Tehran Əlişanoğlu
Həə, deyən, ölkədə Ədəbiyyat məsələsi getdikcə tul olmağa, baş ağrıtmağa başlayır…
Bugünlərdə YazarKlub saytının yönəltməni Oktay Hacımusalı, vaveyla!, millət vəkili Qənirə Paşayevaya acizanə üz tutaraq, onu: roman yazmamağa, yazırsa, heç olmaya yazdığına Ədəbiyyat deməməyə; ay aman!, nə gündə olan Ədəbiyyatımıza müdaxilə etməməyə, edirsə, olsa-olsa, xeyriyyəçilik qismində etməyə çağırdı…
Axx, nə böyük cəsarət, ya bəlkə qəbahət!!! Özününcə yaratdığı (!) saytda dərhal yazıya şərh yazıb, həmlə gələnlər tapıldı: aya, sən kimsən, kimsən ki, belə Ədəbiyyat adından danışırsan… Heç olmaya demədi: bəs, Kim dediyi Ədəbiyyat eşqinə bir sayt yaradıbdı; ki, Sözünü deyə və hər kimsə də qayıdıb ona cavab verə bilə…
Daha bir az əvvəl Kulis.az-ın yönəltməni Qanturalı lapdan qayıtdı ki: bəs nədən millət vəkili Nizami Cəfərov başqa bir millət vəkili Hüseynbala Mirələmovun adını orta məktəb dərsliklərində Ədəbiyyat adına əbədiləşdirir… Nədənini Nizami Cəfərov, əlbəttə, cavabladı, dedi: bəs bu, Ədəbiyyatı bilməyənlərin sözüdür ; amma insafən, heç qınamadı Qanturalını, demədi: bəs Qanturalı nədən roman yazır, üstəlik Şərif Ağayar, yaxud Cəlil Cavanşir, yaxud… daha Kimsə onu Ədəbiyyat adına gündəmə çıxarır…
Bir az da əvvəl, Oxu zalı.az-ın yönəltməni Rövşən Qənbərov Kamal Abdullanın “Unutmağa kimsə yox” romanının müzakirəsi üzərinə bir test yapdı: bəs rektor da roman yaza bilərmi?; yazarsa yazsın, amma qoy: “cəmiyyətdəki ciddi problemlərdən” yazsın. Elə burdaca onu dəstəkləyənlər də tapıldı, daha kateqorik: “sirli, sehirli nağıllar” istəmirik, qoy yazıb: “cəngi , marş, top-tüfəngin oyatmayacağı bir xalqı” oyatsın… (İradə Musayeva) Pa-hoo! İnsafən, üç roman müəllifi Kamal Abdulla da opponentlərinə bir söz demədi, bircə onu sordu ki: “Işi mənə çox görürsünüz, mən işləməməliyəm? Axı bunu arqument kimi ortaya qoyanlar nəyi demək, sübut etmək istəyirlər. Mətn ortadadır…”
Duyursuzmu, cənablar (və xanımlar), söhbət hara, hansı səmtə çəkir? Bu minvalla düşünürəm: millət vəkili Aqil Abbas necə, yazsınmı-yazmasınmı; bəs millət vəkili Sabir Rüstəmxanlı, daha bəsdir deyib qələmi yerə qoysunmu; dünyanın o üzündə durub bu üzünə romanlar ixrac eləyən sahibkar Rəsul Bayram nəmənə, yazsınmı-yazmasınmı; Elçin baş nazir müavinidir, yenə də yazır; Əjdər Ol nazir müavinidir, qələmi heç dayanıb-durmur; Anar Azərbaycan Yazıçılar Birliyinin sədridir, yəqin ki: yaza bilər; Rəşad Məcid məşhur qəzet redaktorudur, güman ki: o da yaza bilər; Afaq Məsud Respublika Tərcümə Mərkəzinin müdiridir, təbii ki, yazır; amma Yunus Oğuz Partiya başqanıdır, o da yazır axı; Mədəniyyət və Turizm nazirliyində şöbə müdiri – Çingiz Əlioğlu, yaza bilərmi?; səfir – Həsən Həsənov necə, qələm işlətsinmi… Pa-hoo! Hələ mən üzdə olan qaymaqları, bəlli qədər Cəmiyyət strukturunda yer tutan imza sahiblərini anıram; indi bəs yazırkən Ədəbiyyat adına hökmü-icazəni kimdənsə almaqlarımı gərəkir? Məsələn, düşünürəm: lap yaxın zamanlaracan buna AYB iddia edirdi; ki, şükür allaha, indi ən iddiasızıdır…
