21.06.2012

"İsmin yeddinci halı"ndan parça

 Cavidan


-          Mən öz romanımı bitirdim, - Azad “Öncə söz” portalına müsahibəsində deyir, - “Böyük şəhərin çörəyi” artıq hamınındır, istərdim, hər kəs özünə, öz ruhuna yaxın bir dost söhbəti kimi qarşılasın onu.
-          Bir müsahibənizdə demisiz ki, romanı həyat yoldaşınıza həsr etmisiz, bu, doğrudur? – aparıcının səsi cingildəyir.

-          Yalnız özümün yox, bu romanı hər birimizin çox yaxından tanıdığı adamlara həsr etmişəm. Biz həyatımızın müəyyən dövrlərində ən müxtəlif insanlarla qarşılaşırıq, onlardan kimsə külək kimi yanımızdan keçib gedir, kimsə qısa da olsa, yanımızda qalır, kimsə də ömür boyu bizimlə birgə addımlayır həyat yolunda yoldaş olaraq. Biz də həmin insanlar üçün beləyik əslində - kimi üçün külək, kimi üçün qonaq, kimi üçün ömür yoldaşı. Amma ömrümüzə yoldaş olacaq insan lazım olan vaxtdamı gəlir həyatımıza? Kimin vaxtında gəlir? Özününmü, bizimmi? Əgər bircə gün tez və ya bircə gün gec rastlaşmağımız hər ikimizin həyatında tamam başqa hadisələrlə nəticələnə bilirsə, sonunda isə onsuz da bu bir ömür qisməti olduğu üçün mütləq və mütləq rastlaşıb birləşməliyiksə, əgər, el dilində desək, doğrudan da “yazılana pozu yoxdur”sa, onda niyə də daha tez çalışmayaq bir-birimizi axtarıb tapmağa? Ya da sadəcə gözləməyək bəlkə də ömrün ən sonuncu gününə gəlib düşəcək tanışlıq və yalnız saatlar qədər ömrü olacaq yoldaşlıq qismətini? Hər şey sadəcə zamana bağlıdırsa və hər anın belə öz hökmü varsa, taleyimizi yazanın istəyi, lap elə kaprizi ilə onsuz da bir gün başlayacaq bu həyat yoldaşlığı. Amma o günə qədər və o gündən sonrakı həyat mütləq özünün alternativini də yanında hazır saxlayır, unutmayaq.
-          Yəni?!
-          Yəni, hər situasiya üçün verəcəyimiz qərarın nəticəsi olaraq, mütləq ən azı iki variantda həyat tərzi gözləyir bizi qarşıda, hansını yaşamağımız isə məhz verəcəyimiz qərardan asılıdır.
-          Demək, real həyatımızdakı insanla qarşılaşma məqamındakı hökm həll edir hər şeyi?!
-          Bəli! Əgər Çiçək mənim həyat yoldaşım olmalıdırsa bu həyatda, mən onunla mütləq qarşılaşacam demək, amma bunun gec və ya tez baş verməsi hər ikimizin həyatında alternativ yaşam tərzindən keçməyimizə səbəb olacaq.
-          Siz artıq rastlaşmısız, Azad bəy, - aparıcı gülür.
-          Elədir.
-          Amma rastlaşmasaydınız?!
-          Alternativi yaşayacaqdıq, sonda yenə də mütləq rastlaşmaq şərtilə!
-          Məni şoka saldınız, Azad bəy! Bir sual da, mümkünsə.
-          Buyurun.
-          Bəs yaşanmayan alternativ talelər necə olur? Onları bizdən sonra gələcək nəsilllərmi yaşamağa məhkum olacaq?
-          Düşünmürəm. Hər insan bu dünyaya özünün konkret seçilmiş və ehtiyat həyat tərzi kimi alternativ yaşam variantları ilə gəlir.
-          Bəs yaşanmayanlar? Axı onların hər birisini görmək, bilmək maraqlı ola bilərdi! Təsəvvür edirsiz, indi mən özümün alternativ həyat variantlarımın necə ola biləcəyini öyrənmək istərdim artıq.
-          Elə isə, gerçək həyatınızı mənə danışın, alternativini yazmaq və sizə tanıtmaq mənim boynuma, - Azad ürəkdən gülür.
-          Siz bunu bacararsız?
-          Bundan başqa əlimdən nə gəlir ki? Yazıçı – alternativ həyatı göstərəndir. Yaradıcı olmaq – Yaradanın yaratdıqlarının görünməyən tərəfini açmaq deməkdir. Bu, mənim şəxsi fikrimdir, əlbəttə ki!

Комментариев нет:

Отправить комментарий