Azər Qismət
Stalin ona inanmırdı. Lavrenti Beriyaya göstəriş
vermişdi ki, o, SSRİ-yə çağırılsın və dərhal sorğu edilərək barəsində tədbir
görülsün. Çünki hərbi kəşfiyyatın rəisi Yan Berzin həbs edilərək
güllələndiyindən onun sağlığında müxtəlif dövlətlərdə yaratdığı kəşfiyyat
rezidenturasının bütün üzvlərini təhlükə gözləyirdi. Həmin üzvlərdən biri də
Yaponiyada gizli fəaliyyət göstərirdi. Söhbət dünya şöhrətli kəşfiyyatçı Rixard
Zorgedən gedir.
Neçə illərdən sonra kəşfiyyat ləqəbi “Ramzay” olacaq
Rixard Zorge 1895-ci ildə Bakının Sabunçu kəndində alman mühəndis Qustav
Vilhelmin ailəsində doğulmuşdu. Onun atası 19-cu əsrin sonlarında “Nobel
qardaşları” şirkətində çalışmaq üçün Bakıya gəlmiş və Rixard məhz burada
doğulmuşdu.
Anası Nina Stepanovna Kobeleva olan Rixardda həm alman, həm də rus qanı qaynayırdı. Sonralar zarafatla deyirmiş ki, “iki böyük millətin qanının qarışığı yalnız kəşfiyyatçı yarada bilərdi”. Onun ailəsi 1898-ci ildə Bakını tərk edərək Almaniyaya köçür. 3 yaşlı Rixard Bakıdan getməli olur.
Anası Nina Stepanovna Kobeleva olan Rixardda həm alman, həm də rus qanı qaynayırdı. Sonralar zarafatla deyirmiş ki, “iki böyük millətin qanının qarışığı yalnız kəşfiyyatçı yarada bilərdi”. Onun ailəsi 1898-ci ildə Bakını tərk edərək Almaniyaya köçür. 3 yaşlı Rixard Bakıdan getməli olur.
1914-ci ilin oktyabrında Rixard könüllü şəkildə alman
ordusunda xidmət edir, 1-ci dünya müharibəsində qərb cəbhəsində iştirakına görə
ordenlərə layiq görülür. 1916-cı ildə mərminin partlaması onun vaxtından əvvəl
tərxis olunması ilə nəticələnir. Bu, onun həyatında ruh düşgünlüyünə səbəb
olur. Hospitalda solçu sosialistlərdən biri ilə tanışlığı onu Marksın
əsərlərini oxuması ilə nəticələnir. Sonra iqtisadiyyat üzrə Berlin, Hamburq
universitetlərində təhsil alır. 1917-1919-cu illərdə müstəqil sosial-demokrat
partiyasının üzvü seçilir, 1919-cu uldən Almaniyanın Kommunist Partiyasının
üzvü olur. Zolingendəki partiya qəzetinə redaktorluq edir. 1924-ci ildə SSRİ-yə
gəlir, az sonra ölkə vətəndaşı seçilir, 1929-cu ildə kəşfiyyatçılıq peşəsinə
yiyələnir. Bütün bunları ona görə sadalayırıq ki, oxucuda əfsanəvi kəşfiyyatçı
barədə təəssürat formalaşsın.
1933-cü ildə Hitlerin partiyası hakimiyyətə gələndən
sonra Sovet rəhbərliyi Avropada rezidenturanı genişləndirir. Zorgenin isə
Yaponiyaya göndərilməsi qərara alınır. Rixard nüfuzlu “Byorzen kuryer” və
“Frankfurter tsaytunq” qəzetlərinin əməkdaşı kimi ora ezam edilir. O illər
Yaponiyada sovetlərin kəşfiyyat rezidenturasının mövcudluğu və genişlənməsi
vacib məsələlərdən sayılırdı. Çünki Yaponiyanın Uzaq Şərqdən SSRİ-yə hücum
etməsi rusların iki cəbhədə döyüşməsi və böyük dövlətin çökmə ehtimalının
günbəgün artmasına gətirib çıxara bilərdi.
1938-ci ildə hərbi kəşfiyyatın rəhbəri Yan Berzin
Stalinin göstərişi ilə güllələnəndən sonra onun vaxtilə ələ aldığı
kəşfiyyatçılar dünyanın müxtəlif yerlərindən bir bəhanə ilə çağırılaraq ya həbs
edildilər, ya da güllələndilər. Sovet rəhbərliyi Rixard Zorgeni də qara
siyahıya salmışdı. Mərkəz kəşfiyyatçını məzuniyyətə çıxmaq adı ilə Moskvaya
çağırır. Zorge duyuq düşür və Mərkəzə belə bir şifrəli mətn yollayır: “Sizin
məzuniyyətlə bağlı arzunuzu böyük məmnuniyyətlə qəbul edərdim. Amma məzuniyyətə
çıxmağım belə vacib yerdən informasiyaları azaldacaq”.
