Rasim Qaraca. Pritça
Biri var idi, biri yox idi,
ac pişiklər tox idi.
Ölkəyə neft pullarının axan vaxtlarıydı.
İki dost varıydı.
Bunlardan biri göz həkimi, o birisi şair idi. Göz həkimi həm də şeir yazardı,
şairliyə iddiası vardı (şeirlərinin mövzusu da adətən gözlər haqqında olardı).
Həkim varlı, şair kasıb idi. Ancaq bu hal onların dostluğuna təsir göstərməzdi.
Şair həkimə lazım idi, həkim şairə. Soruşa bilərsiz, nə üçün lazım idi? Şair həkimə lazım idi, çünki şairin mətbuat aləmində əlləri uzun idi. Həkim onun bu imkanlarından
vaxtaşırı istifadə edə bilirdi. Adlı-sanlı şairin onun haqqında bir cümlə
yazması nəyə desən dəyərdi. Bir də görürdün qəzetlərdə onun üç şeirini dərc elətdirərdi,
haqqında bir-iki kəlmə söz yazdı, məclislərdə sözünü danışardı, ad günlərində
bir məqalə yazıb təbrik edərdi.
Hər şey bir yana qalsın, həkimin təzə yazdığı şeirlərə qulaq asardı, lap axırda “əla yazmısan” deyərdi. Ancaq, burasını da deyim, şair üçün ən əzablı olanı da elə bu idi – şeirlərin “bezdarnı” olduğunu bilə-bilə, görə-görə onlara “əladır” deyirdi, bu sözü demənin nə qədər işgəncəli olduğunu özündən başqa kimsə bilmirdi. Bax bu səbəblərə görə şair həkimə lazım idi. Buna görə də arada-bir şairə zəng edib keyfini xəbər alar, bəzən axşam yeməyinə dəvət edər, hər vasitə ilə münasibətlərini isti saxlamağa çalışardı.
Hər şey bir yana qalsın, həkimin təzə yazdığı şeirlərə qulaq asardı, lap axırda “əla yazmısan” deyərdi. Ancaq, burasını da deyim, şair üçün ən əzablı olanı da elə bu idi – şeirlərin “bezdarnı” olduğunu bilə-bilə, görə-görə onlara “əladır” deyirdi, bu sözü demənin nə qədər işgəncəli olduğunu özündən başqa kimsə bilmirdi. Bax bu səbəblərə görə şair həkimə lazım idi. Buna görə də arada-bir şairə zəng edib keyfini xəbər alar, bəzən axşam yeməyinə dəvət edər, hər vasitə ilə münasibətlərini isti saxlamağa çalışardı.
Bəs həkim şairə nə üçün lazım idi? Maraqlı
olan da elə budur. Şairin öz həkim dostundan xəyali bir keçəcəyi var idi: bir
zaman gələcək, qocalıq üz verəcək, şairin gözləri zəfləyəcəkdi və ya birdən-birə
gözlərinə mirvari suyu gələcəkdi, bəlkə başqa bir göz xəstəliyinə mübtəla
olacaqdı – bax o zaman, bax belə bir dar məqamda həkimin imkanlarından
faydalanacaq, nəhayət bu günə qədər etmiş olduğu bütün yaxşılıqların əvəzini
yavaş-yavaş çıxarmağa başlayacaqdı.
Artıq bu dostluğun yaşı 30 ili ötmüşdü, şair hələ
də həkimin gözlər haqqında yazdığı mənasız şeirləri səbrlə oxuyur, müəllifin
üzünə onların elə yaxşı olduğunu, belə yaxşı olduğunu tərifləyir, bu qeyri-bərabər
dostluğun bütün əzablarına səbrlə dözürdü. Lakin, çox qəribə idi, artıq bütün
yaşıdları gözlük taxmağa başlamışdı, cürəbəcür göz ağrısına tutulmuşdu, şairin
gözləri isə hələ də zəifləmək bilmirdi. Əksinə elə bil qırğı gözüydü, tükü-tükdən
seçirdi. Hər dəfə həkimlə görüşəndə özünün qarşılıqsız
olaraq qullanıldığını hiss edirdi, həkimə ürəyində dərin nifrət bəsləməyə
başlamışdı, ancaq gələcəkdə, nə vaxtsa baş verəcək o hadisənin xatirinə canını
dişinə tutub dözür və dözürdü.
Günlərin bir günü səbri tükəndi, artıq yaş
ötürdü, zaman daralırdı, nə olursa olsun, həkimin qəbuluna gedib gözlərindən
şikayət edəcək, dava-dərman yazdıracaqdı.
Ağlına necə gəlmişdisə eləcə də etdi, gözlərinə
soğan suyu sıxıb qızartdı, özünü korluğa vurub əl havasına həkimin qəbuluna
girdi.
Artıq istəyinə çatmışdı, həkim canfəşanlıq
edir, dostunu bu vəziyyətdən çıxarmaq üçün əlindən gələni edirdi. Şair, nəhayət,
30 illik dostluğunun bəhrəsini görməyə başlayırdı.
Artıq gözündə eynək vardı şairin – həkim
dostunun hədiyyəsiydi, - indi daha artıq şairə bənzəyirdi. Artıq şairin şeirlərini
tərifləyəndə vicdan əzabı çəkmirdi...
Doğrudur, bu gözlüyü taxandan bəri gözləri əməlli-başlı
zəifləməyə başlamışdı. Ancaq eybi yox, əsas məsələ o idi ki, neçə illik zəhməti
hədərə getməmişdi.

Комментариев нет:
Отправить комментарий