15.05.2012

“Yaxşıların yaxşısı” falçı imiş

Arzu Abdulla


Rəşid Behbudov adına Mahnı Teatrında “Yaxşıların yaxşısı-2012” milli mükafatı paylanıb. Doğrusu, bu barədə xəbər verən sayt adıçəkilən mükafatın hansı qruma və ya şəxsə aid olduğunu açıqlamır. Bəzi nominantlara baxanda mükafatın necə girdirmə olduğu bəlli olsa da tədbirin nüfuzlu iştirakçıları adamı çaşbaş qoyur.
Bu ilki mükafatçılar arasında ən çox diqqətimi çəkən isə yerli telekanalların reklamı sayəsində bütün ölkədə, “məmə” deyəndən pəpə yeyənə qədər hamının yaxşı tanıdğı falçı Yeganə oldu. Falçı Yeganə hansı məziyyətlərinə görə mükafat alıb onu dəqiq bilmirəm, dəqiq bildiyim odur ki, artıq cahan mülkündə heç bir mükafatın doğruluğuna inamım qalmayıb.
Bizim məmləkətdə otu itin, əti atın qabağına qoyanlar çoxdur və bu hal bizim üçün çox adiləşib. Falçı Yeganənin “Yaxşıların yaxşısı” seçilməsi minlərlə insanın qanına qəltan olunmasında birbaşa əli olan Mixail Qorbaçovun Nobel Sülh Mükafatı almasına bənzəyir.
Ümumiyyətlə, bizdə mükafat almaq, müsabiqədə qalib gəlmək çox “milliləşib”. İslam dinində falçılıq çox böyük günah sayılır. Siz dini kitablardan tanış olduğunuz Fironun hər il qeyd etdiyi falçı bayramlarını xatırladınızmı? Bu prinsipcə, bu gün bizim telekanallarda reklam olunan falçı yarışmalarının təməli idi.
Müqəddəs Qurani-Kərimin Fəlaq surəsində isə deyilir ki, “məni cadu edib, düyünlərə üfürənlərin şərindən qoru”.
Gerçəkdən insan yalnız kimliyini anlayanda onda özünə hörmət hissi yaranır. Bunu bu yaxınlarda bir daha dəqiqləşdirdim. Hazırda yaşadığım mənzil məşhur falçılardan birinin evinə çox yaxındır. Qonşuluqdakı ağacın gölgəsində qoyulmuş skamyada bəzən səhər saat 5-dən növbəsini, falçı xanımın şirin yuxusundan oyanacağı anı gözləyən qadınlar oturur. Saatlarla fırıldaqçılıqla var-dövlət sahibi olan bir falçını gözləyən adamın içində sadəcə Allah sevgisi və özünə hörmt hissi yoxdur.
Falçını tərifləyib ona yaxşıca “kliyent” yığan telekanalı da, onun rəhbərini də, verilişin aparıcısını da bir sözlə ifadə etsək, “allahsızdır” kəlməsi yetər. Axı bu ölkəyə falçı gərəkdir?
Niyə bu məmləkətdə “Yaxşıların yaxşısı” həkim, tələbə, müəllim, alim deyil, falçı və manıs olmalıdır?
Dəqiq yadımdadır, falçı Yeganə 2011-ci ildə Evrovision mahnı yarışmasında ölkəmizi təmsil edən Nigar Eldar cütlüyünün qalib gəlməyəcəyi proqnoznu vermişdi. Amma göründüyü kimi proqnoz özünü doğrultmadı. Hətta bundan sonra da bu falçının reytinqi düşmədi. Çünki bəzi telekanalların bütün qıfıllarına pul adlı bir açar düşür.
Bir həftə öncə Nəsimi rayonunda yerləşən “Koala” parkında bir dəstə qaraçı balasının fırıldağının şahidi oldum. 10-11 yaşlı qaraçılar kimin əlində dondurma görürdülərsə istəyirdilər. Dondurmasını verməyənlərin əlindəki dondurmaya əllərini sürtüb “yemə, əlimi vurdum, ver mənə” deyirdilər. Beləcə qaraçı uşaqlarının əlləri dolmuşdu dondurma ilə.
 Maraqlı mənzərə idi əslində. Sadəlövh adamlar “qaraçının əli dəydi” deyib əllərindəki şirin tikələrini rahatlıqla, bəziləri isə gülümsəyərək qaraçılara verirdilər. Elə bil borclarını ödəyirdilər. Bu rəzilliyə etiraz edən də yox idi. Ən azından dərs olsun deyə, dondurmanı zibil qutusuna da atmaq olardı.
Baxın, o anda yadıma telekanallardakı rüsvayçı verilişlər və bu verilişlərdə reklam olunub “kliyent” tapan manıslar, falçılar və onlardan daha qorxulu, fırıldaqçı olan həkimlər düşdü.
Belələri həyatımızın şirinliyini qapırlar. Yəni əllərini, yağlı dillərini uzadıb murdarlayır, sonra isə aslı duruma salırlar. Mənə gəlincə, hər kəs Tanrısına ilin ən yaxşısı olduğunu sübut etməyə çalışmalıdır özlüyündə. O zaman aldadılmış, aşağılanmış zavallılara heç rast gəlmərik. Axı Tanrı ilə insan arasında vasitəçi yoxdur. Vasitəçi ancaq qəlbimizdir. Müqəddəs kitabda isə deyilir: “Tanrı insanın qəlbindəkini biləndir”. 

Комментариев нет:

Отправить комментарий