Mən cavan həmkarımı (Oktay Hacımusalını) duyuram; guya cəsarət (qəbahət) edib nə deyir ki… Deyir, sizin vəzifəniz var, Cəmiyyətdə mövqeyiniz var, işiniz-əməliniz, pulunuz-imkanınız var; bəs bizim yazmaqdan-Sözdən-Ədəbiyyatdan özgə heç nəyimiz yoxdur axı, barı bunu əlimizdən almayın… Həə, bizim və Sizin; Sizin və bizim… Burdan bir az başqa havalar gəlmirmi? Bir zamanlar Vladimir Ulyanov (Lenin) belə bir tezis vermişdi: hər bir Mədəniyyətdə iki mədəniyyət var, birisi – yuxarıların mədəniyyətidir və o birisi – aşağıların mədəniyyəti… Yəni bu ki: var toxların ədəbiyyatı və bir də var acların ədəbiyyatı…

E-heyy!, bu iyirmi il ərzində Ədəbiyyatın durumunu daha necə görmədik ki… Bir zamanlar bu ölkədə Ədəbiyyata mənsub olmaq: ad-san, şərəf-şöhrət, pul-imkan-rifah deməkmiş; müstəqillik gəldikcə-gəlişdikcə, gözümüzün önündəcə bu üstünlüklər bircə-bircə əldən gedir, bahəm: Ədəbiyyatda duruş gətirənlərin sayı-sanbalı da azalırdı… Ol zamanlar romantik bir sevda ilə yazırdım: mən Ədəbiyyatda axıracan sadiq olanları sevirəm! (“Bizim əsr” qəzeti, 9 oktyabr 1999) Guya yeni Cəmiyyət gəlişdikcə Ədəbiyyat mətahına da bazar olası, hamı: nəyin var? – deyib, Ədəbiyyat istəyəsi, bax onda həmən o sadiqlərin yeri də görünəsiymiş… U-heyy!..
Bir zamanlar bu ölkədə Ədəbiyyat üzərinə bir monopoliya hakim idi; müstəqillik gələr-gəlməz: monopoliya dağılsın! – dedik, dağıldı da!; amma uzun, çooox uzun bir müddət havası başlardan getmədi (bir diqqət edin: bugünün özündə belə, jurnalist sual verir və Anar müəllim deyir: AYB sədrliyindən istəsəm gedəcəm, istəməsəm – yox!;)… Bu ol zamanlar idi ki, yazırdım: Ədəbiyyat bay təfəkkürünə dözmür! (“Bizim əsr” qəzeti, 21 noyabr 2001)
Nəticəsi nə oldu; “aşağıdan” bir radikal qüvvə təmərküz tapdı – Azad Yazarlar Ocağı; Ədəbiyyat iddiası ilə anti-monopoliya hərəkatına rəvac verdi… AYO deyirdi: bizik Ədəbiyyat!, AYB deyirdi: bizimdir… Bunu dürüstlüklə baş nazirin müavini, yazıçı Elçin ol zamanlar yazdığı illik hesabatında da qeydə almış: Ədəbiyyatımızın lümpenləşməsi təhlükəsindən danışmışdı (“525-ci qəzet”, 2003). AYB sədri, yazıçı Anar isə hələ 1991-dən onu ciddi narahat edən mövzunu ən nəhayət, “Ağ qoç, qara qoç” əsərində (2003) diqqətə çatdıra bilmişdi: aya, birdən neo-bolşeviklər hakimiyyətə qayıda!, yainki neo-kapitalizm tüğyan eləyə!.. – onda necə olsun?!
Mən Qanturalını da çox gözəl fəhm edirəm; yazıçı Anar “ya…, ya…” məsələsini bir az çaşdırmışdı, nəzərə almamışdı ki: bütün “neo”-lar gələndə bir yerdə gəlir – neo-kapitalizmin özüylə birgə neo-radikalizm (bolşevizm) gətirməyəcəyinə heç kəs qarantiya verə bilməzdi… Bu ki: indi gənc Qanturalı nəyin şadyanalığını edir; sələfləri – Rasim Qaracanın “Sol! Sol! Sol!” manifestəsini, Murad Köhnəqalanın anti-monopolist dekonstruktələrini, ən nəhayət, əslində hər zaman konspiroloji Həmid Herisçinin son trotskiçi baxışlarını sanki yox imişlər kimi unudaraq, cəmisini yazır günlərin bir günü, əsl vunderkind sayağı, öz-özündən doğulan, nəşət edən, hərçənd neo-İslamı (! – yenə “Ağ qoç, qara qoç”u yada gətirək) basdayıb-keçərək gələn Mustafanın ayağına… (“Mustafa” romanı) Və başlayır hər tərəfə mötədil solçu şüarlar yağdırmağa: Sol!, Sol!, sən də Sol!, sən də Sol!.. sən də Sol!
