Asif Həsənli
Professional Oxucu Liqası
ABŞ İraqdan çıxmaq əvəzinə sünni-şiə qarşıdurması yaradır, süni surətdə
terrorlar təşkil edirdi ki, hər iki məzhəb ayrı-ayrılıqda onların müdafiəsinə
ehtiyac duysun və onları köməyə çağırsın
ABŞ işğala
qarşı azadlıq müharibəsini ölkə daxilində vətəndaş müharibəsinə
çevrildi
“Biz sünnilərlə şiələrin arasına ədavət toxumunu o qədər sıx səpmişik ki, bundan sonra onun qarşısını nəinki onların özləri, heç biz də ala bilməyəcəyik”
ABŞ-ın «barmağı» hara dəyirsə, orada heç vaxt sülh və sabitlik bərpa olunmur, əksinə, bu təcavüzkar dövlət hara soxulursa, orada yaxşı-yaman dolanan xalqın vəziyyəti daha da ağırlaşır, terrorçuluq, qətllər, iğtişaşlar baş qaldırır
Hərbi əməliyyatlar 20 mart 2003-cü il tarixdə səhər saatlarında başladı. Əməliyyat «İraq azadlığı» kodlaşdırılmış ad altında keçirilirdi. Fars körfəzində keçirilən müharibədən fərqli olaraq müttəfiqlər bu dəfə quru qoşunlarını irəli çəkdilər. Küveyt platsdarm rolunu oynadı. Koalisiya qüvvələri şimal cəbhəsindən də hücuma keçməyi planlaşdırdılar, lakin Türkiyənin buna imkan verməməsi vəziyyəti gərginləşdirdi. Türkiyə ABŞ əsgərlərinin öz ərazisində məskunlaşmasının əleyhinə çıxdı. Türkiyə parlamenti İraqa qarşı dəhliz rolunu oynamaqdan imtina etdi.
Amma buna baxmayaraq ABŞ və Böyük Britaniya
hərbi qüvvələri Bağdada maneəsiz daxil oldular. Maraqlı odur ki, Bağdad
döyüşsüz təslim oldu. Koalisiya qüvvələrinin 5 diviziyası heç bir
müqavimətə rast gəlmədən ölkənin içərilərinə doğru hərəkət etdi və
aprelin 9-da Bağdada girdi. S.Hüseynin heykəli milyonlarla insanın
gözü qarşısında qaldırıcı kranla yerə yıxıldı.
Aprelin 15-də Tiqrit şəhəri alındı.
Bir ay yarım davam edən müharibədə koalisiya
qüvvələri 172 nəfər itki ilə üzləşdi: Onlardan 139 amerikalı, 33 britaniyalı
idi.
Qeyri-rəsmi məlumata görə 9200 İraq əsgəri və 7300
dinc sakin həlak olmuşdu.
Londonun «Qardian» qəzeti Nobel mükafatı laureatı,
yazıçı Cozef Stiqlitsin araşdırmalarını dərc etdi: ABŞ bu müharibədə
9 milyard dollardan çox zərər çəkdi. Ümumilikdə, İraq müharibəsi bəşəriyyətə
6 trilyon dollar ziyan vurmuşdur. Bu rəqəmin yarısı isə ABŞ-ın payına
düşür».
İraqa müdaxilə dövründə əməliyyatın mərkəzi
qərargahı Qətərin Doxa şəhəri olmuşdur. Hərbi əməliyyatlara
əvvəlcə general Tommi Frenks, sonra isə general Con Abizaid başçılıq
etmişdir.
Ölkə bir neçə işğal olunmuş ərazilərə bölündü:
Bağdad, «sünni üçbucağı», İraqın şimal rayonları
və qərb əyaləti Əl-Ənbər amerikanların, şiələrin toplaşdığı cənubi
Bağdad Çoxmillətli diviziyanın -
Polşanın, İspaniyanın, Ukraynanın, İtaliyanın və Mərkəzi
Amerika ölkələrinin hərbi qüvvələrinin, İraqın ən cənub nöqtəsi
olan Bəsrə isə britaniyalıların nəzarəti altına keçdi.
