08.05.2012

Səni gözləyirəm

Vasif Əlihüseyn

Yenə dayanmışam yol qırağında,
Könlümdən bir səni görməyim keçir.
Hər gələn avtobus ümüdüm olur,
Amma nə faydası dönməyib keçir.

Sıxır ürəyimi sənsizlik indi,
Ürək də bu yolda heçliyə dalır.
Qolumda o vaxtkı nimdaş saatdır,
Yenə dünənki tək yeddiyə qalır.

Düşüb keçəcəksən bu yolu indi,
Gah sağa, gah sola boylanacaqsan.
Şütüyüb keçəcək maşınlar bir-bir,
Gözləyə-gözləyə odlanacaqsan.


İşimdən, gücümdən olmuşam, gülüm.
Hər yol döngəsində sevgim gizlənir.
Qara gözlərindi sənin, əzizim.
Eynək arxasında məndən gizlənir.

Belə durmayaydım mən boynu bükük,
Nə edib yolları bağlatdıraydım?
Mən gərək bir polis çavuşu olub,
Bütün maşınları saxlatdıraydım.

Qaçqın uşağı

Ağlama, oğul,
bu ildə baxçaya
gedə bilməyəcəksən.
Şeir öyrətməyəcək sənə
qonşudakı müəllimə.

Bu ildə boynunu bükəcəksən,
qapı ağzındakı oturacaqda.
Yenə dondurma satan
 bir oğlanın
“dondurma var” sözləri
donduracaq səni yerində.
Burnunu qoluna siləcəksən,
Qaçacaqsan velosiped sürən
uşaqların arxasınca.
Yenə boynunu bükəcəksən

baxça qapısında,
maşın- maşın gələn ailələri,
ayağını “don” vurmuş
tay-tuşlarını görəcəksən.
Qaçacaqsan qucağıma,
Ata, -onlar hardan gəlir?
-Onlar, vətəndən-vətənə
gəlir, oğlum.

Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci il sentyabrın 25-də anadan olub. Moskva Sosial Dövlət Universitetinin “Filalogiya” kaulitəsini bitirib. Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakulitəsi”nin tələbəsidir. “Ayrılığın rəngi” adlı şeirlər kitabının müəllifidir. “Pərvanə” və “Yeni era” ədəbi məclislərinin üzvüdür. Elektron ünvanı: vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий