16.11.2011

Qlobal təcavüz strategiyası


Elçin Bayramlı

Və ya “Sem dayı”nın dünya ölkələrində “parçala hökm et” siyasəti

Hazırda Vaşinqtonun dünyada yeritdiyi aqressiv hərbi siyasət Amerikanın dünyada birinci güc ölkəsi kimi daha uzun müddətli qalmasına xidmət edir. Bu bölgələrdə son illər ABŞ-ın müdaxiləsi böhranlardan və müharibələrdən başqa heç nə vermədi. Dünya jandarmı vəzifəsinə özbaşına yiyələnmiş “samozvanets” dövlət çökməkdə olan iqtisadiyyatını xilas etmək üçün dünyada durmadan xaos və müharibə ssenariləri hazırlayıb həyata keçirir.

Demokratiya adı altında korparativ maraqlar

Amerikanın regiondakı xarici siyasətini daha yaxşı anlamaq üçün amerikalı politoloq Cozef Nayin işlətdiyi "hard power" (sərt güc) və "soft power" (mülayim güc) anlayışlarına istinad edək. Əgər Birləşmiş Ştatlar əsl düşməni məğlub etmək üçün zəruri iqtisadi və hərbi gücə (hard power) malik deyilsə, o zaman "mülayim gücə" (soft power) əl atır.
Bu isə bir dövlətin mədəniyyət və ideologiya vasitəsilə digərlərinə öz iradəsini qəbul etdirmək bacarığıdır. Vaşinqton bu gün regionda daha çox yumşaq gücdən istifadə edir.
Hazırda Amerika xarici siyasətini 2 əsas komponent təşkil edir: demokratiya və iqtisadi maraqlar. Demokratiya məsələsi, daha doğrusu bu ad altında yürüdülən korparativ siyasət Vaşinqtonun xarici siyasətində həmişə güclü rol oynayıb və beynəlxalq vəziyyətdən asılı olaraq, gah strateji xarakter alıb (İkinci Dünya müharibəsindən sonra), gah da əksinə.
SSRİ dağıldıqdan sonra münasibətlər dəyişdi. Amma Amerikanın xarici siyasəti “demokratik keçid prosesinə yardım”ı əsas missiya kimi təyin etdi. Klinton administrasiyasının hakimiyyətdə olduğu birinci dövrdə bu məsələ prioritet idi. Həmin dövrdə onlar, xususilə, Rusiyaya diqqət yetirdilər. Çünki bu dövləti Qərb dəyərlərinə cəlb etmək əsas məqsəd idi. Yeni müstəqil dövlətlərə isə maraq azalmışdı.
Klintonun ikinci prezidentliyi dövründə, xususilə 1996-cı ildən Amerika xarici siyasəti açıq imperial xarakter aldı və dünyanı öz nəzarəti altında saxlamağa çalışdı. Həmin vaxtdan özünün hərbi və enerji potensialına görə Rusiya Amerikaya güclü rəqib sayılan ölkəyə, yeni müstəqil dövlətlər isə əksinə, strateji tərəfdaşlara çevrildilər.
Moskva həm Çin və Hindistanla, həm də Qərbi Avropa ölkələri ilə yaxınlaşaraq ABŞ-a qarşı rəqib rolunu oynayır. Amerikanın yeni siyasəti, məşhur politoloq Zbiqnev Bjezinskinin yazdığı kimi, Rusiyanı kənarlaşdıraraq onun Avrasiyada bütün hərəkət imkanından məhrum etmək niyyəti daşıyır.
Bunun üçün Vaşiqton bir tərəfdən Qərbi Avropa və Rusiya arasında yaxınlaşmağa mane olmaq üçün Moskva ilə müəyyən gərginlik səviyyəsi saxlamağa, digər tərəfdən keçmiş SSRİ respublikalarının Rusiyaya qarşı düşmən mövqeyə keçməsinə çalışır.

