Cəzaçəkmə müəssisəsinin mayoru müxbirimizə sistemlə bağlı şok açıqlamalar verdiRövşən Yerfi: “14 saylı cəzaçəkmə müəssisəsi sanki həm məhkumlar, həm də ədliyyə sistemində işləyən “yiyəsizlər” üçündür”
Rövşən Yerfi 17 il ədliyyə orqanlarında çalışıb. Ədliyyə mayorudur. Sonuncu iş yeri Ədliyyə Nazirliyinin 14 saylı cəzaçəkmə müəssisəsi olub. Pensiya yaşına 8 il qalsa da öz istəyi ilə işdən çıxıb. Deyir ki, bu strukturda işləməyə daha tab gətirə bilməyib.
- “Ağır şərait” ifadəsini bir qədər konkretləşdirə bilərsinizmi?
- Sonuncu iş yerim - 14 saylı cəzaçəkmə müəssisəsi sanki həm məhkumlar, həm də ədliyyə sistemində işləyən “yiyəsizlər” üçündür. Yuxarılarda adamı olmayanların, olduqca aşağı təbəqədən olan məhkumların yeri 14-cü “kalon”dur. Burada işləyənlərin əmək şəraiti qanunla nəzərdə tutulan qaydada deyil. Əmək haqlarımız mühafizə polisinin əmək haqları ilə tutuşdurulur. Düşünün, cansız əşyaları qorumaq hara, cinayətkarlarla işləmək hara. Xüsusi şəraitdə çalışdığımıza görə, bizə ildə 14 günlük əlavə, ödənişli məzuniyyət verilməlidir, verilmir. Qanunla ildə 1 dəfə 2 aylıq əməkhaqqı həcmində müavinət almalıyıq, ala bilmirik. İşlədiyim illərdə yalnız 1 dəfə - 2009-cu ildə bu müavinəti ala bilmişəm. Dövlət hesabına müayinə və müalicə hüququndan bir qayda olaraq müəssisənin rəhbərləri, onlarla maliyyə məsələlərində əlbir olan mühasiblər faydalanır. İşçilərin bununla bağlı müraciətinə bir qayda olaraq “vəsait yoxdur” cavabı verilir.
- İnsan haqları müdafiəçiləri 14 saylı cəzaçəkmə müəssisəni şəraiti ən ağır olan məhbəs adlandırır. Bunun səbəbi nədir?
- Birincisi, müəssisə çox uzaqda, Qızıldaş qəsəbəsindən də 5 kilometr aralıda yerləşir. Ora heç bir nəqliyyat vasitəsi işləmir. Bu, təkcə dustaqların ailə üzvlərinə deyil, işçilərə də ciddi çətinlik yaradır. Səhər və axşam saatlarında işçiləri aparmaq üçün 1 avtobus ayrılıb. Çatmadınsa, ümid ancaq yoldan keçən yük maşınlarına qalır. Gündüz saat 2-də işdən çıxanda axşam saat 8-ə qədər Bakıya dönəcək avtobusu gözləməyə məcbur idik. Ya da dustaqların yanına gələnlərdən xahiş etməli idik ki, bizi şəhərə aparsınlar. Cəzaçəkmə müəssisəsi daş karxanaları olan ərazidə yerləşdiyindən havası çox ağırdır. Xüsusən yay aylarında. Bakı küləklidir, bilirsiniz. Ancaq külək deyil, xəfif meh də olanda orada havadakı qumdan nəfəs almaq olmur. Bədən, üz, göz hər zaman narın qumun içərisindədir. Yayın dəhşətli istisində də bürkü arzulayırdıq - təki külək əsməsin. Üstəlik, burada su problemi var. Su çəkilsə də tez-tez kəsilir. Ora suyu maşınlarla gətirirdilər.
- Deyilənlərə görə, bütün cəzaçəkmə müəssisələrində təmir işləri aparılır. Sizin keçmiş iş yerinizə də bu, şamil edildimi?
- Yavaş-yavaş başlamışdırlar. Məsələn taxta döşəmələr vurulurdu, digər kosmetik təmir işləri aparılırdı.
- Ərzaqla təminat necə idi?
- Son zamanlar normallaşmışdı.
- Siz iş şəraiti ilə bağlı narazılıqlarınızı Ədliyyə Nazirliyinə bildirmisinizmi?