Mərkəzin “arzu”suna etiraz edən Zorge Yaponiyadan
informasiyaları ötürməyə davam edir. Rəhbərliyin çağırışına gəlməyən Zorge
Stalinin gözündən düşür. “Ellər atası” daha onun məlumatlarına inanmamağı
məsləhət görür və sanki belə bir kəşfiyyatçı ümumiyyətlə mövcud deyil.
İnamsızlıq Zorgeni üzsə də, qəflətən onun iş
fəaliyyətində möcüzə baş verir. Onun Mərkəzə göndərdiyi xəbər doğru çıxır:
1941-ci ilin iyunun 22-də faşist Almaniyası SSRİ-yə hücum edir. Bununla da ona
yenidən inam yaranır. Lakin o vaxtacan fristlərin gah apreldə, gah mayda hücum
edəcəyi barədə müxtəlif kəşfiyyatçılardan informasiyalar daxil olsa da, yalnız
bakılı Rixard Zorgenin məlumatı doğru çıxır. Ay yarımdan sonra onun ikinci
məlumatı SSRİ rəhbərliyində bu kəşfiyyatçıya qarşı inamı daha da gücləndirir.
Zorge xəbər verir ki, 1941-ci ilin sonuna qədər Yaponiya SSRİ-yə hücum
etməyəcək. Bununla da Uzaq Şərqdəki Sibir diviziyası oradan çıxarılaraq Qərb
cəbhəsinə - Moskvanın qorunmasına yönəldilir.
1941-ci ilin oktyabrın 18-də Zorge yapon polisi
tərəfindən həbs olunur və 1943-cü ilin sentyabrında barəsində ölüm hökmü
çıxarılır. Edama qədər ona dəhşətli işgəncələr verilir. Hitler Zorgenin
edamının Almaniyada gerçəkləşməsi üçün onu dəfələrlə tələb etsə də, Yaponiya
hökuməti buna getmir, əvəzində SSRİ-yə təklif edir ki, kəşfiyyatçını mühüm bir
şəxslə əvəzləmək olar. Stalin buna razılaşmır, Rixard Zorge əzab və işgəncələr
içində edam edilir. Edam 1944-cü ilin noyabrın 7-də - SSRİ üçün bayram günündə
- Tokionun Suqamo həbsxanasında həyata keçirilir. Onu həbsxananın həyətində
basdırırlar, 1967-ci ildə qəbir Tokionun Tama qəbiristanlığına köçürülür.
Biz bakılı Rixard Zorgeyə sahib çıxmalıyıq. Onun
qəbrinin Bakıya gətirilməsi əfsanəvi kəşfiyyatçıya ehtiramımıza töhfəmiz olar.
Məşhur “Tehran 43”
filminə baxanlar bilir ki, İranda Stalin, Ruzvelt və Çörçilə qarşı sui-qəsdin
qarşısını Andrey adlı qəhrəman alır. Əslində filmdə olan Andrey “Əmir” ləqəbli
erməni kəşfiyyatçısı Georgi Vartanyan olub. Onun Moskvadakı dəfnində Vladimir
Putin də iştirak etmişdi. Düzdür, o illər azərbaycanlılara kəşfiyyat sahəsində
mühüm tapşırıqları icra etmək üçün etimad və etibar göstərilməsə də, bu onu
deməyə əsas vermir ki, xalqımızın nümayəndələri öz sözlərini deyə bilməzdilər.
Rixard Zorge dünya şöhrətli kəşfiyyatçı olub.
Haqqında Amerika, Yaponiya, Almaniya, Rusiya və digər böyük dövlətlər
kinofilmlər çəkiblər. Bu kəşfiyyatçının qəbrinin Azərbaycana gətirilməsi,
ziyarət edilməsi, kəşfiyyatçılıq peşəsinə olan marağı gücləndirər və nəhayət
bilinər ki, bizim belə həmyerlimiz olub. Ola bilər ki, Almaniya, ya Yaponiya
hökuməti buna etiraz etsin. Amma dövlət səviyyəsində etirazların olacağı
müqabilində izahat vermək olar ki, biz sadəcə öz həmyerlimizə sahib çıxırıq.
Onun hansı ölkənin xeyrinə, hansı ölkənin əleyhinə işləməsi bizi
maraqlandırmır.
P.S. Rixardın Tokiodakı sevgisi yapon qızı Xanako
İsii Zorgenin Tama qəbiristanlığındakı qəbrini neçə illər göz yaşları içində
ziyarət edib. 2000-ci ildə dünyasımı dəyişən günə qədər. Düz 12 ildir ki,
bakılı Rixard Zorgenin qəbrini heç kim ziyarət etmir.
Комментариев нет:
Отправить комментарий