Müharibədən dərhal sonra beynəlxalq təhqiqat
qrupu kütləvi qırğın silahlarının axtarışına çıxdı və 2004-cü ildə yekun
hesabatını verdi. Hesabatda İraq ərazisində koalisiya qüvvələrinin
hücumu ərəfəsində nüvə silahının aşkar olunmadığı öz əksini tapdı.
Bundan sonra ölkədə partizan müharibəsi genişləndi.
Səddam tərəfdarları və Baas partiyasının fəalları partizani qrupları
təşkil edərək müdaxiləçi qüvvələrə qarşı mübarizəyə keçdilər.
2003-cü il iyulun 22-də 101-ci hava desant diviziyasının
əsgərləri ilə atışmada Səddamın oğulları – Udey və Qusey həlak oldular. Dekabrın 13-də isə Səddam Hüseyn özü Tiqrit
ətrafında ələ keçirildi.
ABŞ ŞİƏ-SÜNNİ QARŞIDURMASI
YARADIR. 2004-cü ilin əvvəllərində İraqda nisbi sakitlik
hökm sürdü. Amma bu sakitlik elə bil ki, aldadıcı xarakter daşıyırdı.
Mart-aprel aylarında ölkədə partizan hərəkatı vüsət aldı. Sünni-şiə
məzhəbləri arasında konflikt gərginləşdi. Uzun zaman sünnilərin hakimiyyətdə
olduğundan narazı qalan şiələr bu dəfə hakimiyyəti öz əllərində cəmləşdirmək
istəyirdilər. Lakin koalisiya qüvvələri növbəti ildəki seçkilərə
qədər Keçid Hökuməti yaratmışdılar ki, həmin hökumət İraqı seçkilərə qədər idarə edəcəkdi. Bu hökumət
şiələrə sərf etmirdi. Bundan ehtiyatlanan ABŞ hərbi qüvvələri şiələrə
qarşı təzyiq göstərməyə başladı. Şiələrin tanınmış axundu Müqtəda
əs-Sədr buna cavab olaraq İraqdan işğalçı qüvvələrin çıxarılmasına
və ölkədə demokratik islam dövlətinin yaradılmasına dair çağırış
etdi. Əs-Sədr silahlı könüllü dəstə yaratdı və koalisiya qüvvələrinə
qarşı üsyana qalxdı. Aprelin 4-də şiələr ümumi üsyan etdilər və Nəcəf
şəhərində qanlı döyüşlər baş verdi.
Şiələrin bu üsyanı sünnilərin Falluc rayonundakı
etirazları ilə üst-üstə düşdü. Bağdadın cənubunda yerləşən bu yaşayış
məntəqəsində amerikanlar böyük itiki vermişdilər. Martın 31-də Fallucda
amerikanlara məxsus firma maşınını yandırmış, maşında yanan cəsədləri
körpünün üstündən asmışdılar.
ABŞ əsgərləri İraqdan çıxmaq əvəzinə sünni-şiə
qarşıdurması yaradır, süni surətdə terrorlar təşkil edirdilər ki,
hər iki məzhəb ayrı-ayrılıqda onların müdafiəsinə ehtiyac duysun və
onları köməyə çağırsın.
Əl-Qaidə təşkilatının İraq üzrə rəhbəri Əbu
Musabəy-əs-Zərkavinin amerikan əsgəri Nikolas Berqanın başını balta
ilə kəsməsi Fallucda ABŞ-a qarşı kəskin nifrətin olmasını göstərirdi.
Səbəb ABŞ dəniz pexotasının Falluca hücum etməsi və orada vəhşiliklər
və zorakılıqlar törətməsi olmuşdur.
2004-cü ilin iyunun 28-də Müvəqqəti Koalisiya
Hökuməti öz səlahiyyətlərini İraq Keçid Hökumətinə təhvil verdi.
Şiələr bundan nairazı qalsalar da, sünnilər də razı qalmadı.
Şiələr hakimiyyətdə onlara yer verilməməsindən
narazılıq edir, sünnilər isə hələ də onlara qarşı təxribatların davam
etməsindən gileylənirdilər.