- Bəli. Fikrət Məmmədovun adına məktub göndərib durumu anlatmışam. Bilirsiniz, orada çalışanların iş şəraiti normativlərlə deyil, rəhbərliyin istəyi ilə idarə olunur. Müəssisə demək olar hər zaman gücləndirilmiş iş rejimində işləyir. Təbii, bu, məhkumlara deyil, işçilərə daha çox aiddir. İllərdir biz şənbə günlərini ödənişsiz işləmişik. Hər gün işdən ən azı 2 saat gec çıxırdıq. Əmək Məcəlləsinə görə artıq saatların haqqı ödənməli, yaxud bunun qarşılığında istirahət verilməlidir. Ancaq bu haqda söhbət belə gedə bilməz. Durumla razılaşmayanlara da qapını göstərirlər. Xüsusən son zamanlar ədliyyə orqanlarında işdən xeyli insan uzaqlaşıb. Çoxu da belə anormal iş rejiminə görə.
- Gücləndirilmiş rejim daha çox hansı hallarda tətbiq olunur?
- Ölkədə istənilən tədbir keçirilsə, prezident ölkədə olmasa, gücləndirilmiş rejim qüvvəyə minir. Məsələn, “Eurovision” ərəfəsində aylarla gücləndirilmiş iş rejimi tətbiq olundu.
- Bayaq Ədliyyə Nazirliyindən xeyli sayda insanın işdən uzaqlaşdığını dediniz. Onların yerinə kimlər gəlir?
- Daha çox gənc idmançılar. Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev ixtisasca idmançıdır. Yeni gələnlər də onun xətti ilə gəlir. Ancaq cəzaçəkmə müəssisələri çox spesifik yerdir. Burada bir kadr 5-10 ilə yetişir. Cavan idmançıları bu müəssisələrə toplamaq o qədər də doğru siyasət deyil məncə. Onlar fiziki cəhətdən sağlam, güclü ola bilərlər, ancaq dustaqlarla daha çox psixologiyadan anlayan insanlar işləməlidir. Ancaq Penitensiar Xidmətdə yeni işçilərin işə götürülməsi zamanı bunlar nəzərə alınmır. Ümumiyyətlə, bu sistemdə işçiyə qayğı deyilən anlayış yoxdur. Məsələn, digər nazirlik və müəssisələrdə çalışanların mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbir görülür. İşçilərə münasib qiymətlərə binalar tikilir, torpaq sahələri ayrılır. Ədliyyə sistemində uzun illər işləyib kirayə qalanlar, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan minlərlə işçi var. Ancaq Nazirlikdə bu məsələ ümumiyyətlə müzakirə mövzusu deyil. Heç insanları yaxın gələcəyə ümidləndirəcək ev növbəsi siyahıları belə yoxdur. Keçən il bir sıra nazirliklərdə çalışanların əməkhaqqı 10 faiz artırıldı. Düzdü, bu çox cüzi artımdır. Ancaq o, ədliyyə işçilərinə aid edilmədi. Guya bizim məvacibimiz çoxdur.
- Məsələn, siz - ədliyyə mayoru, dəstə rəisi, 17 il stajla nə qədər əməkhaqqı alırdınız?
- 310 manat ştat cədvəli üzrə əmək haqqı, rütbə və vəzifə maaşları da əlavə olunmaqla, 600 manata yaxın.
- Təxminən orta məktəb müəlliminin, həkimin 3 aylıq, universitet professorunun 1 aylıq maaşı qədər. Yaşamaq üçün yetərli deyil?
- Əlbəttə, yox. Hər ay bu pulun az qala 150 manatını işə gedib-gəlmək üçün xərcləyirdik. Qalan vəsaitlə indiki bahalıqla necə ailə saxlamaq olar? Çox çətindir.
- Amma indi işsizsiniz...
- Əmək haqqımdan təxminən 180 manat az pensiya alıram. Bu elə yola xərclədiyim vəsait qədərdir. Bir də mən Azərbaycan Yazarlar Birliyinin üzvüyəm. Hekayələrim çap olunur. Təbii, yenə Qızıldaşdakı kimi ailəmin çörəkpulu daşdan çıxacaq. Ancaq ən azı o yolu getməkdən artıq azadam.
Aygün MURADXANLI musavat.com
Комментариев нет:
Отправить комментарий