Həqiqətən də, bu yerdə diksinib, bir anlıq arxaya baxmaq istəyirsən… Baho, son onilimizdə Ədəbiyyat adına nə varsa, nədən danışırıqsa, nəyin mübahisəsi gedirsə: elə sol baxışların, “aşağıdan” yaranan mədəniyyətin təzahürü-təcəssümü-faktları deyilmidir?! Bir baxın: Rafiq Tağı, Əlabbas, Səfər Alışarlı, Əlisəmid Kür, Adil Mirseyid, Azad Qaradərəli, Aslan Quliyev, Eyvaz Əlləzoğlu, Nəriman Əbdülrəhmanlı, Xanəmir, Salam, Fəxri Uğurlu, Qulu Ağsəs, Məqsəd Nur, Etimad Başkeçid, Şərif Ağayar, Zahir Əzəmət, Rövşəni… (…) Hətta əməllicə bir “solçu ədəbiyyat” yaranmış: Seymur Baycan, Aqşin Yenisey, Nərmin Kamal, Pərviz, Əli Əkbər, Sevinc Pərvanə, Günel Mövlud, Zümrüd Yağmur, Qanturalı, Taleh Şahsuvarlı… Cəmiyyət aşağılarından görünən mənzərələr; çox şey sökülməli-dəyişməli-başqalaşmalı-başqa olmalı!; ümumən beləmi olmalıdır?, nədən bəs belə olmalı?, başqa necə, necə axı olmalıdır?! – məqamlarına cavab axtarışları…
İl yarım öncə bir məqalə yazdım: “Ən yeni nəsrimizdə Azərbaycan obrazı”; cüzi ştrixləri çıxmaqla, araşdırdığım nə vardısa, Soldan və “aşağıdan” rakursları ehtiva edirdi. Əksinə: Sağ nə vardısa, 1960-1980-ci illər nəsrindən qalma, köhnə Azərbaycanı (nostaljimi?) ifadə edirdi. Bu halda bütöv bir on il ərzində Ədəbiyyat ideyalarının sollaşması faktı əyani deyilmi?! Odur ki, (xanımlar və) cənablar, toxdaq olaq: tox-toxdaq-rifah içrə- elit- həyata qane- min bir çalarına həssas- Sağ-salamat, məhz “yuxarıdan” Azərbaycan cəmiyyətini görməyə-tanımağa-bölüşməyə-həzm etməyə də hazır olaq… Azərbaycan məgər elə bir narahatlıqlardan-narazılıqlardan-nahamvarlıqlardanmı ibarətdir; bunun bəs rahat-razı-hamar-lıqları necə olsun? Bu, məhz o rakursdur ki, Ədəbiyyatımızda yeri görünür… Bir az əvvəl Ədəbiyyatın son dərəcə kütləviləşməsi sindromundan şikayətlənirdik; bunun əks-sədası, əks-dalğası deyilmidir: elitləşmə-kübarlaşma-aliləşmə istəyi… Axı o Ədəbiyyat ki, toxluqdan yaranır, ac qələmlərin istəsə belə vara bilməyəcəyi bir qaranlıq…

Mən Rövşən Qənbərovu da yaxşı anlayıram; Azadlıq radiosunun Oxu zalı azad ideyalar-sərbəst düşüncələr üzərində qərar tutmuş: soldanmı-sağdanmı, loyalmı-ortodoksalmı, inqilabi ya mühafizəkar… – Cəmiyyət durumunu ifadə edən, polemika açan, mübahisə yaradan hər növ fikir çələnginə burda yer var. Bu ki: azad fikir və demokratiya ölkənin gələcəyinin qarantıdır!
Belə. Bu yazını da mən müzakirə təriqilə cızdım: qeydə aldığım məqamlara dərindən müdaxilə etmədən, tam münasibət bildirmədən, anlamağa çalışaraqdan. Daha bir SOS qaldırmağın zamanı gəldimi? Doğrudan da mı hazırkı durumunda Ədəbiyyat: sağ və sol meyllərə, “yuxarı”dan və “aşağı”dan yaruslara-təbəqələşməyə-parçalanmağa doğrudur? Ötən əsrdə qaldığını zənn etdiyimiz sinfi ideyalara qayıdış bir gerçəkdirmi, ya aldanış? Ümumən, bu növbəti ərəfə bizə nə deyir, nələr vəd edir? Ədəbiyyatın, Sənətin missiyası: insanları, milləti, cəmiyyəti… birləşdirmək-yaxınlaşdırmaq-toparlamaqmı olasıdır, ya: bir-birindən ayırmaq-özgələşdirmək-bölmək-bölüşdürmək?
Bəlkə başqa nəsə…
ANN.Az
Комментариев нет:
Отправить комментарий