2004-cü ilin aprelində isə amerikanlara məxsus
olan Əbu-Qreyb həbsxanasında iraqlı məhbuslara qarşı zorakılıq və işgəncələrin
verilməsi haqda məlumatlar dolaşmağa başladı və bir müddətdən sonra
məhbuslar üzərində təhqiramiz hərəkətlər edən ABŞ əsgərlərinin
videogörüntüləri telekanallarda nümayiş olundu.
2005-ci il yanvarın 30-da ölkədə parlament seçkiləri
keçirildi. Amma seçkilər münaqişələrlə müşayiət olundu, sünni-şiə
qarşıdurması dərinləşdi, iğtişaşlar
törədildi.
İlin sonunda yeni Konstitusiya qəbul olundu.
Dekabrın 15-də yeni parlament seçkiləri baş
tutdu. Şiələrə məxsus olan Birləşmiş İraq Alyansı 48 faiz səs toplayaraq
qalib gəldi və Milli Məclisdə 128 yer qazandı. Bütün sünni partiyaları
58 yer, kürdlər 53 yer tutdu.
Şiələrin hakimiyyətə gəlməsi bu iki məzhəb arasında
olan ixtilafları daha da dərinləşdirdi. Ölkədə şiə və kürd dövlətlərinin
yaradılması haqqında şayiələr yayıldı. Sünnilərlə şiələri birləşdirən
yalnız ABŞ əsgərlərinin ölkədən çıxarılması tələbi idi.
ABŞ hökuməti qorxdu və təxribat planlarına
keçdi. 2006-cı il fevralın 22-də Cəmariyyədə Əl-Əsgəriyyə məscidində
partlayış baş verdi. Tələfat olmasa da, dağıntı oldu, məscidin qülləsi
söküldü.
Ertəsi gün sünnilərə məxsus məscid partladıldı,
4 nəfər yaralandı, 2 nəfər öldü. Sünnilərlə şiələrin münaqişəsi qızışdı.
Hər iki məzhəbə aid olan qruplaşmalar arasında qanlı döyüşlər baş
verdi, qətllər törədildi. Sünnilər şiələri, şiələr sünniləri öldürürdülər.
İşğalçılara qarşı azadlıq müharibəsi ölkə daxilində
vətəndaş müharibəsinə çevrildi. İraqın küçələrində hər gün onlarla
meyid aşkar olunurdu.
2006-cı ilin dekabrın 30-da Səddam Hüseyn edam
olundu. Dünya ictimaiyyətinin gözü qarşısında onun asılması nümayiş
etdirildi. Məhkəmədə S.Hüseyn 1982-ci ildə Əl-Duceyl kəndində şiələrə
qarşı kütləvi qətllər törətməkdə günahlandırıldı və 2006-cı ilin noyabr
ayında ona ölüm hökmü kəsildi. Məhkəmədə S.Hüseynin kürdlərə qarşı
amansız rəftarı da araşdırıldı və cinayətinə əlavə olundu.
2007-ci ilin yanvarın 10-da Corc Buş ABŞ-ın İraqda
yeni strategiyasını elan etdi və «Yeni dalğa» adı altında həyata keçirilən
bu strategiyanın əsas məqsədinin İraqa ABŞ-dan daha 21 min hərbi qulluqçu
göndərilməsini nəzərdə tuturdu.
Çoxları elə düşünürdü ki, Səddam Hüseyn rejimi
devrildikdən sonra İraqda xoş günlər başlayacaq, əhalinin rifah
halı yaxşılaşacaq, sülh və sabitlik bərpa olunacaq.
Tarix göstərdi ki, bu belə deyil. ABŞ-ın «barmağı»
hara dəyirsə, orada heç vaxt sülh və sabitlik bərpa olunmur. Əksinə, bu
təcavüzkar dövlət hara soxulursa, orada yaxşı-yaman dolanan xalqın
vəziyyəti daha da ağırlaşır, terrorçuluq, qətllər, iğtişaşlar baş
qaldırır. Bunu amerikanlar özləri də bəzən təsdiq edirlər.
Belə ki, respublikaçı senator Çak Hagel C.Buşun
mürtəce siyasətini və siyasi səhvlərini «Vyetnam müharibəsindən
sonra xarici siyasətdə ən təhlükəli addım» kimi qiymətləndirirdi.
