06.05.2012

Dörd kişiyə bir arvad: Qırğındı…

FAİQ BALABƏYLİ

Qırğındı. Aləm bir-birinə dəyib. Razılarla narazılar söz savaşına çıxıblar. Hər kəs bu hay-harayda nə isə əldə etmək istəyir. Razılar nəyə görə razı qaldıqlarını, narazılar isə niyə narazı olduqlarını gündəmə gətirməklə, əslində özlərini gündəmdə saxlayırlar. Minnətdarlıq hisslərini bildirməyin başqa yolu da yoxdu. Fürsət var ikən niyə də deməyək –düşüncəsi bir çoxlarına hakim kəsilib. Yaxşıdır, vallah, insanda minnətdarlıq hissini çatdırmaq qabiliyyəti də olmalıdır. Narazı cəbhənin sərvaxtları da vaxtı fötə, yəni boşa vermir. Fürsət qazanıblar, əsaslandırlar dürüst olmayan fikirlərini. AYB-yə qarşı qaragüruhcasına hücuma keçənlər, indi də bu xoş olan xəbərdən naxoş olublar. Gör iş nə yerə çatıb ki, bir qrup yazarın mənzil şəraitinin yaxşılaşdırllması üçün atılan  əməli addım, əməlli başlı kal armud olub tıxanıb digər bir qrupun boğazına. Düyünlənmiş boğazdan çıxan səs isə xalq artisti İlhamə Quliyevanın səsi kimi adamın olan-qalan ətini də “vibirasiyaya salıb” sümüyündən ayırır; ağızı geniş açmaqla deyil ki, gərək o geniş ağızdan çıxan səs də ürək bulandırmaya.


KOR ATI MİNƏNLƏRDƏN ALINAN MƏNZİLLƏR

Yaxşı, yormayım sizləri, keçim mətləbə. Neynəyim, ta keçid dövründən heç bir tərəfə keçməmişəm, qalmışam ancaq və ancaq haqq olan tərəfdə. Elə, mətləbə keçməyim də haqqın yanında olmağımdandır. Demək, hər şey bildiyiniz kimidir; aylar, illər çəkilən zəhmətin, gərgin danışıqların, pozulan əsəblərin, vurulan iynələrin, içilən həblərin son ucu olaraq AYB-yi nəhayət ki, üzvlərinin və işçilərinin mənzil şəraitinin yaxşılaşdırlması üçün “Abidə” Mənzil Tikmə Kombinatından 9 mənzil əldə edə bildi. Düzgün olanı odur ki, binanın tikilməsi üçünn ayrılan yer AYB-yə, Birliyin sədri Anar müəllimin xahişi ilə mərhum prezident Heydər Əliyev tərəfindən verilmişdi, amma qurumun ev tikmək imkanı olmadığı üçün, müqavilə ilə yuxarıda adı şəkilən MTK ilə saziş imzalanmışdı. Bina hazır olandan sonra AYB-yə mənzillər veriləcək. “Abidəçilər” isə, deyilənə görə yerin müqabilində, daha çox mənzil verəcəklərinə söz versələrdə, sözlərinin üstündə durmayıblar. Məmləkətdə kor atı minib köndələn çapanlar xeyli var. Nəticədə AYB-nin sədri, xalq yazıçısı Anar “dava-dalaşla”  9 mənzili adı çəkilən “atlılardan” ala bildi. Hansı ki, həmin mənzillərə görə təşəkkür qəbul etmək, “sağ ol” əvəzinə haqsız hücumlarla qarşılaşdı. Və bu 9 mənzilin mübarək sorağı gəlcək də “qırğın” başladı…

“DÖRD KİŞİYƏ BİR ARVAD”