Rusiyanı zəiflətmək siyasətinin yeni konturları

Rusiyanı zəiflətmək üçün amerikan beyin mərkəzləri yeni "rəngli inqilablar" nəzəriyyəsini hazırladılar. Məqsəd isə Rusiyanı regionda izolyasiya etməkdən və qonşu ölkələrlə belə normal münasibətlərinə imkan verməməkdən ibarətdir.
Bunun üçün onlar dolayısı ilə yeni müstəqillik qazanmış respublikalarda “demokratik” inqilabların həyata keçirilməsinə yardım edirlər. Sonra isə onların Qərb dünyasına inteqrasiyasına köməklik edərək konkret bu ölkələr üzərində öz təsir imkanlarını gücləndirirlər və Moskvanın təsirindən uzaqlaşdırırlar.
Bu, əslində hələ 1940-cı illərdə tarixçi-diplomat Corc Kenan tərəfindən hazırlanmış və SSRİ-yə qarşı yönəldilmiş köhnə "containment" (şaxələnməyə imkan verməmək) siyasətinin yeni formasıdır.
Məqsəd həmişəki kimi, Rusiyanı izolyasiyada saxlamaqdır. Bu siyasət regionda qeyri-sabitliyi artırır və Rusiyanın öz siyasətində sərt addımlar atmasına gətirib çıxarır. Bu siyasət regionda Amerika-Rusiya ziddiyyətlərini artıra, region ölkələrində sabitliyə və iqtisadi inkişafa mənfi təsir göstərə bilər.
Paradoksal hal ondadır ki, bir çox Avropa politoloqu iddia edir ki, əslində demokratikləşmə prosesi heç də Amerikanın marağında deyil. Çünki əgər demokratiya hər yerdə bərqərar olsa, bu zaman ABŞ bir hərbi güc kimi dünya ölkələrində təsir imkanlarını itirəcək və adi demokratik bir ölkəyə çevriləcək.
Bu halda ABŞ-dan demokratik və liberal dövlət olması istəniləcək, ondan hərbi texnikasını demobilizasiya etmək və strateji nöqtələrdən geri çəkmək tələb olunacaq (Böyük Britaniya və Fransa imperiyaları bir vaxtlar bu prosesi yaşayıblar).
Məhz belə bir vəziyyət Amerikanın strategiya sahəsindəki mütəxəssislərini Amerikanı, "zəruri dövlət" kimi təqdim etməyə, Qərbi Avropanı, Çini və Yaponiyanı öz təsirləri altında saxlamaq üçün yeni vasitələr tapmağa vadar edir. Çünki Amerikanın özünün iqtisadi və siyasi səviyyəsini saxlamaq üçün böyük dövlətlər üzərində siyasi təsirini saxlaması zəruridir.

 Dünya əhalisinin boynuna minmiş amerikalılar

 1990-cı ildən 2010-ci ilə qədər Amerikanın ticarət dövriyyəsinin 100 milyard dollardan az qala 1 trilyon dollara qədər çatması sübut etdi ki, artıq bu ölkə təkcə öz istehsalı ilə yaşaya bilməz. İdxalın ixracdan qat-qat artıq olması Amerikanın sürətli sənayesizləşmə prosesini yaşadığını ortaya qoydu.
Halbuki, 1940-cı illərdə Amerika iqtisadiyyatı dünya istehsalının yarısını təşkil edirdi və o zaman dünyanın Amerikaya ehtiyacı var idi. Bu gün isə onun iqtisadiyyatı xarici investisiya və dünyanı bürümüş dolların hesabına davam gətirir. Konqresin borclanma limitini məcburi artırmaasına baxmayaraq faktiki olaraq ölkə defolt durumundadır.
Dünya əhalisinin 5 fazini təşkil edən amerikalılar dünyanın yüksək dəyərli sərvətlərinin 40 faizini istehlak edirlər. Başqa sözlə desək, indi dünya əhalisi işləyib amerikalıları saxlamaqla məşğuldur.
Nəyin bahasına olursa-olsun dolların üstünlüyünü saxlamaq ABŞ-ın marağında olan əsas məsələlərdəndir. Amerika dünyaya arxasında əmtəə dayanmayan kağız (dollar) ixrac edib, əvəzində mal idxal edir. Bütün siyasət maliyyə-birja əməliyyatlarının üzərində qurulub.
Əslində, Birləşmiş Ştatlar dərk edir ki, onların dünyaya, xüsusilə də istehsal qütbləri olan Çin, Rusiya, Avropa və Yaponiyaya ehtiyacları var. Bu vəziyyətdən çıxış yolu kimi, Amerika strategiya sahəsindəki mütəxəssisləri əsas strateji xətt kimi dünyanın enerji sərvətlərinin siyasi nəzarət altına alınması siyasətini təklif edirlər.
Burada məqsəd heç də Amerikanın enerji təhlükəsizliyini təmin etmək deyil, onun Qərbi Avropa, Çin və Yaponiya üzərində təsirinin əsas elementini qoruyub saxlamaqdır. Əslində, ABŞ-a neftin yarısını ixrac edənlər Amerika ölkələridir. Əgər buraya ABŞ-ın özünün də neft istehsal etdiyini əlavə etsək, onda məlum olur ki, bu ölkənin neft istehlakının 70 faizi Amerika qitəsindən gəlir.
İran körfəzi ölkələri əsas neft ehtiyatına malik olsalar da, Amerikaya neft ixracında heç də üstün rol oynamırlar. Avropa, Çin və Yaponiya ilə müqayisədə Birləşmiş Ştatlar bu regiondan qat-qatn az neft ixrac edir. Ancaq, Orta Şərqin və Xəzər dənizinin enerji mənbələrinə nəzarət etməyə çalışan Vaşinqton bununla Avropa və Uzaq Şərq üzərində önəmli təsir imkanlarını əldən buraxmaq istəmir.
Bu da hər şeydən öncə Amerika dövlətinin dünyada dolların birinciliyini saxlamağa imkan verir və onun iqtisadiyyatının ehtiyaclarını ödəyir.

