01.05.2012

“Güney Azərbaycanı alver obiyektinə çevirmək olmaz”

Sayman Aruz: ““Tək qütblü” dünya yaratmaq Amerikanın, Rusiyanın arzusudur”

Müsahibim Güney Azərbaycanlı şair Sayman Aruzdur. Sayman Aruz Bakıda yaşayır. Güney Azərbaycan Ədəbiyyat Fondunun və dayaq.org saytının rəhbəridir. Söhbətmizin mövzusu ədəbi siyasi tariximizdir. 

-Sayman bəy, elimizə-obamıza bahar gəldi. Xəbəriniz var yəqin?
-Bahar fəslindən söhbət gedirsə xəbərim var. Amma məncə hələ mənim istəyim bahar, yəni bütöv və milli bir bahardan əsər-əlamət yoxdu!

-Bahar millətçidir dedilər! 
Yeridim yürüdüm, yoruldum
bahar gəlmədi...
Sizin “Bahar gəlmədi” şeiriniz çox məşhurdur.
-Haqlısız. Həqiqətən də bu şeir dillər əzbəri olub. Hətta bundan təsirlənib şeir yazanlar da oldu. Mən bu şeiri Güney Azərbaycanın milli haqları uğrunda şəhid olan Şəhid Qulamrza Əmaniyə ithaf eləmişdim. Əmani kiminlər Güneyimizdə minlərcədir.