2007-ci ildə bir qrup demokrat konqresmen «Amerika
əsgərlərinin İraqdan çıxarılması» planını işləyib hazırlamışdı.
Lazım olan 60 səsdən 48 nəfər bunun lehinə səs verdiyinə görə qərar qəbul
edilməmişdi.
«Mücahidlər şurası»nın lideri Əbu-Abdulla
əl-Bağdadi ABŞ-ı müharibədə məğlub olduğunu etiraf etməyə çağırırdı
və qeyd edirdi ki, «qələbə heç də S.Hüseynin devrilməsi ilə başa çatmır,
İraq mücahidləri işğalçılara qarşı daim mübarizə aparacaqlar».
ABŞ sünni-şiə qarşıdurmasını daha da gücləndirmək
üçün yollar axtarır, yeni üsullara əl atır, planlar hazırlayırdı. «Qanın
və qayda» (LAV ənd ORDER) əməliyyatı bu planlardan birinin tərkib hissəsi
kimi sünni-şiə mübarizəsinin gücləndirilməsinə xidmət edirdi.
Əməliyyat şiələrə qarşı təxribat törətməkdə
sünnilərə kömək etməkdən ibarət idi. Bağdada əlavə qüvvələr gətirilmişdi
ki, bir sıra terror aktlarını həyata keçirməkdə və partlayışlar törətməkdə
kömək etsinlər. BMT-nin baş katibi Pan Gi Mun İraqa gələndə 2007-ci ilin
martında onun yerləşdiyi iqamətgahın yaxınlığında mina partladıldı.
Bunu şiələrin təxribatı kimi qələmə verdilər. Sonra sünnilərin toplaşdığı
yarmarkanı partlatdılar. Bundan sonra ABŞ-İraq əsgərləri birləşərək
şiələrə qarşı silsilə terror aktları törətməkdə sünnilərə kömək göstərdilər
və İraqın cənub-qərbində Diyala əyalətində 70 şiə müsəlmanı qətlə yetirildi.
Sünni-şiə qırğını getdikcə qızışdı və bütün ölkəni bürüdü. İş o yerə gəlib
çatmışdı ki, Bağdadda hər kəs bronejilet geyməyə məcbur olurdu. Hər
addımda terror təhlükəsi var idi.
ABŞ öz əsgərlərini bu əyalətdən o birinə «atır»,
müsəlmanlar arasında ədavəti qızışdırmaqda davam edir, müsəlmanlar
da bir-birini qırırdılar. Ağ Evin marağı o qədər güclü idi ki, köhnə üsyançılara
ayda 1000 dollar mükafat verirdi və bunun müqabilində onların tələbləri
yerinə yetirilirdi. İraqda sünni-şiə konflikti o dərəcəyə gəldi çatdı
ki, ABŞ-da növbəti prezident seçkiləri ərəfəsində ABŞ hökuməti terrorun
qarşısını almaqda aciz qalmışdı.
Amerika generalı Rik Linç deyirdi: «Biz sünnilərlə
şiələrin arasına ədavət toxumunu o qədər sıx səpmişik ki, bundan sonra
onun qarşısını nəinki onların özləri, heç biz də ala bilməyəcəyik».
Sünnilərdən biri isə şiələrə qarşı öz nifrətini
belə izah edirdi: «Biz amerikanlara nifrət edirik, «Əl-Qaidə»yə ondan
çox nifrət edirik, şiələrə isə bunların ikisindən də çox nifrət edirik».
Hələ o dövrlərdə Pentaqonun rəhbəri D.Ramsfeld
sünnilərlə şiələrin bir-birini qırmasını, kürdlərin isə hər iki müsəlman
məzhəbinə qarşı vuruşmasını adi hal kimi qiymətləndirərək demişdi:
«ABŞ öz siyasətini bu qrupların bir-birini məhv etməsi üzərində kökləmişdir.
İraqda dini və milli qarşıdurma heç vaxt dayanmayacaq. Buna görə də
ABŞ ordusu İraqdan çıxmamalıdır».
