tapıb.
Allah sizi qoşa qarıtsın, bir yastıqda qocaltsın. Siz olmasaydız, mən neyləyərdim!
Aravadım da, şükür Allaha, mənlə çox mehribandı indi. Deyir: “Şair, orda oturma, burda otur. Canın nə istəyir, de bişirim. Şirniyyat istəmirsən? İndicə badımcan dolması bişirmişəm, gətirim? Hey, Səftər (böyük oğlumuzu deyir), tez qaç atana bir paçka “Parlament” al gətir. “Vest” sinəsinə düşmür, öskürür”.
Sonra arvad yanaqlarımdan tutub, uşaq kimi məni nazlayıb deyir: “Ay Allah, bundan beş dənə ver, göydə uçan quşlara ver. Birdənəmsən eee…. Pis-pis-pis. Şirinimsən. Dədəm-nənəm sənə qurban, ay şair!”
Allah sizin də evlərinizdən ruzi-bərəkəti, mehribançılığı əksik etməsin. Ömrünüz bahar kimi gül-çiçəkli olsun.
Mən həyatımdan razıyam. Şükür Allaha. Sayənizdə mən də kişi oldum, çıxdım ortaya. Yoxsa neyləyərdim! Balalarımın, arvadımın, qohum-əqrabanın, dost-tanışın üzünə necə baxardım!
O şəxslər ki Nobel verər, fağır-füğaraya pul qazandırar, onlar sorğu-sualsız cənnətə düşərlər!
O şəxslər ki adamı arvad tavasından, qazanından, qohum-əqarba, dost-tanış söyüşündən, işıq, qaz, su pulundan uzaq edərlər, onlar Allahın ən sevimli qulları olarlar!
O şəxslər ki namaz qılıb, oruc tutarlar… yox, bu yox idi…
Balalarım sizə qurban, ay İsveç Akademiyasının üzvləri! Allah sizi dönə-dönə xəta-bəladan uzaq eləsin! Sizə min dəfə qurban olum, ayaqlarız altda ölüm!
Vallah söz tapmıram deməyə. Allah sizi başımız üstündən əksik etməsin! Amin Allah!

merkez.az

Комментариев нет:

Отправить комментарий