İqtisadi və hərbi hegemoniyanı saxlama siyasəti

Siyasi və strateji baxımdan, Amerikanın bugünkü durumu heç də yaxşı deyil. Əslində, çox pisdir demək daha doğru olardı. Bu üzdən ABŞ öz həyat səviyyəsinə zəruri olan dünya hegemoniyasını təmin etməyə çalışır. Bu məqsədlə hazırlanmış qlobal strategiyanın hədəfi zəif rəqib (üçüncü dünya ölkələri) seçməkdən ibarətdir. Bunlar Amerikanın hərbi gücünü nümayiş etdirməkdə bir növ səhnə rolunu oynayırlar.
Vaşinqton belə dövlətləri təyin etmək üçün "rogue state" (fırıldaqçı dövlət) konsepsiyasını hazırlayaraq ön plana çəkir. Əsas hədəf olaraq İraq, İran, Misir, Liviya, Şimali Koreya kimi ölkələr seçilir. Məqsəd zəif dövlətə qarşı gücünü nümayiş etdirərək Amerikanın gücünü dəyərləndirmək və əsas rəqiblərinə onun hələ də güclü olduğunu çatdırmaqdır.
Belə bir siyasət daha çox qeyri-sabitliyi artırır, sülhü və əmin-amanlığı bərqərar etməyə heç bir kömək göstərmir. Əfqanıstandan fərqli olaraq, İraq müharibəsi nə leqal idi, nə də hansısa legitimliyə əsaslanırdı. Sadəcə, Amerikanın güc məntiqinə hesablanmışdı.
Vaşinqton atom silahı əldə etmək yolunda güclü irəliləyiş etmiş Şimali Koreya ilə diplomatik danışıqlar apardı, amma bu silaha malik olmayan İraqa qarşı hərb maşınının işə saldı. Nəticədə darmadağın olmuş İraq qeyri-sabit ölkəyə çevrilib və regional sabitliyə mənfi təsir göstərir.
Bu, eyni zamanda ABŞ-ın ərəb dünyasında nüfuzuna zərər gətirir və terrorizmə yeni vüsət verir ki, bəzi islami terror təşkilatları da bundan istifadə edir. Amma hələ ki, bu strategiya ABŞ üçün xeyir verir. Bu da məşhur Amerika ekspertlərini artıq narahat etməyə başlayıb.
Rusiya Qərbi Avropada Fransaya və Almaniyaya onların enerji ehtiyaclarını təmin etməyi təklif edir, digər tərəfdən Çinlə münasibətlərə xüsusi diqqət yetirir ki, bu da birinci güc dövlətinin dünyada tutduğu yerinin zəifləməsinə gətirib çıxaracaq.
Beləliklə, Amerikanın dünya hegemonluğunu saxlanmağa yönəlmiş xarici siyasəti çox mürəkkəb xarakter daşıyır və çoxlu çatışmazlıqlarla müşahidə olunur. Bu siyasət MDB məkanında qütbləşməni daha da kəskinləşdirir. Ukrayna, Qırğıstan, Gürcüstanda gizli ABŞ-Rusiya qarşıdurması bu ölkələrə fəlakət gətirdi.
Azərbaycana gəldikdə, ölkəmizin heç kimdən iqtisadi asılığı yoxdur. Həm Rusiya, həm ABŞ, Həm Çin, həm də Avropa ilə münasibətlər sivil müstəvidə və qarşılıqlı maraqlar əsasında qurulur. Həm də Azərbaycanda xarici təsirlər minimum səviyyədə olduğundan burada digər ölkələrdə sınaqdan çıxarılan strategiyalar səmərə vermir.

aznews.az

Комментариев нет:

Отправить комментарий