15.05.2012

Rafiq Tağının qatili və mən

Sayman Aruz

İki gecədir maraqlı yuxular görürəm. Bilmirəm niyə amma onu sizinlə paylaşmaq istəyirəm. şair demişkən “kim eşidə və necə başa düşə!”
Bədənim tərlə bürünür və yuxudan qəribcəsinə diksinib oyanıram. Ətrafa baxdıqda qaranlıqda boğulmuş otağımdan başqa heç nə görmürəm. Bütün fəlsəfələrim yalan kimi üzümə çırpılırlar. Ağlamağa başlamaq istəyirəm amma sonra deyirəm: “ eh, nə faydası?” və hikkəmi udmağa çalışıram.


Bu türlü yuxulari artıq neçə ildir ki, gecələrimdə daşıyıram. Dəhşətli olsa da insana bir xüsusi ruhanilik bağışlayır. Özünü azad hiss edirsən və vəsiyyətini yazmış bir şəhid kimi uçmağa hazırlanırsan. Yuxularımı sevirəm. Bu üç ildə mənə sübut oldu ki, yuxularımda məni sevirlər. Ancaq bu iki gündə gördüyüm yuxular başqa yuxularımla tam fərqlidilər. Qabaqlar yuxu görürdüm ki, qaçıram, divardan-divara, evdən-evə qaçıram. Görürdüm ki, məni iran polisləri izləyir və arxamca gəlirlər. Yuxumda sərhəddi ana-atamı görmək üçün gizlicəsinə keçirəm amma hansısa satqın məni satır və qaçışım başlanır. Görürəm ki, anamın əlini qucaqlayıb ağlayıram amma polislər onu tam hiss eləməyə imkan vermirlər və mən qaçıram, qaçıram və yenə qaçıram. Amma hara və kimdən kimə qaçıram!? Görürəm ki, pulum yoxdu və mən qalmışam tanımadığım bir şəhərdə, tanımadığım insanların ortasında. Sıxılıram, boğuluram və ağlaya-ağlaya yuxudan dururam...
Artıq bu növ yuxulara alışdığım zaman gecələrimdə önəmli bir dəyişiklik oldu. Yəni yuxularım formatı dəyişdi. “İrəlilədi” və məni yuxuda da olsa Rafiqə yaxınlatdı. Iki gün öncə yuxuda gördüm ki, padvalda maşına minən zaman, kimsə tapançayla mənə yaxınlaşır və mənim “bir saniyə əl saxla” sözümə görə çaxmır çaxmağı. Deyirəm,: ”mənim bir körpə qızım var!” Deyir: “Mənlik deyil.” Deyirəm: “ qoy heç olmasa bir zəng eliyim səsini eşidim sora!” Və yoldşıma zəng eliyib deyirəm:” tez ol gətir uşağın səsini eşidim!” uşaq gəlir və körpələr sayağı “qlo,qlo,qlo”-deyə bağırır. Mən isə yalnız ağlayıram və yuxudan ağlaya-ağlaya diksinirəm...
Dünən isə yuxuda gördüm ki, qatilim evimizə gəlib. Yatdığım yataqda oyanıb görürəm kimsə mənə yaxınlaşır. Dünənki yuxumda qatilimlə söhbət edirdim. Tapançaı üstümə tuta-tuta Rafiqdən danışırdıq. Dedim: “ Rafiqi də sən vurdun?” Deyir: “ hə, mən vurdum!” Diqqətlə gözlərinə baxıram və dinmirəm. Ürəyim sıxılır və doğurdan da dərimə sığmıram. Deyirəm:” səndən bir xahişim var” Deyir: “tez ol de görüm nədi xahişin?” Deyirəm: “icazə ver indiki hisslərimi son hekayəm kimi yazım, sonra nə istəyirsən elə!” Dünənki qatilim də bu xahişimlə razılaşır və mən...yox, yalnış anlaşılmasın. Yazmağa başlamıram. Bəlkə yuxudan diksinib oyanıram və səhərə kimi gözümü şəhərin qaranlığına tikirəm.
Bütün bu yuxuların sonu, mənim və tay-tuşlarımın sonu kimi bəlli deyil. Heç birinin bilmirəm sonu nə olur. Çünki, axıra yaxın diksinib tər içində yuxudan oyanıram...

Комментариев нет:

Отправить комментарий