Mənim dostlarımın çox əksəriyyəti hazırda fars faşizminin zindanındadılar. Nə qədər ki, Güney və işğal altında olan torpaqlarımızın azadlığını əldə edə bilməmişik, bu ölkəyə həqiqi bahar gəlməyəcəkdir.
-Bəy, Sizcə, qloballaşma dövründə millətçilikdən danışmaq çox xırda iş deyilmi?
-Mən elə düşünmürəm. Millətləşmə və millətçilik qloballaşmanın əsas və ilk addımıdır. Sivilizasiyaların danışığından söhbət gedrisə, onda sən öz milli və dini kimliyindən söhbət açmalısan. Bu halda əgər öz milli haqq və kimliyindən xəbərin yoxdursa sivilizasiyaların danışığında iştirak edə bilmiyəcəksən, hətta iştirak etsəndə belə məcbur şəkildə hansısa bir güclü mədəniyyətin müqabilində əriyib uduzacaqsan. Milli kimlikdən söhbət gerdisə, o zaman bütöv bir ölkənin bütöv xalqının valıqlarından söhbət olunur. Ona görə də Bütöv Azərbaycan yaranmayana qədər qloballaşmadan söhbət etmək yalnışdır. Qloballaşma, ümümdünya səviyyəsində yeni bir imperiyanın yaranması deməkdir. Yəni zəif olan bütün xalqlar və millətlər məhvə məhumdurlar. “Tək qütblü” dünya yaratmaq Amerika, Russiyanın və ya hər hansı bir güclü ölkənin arzusudur. Unutmayaq ki, hər bir imperiyanın bətnində faşızm və asimlasiya siyasəti də var.
-Başını lüzumsuz, hədyanla dolu, xarici kəşfiyyat orqanlarının sifarişi ilə yazılmış tarix kitabları ilə qatanlar ömürlərinin qəfil, xəbərsiz gəlib-getdiyini anlayınca gec olur. Reallığı yaşamaq gərək deyil sizcə?
-Reallıq nədir? Mən sizə reallığın nə olduğunu deyim. Həqiqət budur ki, bizim şanlı-şövkətli tarix və əzəmətli gələcəyimiz var. Amma bu həqiqəti xarici düşmən quvvələr inkar eləməyə çalışırlar. Ona görə ki, tarix kök deməkdir. Köksüz bir millətin gələcəyi olmaz. Düşmənlərimiz bizə tarixi mənasız və faydasız bir şey kimi göstərməyə çalışırlar. Ona görə ki, özlərinin tarix kitablarında, bəşəriyyətin yaranma və inkişafında heç bir rolları olmayıb. Onlar bilirlər ki, tarixi bizim gözümüzdən salmaqla bizə qalib gələ bilərlər. Axtarın zəif və cahil “ziyalıları” tapıb, müəyyən qədər maddi vəsaitlə istədiklərinə nail olmaq istəyirlər. Çox təəssüflər olsun ki, həmin cahillərdən də indiki durumda kifayət qədərdir. Həm ədəbi və həm siyası mühiti ələ keçirib Azərbaycan mədəniyyətini pozmaqla məşğuldular.
-Məsələn bizim məmləkətdə “türkçüyəm” deyib pul qazananlarla, xalqın cibini soyan məmurlar arasında az fərq var. Çünki hər iksinin amalı soymaq, aldatmaq və qazanmaqdır. Bütün hallarda itirən bu iyrənclikdən xəbərsiz olan xalqdır.
-Müəyyən qədər haqlısız. Mən özüm də bəzən həmin hissləri keçirirəm, amma həqiqi millətçilərimizin sayı da az deyil, deyə, çox da narahat olmuram. Mənim özümə müsbət sözlər verib qaçanlar çox olublar. Həmin adamlar elə indi də hər gün televiziyada Güneyimizin adını çığırıb özlərinə siz demişkən pul qazanırlar. Bir də bir şeyə mən diqqət yetirmişəm, o da budur ki, Quzey Aəzrbaycanda müxtəlif xalqlar yaşayır. Həmin çoxmillətli olmaq əsil millətçinin nə və kim olduğunu sual altına aparır. Biz Güneydə millətçi deyəndə, qarşı tərəfin fikrində həm ideologiyamızı, həm də istəyimizi canlandıra bilirik. Amma burada elə deyil. Hansısa bir etnikin yanında türkçülükdən danışanda ağzını büzür. Axı onun nəyinə lazımdı bu? Azərbaycan dilində danışır amma azərbaycanlı ruhunu daşımır. O da haqlıdır, sən də. Bax məhz bu səbəbdən Quzey Azərbaycanın millətçiliyi ilə Güney Azərbaycanın millətçiyi fərqlənir.