Şair Şaiq Vəlinin sözləridir. İllərdir evsizlikdən və işsizlikdən əziyyət çəkən qələm dostumuz ayb-nin mənzil kommissiyasının və növbədəki yazarların birgə keçirdikləri iclasda 9 mənzilin 36 nəfər arasında bölünməsindən razı qalıb, bu ədalətli bölgüyə görə AYB rəhbərliyinə minnətdarlıq etsə də,  nədənsə “Azadlıq” radiosunun canlı efirində bu bölgüdən narazılığını bəyan etdi və yuxarıdakı yarımbaşlığa çxartdığım ifadəni işlətdi. Əlbətdə, yaxşı olardı ki,  mənzillərin sayı daha çox olaydı və hər yazara bir ev düşəydi. Amma nə etmək olar ki, dövr həmin dövr, zaman həmin zaman deyil ki, yazıçılara xüsusi diqqət ayrılsın, onlara ev verilsin və digər imtiyazlar şamil edilsin. Bu, ötənlərdə olub. Indilərdə isə, hər şey göz qabağındadır. Ölkənin iqtisadi cəhətdən çiçəklənməsinin yazıçılara az təsir etməsi, dedi-qoduların çoxalmasına gətirib şıxarır. Yazçı idmançı deyil ki, onlar üçün bütün respublikada Olimpiya komleksləri tikilsin və qapıları da daima bağlı qalsın. Dünya çempionatlarına, olimpiyadalara isə milyonlar hesabına transfer edilən legionerlər göndərilsin. Legionerlərə küllü miqdarda pullar, evlər, maşınlar bağışlansın və müqavilələri bitdikdən sonra tərk edib getdikləri, ölkəmizə həqarət etsinlər. Belə hallar çox olub. Çörəyimizi yeyib, üryimizə xal salıblar.Yazıçılar isə bizim özümüzünkülərdir. Yazarlar millətin dərdlərini, problemlərini görür, qələmə alır, yanır-yaxılır və həmişədə diqqətdən kənarda qalırlar. Baxmayaraq ki, hər il siyahı ilə müəyyən qədər yazıçıya prezident təqaüdü verilir, buna şükür etməklə yanaşı, yetərli olmadığını da demək heç də pis olmaz. Yaxud, yazıçıya heç bəzi qadın müğənnilərə ayrılan diqqət də yoxdur. Çünkü yazıçı dərddən –sərdən yaza bilər, mənəvi dəyərlərimizi qoruyub saxlayar, yazıçı ombasını, əndamını silkələməz ki, ona hansısa oliqarx “SPONSORLUQ” etsin. Heç gərək də deyil. Yenə də sağ olsun Anar müəllimi ki, şəxsi nüfuzundan istifadə edərək ölkə rəhbərliyi qarşısında sədri olduğu AYB-nin üzvlərinin və işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində nəsə edə bildi və edir də.Buna görə onu mütləqmi çərlətmək lazımdır? Ayıb deyil?. Doqquz mənzilin 36 nəfər növbədə olan yazar arasında ədalətli şəkildə bölünməsinə ədalətsizlik rəngi qatmaq isə, əslində rəngdən-rəngə düşməkdir. Bu baxımdan Sumqayıtda, Hacı Zeynalabdin qəsəbəsində kommunal vəziyyəti, yolu-rizi acınacaqlı şəraitdə olan bir yerdə “ömür çürüdən”, həyatının müəyyən hissəsini vətəndən uzaqda keçirən istedadlı qələm dostumuz Şaiq Vəlinin narazılığı həm başa düşüləndir, həm də yox.Adı mənzil alanların siyahısında olan şairi təbrik edirəm, və kiçik qardaşı kimi fürsətdən istifadə edib məznilinin və yaşam tərzinin yaxşılaşdırmasını arzulayıram.

YAXINLAR YAXINDAN VURUR…

Mənzil növbəsində olmayan qələm adamlarının gileyini isə başa düşmək bir qədər çətindir. Demək lazımdır, bir növbəyə durun, sonra günahkar axtarın, görülən və görünən işdə korrupsiya elementləri gəzin. Bəzən heç gözləmədiyin yerdən tənələrə, qınaqlara tuş gəlirsən. Yaxın bildiyinin haqsız hücumu adamı incidir. Adama təsir edən odur ki YAXINDA OLANLAR ELƏ, ADAMI YAXINDAN NİŞANA ALIB, VURA BİLƏR. Mən də varam, və kimi isə tənqid edə bilərəm, fikri ilə gündəmə düşmək istəyənlər isə, düşünürəm ki, papaqlarını qabaqlarına qoyub fikirləşsələr yaxşıdır – BƏLKƏ, BU 

ƏMƏLİ ADDIMI ALQIŞLAYAQ Kİ DAVAMI DA OLSUN?

Mən, bundan qabaq dediyim fikirlərimin üstündə dururam, və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün adları siyahıya salınanların hamısını ürəkdən təbrik edirəm. Siyahıda olan texniki işçilərin adlarına iradlarını bildirənlərə də münasibətimi bildirmək istərdim; Məgər Nazirlər kabineti işçilərinə mənzil verəndə ancaq nazirlərə və şöbə müdürlürinə ev verir? Bəs burada işləyən texniki işçilər, katibələr, sürücülər və digər kiçik vəzifə sahibləri necə olsun? Onların mənzil almaq hüquqlarlını pozmaq olar? Eləcə də Neft Şirkətinin evləri, bu məntiqlə təkcə mədənlərdə işləyənlərə verilməlidir? Bəlkə, məsələni belə qoyağın ki, Azərbaycan Yazıçılar Birliyi üçün dövlət dotasiya aylrsin, ev versin, Necə ki Jurnalistlər üçün bu addım atılıb. Digər tərəfdən, AYB-nin üzvü olan və olmayan, bu mənzil qalmaqalında gündəmə gəlmək istəyən yazarların əksəriyyəti həm də jurnalist fəaliyyəti ilə məşğuldurlar. Az qalıb, 5- 6 aya Jurnalistlərin binası hazır olacaq, səsinizi indidən çıxarın ki,  bəlkə nəsə əldə edəsiniz. Heç inanmıram, Jurnalistlər üçün tikilən binanın ətrafında bu qədər hay-küy yarana.
Nə isə, bu qalmaqalların ürək bulandırması, dedi–qoduların, cəfəng iradların bu qədər şişməsi heç də ürək açan məsələ deyil. Düşünürəm ki, AYB-nin son mənzil paylaması gələcəkdə bu istiqamətdə atılacaq addımların başlanğıcıdır… Əgər imkan versək…
Dedi-qodu səngiməyib. Yerli-yersiz hücumlar baş alıb getməkdədir. Görəsən adları mənzil alanların siyahısında olmayan yazarlardan neçəsi bu xoş xəbərə sevinib?
Mən sevindim, bəs siz?…

Комментариев нет:

Отправить комментарий