O, sərin bir yaz mehi kimi gəlib keçdi dünyamızdan. Əvvəli-axırı
görünməyən zaman okeanında 41 illik ömür nədir ki! Milyon-milyon ulduz sayrışan
səmanın altında çoxları belə qısa vaxt ərzində heç özü üçün bir ocaq da çata
bilməyib. Amma o, bu qısa müddətdə yorulmadan çalışmaqla tanrının ona verdiyi
istedadı tamamilə reallaşdıra bilib. Minlərlə ürəkdə öz əbədi qalasını qurub,
yarpaq pıçıltısına bənzər səsi ilə Azərbaycan dinləyicisinin hisslərini,
duyğularını dilləndirib. Dünənimizdən, tariximizdən qopub gələn minillik
bayatılarımız, atalar sözləri və məsələlərimiz Bulaq Dədə dediyimiz bu şəxsin
dili ilə ən ağır zamanlarda tikanlı məftillər hörülmüş sərhədləri aşaraq Quzeydən
- Güneyə yol eləyib...
Və nəhayət, bir vaxtlar onun səsi ilə Kral Lir danışıb, Şirvanşah İbrahim tarixin o biri üzündən nərə çəkib, Vaqif gözəlləmə deyib.
Və nəhayət, bir vaxtlar onun səsi ilə Kral Lir danışıb, Şirvanşah İbrahim tarixin o biri üzündən nərə çəkib, Vaqif gözəlləmə deyib.
Səməndər Rzayev... yaşasaydı, bu yanvar günlərində 65
yaşını qeyd edəcəkdik. Amma bu gün o, bütün böyük sənətkarlar kimi il, ay
ölçüsündən kənarda yaşayır, buna görə də bizim təqvimə tabe deyil.. O, dəyişən
illəri, fəsilləri heç vaxt hiss etməyəcək. Gözlərindəki od, səsindəki həlimlik,
gülüşündəki şaqraqlıq heç bir zaman dəyişməyəcək.
Odlu ürəyi, bahar kimi mülayim xarakteri olan Səməndər
Rzayev 1945-ci ilin soyuq yanvar günlərinin birində Ağsu rayonunda d?nyaya gəlib.
Azərbaycan Dövlət Tetar İnstitutunun aktyorluq fakultəsində Rza Təhmasib, Mehdi
Məmmədov, Ədil İsgəndərov kim ustad sənətkarlardan dərs alan gənc aktyor tələbəliyin
ilk kurslarından televiziyadakı çıxışları ilə qiraət ustası kimi sevilmişdi. O,
klassik Azərbaycan şairlərinin demək olar ki, hamısından nümunələr söyləyib. Ömrünün
sonunadək radiomuzun “Bulaq” folklor toplusunun Bulaq Dədəsi olub.
Onun aktyorluq istedadı ilk dəfə özünü Milli Dram
Teatrında Şekspirin “Hamlet” faciəsinidə göstərib. Horatsio rolu ilə teatra qədəm
qoyan sonuncu kurs tələbəsi elə ilk rolundan kollektivin, teatr ictimaiyyətinin
və tənqidin nəzərini cəlb edib. Tez bir zamanda repertuardakı ən mürəkkəb
janrlı tamaşalarda əsas ifaçıya çevrilən Səməndər Rzayevin istedadında “ölçü”,
“hədd” olmayıb. O, Hüseyn Cavidin “Xəyyam” pyesində Xacə Nazim, “Knyaz”da
Knyaz, “İblis”də İbn Yəmin, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəlişah”
komediyasında Hatəmxan ağa, Səməd Vurğunun “Vaqif” mənzum dramında Vaqif
rollarını məharətlə ifa edib.
Səməndər Rzayev daxilən azad sənətkar olub. O, ürəyi
istəməyən rolları oynamayıb. Ona görə də rollarının çoxunda özünə oxşarlıq var.
Onların çoxu ağayana, öz sözünü deyən, həm də mülayim insanların obrazlarıdır.
“Şəhərin yay günləri”ndə o, Bəhram Zeynallı bu mənada xüsusi olaraq diqqəti cəlb
edir. O, özündərazı professor obrazını olduqca dəqiq ştrixlərlə canlandırır.
Səməndər Rzayevrola bütün varlığı ilə daxil olurdu.
Buna görə də onun qəhrəmanları, tamaşaçıya çox doğma, yaxın olurdu. Elə
bilirdin, bu adamları nə vaxtsa, hardasa görmüsən.
Kinoya Səməndərin hansı rolla başladığını demək
çətindir. Amma onun sənət dostu, xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi
haqqında bir özü bilirdi, bir də mən... “Uşaqlığın son gecəsi” filminin lap əvvəlində
küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da
öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialından kinomuzda yetərincə
istifadə olunmadı, lakin bir sıra yaddaqalan obrazları - Səməndərli anları kino
tariximizə köçürüb”- deyə Yaşar Nuri bildirib.
S.Rzayev “Uşaqlığın son gecəsi”, “Babamın babasının
babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və digər bədii filmlərdə
epizodik və aparıcı obrazlara çəkilib.
Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq
Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri
böyük məmnuniyyətlə filmlərinə dəvət ediblər. Ancaq Səməndər Rzayev çox vaxt
filmlərdən imtina edib. Çünki vaxtı olmurdu. Teatrda işləyir, televiziya filmlərində,
tamaşalarında oynayırdı, “Bulaq” verilişinin isə daimi aparıcılarından idi.
Böyük aktyorun son günlərini sənət dostları belə
təsvir edir: “Səməndər xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını
nigaran qoymaq istəməmiş, “Həyatın dibində” tamaşasına xəstə vəziyyətdə gəlmişdi.
Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşadı. Bu, soyuq səhnədə
aktyorun son oyunu oldu...”
Bundan az sonra - 1986-cı il martın 27-də xalq
artisti Səməndər Rzayev əbədi olaraq dünyaya gözünü yumdu.
Onun böyük istedadı və əməyi zamanında öz dəyərini
alıb.O, 1974-cü ildə əməkdar artist, 1980-cı ildə dövlət mükafatına layiq
görülüb
Təbii ki, 41 illik bir ömür üçün bunlar ölçüyəgəlməz
nailiyyətlərdir. Amma o, bütün bunları etməyə macal tapdı. Necə deyərlər görə
biləcəyi işləri görüb, bir sərin yaz mehi kimi əsib keçdi dünyamızdan.
Leyla İbrahimqızı
Комментариев нет:
Отправить комментарий