-Bilirsiz niyə müqayisə etdim? Bu ölkədə türkçülükdən danışanların heç biri konkret problemlərlə məşğul olmur. Məsələn, təhsil problemi ilə. Türkçülük mücərrəd anlayışdır. Təhsil problemi isə konkretdir.
-Razıyam. Hər bir ölkənin ən əhəmiyyətli nazirliyi onun Təhsil Nazirliyidir. Təhsi və məktəblərdə irəli surulmuş və öyrədilmiş ideologiya millətin ideologiyasına çevrilir. Quzeyin təhsil sahəsində  mən bu türkçülüyü yox dərəcəsində görüürəm. Çox zəif və dayazdır. Sanki unudurlar ki, bu balaca Quzey Azərbaycan, gərək əsarətdə olan Güneyimizin də yükünü boynuna çəkə. Amma heç öz problemlərini aradan qaldıra bilmir. Saxta diplomlar ölkəni bürüyüb. Güneyin nə yaxın, nə müasir dövrünün siyasi-ictimai-ədəbi durumundan məlumat verilmir. Bunu səbəbini mən təhsilin ideologiyasızlığında görürəm. Bizim, yəni Quzey Azərbaycanın Güneylə bağlı konkret siyasətinin olmadığını düşünürəm. Quzeyin dövlətçiliyi bizim dövlətçiliyimizdir. Bizim bu dövlət və bu ölkədə haqqımız var. Onun uğrunda döyüşməyə də haqqımız var. Hətta deyə bilərəm ki, bu, Quzeydə yaşayan bir çox “vətəndaşlardan” daha çox bizim haqqımızdır.
-Təqvimlər dəyişir, adamlar amma...
Yenə də xəyanət ölüm doğacaq...
Mən bu dumanlardan, çənlərdən bildim,
bu il də marağsız bir il olacaq!
Sayman bəy, Sizdə öncəgörənlik də var? Yoxsa, illərlə gördüyünüz xəyanətlər Sizdə üzümüzə gələn ilin uğurlu olacağına şübhə yaradıb?
-Hə, maraqsız bir il olacaq. Amma bunu görmək üçün öncəgörənlik yox, təcrübə lazımdı. Çox təəssüflə deməliyəm ki, tarix təkrarlanmağa doğru edir. Millətimizdə kifayət qədər dirçəliş və azadlığa həvəsi görmürəm. Eyni zamanda dünyada gedən prosseslər də ürəyimi açmır. Xəyanət və zindan, satmaq və satılmaq davam edir və edəcək. Maraqlısı budur ki, bizi satan həm düşmənlərimizdir, həm də dost paltarını geyən “vətəndaşlarımız”. Mən Güneyə layiqincə diqqət və qayğı görmürəm.  Oranın dərdi o qədər böyükdür ki, ancaq söz deyib hay-küy salmaqla bir iş görmək olmaz. Böyük və güclü iş görmək lazımdı. Kimə deyirəm bu sözləri? Bəlkə yüzüncü dəfədir ki, bax elə bu cümləni təkrarlayıram. Güney Azərbaycanı al-ver obiyektinə çevrimək olmaz və olmamalıdır. Ürək açan məqam budur ki, heç olmaya həqiqi qiymət və dəyər verənlər də var.
-Sayman bəy siz eyni zamanda çağdaş İran ədəbiyyatını ölkəmizdə təbliğ edirsiz. İran ədəbiyyatı dərin tarixi köklərə malikdi. Belə böyük ədəbiyyatın daşıyıcısı olmaq Sizcə çətin deyil ki?
-Mən İran ədəbiyyatı adlı bir ədəbiyyat tanımıram. İran adlanan ölkəyə bir mütəxəssis kimi baxsaq, oranın çox millətli olduğu üçün ədəbiyyatının da bütöv bir ədəbiyyat olmadığını aydın şəkildə görə bilərik. İranın ədəbiyyayını iki şaxəyə bölə bilərəm. Bir farsların yaratdığı sentimental ədəbiyyat, bir türklərin yaratdığı üsyan və fəlsəfə dolu ədəbiyyat, bir də türklərin fars dilində yaratdığı ədəbiyyat ki, mən onu İranda olan ən əhəmiyyətli ədəbi cərəyan hesab edirəm. İranın ən məşhur yazar-şairləri türk əsillilər olublar. Buna misal, Səməd Behrəngi, Rza Bərahəni, Dövlətabadi, Qulamhüseyn Saidi və bir çoxlarının adını çəkə bilərəm. Hətta unutmayaq ki, şeir sahəsində də İranın ən məşhur və milli şairi olan Şəhriyar da türkdür. Fars şeirinin tanınmış çağdaş siması olan Furuğ Fərrüxzad etiraf edir ki, öz şeirlərinin ahəngini Şəhriyarın Heydərbaba şeirindən götürüb. 