İNSAN TƏLƏFATI. Təkcə 2007-ci ilin mart-aprel aylarında
İraqda 1586 nəfər dinc insan həlak oldu. 2006-cı ilin son iki ayında isə
2871 nəfər öldürülmüşdü.
ABŞ bu rəqəmləri müqayisə edərək «lovğalanırdı»
ki, ölümün sayı aşağı duşub. Nəzərə alsaq ki, insan tələfatı amerikan
əsgərləri arasında da baş verib, buna «lovğalanmağa» dəyərmi?
Təkcə 2007-ci il ərzində həlak olmuş ABŞ əsgərlərinin
sayı 1200 nəfərdən çox idi.
BBC telekanalının keçirdiyi sorğu nəticəsində
70 faiz iraqlı situasiyanın daha da gərginləşdiyini deyirdilər. Onlar
iki ay ərzində 6000 adamın qətlə yetirildiyini vurğulayırdılar.
Əyalətlərdə anarxiyanın və xaosun hökm sürdüyündən narazılıq edir
və bu vəziyyətin yaranmasında ABŞ hökumətini lənətləyirdilər.
13 oktyabr 2011-ci il tarixdə Cosualtes.orq. saytı
ABŞ-İraq müharibəsində on minlərlə hərbçinin və yüz minlərlə dinc
İraq əhalisinin məhv edildiyini bildirmişdi. Döyüşlərin birinci
mərhələsində təkcə Benqazidə 4532 nəfər ölən, 32485 nəfər yaralanan
olmuşdu. 317 nəfər amerikalı, 187 nəfər böyük britaniyalı hərbi qulluqçu
həlak olmuşdu.
«Opinion Research Buziness» təşkilatı İraq əhalisinin
ölənləri və yaralananları haqqında araşdırmalara başladı və apardığı
6 ay ərzindəki tədqiqatın nəticəsində məlum oldu ki, 1 milyon 450
min nəfər İraqın dinc əhalisi müharibədə ABŞ əsgərləri və koalisiya
qüvvələri tərəfindən qətlə yetirilmişdir. Təşkilat daha üç ay araşdırmanı
davam edərək dəqiqləşdirmə aparmış və bu rəqəmin konkret olaraq 1
milyon 154 min olduğunu elan etmişdir.
Ümumdünya Səhiyyə Təşkilatının 2006-cı ilin
yanvar ayına olan məlumatında bildirilirdi ki, İraq əhalisi müharibədə
253 nəfər günahsız qurban vermişdir. ABŞ-ın nüfuzlu Con Hopkins Universiteti
2003-cü ildən başlayaraq hər il 100 mindən çox adamın öldüyünü, 150-180
min adamın yaralandığını «The Lanch» qəzetində bildirmişdi.
Hələ bu harasıdır?
Müharibədə insan tələfatının olması adi haldır. Amma dinc insanların
qırılması, onlara odlu silahlardan atəş açılması, aviasiya zərbələrindən
və kimyəvi slahlardan istifadə edilməsi insanlığa və bütün bəşəriyyətə
qarşı törədilmiş ağır bir cinayət deməkdir!
Heç bir dövlət özünə bəraət qazandıra bilməz ki,
dinc insanlara qarşı qırğın törədilməsini əsaslandırsın. BMT, Avropa
İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq təşkilatlar dinc
insanların günahsız şəkildə öldürülməsinin qəti əleyhinədirlər.
Buna görə ABŞ və Böyük Britaniya hökuməti bu cinayəti törətdiklərinə
görə beynəlxalq tribunala verilməli, günahkarlar bəşəriyyət qarşısında
cavab verməli, dinc insan qırğını törədənlər cinayət məsuliyyətinə
cəlb olunmalı idilər! İnsan amili hansısa dövlətin marağına qurban verilirsə,
bu dövlətin maraqları üzündən milyonlarla dinc və günahsız insan həlak
olursa, bunu yalnız vəhşilik və alçaqlıq adlandırmaq olar!
Dinc insanlara qarşı kimyəvi silahlardan istifadə
edildiyi faktı da təsdiq edilmişdir ki, bu hərəkət həmin vəhşiliyin
davamı və tərkib hissəsidir.

Комментариев нет:
Отправить комментарий