Mən özüm İran üzrə fars şeirində 2001-ci ildə birinci yeri tutmuşam. Həmin müsabiqədə iştirak edən dostların çoxu mənim kimi türk əsilli idilər. Fars ədəbiyyatı həmişə türklərin çiyinində gedib
İran ölkəsi sovetlər kimi öz ədəbiyyatını yarada bilmədi. Çünki, sovetlərin öz qlobal ideologiyaları var idi. Amma farsların ideologiyaları yox idi.
-İran ədəbiyyatında fars-türk ayrı-seçkiliyi axı yoxdur. Siz bunu süni şəkildə niyə qabartmaq istəyirsiniz? Məgər Şəhriyarı oxuyanda onun milliyyətini düşünürük? Əslində o, başdan-ayağa İran mədəniyyətinin incisidir.
-İran ədəbiyyatında türkə qarşı həmişə ayrı-seçkilik olub. Bu ayrı-seçkilik elə birinci sinifdən etibarən başlanır. Suyu, çörəyi, torpağı, vətəni və Ana-Ata kimi müqəddəs sözləri bizə fars dilində öyrətməyə çalışırlar. Mən özüm sinifdə Azərbaycan türkcəsində danışdığım üçün müəllimdən kötək yemişəm. İran hakimiyyəti həmişə ümmətçilik ideologiyası ilə türkləri döyüb. Çünki, həmin “idelogiyanın” arxasında fars faşızmının mənfur siyasəti gizlənirdi. Ümmətçilik dinə deyil, farslara xidmət edirdi. Hazırda da türk dilində yazan bütün dostlarım təzyiq, bir çoxları isə zindanda işkəncə altındadırlar. Əksinə biz dərdlərimizi qabarda bilməmişik. Bizim dədlərimiz qabarsa dünyanı alova çəkər. 40 miliyonluq bir millətin milli-mədəni-ədəbi varlıqlarını əlindən almaq az və kiçik bir problemdirmi? Urmu gölünün qurudulması və onun ardınca  Azərbaycanın məhv olması kiçikdirmi? Çəkdiyimiz zindanlar, işkəncələr, sürgünlər yalandırmı? Mən yalandan burdayamı? Əlirza Nabdillər, Söhrab Tahirlər, Balaş Azəroğlular, Həbib
Sahirlər yalandırlarmı? Biz Şəhriyarı indi də fars dilində yazdığı üçün bağışlaya bilmirik. Biz “Heydərbaba”nı oxuyanda bir türk kimi oxuyub anlayırıq. Bizim içimizdə yüz illərin həsrəti və narahatlığı var. Biz öz evimizdə, öz torpağımızda əsir düşmüşük. Şəhriyarlar İran mədəniyyətinin incisi deyillər, onlar İran hakimiyyəti tərəfindən əsir götürülüblər. Onlardan sui -istifadə olunur. Necə ki, böyük şairimiz Nizamini və bir çoxlarını fars şairi kimi hessab edirlər. Məncə farslar da ermənilər kimi bizim varlıqlarımızı oğurlamaqla özlərinə varlıq düzəltməyə çalışırlar və çalışıblar. Amma bu alınmayacaq.
-Sayman bəy, bu məsələlər uzun bir mübahisə mövzusudur. Hər halda fikirmdə qalıram. Bizə verilən səyfənin həcmi isə bitmək üzrədir. Odur ki, sonuncu sualımı verirəm. Güney Azərbaycan Ədəbiyyat Fondunu yaratdınız. Fondun məqsəd, məramı nədir?
-Mən belə hesab edirəm ki, Güney Azərbaycan Ədəbiyyatı fondunu çoxdan yaratmalı idilər. Rəhmətlik xalq şairi Balaş Azəroğlu neçə illər komisiyanın rəhbəri olub amma nədənsə belə bir fikrə gəlməyib. Hər halda ikinci məruzəmdə mən bu təkliflə çıxış elədim və onun ardından düz 4 ay əziyyət və zəhmətdən sonra xalq şairi Fikrət Qoca və AYB-nin sədr müşaviri Rauf Aslanovun xüsusi diqqətləri nəticəsində Fond yaranmaq üzrədir və yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
Bu fondun məqsədi Güney Azərbaycan ədəbiyyatını dirçəltmək və ona arxa durmaqdır. Hörmətli Prezidentimizin dediyi kimi biz 50 miliyondan artıq olan bir millətik və onun 40 miliyonu Güney Azərbaycanda yaşayır
İndi siz təsəvvür edin ki, oranın əsarətdə olan ədəbiyyatını dirçəltmək üçün nə qədər ağır və ciddi işə ehtiyac var.

Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий